Azərbaycan
öz milli kimliyini, qürurunu və sivil dövlətçilik
qurmaq bacarığını bütün dünyaya bəyan
edib
Oksford və Nyu-York universitetlərinin professoru Robert
Hoyland və AMEA-nın müxbir üzvü, professor Nərgiz
Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi
adına Qızıl medalı” ilə təltif olunublar
Xəbər verdiyimiz kimi, aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) növbəti ümumi yığıncağı keçirilib. AMEA-nın 54 həqiqi üzvü və 103 müxbir üzvünün qatıldığı geniş toplantıda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” sahiblərinə təqdim olunub.
AMEA-nın ümumi yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, dövlət və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının rəhbərləri, Azərbaycanın ali məktəblərinin rektorları iştirak ediblər.
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimat mərasimində xüsusi qonaq qismində Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts iştirak edib.
Toplantıdan öncə tədbir iştirakçıları akademiyanın elmi müəssisə və təşkilatlarının 2016-cı ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzlərinin Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrləri, akademiyanın Yüksək Texnologiyalar Parkında istehsal olunan yeni məhsulları nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda AMEA-nın müxtəlif qurumlarının nailiyyətlərini əks etdirən videoçarxlar təqdim olunub. Sərgini ziyarət edən qonaqlara akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verilib.
Yığıncağın əvvəlində AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın ötən ildəki elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri ilə bağlı qərarını açıqlayıb. Qeyd olunub ki, bu il “Nizami Gəncəvi adına Qızıl medal” müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında təbliğ olunması sahəsindəki müstəsna xidmətlərinə görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya təqdim edilir.
Həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi sahəsində xüsusi xidmətlərinə və dəstəyə görə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunur.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, alimlər dahi Nizami Gəncəvinin adına xələl gətirən bəzi nüanslara qarşı böyük bir təşəbbüslə çıxış ediblər. Məhz AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin alimləri ilə birlikdə Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi, həmçinin Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun yaranması mümkün olub: “Bu ilin yanvarında biz Azərbaycan və Qafqazı öyrənən Britaniya Fondunun Londonda, Viktoriya və Albert muzeyində keçirilən təqdimatında iştirak etdik. İnanın, adamın ürəyi fəxrlə dolurdu. Çünki ingilis filoloqları, ingilis alimlərı bir səslə təsdiq edirdilər ki, Nizami Gəncəvi böyük Azərbaycan şairidir. Məşhur rus şərqşünas-alimi Yevgeni Bertelsin 40-cı illərdə yazdığı “Dahi Azərbaycan şairi Nizami” kitabının professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin alimləri tərəfindən ilk dəfə ingilis dilinə tərcümə edilərək nəşr olunması dünya nizamişünaslığına yeni bir töhfə oldu. Bu, öz-özlüyündə Azərbaycan filologiya elminin Avropa elminə sıçrayışı kimi qiymətləndirilə bilər. Şübhəsiz, İngiltərə alimlərindən sonra digər Avropa ölkələrinin alimləri də bu işə dəstək olacaqlar”.
Sonra AMEA-nın prezidenti
Akif Əlizadə “Nizami Gəncəvi adına Qızıl
medalı” professor Nərgiz Paşayevaya təqdim etdi. Təqdimatdan
sonra AMEA-nın müxbir üzvü, professor Nərgiz
Paşayeva çıxış edərək bu mükafata
layiq görüldüyünə görə həmkarlarına
təşəkkürünü bildirərək dedi: “Azərbaycan
hələ keçən əsrin əvvəllərində Azərbaycan
Demokratik Respublikası timsalında öz milli kimliyini,
qürurunu və sivil dövlətçilik qurmaq
bacarığını bütün dünyaya bəyan etdi. Müasir dövrümüzdə qlobal tarixi hadisələrin
gedişatı, insanlar, zaman və həyatın özü
küldən yenidən dirçəlmiş Azərbaycan
müstəqilliyinin, milli özünüdərkin qorunub
saxlanması üçün yeni tarixi şərait, obyektiv
imkan, səbəb və zəmin yaratdı. İndi bizim əsas
məqsədlərimizdən biri Azərbaycanın
qədim, elmi-mədəni, mənəvi-estetik tarixi irsini
dünyanın nüfuzlu elmi məkanlarında, akademik müəssisələrində
layiqli, peşəkarcasına təmsil etmək və bu səylər
nəticəsində beynəlxalq elmi müstəvidə qabaqcıl,
davamlı yer alan nəticələr əldə etməkdir.
Bu yolda çox işlər görülməlidir. Söhbət
elmdən gedirsə, biz nə deyə bilərik? Elmi boşluq
təkcə elmi boşluq deyil. Müasir dünyada elmi
boşluq yüksək tribunalardan, möhtərəm müstəvilərdən
məhrum olmaq deməkdir. Bu baxımdan, aydındır ki, bizim
seçimimiz – Oksford universiteti – tam doğrudur”.
Professor Nərgiz Paşayeva
qeyd etdi ki, 2013-cü ildə Oksford Universiteti ilə əməkdaşlığın
təməli qoyulub. Elə həmin il dünyanın ən
qədim universiteti, 800 illik tarixə malik olan Oksford
Universitetində dahi Nizaminin adını daşıyan Azərbaycan
və Qafqazşünaslıq Mərkəzi yaradılıb:
“Bu mərkəz Oksford Universitetinin funksional elmi tərkib hissəsinə
çevrildi. Bu, təkcə bizim nailiyyətimiz
deyil. Bu nailiyyət həm Azərbaycan elm tarixinə, həm
Azərbaycan Milli Elmlər Akademiyasına, Bakı Dövlət
Universitetinə, Moskva Dövlət Universitetinin Bakı
Filialına, bu işdə əməyi keçmiş hər
insana şamil edilir. Bu münasibətlə hər
birimizi ürəkdən təbrik edirəm”.
Professor Nərgiz Paşayeva bildirdi
ki, Nizami Gəncəvi Mərkəzinin elmi təhsil
proqramı əsasən dörd istiqamətdə fəaliyyət
göstərir: “Birincisi, tarix və arxeologiya elmləri üzrə
tədqiqatların aparılmasıdır. Həmçinin
Azərbaycan tarixinə və ədəbiyyatına aid elmi əsərlərin,
həm də bu günədək dünya müstəvisində
məlum olmayan, Avropa dillərinə çevrilməyən
elmi ədəbiyyatların tərcüməsi ilə məşğul
oluruq. Bununla yanaşı, konfranslar da təşkil
edilir. Artıq iki beynəlxalq elmi konfrans
keçirilib. Bunlarla yanaşı, bizim 6 məzun
- üç doktorant və üç magistr yerimiz var ki,
artıq bu yerlərin hamısı müsabiqə yolu ilə
Amerikadan, İngiltərədən və başqa dövlətlərdən
olan tələbələr tərəfindən tutulub. Zaman kəsiyinə gəlincə, bizim elmi fəaliyyət
dairəmiz qədim, erkən orta dövrlərdən
başlayaraq XIX əsrə qədər vaxt kəsiyini
özündə ehtiva edir. Adından da məlum
olur ki, biz tək Azərbaycanda deyil, Qafqazda yaşayan
bütün xalqların dilləri, ədəbiyyatları və
tarixini öyrənirik. Onların maddi, mənəvi
sərvətlərini, ayinlərini öyrənirik. Çünki Qafqaz bölgəsi həmişə
maraq doğuran multietnik bölgələrdən olub. Qafqaz bölgəsində ilk müsəlman
istehkamı, nümunəsi, məbədi də Qafqaz
Albaniyasında olub. Alimlərin fikrincə,
Şərqdə birinci xristian məbədi yenə də
Qafqaz Albaniyasındadır. Yəni, bu
bölgə elmi, tarixi baxımdan çox maraqlı bölgədir.
Həmçinin müasir dövrümüzdə
siyasi proseslərin gözəçarpan şəkildə mərkəzində
duran bölgədir. Eyni zamanda, bu ərazilər Qərbdə,
xüsusilə İngiltərədə az
öyrənilən, az tədqiq edilən, elmi ədəbiyyatda
az təbliğ edilən bölgələrdən
sayılır. Bu səbəbdən də biz bu
boşluğu doldurmaq niyyətində olmuşuq”.
Professor Nərgiz Paşayeva Oksford
Universitetində yaradılan Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinə Nizami Gəncəvinin
adının verilməsini böyük hadisə kimi qiymətləndirdi:
“Bu adın verilməsi özü müəyyən mənada
böyük qələbəyə işarədir. Tək bizə
deyil, yalnız Azərbaycan Respublikasında yaşayan 9
milyonluq azərbaycanlıya deyil, bütün dünyada
yaşayan 40 milyondan artıq azərbaycanlıya şərəf
gətirir. Oksford Universitetində bu adın
qalması və daimi yaşaması bizim ən müqəddəs
vəzifələrimizdən biridir. Bu
yüksək adla mərkəz 2013-cü ildə
yaradıldı, amma bu ad həmişəlik və əbədi
olaraq Oksford Universitetində qalmalıdır. Nizami Gəncəvi
adına Elmi Mərkəz bugünkü ilk
addımlarını ataraq qazanılan akademik elmi təcrübəni
gələcək nəsillərdə yetişəcək yeni
alimlərə ötürməli və yeni perspektivlərə
və qələbələrə yol açmalıdır”.
Mərkəz rəhbəri
görülən işlərin daha bir parlaq nümunəsini
yığıncaq iştirakçılarına təqdim etdi. Bu, Nizami
yaradıcılığının tədqiqatçısı,
tanınmış şərqşünas-alim, professor
Yevgeni Bertelsin 1940-cı ildə yazdığı “Dahi Azərbaycan
şairi Nizami” kitabının ingilis dilinə tərcüməsi
idi. Professor Nərgiz Paşayeva bildirdi ki, bu kitab Nizami Gəncəvi
adına Mərkəzin ilk akademik tərcüməsidir:
“Əfsuslar olsun ki, bu kitab 1940-cı ildən bəri nəinki
ingilis dilinə, ümumiyyətlə orijinal variantda da təkrar
nəşr edilməyib. Dünya müstəvisində,
beynəlxalq elmi məkanda bu kitabı ancaq akademik qurumlarda,
kitabxanalarda tapmaq olar. Zamanında Avropa dillərindən
heç birinə tərcümə olunmadığına
görə tədqiqatın nəticələrindən
geniş istifadə olunmayıb. Şübhəsiz
ki, bu əsərin ingilis dilinə tərcüməsində əməyi
keçən insanlar böyük bir işə imza atıblar.
Azərbaycan tərəfdən kitaba ön
sözü Xalq Yazıçısı Elçin Əfəndiyev,
İngiltərə tərəfindən Oksford Universitetinin
şərqşünaslıq fakültəsinin aparıcı
iranşünas professoru Edmund Hertsiq yazıb. Kitabdakı illüstrasiyalar 40-cı illərdə bəsit
şəkildə çap olunmuşdu. Bu
illüstrasiyaların orijinal variantları dünyanın ən
qədim kitabxanalarından biri olan Oksford Universitetinin Bodleyn
kitabxanasından tapılıb və burada poliqrafik cəhətdən
keyfiyyətli şəkildə işlənilib. Bizim beş ilə yaxın fəaliyyətimiz
maraqlı elmi tarixə malik olan və mühüm bir strateji
elmi tutuma sahib olan belə bir kitabın ərsəyə gəlməsinə
səbəb olub”.
Professor Nərgiz Paşayeva
çıxışı zamanı görülən işlərin
tutumunu və dəyərini qiymətləndirmək
üçün daha bir nailiyyəti - Bərdə rayonunda
aparılan arxeoloji qazıntı işlərini
vurğuladı: “Oksford Universitetinin tədqiqatçı-alimi,
doktor Pol Vodsvordun rəhbərliyi altında Oksford Universitetinin
tədqiqatçılarından ibarət bir qrup Bərdədə
artıq iki mövsüm, arxeoloji qazıntılar aparır və
Azərbaycan üçün çox əhəmiyyətli
tarixi tapıntılara nail olublar. Ekspedisiyanın
nəticələri zamanında və məqamında elmi
araşdırmalarla maraqlanan təşkilatların diqqətinə
çatdırılacaq. Həmin
araşdırmaların nəticələri Oksford Universitetinin
kitabxanasında saxlanılacaq və həm alimlər, həm də
tələbə və məzunlar tərəfindən bir vəsait
kimi istifadə olunacaq”.
“Nizami Gəncəvi adına
Qızıl medal”ın sahibi Nərgiz Paşayeva dedi ki,
çox zaman hər hansı bir mühüm hadisənin
baş verməsi kiçik bir epizodla başlayır: “Mənim
Robertlə tanışlığım da belə bir kiçik
epizod oldu. Robert Hoyland 2013-cü ildə Moskva Dövlət
Universitetinin Bakı Filialına gəldi və mənimlə tanış oldu. Bizim
görüşümüz zamanı elmi mərkəzin
yaradılmasını təklif etdim. Elə həmin il - 2013-cü ildə biz Oksfordda universitetin beynəlxalq
inkişaf üzrə direktoru Lieyzl Elder ilə memorandum
imzaladıq. Bu memorandum bizə həmin mərkəzin
yaradılmasına rəsmi icazə verdi və
bizi artıq rəsmən tanıdılar. Nizaminin
adı da rəsmən mərkəzə verildi. Memorandum imzalanmamışdan öncə keçirilən
elmi seminarda Nizami haqqında məruzə ilə
çıxış etmək mənə həvalə olundu.
O, seminarda Oksford Universitetinin möhtərəm alimləri, o
cümlədən bizim dəyərli alimimiz Vasim Məmmədəliyev
də iştirak edirdi. Mən xoşbəxtəm ki, o məqamda,
bu cür taleyüklü bir məqamda Vasim müəllim
yanımda oldu və mənə ürək-dirək verdi”.
Professor Nərgiz Paşayeva “Nizami Gəncəvi
adına Qızıl medal”ın çox
böyük mükafat olduğunu bildirdi: “Bu, o demək deyil
ki, mən bütün ömrünü müəllimliyə,
elmə, pedaqoji fəaliyyətə, təhsilə həsr
etmiş insanlardan özümü daha üstün sanıram. Elə deyil. Çünki mən
öz müəllimlərimdən öyrənmişəm, məni
müəllimlərim yetişdirib. Mənim
nailiyyətlərim ilk növbədə mənə tərbiyə
və savad verən müəllimlərimin nailiyyətidir.
Mən burada əyləşən əziz müəllimlərimə
öz böyük təşəkkürümü bildirirəm.
Mən taleyimə təşəkkür
etmək istərdim ki, məni 3 universitetlə bağlayır. Bakı Dövlət
Universiteti – Azərbaycanın qürur mənbəyi, Azərbaycanın
təfəkkürlər quyusudur. Daha sonra Lomonosov adına Moskva Dövlət Universiteti –
keçmiş sovet və postsovet məkanında ən
nüfuzlu universitetdir. Nəhayət, Oksford Universiteti. Yəqin ki, hər hansı bir qüvvə məni bu
3 universitetlə bağladıqda mənim üzərimə
böyük məsuliyyət də qoyub. Anlayıram
ki, mənə qarşı göstərilən sayğıya,
lütfə qarşı bu məsuliyyət daha da
artmalıdır. Həmçinin ətrafımdakıların
uğurunu, əməyini daha yüksək səviyyədə
qiymətləndirməyi bacarmalıyam.
Bilirəm ki, bu dünyada
aqillər qüvvətli, cahillər isə zəifdir. Bilirəm ki,
görkəmli müəllimlərim kimi kamil insan olmaq
müşkül vəzifələrdən biridir. Bilirəm ki, özü ilə sözü
arasında fərq olmayan insanlar həmişə nadir insanlar
olub. Mən əminəm ki, belə insanlar
bizim həyatımızda varsa, bizim yolumuzda həmişə
uğurlar, nailiyyətlər olacaq”.
Çıxışının
sonunda AMEA-nın müxbir üzvü, professor Nərgiz
Paşayeva bir daha bu işdə ona dəstək olan hər bir
kəsə və xüsusilə, akademiyanın Rəyasət
Heyətinə öz minnətdarlığını bildirdi:
“Mənə göstərdiyiniz lütfünüzə, diqqətinizə,
nəzakətinizə, etimadınıza görə, möhtərəm
alimlər, sizə öz böyük təşəkkürümü
bildirirəm. Ümid edirəm ki, Oksford
Universitetində təmsilçilik və Oksford Universitetinin
funksional bir hissəsinə çevrilmək imkanı
böyük bir elmi gələcək naminə
atılmış mühüm bir addımdır. Nizaminin sözləri ilə desək, “Bu yolda çətinliklər
olacaq”. Nizaminin sətirlərində
gözəl məcazi mənada səslənən bir fikri də
yada salmaq istərdim. Nizami yazır ki, “bal
tutan əli arılar sancar”. Bəli, hər
yolun öz uğuru və öz sarsıntıları olur.
İstərdim ki, bu sarsıntılar bu yolun
davamını gələnləri qorxutmasın. Onlar düşünməsinlər ki, bu, əbəsdir
və nəyə görə başqa bir peşəni qoyub elmə
gəlməlidirlər. Çünki elm
insana daxili ziya, daxili ümid verir. Çünki
alim insan qafil insandan qat-qat üstün olur.
Oksford Universitetinin gözəl bir
devizi var. Deviz latınca belə səslənir: “Dominus
illuminatio mea” – “Tanrı, yolumu işıqlandır”. Yaradan hər kəsin yolunda bir məqsəd, bir niyyət,
bir sınaq qoyur. Bu mükafat cüzi bir əməyim
qarşısında böyük mükafatdır. Mən bu sınağı doğrultmağa
çalışıram. Amma, yəqin ki, çox az bir qisminə nail olmuşam. Özümdə
bu mükafata qarşı qürur hissi ilə yanaşı,
yenə də böyük məsuliyyət
daşıyıram. Beynəlxalq müstəvidə
biz öz dəyərimizi, elmi potensialımızı, mənəvi
tutumumuzu, mədəni tariximizi, elmi tariximizi layiqli təmsil
etməyə hazır olan hər bir kəsə, hər bir gəncə
dəstək olmağa hazırıq. O
işığı heç vaxt yaşayan qəlblərdən,
elmli düşüncəli qəlblərdən silən
qüvvə bizdən qüvvətli olmasın. Ziya
həmişə daxilinizdə olsun. Elmimizin,
mədəni irsimizin başı uca olsun”.
Daha sonra Azərbaycanın mədəni
və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi
və təbliği sahəsində xüsusi xidmətlərinə
görə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan
və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə
tərəfdən rəhbəri, Oksford və Nyu-York
universitetlərinin professoru Robert Hoylanda “Azərbaycan
Respublikasının Nizami Gəncəvi adına Qızıl
medalı” təqdim olundu.
Professor R.Hoyland Azərbaycanda olmaqdan
və bu mötəbər mükafata layiq
görüldüyündən məmnun olduğunu bildirdi: “Bu
yüksək mükafatı almaqdan böyük qürur hissi
keçirirəm. Nizami Gəncəvi adına
Elmi Mərkəzin fəaliyyəti ilə bağlı müzakirələr
zamanı belə bir qərara gəlmişdik ki, bu mərkəz
Azərbaycan mədəniyyətinin və tarixinin dərin tədqiqatları
ilə məşğul olsun. Biz tarixi və
arxeoloji tədqiqatlar üçün Bərdəni
seçdik. Bərdə Qafqaz Albaniyası
dövlətinin paytaxtı olmuş və Cənubi Qafqaz
bölgəsində ilk müsəlman istehkamı hesab edilir.
Burada olan qədim dövlətin özünəməxsus
əlifbası, öz hökmdarları olub. Amma hələ
öyrənilməmiş çox məqamlar var. Məhz buna
görə arxeoloji layihədə Azərbaycanın tarixində
bu dövrə aid boşluqları birgə səylərimiz nəticəsində
doldurmaq qərarına gəldik”. Professor Robert
Hoyland bildirdi ki, arxeoloji tədqiqatın nəticələrinin
ingilis dilinə tərcüməsi və internetə yerləşdirilməsi
geniş auditoriyanın bu məlumatlardan istifadəsinə
imkan yaradacaq.
Professor Robert Hoyland qeyd etdi ki,
dünyanı münaqişələrin
bürüdüyü bir dövrdə alimlər öz
aralarında əməkdaşlığı davam etdirməlidirlər:
“Dünyada baş verən münaqişələrə rəğmən,
akademik işçilər səylərini əsirgəməməlidirlər.
Siyasi çətinliklərə baxmayaraq, elmi vəhdətimizi
gücləndirməliyik. Gələcəkdə
Azərbaycanla Birləşmiş Krallıq arasında tələbə
və alim mübadiləsini genişləndirməyi nəzərdə
tuturuq. Bu, iki ölkə ilə məhdudlaşdırılmamalıdır.
İki ölkənin alimləri bu nəcib
missiyaya qoşulmalıdır”.
Elmi araşdırmaçı, professor Robert Hoyland Oksford Universitetinin Azərbaycan
və Qafqazşünaslıq Elmi Mərkəzi tərəfindən
görülən işlərin hələlik ilk addımlar
olduğunu bildirdi: “Gələcəkdə bu istiqamətdə
işləri davam etdirməyi planlaşdırırıq. Son dörd ildə nəinki gənc
araşdırmaçılara, eləcə də bu region
haqqında daha geniş səviyyədə tədqiqatların
aparılmasına şərait yaratmışıq. Gənc alimlərə təqaüdlərin verilməsi
də fəaliyyətimizin istiqamətlərindən biridir.
Bu işlərin hamısı professor Nərgiz
Paşayevanın dəstəyi ilə reallaşıb. Onun səyləri olmadan biz bu nailiyyətləri əldə
edə bilməzdik. Bu layihənin
reallaşmasında cüzi olsa da, mənim də töhfəm
olduğuna görə fəxr edirəm. Ümid
edirəm ki, bu layihəni həyata keçirməklə həm
Azərbaycan tarixini dünyaya çatdırmağı, həm
də elmi üfüqlərimizin genişləndirilməsinə
nail olacağıq”. Çıxışının
sonunda professor R.Hoyland bir daha Azərbaycan alimlərinə onun əməyinə
verdikləri yüksək qiymətə görə öz dərin
minnətdarlığını bildirdi.
Qeyd edək ki, Nizami Gəncəvi
Elmi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul
edilmiş və tanınmış struktur bölməsidir və
həmin Universitetin tək Şərqşünaslıq
fakültəsi ilə bağlı məsələləri
deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə
elm və təhsillə bağlı olan bütün məsələlərdə
Azərbaycan üzrə koordinator səlahiyyətlərinə
malikdir. 2013-cü ildən başlayaraq Oksford
Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin
yaradılmasına böyük əmək sərf edən
professor Nərgiz Paşayeva müxtəlif mühüm
görüşlər keçirib. Bunlardan Oksford
Universitetinin inkişaf departamentinin rəhbəri xanım Liezl
Elder, Oksford Universitetinin keçmiş vitse-kansleri professor
Endru Hamilton, Oksford Universitetinin “Brasenose” Kollecinin rəhbəri,
Kraliçanın ədliyyə məsələləri
üzrə müşaviri, Britaniya Ali məhkəməsinin sədr
müavini Con Bouers, Sent Kross Kollecinin rəhbəri, Viktoriya və
Albert muzeyinin direktoru vəzifəsində işləmiş
Ser Mark Couns, Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun rəhbəri professor Mark Smit, Oksford
Universitetinin “Triniti” Kollecinin professoru Brayan Vord Perkins və onlarla
başqa alim və rəhbər şəxslərlə
keçirdiyi həmin görüşlərdə Azərbaycan
üçün vacib olan bu elmi mərkəzin fəaliyyət
istiqamətləri və elmi-strateji məqsədləri
müzakirə olunub.
Oksford Universitetinin Nizami Gəncəvi
Elmi Mərkəzi öz fəaliyyətində fundamental və
akademik elmi araşdırmalara xüsusi önəm verərək
artıq iki beynəlxalq elmi konfrans təşkil edib. Belə ki, 2015-ci ilin 6 iyun
tarixində Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi
Mərkəzi, Oksford Universitetinin Şərqşünaslıq
İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə
birgə “Şərqi Qafqaz son antik dövrdən erkən
İslam dövrünə qədər” adlı Beynəlxalq
elmi-praktik konfrans təşkil edib. 2016-cı ilin 11 iyununda
Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən
biri olan “Brasenose” Kollecində Oksford Universitetinin Nizami Gəncəvi
Mərkəzi özünün “Trans-Xəzər əlaqələri
(V-XIII əsrlər)” mövzusunda II Beynəlxalq elmi
konfransını təşkil edib. Keçirilən hər iki
konfransın həmsədri Oksford Universitetinin Nizami Gəncəvi
Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri,
professor Nərgiz Paşayeva olub. Bu
geniş akademik elmi tədbirdə Oksford Universiteti ilə
yanaşı, Böyük Britaniyanın digər nüfuzlu təhsil
ocaqlarının, eləcə də Avropanın bir sıra
qabaqcıl universitetlərinin Yaxın Şərq və Qafqaz
bölgəsi üzrə mütəxəssis alimləri
iştirak ediblər.
Professor Nərgiz Paşayeva
Britaniyada Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin
fəaliyyətini daim diqqət mərkəzində saxlamaqla
yanaşı digər elmi-akademik layihələrin də
baş tutmasının təşəbbüskarı kimi
çıxış edir. Buna misal olaraq, 2016-cı ildə
Britaniyada təsis edilmiş və rəsmi qeydiyyatdan
keçmiş (qeydiyyat nömrəsi 1169381) “Azərbaycan və
Qafqazı öyrənən Britaniya Fond”unu (“The British Foundation
for the Study of Azerbaijan and the Caucasus”) göstərmək olar. Onu da qeyd edək ki, Fondun Qəyyumlar
Şurasının sədri professor Nərgiz Paşayeva
seçilib.
2017-ci ilin yanvar ayının
25-də dünyanın ən böyük dekorativ-tətbiqi
incəsənət və dizayn muzeyi olan, 1852-ci ildə əsası
qoyulmuş İngiltərənin Viktoriya və Albert Muzeyində
keçirilmiş Britaniya Fondunun təqdimat mərasimi
geniş ictimaiyyətin böyük marağına səbəb
olub.
Lordlar Palatasının üzvü,
Avropa Şurasının 2003-2006-cı illərdə Azərbaycan
üzrə məruzəçisi olmuş Lord Malkolm Brus,
Oksford və Nyu-York Universitetlərinin professoru Robert Hoyland,
Şotlandiyanın məşhur Sent Enryuz Universitetinin professoru
Endryu Pikok və Ekseter Universitetinin professoru Robert Qliv
yaradılan Britaniya Fondunun Qəyyumlar Şurasının
üzvləridir. Bu Fond Azərbaycan və Birləşmiş
Krallıq arasında mövcud olan ikitərəfli elm, mədəni,
maarif, təhsil münasibətlərinə real töhfə
verən ciddi bir qurum kimi fəaliyyət göstərməyi
qarşısına məqsəd qoyub. Fond Oksford
Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə
dəstək verməklə yalnız Oksford Universiteti və
Londonda deyil, İngiltərənin başqa ali
təhsil ocaqları və mötəbər elmi və siyasi
qurumları ilə əməkdaşlıq etməyi
planlaşdırır.
Beləliklə, iki dəyərli
alimin zəhmətinə və uzun müddət ərzində
səmərəli fəaliyyətinə layiqli qiymət verilərək
onlara 2017-ci il Azərbaycan
Respublikasının Nizami Gəncəvi adına Qızıl
medalı təqdim olundu. Əminik ki, Oksford
Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi uğurlu fəaliyyəti
ilə yeni elmi-akademik nailiyyətlərə imza atacaq və Azərbaycan
alimləri bundan sonra da bu müqəddəs işdə Mərkəzin
fəaliyyətinə hərtərəfli dəstək verəcəklər.
Daha sonra AMEA-nın ümumi
yığıncağında akademiyanın adlı
mükafatları digər alimlərimizə təqdim olunub. Fizika-riyaziyyat elmləri
doktoru Kərim Allahverdiyev Nəsirəddin Tusi adına, akademik
Məhərrəm Babayev Həsən bəy Zərdabi
adına, professor Tofiq Bakıxanov Akademik Üzeyir Hacıbəyli
adına və AMEA-nın müxbir üzvü Zakir Qarayev
Akademik Mirəsədulla Mirqasımov adına mükafatlarla təltif
olunublar. Bundan başqa, akademik Vaqif Fərzəliyevə
Akademik Yusif Məmmədəliyev adına
mükafat, akademik Vasif Babazadəyə Akademik Musa Əliyev
adına mükafat, tarix elmləri doktoru Əli Rəcəbliyə
Abbasqulu ağa Bakıxanov adına mükafat təqdim edilib.
Bununla da AMEA-nın illik ümumi
yığıncağı öz işini başa çatdırıb.
AZƏRTAC
Azərbaycan.-
2017.- 2 may.- S. 10.