İxrac potensialının yeni istiqamətləri müəyyənləşir
Azərbaycan məhsullarını dünya bazarına
çıxarmaq üçün böyük imkanlar var
Qeyri-neft sektorunda rəqabətədavamlı, ixrac potensialına malik məhsulların istehsalı Azərbaycanın yeni iqtisadi siyasətinin əsas prioritetləri hesab edilir. Bu səbəbdən də hazırda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan iri fermer təsərrüfatlarının, aqroparkların, texnoparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Hər bir rayon üzrə xüsusi inkişaf planı hazırlanır. Dövlət fermerlərə dəstək göstərir, subsidiyalar ödəyir, gübrələr, yanacaq güzəştlərlə verilir.
“Made in Azerbaijan”
brendi artıq dünyada özünü tanıdır
Azərbaycanın dünya
bazarlarında rəqabətə girəcək müxtəlif
məhsulları ictimaiyyətə təqdim edilir. Lakin xarici
bazarlara çıxarkən müəyyən problemlər
üzündən valyuta itkisi olur, yaxud da məhsulumuz
lazımınca təqdim edilmir. Məhz bu cür problemlərin
aradan qaldırılması üçün Prezident İlham
Əliyev təqdirəlayiq addım atdı və xarici ölkələrə
ixrac missiyalarının təşkilinə, xarici bazarların
araşdırılması və marketinq fəaliyyətinə,
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə,
yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə
sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqramlarına və layihələrinə çəkilən
xərclərin dövlət büdcəsi hesabına ödənilən
hissəsinin müəyyənləşdirilməsi, eləcə
də ödənilmə mexanizminin tənzimlənməsi
qaydasını təsdiqlədi. Ölkə rəhbəri daha
sonra müvafiq istiqamətdə işlərin görülməsilə
əlaqədar fərman verdi. Müsbət nəticələr isə göz
önündədir. Belə ki, hazırda
Azərbaycanın 2921 çeşiddə məhsulu 116 ölkəyə
ixrac edilir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də
Yevlaxda keçirilən qeyri-neft
ixracatçılarının respublika müşavirəsində
isə “Made in Azerbaijan” brendi altında ixrac edilən məhsullar,
mövcud potensial və problemlər ətraflı təhlil
edildi. Həmin müşavirədə çıxış
edən Prezident İlham Əliyev bildirdi ki, “Made in Azerbaijan”
brendi artıq dünyada özünü göstərir və
dövlət xətti ilə bu brendin təbliği istiqamətində
işlər gedir: “Biz, eyni zamanda böyük dövlət
şirkətlərini və özəl şirkətləri də
bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət
göstərdikləri ölkələrdə bu brendi təbliğ
etsinlər. Xüsusilə burada dövlət
qurumlarından söhbət gedir. Çünki bunu
hamı yaxşı bilir ki, reklam, əlbəttə, ticarətin
ayrılmaz hissəsidir... Biz indidən
planlaşdırmalıyıq ki, nəyi haraya ixrac edəcəyik.
Çünki sahibkarın özü çətinlik
çəkəcək. Dövlət
qurumları, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi əlbəttə ki, Prezident Administrasiyasının rəhbərliyi
ilə gələcək illər ərzində bizim ixrac
strategiyamızı müəyyən etməlidir. Biz artan ixrac potensialımızı necə realizə
edəcəyimizi indidən bilməliyik. Əlbəttə,
elə ixrac məhsulları var ki, onlar üçün
bazarlar axtarmaq lazım deyil. Onlardan biri də
pambıqdır, birjalarda satılır. Ancaq
meyvə-tərəvəz və digər məhsulların
ixracı üçün biz indidən işləməliyik,
planlar qurmalıyıq”.
Dünya
bazarında neft maşınqayırmasına tələbat
yüksəkdir
İqtisadçı mütəxəssislər
də Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi
fikirlərə dəstək verirlər. Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Vahid Əhmədov bildirdi ki, dövlət
başçısı son illər sahibkarlarla birbaşa təmasda
olmaq üçün tez-tez müşavirələr, iclaslar
keçirir. Yevlaxda keçirilən son müşavirə
isə ixracyönümlü məhsulların
artırılması ilə əlaqədar idi: “Ümumiyyətlə,
bu gün Azərbaycan üçün ixracatın çox
böyük əhəmiyyəti var. Bilirsiniz ki, dünya
bazarında neftin qiymətində ciddi enmələr olub. Azərbaycana əsas valyuta gətirən ixrac məhsulu
məhz neftdir. Ona görə, Azərbaycanda
dövlət büdcəsini müəyyən qədər nəzarətdə
saxlamaq üçün qeyri-neft sektorunun inkişafına
xüsusi diqqət ayrılıb. Hələ
2004-cü ildə cənab Prezident Gülüstan sarayında
regionların iqtisadi inkişafı proqramı ilə
bağlı görüşündə hökumətin
qarşısında əsasən iki məsələ
qoymuşdu - Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin
edilməsi və qeyri-neft sektorunun inkişafı. Yəni Prezident İlham Əliyevin uzaqgörən
siyasəti artıq 2004-cü ildən məlum idi. O
bilirdi ki, gec-tez neftin hasilatında, qiymətində müəyyən
problemlər ola bilər. Ona
görə də bununla əlaqədar Azərbaycanda ciddi
problemlər ortaya çıxmasın deyə qeyri-neft sektoruna
diqqəti artırdı. Bu sektor da əsasən
sənaye, kənd təsərrüfatı, turizm amillərindən
formalaşır. Bu məqsədlə bir neçə il əvvəldən başlayaraq bu sahələrin
inkişafına diqqət yönəldildi.
Ötən il Prezident İlham
Əliyev tərəfindən təsis edilən Strateji Yol Xəritəsində
də əsas məqsədin qeyri-neft sektorunun inkişafı,
valyuta bazarının tənzimlənməsi olduğunu deyən
V.Əhmədov bu sənəddə Azərbaycan məhsullarını
“Made in Azerbaijan” brendi altında tanıtmaq və dünyaya
çıxarmaq kimi mühüm məsələlərin yer
aldığını vurğuladı. Onun
sözlərinə görə, Azərbaycan müstəqil bir
ölkə kimi dünyada tanınır. Amma
iqtisadi sahədə hələlik məhsullarımızı
beynəlxalq aləmdə istənilən səviyyədə təmsil
edə bilmirik. Bu vaxta qədər qismən
spirtli içkiləri “Made in Azerbaijan” adı ilə tanıda
bilmişik. Sovetlər vaxtında xarici
ölkələrə göndərilən məhsullarımızın
üzərində “Made in USSR” yazılırdı. Amma indi müstəqil ölkəyik. Artıq Azərbaycan məhsul ixracını
çoxaltmaq üçün “Made in Azerbaijan” brendi altında
müxtəlif xarici sərgilərdə iştirak edir. Müəyyən məhsullarımız xaricə
satılır.
Deputat qeyd etdi ki, ixracı genişləndirmək
üçün birinci növbədə istehsal edilən kənd
təsərrüfatı məhsullarının keyfiyyətini
artırmalıyıq: “Burada birinci problem emalla
bağlıdır. Emal müəssisələri
yaratmalıyıq, onları müasir texnologiyalarla təchiz
etməliyik. Çünki bizdə olan
hazırkı emal müəssisələrinin çoxu sovet
dövründən qalmadır. İkincisi,
qablaşdırma məsələsini həll etməliyik.
Bizdə qablaşdırma çox ciddi problemdir.
İnsan hər hansı bir məhsul alanda ilk
olaraq onun görünüşünə, qabına baxır.
Həmçinin biz gələn ildən
yüngül sənaye məhsullarına xüsusi diqqət
yetirməliyik. Çünki hazırda
baramaçılıq, ipəkçilik və sair sahələrdə
işlər gedir. Bundan başqa, Azərbaycan
həmişə neft maşınqayırması üzrə
öndə olub. SSRİ-nin 75 faiz neft
maşınqayırmasını Azərbaycan ixrac edirdi. Strateji Yol Xəritəsində bu məsələ ilə
bağlı Neft Şirkətinə xüsusi göstərişlər
verilib. Bu sahədə çox ciddi iş getməlidir
ki, heç olmasa 5-6 adda məhsulumuz xaricə
çıxarılsın. Çünki
dünya bazarında neft maşınqayırmasına tələbat
yüksəkdir”.
Azərbaycan
Yaponiya mətbəxində inqilabi dəyişiklik edə bilər
Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli
də Azərbaycan deyəndə ilk olaraq neft başa
düşüldüyünü qeyd etdi: “Bu stereotipi dəyişməkdən
ötrü Yevlaxda baş tutan müşavirədə Prezident
İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Bunlardan
biri də ondan ibarətdir ki, 3-4 il ərzində
Azərbaycan yerli istehsal hesabına özünün təminatını
maksimum dərəcəyə çatdırmalı, eyni zamanda
xarici bazara məhsullar çıxarmalıdır. İkincisi, iş adamlarına şərait
yaratmaq lazımdır ki, onlar öz məhsullarını Azərbaycandan
kənara sərbəst surətdə çıxarsınlar. Azərbaycan üçün “Made in Azerbaijan” brendi
bir neçə istiqamətdə formalaşıb. Bir sıra kənd təsərrüfatı məhsulları
dadına və keyfiyyətinə görə ölkəmizə
gələn xaricilərin diqqətini cəlb edir. Məsələn, qoz-fındıq deyəndə həmişə
Yunanıstan yada düşür. Amma mənim
alman həmkarlarım Azərbaycana gələndə bizim
süfrədəki qoz-fındığı yeyir və deyirlər
ki, sizin məhsulun dadını Yunanıstanın
qoz-fındığı ilə heç müqayisə də
etmək olmaz. Belə olduğu halda, biz niyə
bu sərvətimizdən düzgün istifadə etməyək?!
Sevindirici haldır ki, artıq bu istiqamətdə
işlər başlayıb”.
Deputat Ə.Məsimli, həmçinin
dünyanın bir çox yerində nar yetişdirildiyini, amma
onun adının nar, özünün nar
olmadığını dedi: “Əsl nardan söhbət gedirsə,
Göyçay, Bığır narı yada düşür. Bunu yaxşı reklam edə bilsək, nar həm
faydasına, həm də unikal bir meyvə olduğuna görə,
hesab edirəm ki, Azərbaycan üçün dünya
bazarına çox ciddi bir xətt aça bilər. Azərbaycanın aidiyyəti orqanları elmi cəhətdən
əsaslandırılmış, çox dəqiq tədqiqatlar
aparmalıdır. Hansı ölkələrin
mətbəxinin menyusuna ölkəmiz rəqabət qabiliyyəti
ilə çıxa bilər. Elə
ölkələr var ki, orada pomidor üstünlük təşkil
edir. Azərbaycanın pomidoru əksər
ölkələrin pomidorundan dadlı və keyfiyyətlidir.
Bundan başqa, bəzi ölkələrin mətbəxlərində
balıq yeməkləri üstünlük təşkil edir.
Məsələn, yaponların mətbəxində
balıq məhsulları çoxluq təşkil edir. Amma bu yeməklərə əlavə
üçün süfrəyə qoyulan ədviyyatlar Azərbaycanın
narşərabına çata bilməz. Ona
görə də Azərbaycan Yaponiya mətbəxinin
dadının gözəlləşməsində inqilabi dəyişiklik
edə bilər. Qabaqcıl texnologiya
onlardan, nar və yüksək keyfiyyətli narşərab bizdən.
Bu gün Azərbaycandan narşərab almaq
üçün xaricdən müraciətlər edirlər.
Amma mövcud istehsal daxili tələbatı
ancaq ödəyir. İstehsalı
genişləndirməliyik ki, həm daxili tələbatı
ödəyək, həm də xarici bazara çıxa bilək”.
Azərbaycanın neft-kimya məhsullarının
dünya bazarına çıxarılması
üçün böyük imkanların olduğunu deyən
deputat bu imkanlardan geniş formada istifadə etməyin
mümkün olduğunu vurğuladı. Bildirdi ki,
konyak deyəndə erməni konyakı, çaxır deyəndə
fransız çaxırı yada düşür. Amma Azərbaycanın
imkanı var ki, bu stereotipləri sındırsın: “Səhv
etmirəmsə, Kürdəmir rayonu tərəfdə
kiçik bir üzüm sahəsi var. Oranın
üzümündən hazırlanan şampan dünyanın
heç bir yerində yoxdur. Turizmin
inkişafı da Azərbaycan məhsulunun xaricə
çıxarılmasında böyük rol oynayır. Çünki biri var məhsulu hansısa nəqliyyat
vasitəsilə xaricə çıxarasan, biri də var,
turist özü gəlib onu Azərbaycandan alsın. Birinci növbədə turizmdəki qiymətləri
endirməliyik ki, heç olmasa regionda rəqabəti udaq.
Həmçinin biz məhsulun maya dəyərini
aşağı sala bilsək, ipəkdən olan
xalçaları da dünya bazarına çıxara bilərik.
Digər bir misal, Türkiyənin
tatlıları ilə Şəki halvasını yan-yana
qoysaq, mənə elə gəlir ki, Şəki halvası
xeyli dərəcədə üstünlük qazana bilər”.
İqtisadçı ekspertlərin
sözlərinə görə, bütün bunların
hamısını həyata keçirmək üçün
ölkəmizdə yaxşı potensial var. Sadəcə olaraq
istehsal sahələrində çalışan sahibkarlara
davamlı dəstək vermək, məhsulların təbliği
və təqdimatını genişləndirməliyik.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2017.- 2 may.- S. 11.