Qubanın su səyahəti növrağı

 

İnsan yaranışdan gözəllik axtarır və ona görə də biz bundan çox danışırıq. Bəzi istisnaları insan yaratsa da, bütün gözəlliklərin ən seçimlisi təbiətlə bağlı olur. Yaranışdan gözəl olan hər nə varsa, dəyərincə qiymətləndirilməli və mühafizə edilməlidir. Vətənimiz Azərbaycanın ərazilərinin təbii gözəllikləri isə o qədər çoxdur ki, onları saymaqla qurtarmaz.

Bakıdan 158 kilometr şimalda yerləşən, Qudyalçayın suları ilə qidalanan Quba nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın gözəl guşələrindən biridir. Bütün fəsillərdə burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. İsti aylarda göz oxşayan meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.

Dövlət tərəfindən də bu rayonda turizm potensialının gücləndirilməsinə böyük diqqət göstərilir. Quba Olimpiya İdman Kompleksi, SPA mərkəzləri, qədim xalçaçılıq sənətinin inciləri və onlarla digər göstəricilər rayonun simasının təzahürləridir. Qubanın tarixi bəzən köksündə yer verdiyi yaşayış məskənləri ilə ölçülür. Burada tarixi min illəri üstələyən Xınalıq, Qrız kəndləri, təbiətin sirlərini özündə gizlədən Tufandağ, Şahdağ, Babadağ dağları şoranlanıb. Qubanın mərkəzindən 56 kilometrlik məsafədə yerləşən Xınalıqdan söz açmamaq düzgün olmazdı.

Xınalıq sakinləri Qafqaz Albaniyasının Şahdağ xalqlarının nümayəndələrindən biridir. Xınalıqlıların tarixi məskəni olan bu kənd dünyanın ən qədim yaşayış məntəqələrindən hesab olunur. 5000 illik tarixə malik olan Xınalıq təkcə Azərbaycanın deyil, həm də bəşəriyyətin zəngin etnoqrafik dəyərlərindən biri, əfsanəvi yaşayış məntəqəsidir.

Quba rayonu əsasən alması ilə məşhurdur. Amma almadan öncə qubalılar xalçaları ilə tanınıblar. Quba xalçaçılıq məktəbi min illərin süzgəcindən keçib gələn, getdikcə daha təkrarolunmaz formaya düşən ənənələri özündə ehtiva edir. Sanki bu xalçaların öz tərcümeyi-halı, dili, cəlbetmə aləmi var. Bu gün Qubada xalçaçılıq durmadan inkişaf etdirilir, müasirlik ilə qədimliyin vəhdəti qovuşur.

Qubada son illər abadlıq, quruculuq işləri geniş vüsət alıb. Öz orijinallığı ilə seçilən Heydər Əliyev seyrəngahı, Gənclər Mərkəzi, yeni tarix - diyarşünaslıq muzeyi, hökumət qurumları üçün inzibati binalaronlarla digər sosial obyektlər buna canlı sübutdur. Qubanın turizm mərkəzləri təkcə ölkəmizdə deyil, dünyada məşhurdur.

Həmişə qonaqlı-qaralı olan Quba vaxtaşırı beynəlxalq yarışlara, turnirlərə evsahibliyi edir. Budur, dünyanın nəzərləri yenə yurdumuza dikilib. IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi Bakıdan hamı möcüzə gözləyir. Tezliklə İslamiadanın möhtəşəm, əvəzsiz açılış-bağlanış mərasimlərinin hər kəsi heyrətləndirəcəyi heç kəsdə qətiyyən şübhə doğurmur. Prezident İlham Əliyevin bu sahəyə qayğı və diqqəti, IV İslam Həmrəyliyi Oyunlarının hazırlanıb keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin təcrübəsi, yenilməz əzm və iradəsi, yüksək idarəetmə bacarığı sayəsində dünya birliyi yeni möhtəşəm bir idman tədbirinə şahidlik edəcək.

Ötən ayın 5-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti ölkəmizi dolaşmaqdadır. Möcüzəli Azərbaycan torpağının bölgələrini qarış-qarış qət edən su səyahətinin növbəti ünvanı da Qubadır. Rayonda baş verən canlanma isə qubalıların onu lazımi qaydada keçirilməsinə öz töhvəsini vermələri ilə bağlıdır.

Dünən səhər saatlarında rayonun girəcəyindən böyük avtomobil karvanı Qubanın mərkəzi meydanına doğru irəlilədi. Quba meydanına toplaşanlar onları alqışlarla qarşıladılar. Bir qədər sonra Qubanın bəzəyi olan Afurca şəlaləsinə doğru hərəkət başlandı. Alqış sədaları altında idmançılar Famil Mikayılov və Fərid Həmzəyev səhəngi şəlalənin suyu ilə doldurub Quba məktəblisi Günel Qonaqovaya təqdim etdilər. Balaca Günel Afurca şəlaləsindən götürülən suyu -müqəddəs neməti başı üzərinə qaldırdı.

Quba bayram ovqatındadır. Hər kəs sevinc, şadlıq içindədir. Rayonun tanınmış ziyalısı, təqaüdçü Günəş Həsənli qəlbindən keçənləri bizimlə bölüşdü:

- Qubalılar üçün qürurlu, sevincli bir gündür. İslam dünyasının Bakıda bir araya gəlməsi Azərbaycana olan inamın, hörmət və ehtiramın məntiqi göstəricisidir. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanın üzərinə götürdüyü missiya həm şərəfli, həm də qürur doğurandır. Azərbaycanın belə yarışlara evsahibliyi etməsi dünya ölkələri arasında onun yerini möhkəmləndirir. Hər birimiz əminik ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında daim inkişaf edəcəkdir.

Səmayə Qarayeva nəvələrini göstərib dedi:

- Bilirsiniz, azərbaycanlılar həmişə öz vətənləri ilə fəxr ediblər. Bu gün ölkəmiz iqtisadi inkişaf baxımından regionun liderinə çevrilib. Bütün bunlar gələcək nəslin sağlam böyüməsinə xidmət edir. Balacalar indidən dərk etməlidirlər ki, onların vətənləri böyükdür, güclüdür.

Günorta saatlarında Quba Olimpiya Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmişDomestic Grassroots” proqramı çərçivəsində maraqlı regional idman tədbiri keçirildi. Quba məktəbliləri bir neçə idman növü üzrə güclərini sınadılar. Yarışın qaliblərinə kuboklar, diplomlar verildi.

Axşam isə Quba meydanında böyük izdiham vardı. Bura təkcə qubalılar deyil, ətraf rayonlardan da xeyli insan toplaşmışdı. Hava qaralar qaralmaz yaşı yüz illəri üstələyən məşhur Quba meydanında möhtəşəm “Su festivalı” keçirildi. Səslənən musiqilər ətrafa yayıldıqca üzlərdəki sevinc də artırdı. İncəsənət ustalarının ifa etdikləri mahnılar festivalın xoş ovqatını daha da artırdı. Lazer şousu, atəşfəşanlıq, alqış sədaları gecənin qaranlığını şəfəq kimi parçalayırdı.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 2 may.- S. 12.