"Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli
Qanununun tətbiqi və “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377
nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 3, maddə 228; 2009, N 11, maddə 883; 2013, N 6, maddə 631; 2016, N 9, maddə 1467) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-si bənddə “1.0.5-ci, 1.0.6-cı, 10.1-ci, 29.4-cü və 45-ci maddələrində” sözləri “1.0.17-ci, 1.0.18-ci maddələrində, 26.3-cü maddəsinin ikinci cümləsində və 45-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
2.2. 2.3-cü bəndə “28-ci,” sözlərindən sonra “29.1-ci (ikinci halda), 29.3-cü,” sözləri əlavə edilsin;
2.3. 2.4-cü bəndə “Qanunun” sözündən sonra “20.14.1-ci, 20.14.4-cü,” sözləri əlavə edilsin;
2.4. 2.6-cı bənddə “və 29.2-ci maddələrində” sözləri “maddəsində (birinci halda)” sözləri ilə əvəz edilsin;
2.5. 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilsin;
2.6. 2.11-ci bənddə “maddəsinə” sözü “maddəsinin birinci cümləsinə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
3.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsində nəzərdə tutulmuş sosial sığorta ehtiyatının istifadə qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. həmin qanunun 1.0.18-ci maddəsində nəzərdə tutulmuş xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının həmin qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsini aparsın;
3.4. 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasını təmin etsin;
3.5. işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasını təmin etsin;
3.6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 may 2017-ci il
Azərbaycan.- 2017.-3 may.- S.1.