Milli inkişaf
modelinin banisi
Ulu öndərin
tərəqqi strategiyasını uğurla davam etdirən
Prezident İlham Əliyev iqtisadi yüksəlişin yeni
modelini formalaşdırıb
Siyasi fəaliyyətin
başlıca hədəfi reallığa adekvat ideya və
proqramların xalqın iradəsinə söykənən
hakimiyyət vasitəsilə həyata keçirilməsidir. Çoxluğun
gələcək taleyini, onun mənafeyini özündə
ehtiva edən ümummilli siyasətə isə yalnız
dövlətinə və xalqına bağlı liderlərin fəaliyyətində
rast gəlinir. Müasir qlobal
çağırışlar və dünya
iqtisadiyyatındakı təlatümlər fonunda lider amilinin
ötən il müstəqilliyinin 25-ci
ildönümü tamam olmuş Azərbaycan üçün
də müstəsna mahiyyəti qabarıq nəzərə
çarpır.
Təkmil antiböhran
strategiyası
Əksər dünya və region
ölkələrini sarsıdan qlobal maliyyə-iqtisadi
böhranın mənfi təsirlərinin aradan
qaldırılması məqsədilə son 3 ildə
respublikamızda həyata keçirilən sistemli və məqsədyönlü
tədbirlər Azərbaycan Prezidenti cənab İlham
Əliyevin praqmatik və rasional ilderlik keyfiyyətlərini bir
daha qabarıq üzə çıxarır. Böhranın
real miqyasını və mümkün nəticələrini
ilk gündən rasional düşüncə ilə nəzərə
alan dövlət
başçısının mövcud resurslardan maksimum səmərəli
bəhrələnməklə yürütdüyü
antiböhran strategiyası dərin elmi əsaslara söykənir.
Dünya iqtisadi təsərrüfat sisteminə, qlobal
iqtisadiyyata sıx inteqrasiya etmiş ölkə kimi
böhranın mənfi təsirlərini təbii olaraq hiss edən
Azərbaycan məhz kompleks tədbirlər nəticəsində
qısa müddətdə yaranmış vəziyyətdən
maksimum az itki ilə
çıxmağın yollarını müəyyənləşdirmişdir.
Enerji resurslarından əldə
olunan gəlirlərin geosiyasi səbəblər üzündən
3 dəfəyədək aşağı düşməsi ilə
əlaqədar milli iqtisadiyyatın
dayanıqlığının möhkəmləndirilməsi
çağırışlarını nəzərə alan hökumət qısa müddətdə
neft gəlirlərindən asılılığın
azaldılması istiqamətində zəruri tədbirlərin
həyata keçirilməsinə başlamışdır.
Bundan məqsəd həm də dünyada cərəyan edən
proseslərin yaratdığı yeni
çağırışlara uyğunlaşmaq və
mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini
minimuma endirmək məqsədilə sistem xarakterli tədbirlər
həyata keçirmək və iqtisadi inkişafın keyfiyyətcə
yeni modelinin formalaşdırılmasına nail olmaqdır.
Genişmiqyaslı
intibahın möhkəm təməli
Hər bir ölkənin
iqtisadiyyatının ekstremal vəziyyətlərə
hazırlıq səviyyəsi onun milli inkişaf modelinin
xarakterindən asılıdır. Bu mənada Azərbaycanın
səmərəli antiböhran tədbirləri müəyyənləşdirərək
icrasını uğurla təmin etməsi ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu milli inkişaf modelinə əsaslanır.
Dərin zəkası, liderlik qabiliyyəti, milli dəyərlərə
sıx bağlılığı, fitri idarəçilik məharəti,
zəngin mənəviyyatı ilə daim xalqının sevimli
şəxsiyyəti olmuş ulu öndər hələ sovet
Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikanın
iqtisadi müstəqilliyi üçün etibarlı zəmin
formalaşdırmışdır. Bu da təsadüfi
deyildir ki, 1969-1982-ci illərdə ictimai və iqtisadi həyatın
ən müxtəlif sahələrində baş vermiş
köklü dəyişikliklər öz miqyasına görə
Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri
təşkil edir. Ümummilli liderin rəhbərliyi
ilə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində
əsas göstəricilər üzrə geridə
qalmış Azərbaycan qısa müddətdə
keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə
çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli
dərəcədə artıra bilmişdir. 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü
və ciddi səyləri nəticəsində Azərbaycanda
onlarla yeni istiqamətli zavod, fabrik, istehsalat sahələri
yaradılmış, 250-dən artıq sənaye müəssisəsi
fəaliyyətə başlamışdır.
Həmin illərdə ulu öndər
Heydər Əliyev qeyri-neft sektorunun inkişafına xüsusi
diqqət yetirməklə respublika regionlarının
tarazlı inkişafına, yeni iş yerlərinin
açılmasına, əhalinin həyat şəraitinin
yaxşılaşdırılmasına, demoqrafik inkişafa, kənd
və qəsəbələrin sosial-mədəni
simasının müasirləşməsinə dair strateji
planlarını ardıcıllıqla həyata
keçirmişdir. O dövrün ən ağır şərtləri,
məhdudiyyətləri çərçivəsində
xalqının gələcək rifahı üçün əlindən
gələni əsirgəməmiş, bəzən
mümkün görünməyəni belə reallığa
çevirərək Bakı Məişət Kondisionerləri,
Bakı Dərin Özüllər və digər zavodların,
fabriklərin Azərbaycanda inşasına nail olmuşdur. Həmin illərdə ulu öndərin böyük
uzaqgörənliklə formalaşdırdığı iqtisadi
və mənəvi əsaslar sonrakı mərhələdə
Azərbaycanın dövlət müstəqilliyinə
qovuşmasında mühüm rol oynamışdır.
Tarix boyu böyük siyasi
liderlər üçün səciyyəvi keyfiyyətlərdən
biri də onların xalq və dövlət üçün ən
böhranlı, çətin sınaq anlarında məsuliyyəti
çiyinlərinə götürmələri, bütöv
bir xalqın, millətin xilaskarına çevrilmələri
olmuşdur. Bu mənada Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin idarəçilik keyfiyyətləri
sırasında onun ən çətin, millətin taleyi
baxımından məsuliyyətli zamanlarda düzgün qərarlar
qəbul etmək məharətini xüsusi qeyd etmək
lazımdır. 1993-cü ilin iyununda xalqın təkidli
tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər
Əliyev yorulmaq bilmədən, qətiyyət və
böyük bacarıqla Azərbaycanın başı
üstünü almış vətəndaş müharibəsi
alovunu söndürmüş, ölkədə baş alıb
gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir.
İctimai-siyasi sabitliyin bərpasına,
qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə,
cəbhə bölgəsində atəşkəs rejiminə
nail olmuş, habelə demokratik inkişaf kursu ilə
uzlaşan sosial-iqtisadi strategiya ortaya qoymuşdur.
İnsan amilinin
yüksəlişinə xidmət edən konsepsiya
Azərbaycanın ötən
illərdə qazandığı uğurların ölkəmizin
milli inkişaf modeli ilə bağlı olması bu gün hər
kəs tərəfindən etiraf edilən aksiomdur. Ulu öndərin ən
layiqli davamçısı kimi ötən 14 ildə milli
maraqlara söykənən siyasət yürüdən Azərbaycan
Prezidenti cənab İlham Əliyev hər bir addımda insan
amilini uca tutaraq insanların firavan həyat tərzinin təmin
olunmasına xidmət edən praqmatik və rasional siyasət
yürütmüşdür. Əminliklə demək
olar ki, tarixin heç bir mərhələsində Azərbaycan
cəmiyyəti son illərdəki kimi sürətli dəyişikliklərə
uğramamış, insan amili belə aktual, öncül məsələ
kimi gündəmə çıxmamışdır. Dövlət başçısının praqmatizmə
və əməli siyasətə söykənən iqtisadi
siyasətinin əsas qayəsində də məhz insan amili
dayanmışdır. Cənab İlham
Əliyev xalq qarşısında verdiyi bütün vədlərə
sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti
olduğunu təsdiqləmişdir.
Müasir dövrdə
inkişaf proseslərinin davamlılığını təmin
edən başlıca amillərdən biri qarşıda duran
strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Məhz bu
cür məqsədyönlü, uzaq perspektivlərə
hesablanmış inkişaf strategiyası iqtisadi sahədə
qazanılan uğurların ardıcıllığını
təmin edərək ölkə əhəmiyyətli qlobal
layihələrin reallaşdırılmasına imkan verir.
Bu gerçəkliyə nəzərən əminliklə
demək olar ki, müstəqil Azərbaycanın son illərdə
ictimai həyatın bütün sahələrində əldə
etdiyi möhtəşəm nailiyyətlər də konkret məqsədlərə
yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin
nəticəsidir. Ölkə rəhbərliyi
hər bir konkret mərhələdə respublika
qarşısında hansı əsas problemlərin, vəzifələrin
dayandığını yaxşı bilir və onların həlli
üçün mükəmməl konsepsiyaların
hazırlanaraq icra olunmasını təmin edir.
Azərbaycan qlobal
çağırışlara adekvat cavab verir
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci
ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2016-cı ildə qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş iclasında, eləcə
də ötən il yanvarın 18-də iqtisadi və sosial məsələlərin
həlli ilə bağlı keçirdiyi müşavirədə
böhranın mənfi təsirlərinin aradan
qaldırılması ilə bağlı həyata
keçirilməli olan təxirəsalınmaz tədbirlər
barədə dəyərli fikirlərini
bölüşmüş, hökumət üzvlərinə
tapşırıq və göstərişlərini
vermişdir. Bu müzakirələr dünyada maliyyə
böhranının dərinləşdiyi bir dövrdə Azərbaycanın
yeni qlobal iqtisadi və siyasi çağırışlara
adekvat olaraq islahatları davam etdirmək, idarəetmə
sistemini çevik, şəffaf və səmərəli
mexanizmlər əsasında formalaşdırmaq, makroiqtisadi
sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq,
milli iqtisadiyyatı yeni şəraitə - neftsiz dövrə
uyğunlaşdırmaq istəyini bariz təcəssüm
etdirmişdir.
Keyfiyyətcə yeni mərhələdə
ölkə başçısının müəyyənləşdirdiyi
başlıca hədəflərdən biri də məhz
ölkədə aktual iqtisadi çağırışlara
cavab verə biləcək hökumət idarəetmə
modelinin formalaşdırılması, şəffaflığın
və hesabatlılığın artırılması,
büdcə vəsaitlərindən qənaətlə istifadə
edilməsi olmuşdur. Şübhəsiz, belə bir hökumətin
formalaşdırılması istər ictimai münasibətlər
sisteminin normal məcrada tənzimlənməsi, vətəndaşların
hökumətə etimadının daha da
artırılması, istərsə də vətəndaş-məmur
münasibətlərinin keyfiyyətcə yeni müstəviyə
yüksəldilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
2016-cı ildə həyata
keçirilən antiböhran tədbirlərinin ana xəttini
yenə də qeyri-neft sektorunun inkişafının dəstəklənməsi
və sahibkarlıq fəaliyyətinə mane olan süni
baryerlərin aradan qaldırılması məsələləri
təşkil etmişdir. Etiraf etməliyik ki, hazırda respublikamızda
inkişaf dövrünü yaşayan qeyri-neft sektoru əhalinin
daxili tələbatını və ixracdan əldə olunan gəlirləri
təmin etmək iqtidarında deyildir. Məhz
buna görə də dövlət başçısı
hesab edir ki, hazırkı dövrdə bir tərəfdən
yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin
qarşısını almaq üçün çevik tədbirlər
həyata keçirilməli, digər tərəfdən də
prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli
inkişafını təmin etmək üçün əlavə
təsirli mexanizmlər işə salınmalıdır.
Əlbəttə, mövcud
qlobal iqtisadi şərait iqtisadi islahatları genişləndirməklə
onların müntəzəmliyinin təmin edilməsini,
sahibkarlıq subyektləri tərəfindən mütərəqqi
elmi-texniki çağırışlardan,
stimullaşdırıcı mexanizmlərdən və
innovasiyalardan istifadə yolu ilə yeni konseptual yanaşmaların
tətbiqini, mövcud iqtisadi potensialdan, əlverişli
investisiya mühitindən səmərəli istifadəni zəruri
edir. Bu və
digər praktik məqsədlərin həyata keçirilməsi
naminə ötən il imzalanmış fərman
və sərəncamlar göstərir ki, ölkə
başçısı cənab İlham Əliyev orta və
uzunmüddətli perspektivdə hökumətin həyata
keçirəcəyi iqtisadi islahatların
innovasiyayönümlü olmasını, dərin elmi əsaslara,
proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə
əsaslanmasını vacib sayır.
Sistem
islahatlarının yeni istiqamətləri
2016-cı ilin əvvəllərindən
etibarən həyata keçirilən tədbirlər,
xüsusilə də Azərbaycan Respublikası Prezidentinin
İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin,
eləcə də Maliyyə Bazarlarına Nəzarət
Palatasının, İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm
şuralarının yaradılması iqtisadi islahatların dərin
elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.
2016-ci il
yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə
əlavə və dəyişikliklərin böyük əksəriyyəti
məhz vergi ödəyicilərinin hüquqlarının
genişləndirilməsinə, vergi yükünün
azaldılmasına, vergi inzibatçılığının
təkmilləşdirilməsinə, vergidən yayınma
halları ilə mübarizənin gücləndirilməsi yolu
ilə büdcə daxilolmalarının
artırılmasına xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin
fərmanına əsasən, sahibkarlıq fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslərin
müraciətlərinə baxılması sahəsində
çoxpilləliyin təmin edilməsi, mərkəzi və
yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət
və ya hərəkətsizliyindən yuxarı orqana şikayət
verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə
Azərbaycan Respublikasının Prezidenti yanında, habelə
mərkəzi və yerli icra hakimiyyəti orqanlarında
apelyasiya şuralarının yaradılması islahatlar
üçün siyasi iradə nümayişi olmuşdur.
Böhran dövründə
ölkənin tədiyə balansını tənzimləmək,
habelə xarici valyuta axınını təmin etmək,
idxaldan asılılığı maksimum dərəcədə
azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən
biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsi
olmuşdur.
İnvestorların Azərbaycan Respublikasının Vergi Məcəlləsində
və “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununda müəyyən edilmiş
güzəştlərdən faydalanması məqsədilə
Prezidentin “İnvestisiyaların təşviqi ilə
bağlı əlavə tədbirlər haqqında” fərmanı
ilə “İnvestisiya təşviqi sənədinin verilməsi
Qaydası” təsdiq olunmuşdur.
Ölkə
başçısının “Qeyri-neft məhsullarının
ixracının təşviqi ilə bağlı əlavə
tədbirlər haqqında” fərmanı da sahibkarlığa
dəstək istiqamətində mühüm addım olmuş,
bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi
və geriödəmə dəstəklərinin verilməsi
mexanizmi yaradılmışdır. Sənəd 2016-2020-ci
illərdə Azərbaycan Respublikasında istehsal olunan
qeyri-neft məhsullarının ixracının təşviqi
istiqamətində əlavə tədbirlərin həyata
keçirilməsi məqsədini ön plana çəkmişdir.
Fərmana əsasən, qeyri-neft məhsullarının
ixracı ilə məşğul olan şəxslərə
dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi
ödənilir. 2020-ci il dekabrın
31-dək qüvvədə olacaq fərmana görə, ödəniləcək
ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına
görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində
nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil
edir.
Azərbaycan Respublikası
Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları
üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin
təsdiqi və bundan irəli gələn məsələlər
haqqında” sərəncamı qarşıya qoyulmuş məqsədlərin
gerçəkləşdirilməsi baxımından müstəsna
əhəmiyyətli sənəd kimi qiymətləndirilməlidir.
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə “Ərzaq məhsullarının
tədarükü və təchizatı” Açıq Səhmdar
Cəmiyyətinin yaradılması da qeyri-neft sektorunun
inkişafı istişqamətində atılmış
mühüm addımlardan biri olmuşdur. Cəmiyyətin
yaradılması kənd təsərrüfatı məhsullarının
istehsalı və emalını stimullaşdırmaq, kənd təsərrüfatı
məhsulları istehsalçılarının
inkişafını təmin etmək, ərzaq məhsullarının
keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən
səmərəli istifadəni təmin etmək, regionlarda kənd
təsərrüfatı ilə məşğul olan əhalinin
sosial rifahının yaxşılaşdırılmasına zəmin
yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının
satın alınmasının mərkəzləşdirilmiş
qaydada həyata keçirilməsini təmin etmək məqsədi
daşıyır.
Strateji yol xəritələri:
yeni inkişaf vektoru
Ölkədə məşğulluğun
təmin edilməsi, qeyri-neft ixracının
artırılması, biznes mühitinin inkişafı kimi
strateji məsələlərdə sahibkarların rolunun
yüksəldilməsinə, cəmiyyətdə
sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin
artırılmasına təkan vermək məqsədilə atılmış
mühüm addımlardan biri də Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə aprel ayının 25-nin
Azərbaycanda Sahibkarlar Günü kimi təsis edilməsi
olmuşdur.
Ümumilikdə sahibkarlıq fəaliyyəti
üçün lisenziya və icazələrin sayının,
ödənilən rüsumların məbləğlərinin
dəfələrlə azaldılması; icazələrin
verilməsi prosedurlarının sadələşdirilməsi,
o cümlədən bu sahədə elektron portalın
yaradılması üzrə işlərin davam etdirilməsi;
tranzit yüklərin daşınmasında “Bir pəncərə”
prinsipinin tətbiq olunması; ölkədə investisiyaların
təşviqinin artırılması məqsədilə 7 il
müddətində vergi və gömrük güzəştlərinin
verilməsi; idxal-ixrac əməliyyatları zamanı
gömrük prosedurlarının sadələşdirilməsi
məqsədilə elektron gömrük xidmətlərinin daha
da genişləndirilməsi; tələb olunan sənədlərin
və prosedurların sayının minimuma endirilməsi;
dövlət satınalmalarında təkmilləşdirmələrin
aparılması; dövlət orqanlarında sahibkarların
müraciətlərinin birbaşa
cavablandırılmasını həyata keçirən, məlumatlandırma
və məsləhət xidmətləri göstərən
çağrı mərkəzlərinin yaradılması
ötən ilin islahatlar paketinin nə qədər zəngin və
səmərəli olduğunun bariz göstəricisidir.
Ölkə
başçısının “İnvestisiyanın həyata
keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya
layihəsinin həcmi ilə bağlı minimal məbləğ
və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin
təsdiq edilməsi haqqında, “Dövlət əmlakının
özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında” və
“Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin
sadələşdirilməsi haqqında” fərmanları, habelə
“Malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsi üçün
“Yaşıl dəhliz” və digər buraxılış
sistemlərindən istifadə Qaydaları” 2016-cı ildə
aparılan islahatlar üçün mükəmməl
qanunverici baza rolunu oynamışdır.
Sosial-iqtisadi inkişafın
keyfiyyətcə yeni mərhələsində qeyri-neft
sektorunun rentabelli sahələrindən biri sayılan turizmin
inkişafı da qarşıda ciddi vəzifələrdən
biri kimi dayanır. Ölkə başçısının
“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi
və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı
da məhz bu məqsədə xidmət etmişdir. Xüsusi vurğulamaq istərdik ki, turizmin perspektivli
sahəyə çevrilməsi üçün son illər
regionların sosial-iqtisadi inkişafına xidmət edən
mühüm dövlət proqramları, fərman və sərəncamlar
uğurla icra edilir, yeni hotellər tikilir, infrastruktur müasirləşdirilir.
Regionlarla yanaşı, Bakı və şəhərətrafı
qəsəbələrdə, o cümlədən Nərimanov
rayonunda turizm infrastrukturunun inkişafı diqqət mərkəzindədir.
Ölkə
başçısının “Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi haqqında” fərmanı isə keyfiyyətcə
yeni mərhələdə iqtisadi inkişafı
stimullaşdırmaq və böhranın mənfi təsirlərini
aradan qaldırmaq məqsədi daşıyır. Azərbaycan
Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın
əsas sektorları üzrə Strateji Yol Xəritəsinin
başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli
gələn məsələlər haqqında” sərəncamına
müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru
üzrə ümumilikdə 12 strateji yol xəritəsi
hazırlanmışdır. Milli iqtisadiyyat
perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və
uzunmüddətli dövrləri əhatə etməklə,
2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər
planı, 2025-ci ilədək olan dövr üçün
uzunmüddətli baxış və 2025-ci ildən sonrakı
dövr üçün hədəf baxışdan ibarətdir.
Hesablamalara görə, 2020-ci ilədək nəzərdə
tutulmuş məqsədlərin yerinə yetirilməsi
üçün iqtisadiyyata təxminən 27 milyard manat
investisiya qoyuluşu proqnozlaşdırılır. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı
üçün 2020-ci ilədək müəyyən
edilmiş hədəflərdən əlavə, gələcək
üçün nəzərdə tutulmuş hədəflərə
təsir baxımından da bünövrə rolunu
oynayacaqdır. Prioritet sektorlar və ya
iqtisadiyyatın digər sektorları üzrə yeni strateji hədəflərin
müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol
Xəritəsinin prioritetlərinin müsbət
trayektoriyası ilə daha yüksək hədəflərə
çatmağa kömək edəcəkdir.
Xalq Prezidentin
kursunu və təşəbbüslərini tam dəstəkləyir
Xüsusi vurğulamaq lazımdır
ki, dövlət başçısı İlham Əliyevin son
14 ildə imzaladığı bir sıra dövlət
proqramları ilk növbədə regionların tarazlı,
davamlı inkişafını, onların potensialının
bir-birinə kömək mexanizmi üzərində
qurulmasını, qeyri-neft sektorunun möhkəmləndirilməsini,
iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin
azaldılmasını, infrastrukturun yeniləşdirilməsini
təmin edən kompleks proqram sənədləri olmaqla
yanaşı, bölgələrdə özəl sektorun və
sahibkarlığın inkişafına xüsusi diqqət
ayırmışdır. 2004-2008, 2009-2013 və
2014-2018-ci illəri əhatə edən regional inkişaf
proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb
etməklə, regionlarda intibah mərhələsinin əsasını
qoymuş, sahibkarlığın yüksəlişinə zəmin
yaratmışdır.
2017-ci il
yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının üçüncü
ildönümü ilə bağlı keçirilən konfrans
Azərbaycanın qlobal-maliyyə böhranı şəraitində
dinamik inkişaf etdiyini bir daha təsdiqləmişdir. Ölkə
başçısının 27 fevral 2014-cü il
tarixli müvafiq fərmanı ilə təsdiq edilmiş
dövlət proqramı regionların inkişafı sahəsində
2004-cü ildən başlanmış tədbirlərin
uğurlu davamına təminat yaratmışdır. “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası ölkə iqtisadiyyatının inkişafında
mühüm əhəmiyyət kəsb etməklə,
makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda
sahibkarlıq fəaliyyətinin genişlənməsində,
yeni müəssisələrin və iş yerlərinin
yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata
keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsində, nəticədə əhalinin
rifah halının daha da
yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin
aşağı düşməsində müstəsna rol
oynayır.
Bütün obyektiv çətinliklərə
baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı
inkişaf etmiş və bütün əsas vəzifələr
icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri
müsbətdir - kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi 5 faiz
artmışdır. Dünyada neftin qiymətinin
üç-dörd dəfə aşağı düşməsinə
baxmayaraq, əvvəlki illərdə görülmüş
işlər və aparılan dərin islahatlar nəticəsində
iqtisadi inkişaf təmin edilmişdir. Dövlət
proqramlarından irəli gələn vəzifələrin
icrası üçün regionlara 4 milyard manat vəsait
yönəldilmişdir.
Eyni zamanda şəhər və
rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi
və bəzi mühüm layihələrin icrası məqsədilə
imzalanmış 67 sərəncamla 261 milyon manat vəsait
ayrılmışdır. 1 milyard manatdan çox investisiya
yatırılacaq, 6700 yeni iş yeri açılacaqdır.
Layihələrin 38 faizi kənd təsərrüfatı, 62
faizi isə sənaye sahələrində olmaqla, onların 40
faizi Bakıətrafı qəsəbələrin və
Abşeron rayonunun, 60 faizi isə digər şəhər və
rayonların payına düşür.
Regional inkişaf tədbirləri nəticəsində
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə
21 şəhər və rayona səfərə getməsi, 64
yeni obyektin açılışında, 3 təməlqoyma mərasimində
iştirak etməsi bölgələrə qayğı siyasətinin
davamlı olduğunu bir daha təsdiqləmişdir. Görülən işlərin nəticəsidir ki,
bu ildən dövlət büdcəsindən dotasiya almayan
şəhər və rayonların sayı 7-dən 34-dək,
yəni 5 dəfəyədək artmışdır.
Uğurla gerçəkləşdirilən
tədbirlər Bakının ən abad və müasir inzibati
vahidlərindən olan Nərimanov rayonunun da sosial-iqtisadi
inkişafına təkan vermiş, böhranın
doğurduğu çətinliklərə rəğmən
rayonda tikinti-abadlıq işləri, infrastrukturun müasirləşdirilməsi,
sahibkarlığın inkişafının dəstəklənməsi
tədbirləri uğurla davam etdirilmişdir. Ölkə
başçısının yürütdüyü siyasətin
mahiyyətinə müvafiq olaraq sağlam biznes mühitinin formalaşması, iş adamları ilə
qarşılıqlı faydalı münasibətlərin
inkişaf etdirilməsi istiqamətində tədbirlər
davamlı xarakter daşıyır.
Bu gün tam əminliklə
deyə bilərik ki, ulu öndər Heydər Əliyevin
davamlı milli inkişafa təminat yaradan ideyaları daim
yaşayır, dövlətimizin, xalqımızın gələcək
uğurlarına parlaq işıq salır. Məhz bunun nəticəsi
olaraq Azərbaycan hazırda dünya miqyasında
özünün milli iqtisadi inkişaf modeli olan, qısa
müddətdə makroiqtisadi göstəricilər əldə
edən, tam müstəqil siyasət yürüdən dövlət
kimi tanınır.
Ölkəmizdə həyata
keçirilən siyasi və hüquqi islahatlar, modernləşmə
kursu keçid dövrünü yaşayan ölkələrdə
model kimi qəbul edilir. Ən əsası, böhranın
doğurduğu çətinliklərə baxmayaraq, bu gün
Azərbaycanda xalqla hakimiyyət arasında çox
güclü mənəvi birlik, həmrəylik mövcuddur.
Məhz bu birlik sayəsində ölkə
iqtidarı son illərdə böyük iqtisadi, siyasi, mədəni
inqilablara müəlliflik edir.
Bu gün Heydər Əliyev
dühasının müəyyənləşdirdiyi yolla
inamla irəliləyən Azərbaycan xalqı onun ən
layiqli davamçısı cənab İlham Əliyevin milli
maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək,
gələcəyə böyük nikbinliklə, ümidlə
baxır. Mütləq əksəriyyət əmindir ki, Azərbaycan
xalqının milli mənafeyinə cavab verən bu siyasət
qarşıdakı illərdə də davam etdiriləcək,
respublikamız sürətli inkişaf tempini qoruyub saxlayaraq
qabaqcıl dövlətlər sırasında layiqli yerini
tutacaqdır.
Abdin FƏRZƏLİYEV,
YAP Siyasi Şurasının üzvü
Azərbaycan.-
2017.-3 may.- S.6.