Avropanın ən böyük
atıcılıq kompleksi İslamiadaya
tam hazırdır
9 gün sonra paytaxtımız İslam dünyasının idman mərkəzinə çevriləcək. 57 ölkənin 3 mindən çox idmançısının mübarizə aparacağı IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün Bakıya yüzlərlə məşqçi, rəsmi şəxslər, jurnalistlər və digər qonaqlar təşrif buyuracaqlar.
İki il öncə Avropanın Olimpiya hərəkatı tarixində yeni səhifə açan ilk Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi edən paytaxtımız İslamiadanı keçirməyə və qonaqları qəbul etməyə hazırdır. Əminliklə söyləmək olar ki, Azərbaycan bu mötəbər idman bayramına yüksək səviyyədə evsahibliyi etməklə bir daha beynəlxalq aləmə mükəmməl təşkilatçılıq nümunəsini, həmçinin həmrəylik və dostluq dəyərlərinin təşviqinə verdiyi töhfəsini nümayiş etdirəcək.
Ən müasir infrastruktura
malik Bakı Atıcılıq Mərkəzi
Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlıqla bağlı bütün lazımi tədbirlər görülüb. Yarışların keçirilməsi ilə əlaqədar və müxtəlif istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir. İslamiadanın yarışları 16 müxtəlif idman obyektində keçiriləcək və bununla yanaşı, 21 qeyri-yarış məkanından istifadə olunacaq. Bu obyektlərdə də bütün hazırlıq işləri artıq başa çatıb.
Oyunların keçiriləcəyi idman məkanlardan biri də Bakı Atıcılıq Mərkəzidir. Səngər atış hərəkətləri üçün 75, dairəvi atış hərəkətləri üçün 5, qüllədə isə 10 hədəftullayıcı avadanlıq, 5 atış meydançası və beşulduzlu hotel - bunların hər biri bu idman kompleksində bir araya gətirilib.
2015-ci ildə Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın açılış mərasimində iştirak etdiyi mərkəz Bakının Binəqədi rayonunda, köhnə atıcılıq stendinin yerində inşa edilib. Kompleksin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Obyektin ümumi ərazisi isə genişləndirilərək 19,6 hektara çatdırılıb. 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçirmək mümkündür. Bütün atış zonaları müasir avadanlıqlarla təchiz olunub. Hər bir idmançı üçün nəzərdə tutulan monitorlar, atış stendləri, İtaliyanın “Mattarelli” markalı hədəftullayıcıları, eləcə də ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir.
İdmançılara, hakimlərə, məşqçilərə
xidmət edəcək xüsusi otaqlar
Bu mərkəz Avropada ən böyük atıcılıq kompleksidir. Burada 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib. Kompleksdə içməli və yanğına qarşı su anbarları, qazanxana və nasosxana, transformator və generator məntəqələri var. Bu idman obyekti ayrıca qaz, su, kanalizasiya, elektrik, rabitə, yüksəksürətli internet xətləri ilə təchiz edilib. Obyektdə havalandırma, yanğın xəbərverici və yanğınsöndürmə, işıqlandırma sistemləri, təhlükəsizlik kameraları quraşdırılıb.
Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıq quraşdırılıb. 10 metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti var. 25 metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 350-dək oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. 300 metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq.
Kompleksdə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar var.
Mərkəzdə atıcılıq
yarışları beş gün
davam edəcək
İdmanın bu növü üzrə ən yüksək beynəlxalq tələblərə cavab verən Bakı Atıcılıq Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları beş gün ərzində - mayın 13-dən 17-dək keçiriləcək. Yarış iştirakçıları tapança, tüfəng və hava tüfəngi kimi odlu silahları əhatə edən fərdi və komanda yarışlarında mübarizə aparacaqlar. Hədəfdən, məsafədən və idman silahının növündən asılı olaraq bir neçə yarış keçiriləcək. Həmçinin stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşq prosesləri olacaq. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var.
Azərbaycan bu etimadı da şərəflə doğruldacaq
Müasir idman infrastrukturuna malik Azərbaycan istənilən beynəlxalq yarışları keçirmək iqtidarındadır. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərir.
Bakı Atıcılıq Mərkəzi IV İslam Həmrəyliyi Oyunları zamanı idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə geniş imkan yaradır. Ümumiyyətlə isə müasir idman qurğularının istifadəyə verilməsi, mövcud komplekslərin ən yüksək səviyyədə yenidən qurulması və yeni idman obyektlərinin inşası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılan bütün layihələr uğurla, həm də vaxtında icra olunur. Ona görə də tam əminliklə deyə bilərik ki, Azərbaycan bir daha əsl təşkilatçılıq nümunəsi göstərərək İslam Həmrəyliyi İdman Federasiyasının etimadını şərəflə doğruldacaq.
Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın söylədiyi kimi İslamiada Azərbaycanın tarixində növbəti qələbə kimi qalacaq. Bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.-3 may.- S.1;7.