İslam Həmrəyliyi Oyunlarının tarixi qısa, təcrübəsi az olsa da...

 

Azərbaycanda böyük qələbələr qazanılacaq

 

İslam  Həmrəyliyi Oyunlarının tarixi digər böyük idman yarışlarının tarixi qədər qədim deyil. Bu Oyunlar hələ çox gəncdir, ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib.

Adından da göründüyü kimi, bu, həmrəylik oyunlarıdır və tədbirin çərçivəsində keçirilən yarışlarda İslam Konfransı Təşkilatının üzvü olan 57 ölkə iştirak edir. Oyunlarda sözügedən təşkilatın üzvü olan ölkələrin qeyri-müsəlman vətəndaşları da iştirak edə bilərlər.

Bu idman yarışı həmrəylik məqsədi daşısa da, onun keçirilməsi üçün heç də həmişə fikir birliyinə, ümumi razılığa gəlmək mümkün olmayıb. Belə ki, ikinci İslam Həmrəyliyi Oyunları ümumiyyətlə keçirilməyib. Bu tədbirin 2009-cu ilin oktyabr ayında keçirilməsi planlaşdırılmışdı. Sonra Oyunların keçirilməsi üçün yeni tarix müəyyənləşdirildi. Lakin bu tarixikinci Oyunların “üzünə gülmədi”. Səbəb isə Fars körfəzinin adı ilə bağlı İran və ərəb ölkələri arasındakı fikir ayrılığı idi. Məlum olduğu kimi, bu körfəzin adı ilə bağlı İran və ərəb ölkələri arasında münasibətlər və ziddiyyətlər olub. Elə buna görə də Fars körfəzini bəzən “Ərəb körfəzi” adlandırırlar.

Üçüncü dəfə İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyada keçirilib.

Dördüncü Oyunların məkanı isə Azərbaycandır və onun uğurunun əvvəlki eyni tədbirlərdən qat-qat üstün olacağı şəksizdir. Bu da səbəbsiz deyil. Əvvəla ona görə ki, Azərbaycan ayrı-ayrı xalqların nümayəndələrinin dinc yanaşı yaşadığı sülhsevər bir diyardır. Burada multikulturalizm bərqərar olub, tolerantlıq hökm sürür. Azərbaycanlılar digər xalqların mədəniyyətinə, adət-ənənəsinə, sitayiş etdiyi dinə və s. hörmətlə yanaşdıqlarına görə onlar da öz növbələrində qarşı tərəfə ehtiramlarını göstərirlər. Beləcə, birlik, həmrəylik yaranıb.

Başqa sözlə, ölkəmiz həmişə İslam sivilizasiyasının mərkəzlərindən biri olubİslam dəyərlərinin dünyada təbliğinə öz töhfələrini verib. Beləliklə, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qura bilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində ölkəmizin növbəti əməli addımıdır.  

Digər tərəfdən, Azərbaycan artıq böyük beynəlxalq konfransların, sərgilərin, müsabiqələrin, eləcə də idman yarışlarının keçirildiyi ünvana çevrilib. Təkcə 2012-ci ildə Bakıda böyük müvəffəqiyyətlə keçən “Eurovision” mahnı müsabiqəsini, eləcə də 2015-ci ildə misilsiz uğurlar qazanan I Avropa Oyunlarını xatırlamaq kifayətdir.

IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Azərbaycanın Birinci vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva demişdir: “Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qururbu sahədə böyük uğurlara nail olub. Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din öz-özlüyündə terroru rədd edən amildirİslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.

İndiyədək İslam Həmrəyliyi Oyunlarında 18 idman növü təqdim olunub. Onların çoxu Oyunlara 2005-ci ildə, qalanı 2013-cü ildə daxil edilib. Yüngül atletika, basketbol, suyatullanma, atçılıq, taekvondo, qılıncoynatma kimi idman növləri İslam Həmrəyliyi Oyunlarının “veteran”ıdır. İlk Oyunlarda eləcə də futbol, həndbol, karate, stolüstü tennis, tennis, üzgüçülük, voleybol, su polosu, ağır atletika təqdim olunub. Üçüncü Oyunlardan isə yarışlara oxatma, badminton, uşu daxil edilib. 

Məkkə şəhərində keçirilən I İslam Həmrəyliyi Oyunlarında - 2005-ci il aprelin 8-dən 20-dək ən çox medal qazanan ölkə elə ev sahibinin özü - Səudiyyə Ərəbistanı olub. Palembandda 2013-cü il sentyabrın 22-dən oktyabrın 1-dək davam edən III Oyunlarda isə İndoneziya  ən çox medal qazanıb.

İndiyədək İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 956 medal qazanılıb. Onlardan 291-i qızıl, 289-u gümüş, 375-i bürüncdür. Ən çox medal qazanan ölkələrdən biri Azərbaycandır. Ölkəmizin idmançıları İslam Həmrəyli Oyunlarının turnirlərində 39 medal qazanıblar. Onlardan 10-u qızıldır. Qazandığı qızıl medalların sayına görə, Azərbaycan iştirakçı ölkələr arasında 10-cu yerdə olub.

Şübhəsiz ki, növbəti Oyunların turnirlərində istər digər ölkələrdən gələn iştirakçılar, istərsə də öz idmançılarımız daha yaxşı çıxış edəcək və daha çox medal qazanacaqlar. Ümumiyyətlə, IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçəcəyinə şübhə yoxdur. Bu tədbir böyük idman bayramına çevrilməklə yanaşı, müsəlman aləmində həmrəylik, dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirəcək.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-3 may.- S.9.