İslamiada sülhə, əmin-amanlığa çağırışdır

 

Tarix təkrar olunur. Ölkəmizin paytaxtında keçiriləcək İslam Həmrəyliyi Oyunları ərəfəsində keçmişə, Olimpiya Oyunlarının tarixinə  ötəri nəzər salanda görürük ki, bu, idman yarışlarından daha çox sülhə nail olmaq məqsədilə təşkil edilib. Günümüzə gəlib çatan sənədlərdə ilk dəfə bu oyunların miladi tarixdən əvvəl 776-cı ildə keçirildiyi göstərilir. Sülhə nail olmaq naminə müqəddəs barış elan edilib, bütün savaşlara qadağa qoyulub.

Bu gün od içində yanan, müharibələrin və terror aktlarının cəngində boğulan müsəlman ölkələrindəki dözülməz həyat ürək ağrıdır. Bu baxımdan Bakıda keçiriləcək İslamiada bütün dünyaya göndərilən bir mesajdır, sülhə, əmin-amanlığa çağırışdır. Ölkəmiz əsrlər boyu Şərq sivilizasiyasının mərkəzlərindən biri kimi İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermiş, bütünlükdə müsəlman  dünyası ilə qurulan münasibətləri faydalı şəkildə inkişaf etdirmişdir. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan edilməsi dünyada sülhün qorunmasına da xidmət edir.

Qafqaz tarixən müharibələrin və çaxnaşmaların hökm sürdüyü məkan olmuşdur. Minilliklər boyu iki dəniz arasındakı bu məkan fatehlərin diqqətini çəkmiş, yaşadığımız ərazilərdə uzun sürən qanlı savaşlar baş vermişdir. Bu savaşların eləsi də olub ki, tarixə 100 illik müharibə kimi düşüb. Halbuki Azərbaycan heç vaxt heç kimə qarşı ərazi iddiasında olmamış, əksinə, barışa can atan ölkə kimi bütün qonşuları ilə sülh şəraitində yaşamağa üstünlük vermişdir.  Bakıda keçiriləcək Oyunlar da onu göstərir ki, ərazilərimizin 20 faizinin işğala məruz qalmasına baxmayaraq, biz yenə sülh ölkəsiyik. Atəşkəs adı altında dondurulan savaş, müvəqqəti dayandırılan müharibə şəraitində ölkəmizin İslam Həmrəyliyi Oyunlarını keçirməsi bir daha əmin-amanlığa və sülhə olan sədaqətimizin bariz təcəssümüdür.

Azərbaycan qollarını İslam Oyunlarına geniş açmaqla bir daha bu günün ən vacib şüarının barış, əmin-amanlıq olduğunu təsdiqləyir. Müasir dünya bironunla fərqlənir ki, istənilən qlobal əhəmiyyət kəsb edən tədbir, o cümlədən İslam Həmrəyliyi Oyunları müəyyən iqtisadi maraqların təmin olunmasında, təbliğində və təşviqində bilavasitə və dolayısı ilə iştirak edir.

57 ölkəni təmsil edən 3 mindən çox idmançının İslam Həmrəyliyi Oyunlarında iştirak etməyə qərar verməsi rekord göstəricidir. Yarışların 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacağı da mühüm faktdır. Bundan savayı, IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Bu o deməkdir ki, Oyunları işıqlandıran yüzlərlə xarici KİV, telekanallar Bakını əsrarəngiz şərq şəhəri kimi vəsf edəcəklər. Milyonlarla xaricinin qəlbində ölkəmizə, onun istehsal etdiyi məhsullara maraq yaranacaq.

Ölkəmizdə və digər yerlərdə keçirilmiş bir sıra qlobal tədbirlər - “Eurovision” mahnı müsabiqəsi, Azərbaycan muğamının bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil olması, Sivilizasiyalar Alyansının Qlobal Forumu, xüsusilə də I Avropa Oyunları ölkəmizi dünyaya təqdim edən, Azərbaycanın  tanınmasını və dünyada mövqeyinin möhkəmlənməsini təmin edən mühüm tədbirlər olmuşdur. Bu baxımdan IV İslam Həmrəyliyi Oyunları da xüsusi əhəmiyyət kəsb edir. İslam Oyunlarının dünya mediasında geniş işıqlandırılması ölkəmizin istehsal etdiyi məhsulları, turizm imkanlarını da bir növ reklam edəcək.

Yeni turizm layihələrinin həyata keçirilməsi, ölkəmizin zəngin mədəni irsinin, mətbəxinin, xalq tətbiqi sənətinin təbliği və təşviqi də turizmin inkişafına təkan verən vacib amillərdəndir. Biz öz mədəniyyətimizi, tariximizi, adət və ənənələrimizi, o cümlədən istehsal etdiyimiz onlarca məhsulu təbliğ etməklə onların dünya bazarına yolunu  açırıq. Bu baxımdan dövlət başçısının turizmi valyuta gətirən vasitə sayması təsadüfi deyil.

IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə hazırda ərəb ölkələrində keçirilən bütün turist sərgilərində təmsilçilərimiz vasitəsilə Oyunlar haqqında geniş məlumatlar yayılır. “Euronews” və “CNN” telekanallarında müvafiq reportajların yayımlanması haqqında artıq razılıq əldə olunub. “Baku Guide” kitabçasının xüsusi buraxılışı bütün mehmanxanalara çatdırılacaq.

Ümumiyyətlə, Oyunlar zamanı keçirilməsi nəzərdə tutulan bütün tədbirlər mahiyyət etibarilə milli çalarlarımızın, mədəniyyətimizin, qonaqpərvərliyimizin müxtəlif aspektlərini təbliğ edəcək. Qeyd etdiyimiz kimi ölkəyə gələn on minlərlə əcnəbi Oyunları seyr edəcək, miilyarddan çox tamaşaçı Azərbaycana bağlanacaq, ölkəmizlə tanış olacaqlar.

Dünya biznesində hər hansı məhsulun bazara çıxarılmasında reklamın xüsusi rolu var. Bu, sadə bir həqiqətdir. Hətta bəzən elə olur ki, ümumiyyətlə bazarda yeri olmayan məhsul belə, reklam sayəsində alıcı tapır, bazar rəqabətində digər məhsulları sıxışdıraraq özünə yol açır. Məhsullarımıza gəldikdə isə, bizim dünya bazarına çıxardığımız məhsulların bir çoxu bazarda oturuşmuş ölkələrin mallarından  keyfiyyətinə görə heç də geridə qalmır.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2017.-3 may.- S.9.