Mədəniyyət və incəsənətimizi də yüksək səviyyədə təqdim edəcəyik

 

Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Bu, idmanla bağlı olsa da, əslində, siyasi məsələdir. Azərbaycanın bütün sahələrdə inkişafı və regionda söz sahibi olması deməkdir.

Bu gün ölkəmiz inkişaf nöqteyi-nəzərdən Cənubi Qafqazda lider dövlətdir. Beynəlxalq aləmdə nüfuzu və qətiyyətli mövqeyi ilə sayılıb-seçilir. Əlbəttə, bunun əsas səbəbi ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

I Avropa Oyunlarında olduğu kimi, budəfəki idman yarışları da Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və ölkəyə turist axınının gücləndirilməsi üçün ən yaxşı fürsət və vasitədir. Beynəlxalq idman, mədəni, siyasi tədbirlərə evsahibliyi istənilən ölkənin inkişafında həm də ən yaxşı üsullardandır. İdman müxtəlif millətlər arasında münasibətlərin gücləndirilməsi üçün çox vacibdir. İdmanla mədəniyyəti bir-birindən ayırmaq olmaz. Çünki idman da mədəniyyət və incəsənət kimi hamımız üçün ümumi bir dildir. O, gəncləri həvəsləndirmək və insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün vacib amildir. Yeri gəlmişkən, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva aprelin 21-də hazırlıqlarla bağlı yekun iclasında bildirmişdir: Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır. 2015-ci ildə Bakıda I Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı... Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır”.

Müstəqilliyini bərpa etmiş xalqımızın Qarabağla bağlı haqq səsinin dünya arenasında eşidilməsi və qəbulu üçün müəyyən amillər vacib şərt hesab edilir ki, onlardan biri də özünütəsdiqdir. Belə beynəlxalq idman bayramları bizi nəinki Avropa məkanında, hətta dünyada tanıdır. Çünki bu, özünü “Bakı-2015” I Avropa Oyunlarında göstərdi. Budur, iki ildən sonra paytaxt Bakı İslam ölkələrini bir araya toplayır. Əlbəttə, məqsəd İslam xalqlarının idmana olan marağını və qabiliyyətini dünyaya təqdim etməkdir. Unutmayaq ki, bu gün Şərq dünyasında milli və məhəlli, eləcə də digər mənfur niyyətlərin nəticəsi olan münaqişələr, terror və qətliamlar səngimək bilmir. Hədəf isə müsəlman dünyası, İslam aləmidir. Hər terror hadisəsində mütləq İslam izi axtarılır. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevin, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın İslam xalqlarının həmrəyliyini dünyaya nümayiş etdirmək təşəbbüsü, dövlətimizin, eləcə də geniş ictimaiyyətin buna yenə də hərtərəfli hazır olması hər kəsdə fərəh hissi doğurur. İslam ölkələrinin bu beynəlxalq idman yarışına marağı hədsiz dərəcədə çoxdur. Bu Oyunları izləmək üçün ölkəmizə gələn nəinki iştirakçılar, hətta turistlər də xalqımızın tarixi, mədəniyyəti, etnoqrafiyası, mətbəxi barədə məlumat alacaq, bir sözlə, bizi daha yaxından tanıyacaqlar ki, bu da olduqca lazımdır. Onlardan da öncə Vətənimiz Odlar diyarının cənnət guşələrini, həmçinin necə sülhpərvər olduğumuzu da görəcək və hiss edəcəklər.

Müstəqil, müasir Azərbaycan özünün yeni bir erasına daxil olurtarix yazır. May ayı yenə də bayram libasına bürünəcək. Axı, 12-22 may tarixlərində dünyanın nəzərləri Azərbaycana, xüsusən də Bakıya dikiləcək.

Xalqımız “Eurovision-2012” mahnı müsabiqəsində də öz səviyyəsini çox yüksək dərəcədə təqdim edib. Əlbəttə, bu işdə hər bir Azərbaycan vətəndaşı üzərinə düşən işi layiqincə yerinə yetirməlidir. Biz də mədəniyyət və incəsənət sahəsində tədbirlərə ciddi hazırlaşırıq. Qonaqlarımızın milli musiqimizi, incəsənətimizi sevəcəklərinə şübhə yoxdur. İnanıram ki, bu dəfə də biz öz mədəniyyətimizi, humanistliyimizi, qonaqpərvərliyimizi, bir sözlə, milli-mənəvi dəyərlərə daim yüksək qiymət verən xalq olduğumuzu təsdiqləyəcəyik.

 

Arif BABAYEV,

xalq artisti, professor

 

Azərbaycan.- 2017.-3 may.- S.9.