Azərbaycan idman sahəsində,
ümumilikdə ölkənin inkişafında inanılmaz uğurlar qazanıb
Respubikamızın son illərdə
böyük yüksəliş əldə
etməsi Beynəlxalq Gimnastika
Federasiyasının rəhbərliyində dərin təəssürat yaradıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 2-də Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeni və Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxleri qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının çox uğurla keçirildiyini vurğuladı və qeyd etdi ki, bundan əvvəl də Azərbaycanda gimnastika üzrə dünya və Avropa çempionatları və digər mötəbər tədbirlər yüksək səviyyədə təşkil olunub.
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının uğurla keçirilməsi və ümumilikdə idmanın gimnastika növünə verilən dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması ilə bağlı təbriklərini çatdırdı. Morinari Vatanabe 2020-ci ildə Tokio Olimpiya Oyunlarında Azərbaycan gimnastlarının uğur qazanacağına ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı bu mühüm idman tədbirinin Tokioda keçirilməsi ilə bağlı təbriklərini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafına böyük diqqət göstərildiyini və gənc nəslin idmana olan həvəsinin gündən-günə artdığını vurğuladı.
Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxler qeyd etdi ki, Azərbaycan idman sahəsində, ümumilikdə ölkənin inkişafında inanılmaz uğurlar qazanıb. O bildirdi ki, son illər Azərbaycandakı böyük inkişaf prosesləri dərin təəssürat yaradır.
Prezident İlham Əliyev paytaxtımızda və digər regionlarda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini bildirdi, ən müasir idman strukturunun, o cümlədən gözəl gimnastika idman sarayının inşa edildiyini məmnunluqla vurğuladı.
Qonaqlar Azərbaycanda gimnastika sahəsində görülən işləri dünyada idmanın gimnastika növünün inkişafına böyük töhfə kimi dəyərləndirdilər.
Birinci xanım, Azərbaycan
Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva
ölkəmizdə Gimnastika
Federasiyasına rəhbərlik etməsindən və
xüsusilə bu sahədə əldə
olunan uğurlardan qürur hissi keçirdiyini bildirdi və
qeyd etdi ki, Azərbaycanda gimnastikanın
inkişafının əsası qoyulan vaxt bu idman
növü bir o qədər də populyar
deyildi. İndi isə
gimnastikaya böyük
maraq göstərilir, xüsusilə xeyli sayda gənc qızlar
bu idman növü ilə məşğul olmaq və yarışlarda iştirak
etmək arzusundadırlar. Bu, çox böyük
nailiyyətdir və biz bununla
fəxr edirik.
Azərbaycan.- 2017.-3 may.- S.1.