Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti AnkaradaBelqradda səfərdə olub

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın dəvəti ilə Məhkəmənin 55 illiyi ilə əlaqədar Ankarada keçirilmiş rəsmi tədbirlərdə iştirak etmək üçün aprelin 24-dən 27-dək qardaş ölkədə səfərdə olub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Konstitusiya məhkəmələri əsas hüquqların müdafiəçisi kimimövzusunda təşkil edilmiş Beynəlxalq simpoziumun açılışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, qardaş ölkənin məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Bundan başqa, Avropa, Asiya, Afrika və Cənubi Amerikanın bir sıra ölkələrinin Konstitusiya məhkəmələrinin nümayəndə heyətləri də mötəbər tədbirə xarici qonaq qismində qatılıblar.

Tədbirin rəsmi açılışında Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 55 illik fəaliyyət dövründə qəbul etdiyi mühüm qərarları təhlil olunub, Məhkəmənin qanunvericiliyin və məhkəmə-hüquq təcrübəsinin inkişafındakı rolu barədə ətraflı çıxışlar edilib.

Konfransın praktiki işində tədbirdə iştirak edən Konstitusiya məhkəmələrinin nümayəndə heyətləri təmsil etdikləri ölkələrin Konstitusiya məhkəmələrinin konstitusiya hüquq və azadlıqlarının qorunmasında icra, qanunverici və digər məhkəmə orqanları ilə qarşılıqlı əlaqələri barədə məruzələrlə çıxış ediblər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti çərçivəsində digər ali dövlət orqanları ilə işbirliyi haqqında məlumat verib, habelə vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının qorunmasına yönəlmiş qərarların bir sıra aspektlərinə toxunub.

Həmçinin səfər çərçivəsində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə ikitərəfli görüşlər keçirilib, son illər ərzində iki ölkənin Konstitusiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara dair fikir mübadiləsi aparılıb.

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikasının Ankaradakı səfirliyində olub, səfir Faiq Bağırov ilə görüşüb.

Aprelin 28-də isə Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri Vesna İliç-Preliçin dəvəti ilə Belqradda səfərdə olub.

Səfər zamanı Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və aparat rəhbərliyi ilə keçirilmiş görüşlərdə vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etmək üsulları və proseduru, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların icrası, məhkəmə praktikasında beynəlxalq hüquq normalarının tətbiqi, habelə ərazi bütövlüyü beynəlxalq hüquq prinsipi ilə bağlı məhkəmə-hüquq təcrübəsinə dair məsələlər müzakirə edilib.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndə heyəti və Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri Belqradın mərkəzi parkında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklil qoyublar.

 

Azərbaycan.- 2017.- 3 may.- S.10.