O, əsl qəhrəman kimi döyüşmüşdür

 

Havadarlarının köməyi ilə ermənilər Azərbaycanın şəhər və kəndlərini işğal edərək odlara qalayır, dinc əhaliyə, günahsız uşaqlara, qocalara, hətta hamilə qadınlara divan tutur, onlara qarşı insanlığa yaraşmayan təhqiramiz hərəkətlər edirdilər. Ağdam işğal olunandan sonra isə erməni quldurlarının iştahası getdikcə artırdı. Növbəti planları Qarabağ kanalını adlayaraq qarşıdakı əraziləri götürmək idi.

Bu elə zaman idi ki, Məhəmməd Süleymanovun xidmət etdiyi 896 nömrəli hərbi hissə Cəbrayıl rayonunun işğalından sonra Gəncəyə köçmüş, bir müddət orada qaldıqdan sonra yenidən döyüş bölgəsinə, Ağdamın Güllücə kəndinə yollanmışdı. Kanalın üstündən keçən 2 körpünü 3 tabor mühafizə edirdi. Məqsəd düşmənin canlı qüvvəsinin və texnikasının qarşısını kəsməkdən, körpünü keçməyə qoymamaqdan ibarət idi. Güllücə kəndindəki körpünü Məhəmmədin xidmət etdiyi 896-cı alayın birinci taboru qoruyurdu. 1993-cü il dekabr ayının 31-də sübh tezdən ermənilər Ağdam şəhəri istiqamətindən çoxlu sayda hərbi texnika ilə Güllücə kəndindəki körpüyə yaxınlaşdılar. Qış olduğundan hava hələ qaranlıq idi. Bunu diqqətlə izləyən birinci taborun komandiri hələlik atəş açmamaq tapşırığını verdi. Erməni hərbçiləri körpüyə bir az qalmış dayandılar. 5-6 nəfər hərbi geyimli adam əllərindəki xüsusi cihazlarla körpünün minalanıb-minalanmadığını yoxladı. Körpünün təhlükəsiz olduğunu görən düşmən tankları hərəkətə keçdilər. Onlar körpüyə çatmışdılar ki, 896-nın birinci taborunun əsgərləri müxtəlif silahlardan atəş açmağa başladılar. Məhəmməd və onun bir neçə döyüşçü yoldaşı ardı-arası kəsilmədən qumbaraatanlardan hədəfə atəş açdılar. Düşmənin 7 tankı vurularaq sıradan çıxarıldı. Ağır texnikanın 2-si isə yandırıldı. Həmin tanklardan 3-nü məhz igid əsgər Məhəmməd minaatanıyla məhv etdi. Bunu görən ermənilər quduzlaşaraq geri çəkilmək istəmir, müxtəlif silahlardan istifadə etməklə körpünü ələ keçirməyə cəhd göstərirdilər. Lakin onların bu niyyəti baş tutmadı. Çoxlu sayda itki verərək geri çəkilmək məcburiyyətində qaldılar.

1994-cü il yanvar ayının 2-də ağır döyüş zamanı düşmənin atdığı qumbaranın biri Məhəmmədin yaxınlığında partladı və onun qəlpələri qəlbi Vətən, torpaq, yurd eşqilə döyünən bu igidin qısa və mənalı ömrünə nöqtə qoydu.

Güllücə döyüşündən əvvəl gənc əsgər Cəbrayıl rayonunun ərazilərində gedən müharibədə cəsurluq nümunəsi göstərmiş, komandirləri tərəfindən aldığı əmr və tapşırıqları xüsusi peşəkarlıqla yerinə yetirmişdir. Məhəmməd qısa bir zamanda minaatan silahın sirlərinə bələd olub, onun vasitəsilə bədnam ermənilərin cavabını verməyi, onları susdurmağı bacarmışdır. 15 avqust 1992-ci ildə keçirilən “Şiş qaya” əməliyyatında göstərdiyi qeyri-adi cəsurluq nümunəsi onu komandirlərinə, əsgər yoldaşlarına daha da sevdirmişdir. Bu döyüş zamanı qumbara ilə düşmənin 1 tankını və 10-a yaxın əsgərini məhv etmişdir.

Məhəmmədin keçdiyi döyüş yolunda Sur kəndində baş vermiş hadisələr xüsusi yer tutur. O, bu vuruşda da böyük igidlik göstərmişdir. 25 mart 1993-cü il tarixdə Sur kəndində gedən döyüşlərdə ön mövqedə olan əsgərlərimizdən bir neçəsi yaralanır. Erməni silahlılarının irəliləmək niyyətini görən komandir, sıravi əsgər M.Süleymanova tapşırıq verir ki, bir neçə döyüşçü yoldaşı ilə gedib nəyin bahasına olursa-olsun yaralı əsgərlərimizi gətirsinlər və düşmənin irəliləməsinin qarşısını alsınlar. Məhəmməd və onun əsgər yoldaşları Əlövsət Hüseynov, Zəfər Rəfiyev, Məhəmmədəli Teyubov, Pünhan Abbasov və başqaları əmri yerinə yetirmək üçün əvvəlcədən plan hazırlayırlar. Onlar bu plana uyğun müəyyən qədər irəliləyərək özləri üçün əlverişli müdafiə mövqeyi seçir, az sonra düşməni atəşə tuturlar. Məhəmmədin atdığı qumbaralar erməni əsgərlərini vahiməyə salır. Onlar itki verərək geri çəkilməyə məcbur olurlar. Bu zaman Məhəmməd və yuxarıda adları çəkilən cəsur əsgər yoldaşları irəliləyib yaralıları təhlükəli mövqedən çıxarırlar.

Bunlar igid əsgər, qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gəlmiş Məhəmməd Süleymanovun keçdiyi döyüş yolunun yalnız kiçik bir hissəsidir. Şəhidlərin xatirəsi isə hər birimiz üçün əzizdir. Onlar ömürlərinin bahar çağında həyatlarını Vətən yolunda fəda ediblər. Xalqımız bir yumruq kimi birləşərək şəhidlərimizin qanını almağa həmişə hazırdır. Bunu keçən ilin aprel döyüşləri bir daha aydın göstərdi. Dövlət Qarabağ əlilləri və şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması üçün ardıcıllıqla tədbirlər həyata keçirir. Öz dədə-baba torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələr, tikilən yaşayış evləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, çəkilən yollar, təbii qaz xətləri, digər infrastruktur layihələri bunu bir daha sübut edir.

Bu günlərdə şəhid M.Süleymanovun atası Əhməd kişinin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qaçqın şəhərciyinə baş çəkdik. Burada 11 qəsəbə salınıb. Əhməd kişi 2 saylı qəsəbədə yaşayır. Burada onunla, ailə üzvləri ilə görüşürük. Oğlu şəhid Məhəmməd Süleymanovun komandiri, döyüşçü yoldaşlarından bir neçəsi də buradadır. Onlar da bu qəsəbənin sakinləridir. Təkidlə evə dəvət etsələr də, gözəl yaz havasında həyətdəki talvarın altında qoyulmuş stolun ətrafında əyləşməyi daha münasib bilirik. Digər oğlu, cəbhədə Məhəmmədlə bir yerdə döyüşmüş Manaf Süleymanov süfrəyə çay gətirir. Bir qədər söhbətdən sonra əsas mətləbə keçirik. 1992-ci ildə Məhəmmədin komandiri olmuş polkovnik-leytenant Səxavət Mirzəyev, döyüşçü yoldaşları Əliyar Səfərov, Rasim Paşayev, Salman Abdullayev onun son dərəcə nizam-intizamlı və cəsur olduğundan, Vətənini, xalqını sonsuz məhəbbətlə sevdiyindən ətraflı söhbət açırlar. 84 yaşlı Əhməd kişi acılı-şirinli xatirələrindən danışır: “Cəbrayılın Böyük Mərcanlı kəndindənik, 9 uşağım var, 5 oğlan, 4 qızdır” - deyir, - “oğlumun 2-si dünyasını dəyişib. Allah baisin evini yıxsın. Şad-xürrəm yaşayırdıq. Nə biləydik ki, ermənilərin içərisində nələr varmış?! Məqam yetişəndə çirkin niyyətlərini büruzə verdilər, nankor çıxdılar. Onlar elə düşünürdülər ki, Qarabağı və onun ətrafındakı rayonları işğal etməklə öz niyyətlərinə çatacaqlar, yəni ətraf rayonları qaytarmaqla Yuxarı Qarabağın, Şuşanın, Xankəndinin, Laçının və digər ərazilərin Ermənistana birləşdirilməsinə Azərbayan razılıq verəcək. Onlar ağıllarına gətirmədilər ki, bu sərsəm fikirlə Azərbaycan dövləti heç vaxt razılaşmayacaq. Keçən ilin aprel hadisələri, Lələtəpənin ordumuzun əsgərləri tərəfindən geri qaytarılması onlar üçün ilkin dərsdir. İndi Azərbaycanın güclü ordusu var. Əminik ki, tezliklə öz torpaqlarımıza qayıdacağıq. Əfsuslar olsun ki, bir sıra ölkələr, həmçinin korrupsioner siyasətçilər erməni lobbisinin təsiri altında Ermənistanı müdafiə edirlər. Amma belə bir məsəl də var: “Haqq nazilər, üzülməz”. Haqq bizim tərəfimizdədir. Bizim heç kəsin torpağında gözümüz yoxdur. 84 illik ömrümdə çox olayların şahidi olmuşam. Oturub fikirləşirəm və erməni hiyləgərliyi nəticəsində baş verən hadisələr bir-bir gözümün önündən gəlib keçir. Erməni millətçiləri istədiklərinə nail olmaq üçün çirkin yollarla ulu öndər Heydər Əliyevi M.Qorbaçovun əli ilə Moskvada vəzifədən uzaqlaşdırmağa çalışdılar. Başa düşürdülər ki, Heydər Əliyev kimi böyük siyasətçinin qarşısında heç nə edə bilməyəcəklər. Zaman onların xeyirinə işlədi. Lakin vaxt keçdikcə Azərbaycan ayağa durdu, iqtisadi cəhətdən gücləndi, Qafqazda lider dövlətə çevrildi. Möhtərəm Prezident İlham Əliyev ordumuzun güclənməsini prioritet məsələ kimi həmişə, mən deyərdim ki, hər gün, hər saat diqqətində saxlayır, onun ən müasir texnikalarla, silahlarla, kadrlarla komplektləşdirilməsinə xüsusi əhəmiyyət verir. Bunlar qələbəmizi yaxınlaşdıran amillərdir. Bu gün Cocuq Mərcanlı yenidən qurulursa, bu işlər sabah Böyük Mərcanlıda davam etdiriləcək, Şuşaya, Xankəndiyə, Kəlbəcərə, Laçına gedib çıxacaq”.

Söhbət yenidən şəhid Məhəmməd Süleymanovun üstünə qayıdır. Əhməd kişinin xatirələri hər birimizi kövrəldir. Deyir ki, 1993-cü ilin sonları idi. Bir neçə gündən sonra Yeni il olacaqdı. Birdən başıma Məhəmmədi görmək havası doldu. Bu fikrimi evdə deyib əvvəlcə onun dalınca Füzuli rayonuna getdim. Dedilər onların alayı Ağdamın Güllücə kəndinə göndərilib. Oraya yola düşdüm. Ağcabədidə bir qohumum var, gecəni onlarda qalmalı oldum. Yuxuda gördüm ki, sağ əlimin çeçələ barmağını kəsdilər. Bu, səhərəyaxın idi. Hövlnak halda durub ev sahibi ilə sağollaşdım. Məhəmməd ailəmizin sonbeşiyidir. Yuxu - çeçələ barmaq onunla bağlı yozulurdu. Bu fikri başımdan çıxarmağa, qovmağa çalışırdım. Məhəmməddən çox nigaran idim. Güllücəyə yollandım. Ora çatanda dedilər ki, döyüş zamanı 9 nəfər şəhid olub. Meyitlərin saxlanıldığı yerə getdim. Onların arasında Məhəmməd də vardı. Sən demə, hər şey mənə ayan olubmuş. Oğlumun meyitini alıb yaşadığımız qaçqın düşərgəsinə gətirdim. O zaman buradan bir az kənar ərazidə qamışdan, palçıqdan tikdiyimiz alaçıqlarda yaşayırdıq. O günlər getsin, bir də gəlməsin. Ulu öndər Heydər Əliyev həmin vaxtlar 2 dəfə bizim qaçqın şəhərciyinə gəlmiş, hətta yeni qurulan bir ailənin, oğlanla qızın toy məclisində iştirak etmiş, qol götürüb oynamışdı.

“Dərdli çoxdanışan olar”, - deyiblər. Əhməd kişinin sözlərini həyəcansız dinləmək mümkün deyil. Gün günortadan keçir. Durub kənd qəbiristanlığına, şəhid Məhəmməd Süleymanovun məzarını ziyarətə gedirik. Hər kəs gətirdiyi gül-çiçək dəstəsini onun məzarı üstə düzür. Ortaya lal bir sükut çökür. Qara mərmərdən olan başdaşının üzərində bu sözlər yazılmışdır: “Məhəmməd Əhməd oğlu Süleymanov. Doğum tarixi 1974, şəhidliyə ucaldığı zaman 2 yanvar 1994-cü il”. Olumölüm təvəllüdü altında düşmənə qan udduran qumbaraatan silahın şəkli çəkilmişdir.

Deyirlər, ölüm haqdır. Bir gün gələn bir gün də gedəcəkdir. Şəhidlik isə Tanrı yanında ən uca məqam, ən şərəfli ölümdür. Əslində, şəhidlər heç vaxt ölmürlər, onlar nəsillərin, əsrlərin yaddaşında əbədi yaşayırlar.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2017.- 3 may.- S. 11.