Üzdə mələk,
dalda kələk
Harda olsa, səni görcək gülər üzə,
Dilini də o kökləyər
şirin sözə.
Vəd ayaqda dönüb olar əfi, gürzə.
Tanıyağın biz onları, dostlar gərək.
Adam var ki, üzdə mələk, dalda kələk.
Dilindədir etibarı,
düz ilqarı,
Məsləkindən uca tutar pulu,
varı.
Kim güclüsə, yıxılacaq ona sarı.
Peşəsidir güdmək, hardan əsir külək.
Adam var ki, üzdə mələk, dalda kələk.
İşi düşsə,
nə yollasa yol tapacaq,
Qapı döyüb,
ev gəzəcək
ocaq-ocaq.
Dil tökəcək, baş açacaq, yalvaracaq.
Yapışmağa axtaracaq
yağlı ətək,
Adam var ki, üzdə mələk, dalda kələk.
O zaman ki keçə bildi vəzifəyə,
İstəyər ki, hamı ona
boyun əyə.
Baxmaz onu kim çatdırıb
bu çörəyə.
Belələri nə
dost bilər, nə duz-çörək.
Adam var ki, üzdə mələk, dalda kələk.
Seyran CAVADOV,
Azərbaycan.-
2017.- 3 may.- S.12.