Heydər Əliyev ideyaları Azərbaycanın
inkişaf strategiyasının əsasıdır
Artıq iyirmi altı ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni şanlı bir dövrünü - müstəqillik dövrünü yaşayır. Ötən müddət ərzində ölkəmiz siyasi-iqtisadi böhrandan, tənəzzül və xaosdan qurtularaq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına yüksəlib.
Bu inkişafın əsasında ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi strategiya dayanır. Məhz bu strategiya 1990-cı illərin əvvəllərində dərin siyasi-iqtisadi böhran keçirən, xaos və anarxiya girdabında çırpınan Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxarıb. Bu yolun təməli isə hələ ötən əsrin 70-ci illərində qoyulub. Azərbaycanın müasir tarixinin və həyatının 35 ili ulu öndər Heydər Əliyevin çoxşaxəli və genişmiqyaslı fəaliyyəti ilə bağlı olub. Həmin illər ərzində isə Azərbaycan sözün həqiqi mənasında daim inkişaf yolu ilə irəliləyib.
Ulu öndərin xalqımız qarşısında ən böyük xidməti Azərbaycanda demokratik, müstəqil, dünyəvi və hüquqi dövlət qurmasıdır. Bu dövlət xalqımızın həm iqtisadi, həm siyasi, həm də mənəvi sərvətidir. Bu sərvəti qorumaq, inkişaf etdirmək müasir müstəqil Azərbaycanın milli ideologiyasının və siyasətinin ana xəttini təşkil edir. Azərbaycan bu xətt üzrə inamla irəliləyir, beynəlxalq arenada mövqelərini gündən-günə möhkəmləndirir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilir.
Milli inkişaf modelinin uğurlu tətbiqi və qarşıya qoyulan hədəflərə nail olunması, sosial-siyasi islahatların ardıcıl surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi dövlət quruculuğu yolunda atılan qətiyyətli addımlar Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdir. Müstəqil dövlətimizin bugünkü sürətli inkişafı ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə hazırlanmış dinamik inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir.
Hamının marağına səbəb olan inkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlərə ilk növbədə ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı daxildir. Bu sırada makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bütün sahələrinin, həmçinin kənd təsərrüfatının hərtərəfli inkişafına diqqət yetirilməsi, regionların inkişafının prioritet olması da xüsusi qeyd olunmalıdır. Həmçinin əhalinin maddi rifahının yaxşılaşdırılması, aztəminatlı ailələrin məqsədyönlü sosial müdafiəsi bu modeldə özünəməxsus yer tutur. Nəhayət, tolerantlığın və multikultural dəyərlərin qorunub saxlanılması, Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etməsi, qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilməsi də öz aktuallığı ilə diqqət çəkir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkənin qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanın dünyada söz və nüfuz sahibinə çevrilməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, nüfuzlu təşkilatların bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur: ölkəmizin seçdiyi yol düzgündür və bu yol onu daha parlaq gələcəyə aparır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ulu öndərin ideyalarından qaynaqlanan strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ali prinsipləri və normaları ehtiva edir. Ötən 13 ilin nəticələri və yekunları bir daha sübut edir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşdırılan ümummilli strategiya hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu kurs ardıcıl surətdə davam etməkdədir.
Dövlətimizin başçısının balanslaşdırılmış, uzaqgörən xarici siyasət strategiyasının nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə bir amil kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi ən yüksək səviyyədə təmin edib. Bu sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və modernləşdirmə təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaşların ictimai-siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması deyilənləri bir daha təsdiqləyir.
Ölkəmizin beynəlxalq təhlükəsizliyə sanballı töhfələr verməsinin, dayanıqlı ictimai-siyasi sabitliyin nəticəsidir ki, son illərdə mühüm beynəlxalq tədbirlərin, görüşlərin keçirilməsi üçün məkan olaraq Bakı seçilir, Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə dəvət edilir. Bütün bunlar Prezident İlham Əliyevin diplomatik uğurlarının, müstəqil xarici siyasətinin, ölkəmizin artan beynəlxalq nüfuzunun əyani göstəricisidir.
İdarəetmə mexanizminin təkmilləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və bütün sahələrin hərtərəfli dinamik inkişafı, müstəqil və praqmatik enerji siyasəti, neftdən asılılığın minimuma endirilməsi, qeyri-neft sektorunun çəkisinin artırılması, regionların sosial-iqtisadi tərəqqisi istiqamətində uğurla reallaşdırılan proqramlar Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin, siyasi peşəkarlığının və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunələridir.
Son illərdə üzləşdiyimiz maliyyə çətinliklərinə, neftin qiymətinin ucuzlaşması nəticəsində büdcə gəlirlərinin azalmasına baxmayaraq, nəzərdə tutulan bütün sosialyönümlü layihələr vaxtında icra olunur. Bütün bu layihələrin başlıca hədəfi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsidir.
Əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq və mehriban qonşuluq şəraitində yaşadığı Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur. Bunun əsas səbəblərindən biri də məhz multikultural dəyərlərin, tolerantlığın dövlət səviyyəsində qorunması, inkişaf etdirilməsidir. Bütün bunlar antisemitizm, şovinizm, terror, müharibə təhlükələri ilə üz-üzə qalan ölkələrin ciddi marağına səbəb olur.
Bakının sivilizasiyalararası və mədəniyyətlərarası dialoqlarla bağlı silsilə tədbirlərə - Beynəlxalq Humanitar forumlara, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini liderlərinin beynəlxalq Sammitinə, UNESCO-nun və ISESCO-nun mötəbər tədbirlərinə, MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclaslarına evsahibliyi etməsi məhz bu marağın nəticəsidir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əsas uğuru haqqında Prezident İlham Əliyev demişdir: “Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmlı yer tutur, beynəlxalq təşkilatların fəal üzvüdür və bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.
Xalqımız tərəfindən daim rəğbətlə qarşılanan, fəal müdafiə olunan, milli mənafeyin qorunmasına istiqamətlənmiş bütün bu işlər Azərbaycanda iqtidar-xalq birliyinin bərqərar olmasına, möhkəm ictimai-siyasi sabitliyə etibarlı zəmin yaradıb. Müəllifi ulu öndər olan yeni neft strategiyası, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin genişləndirilməsinə, səmərəliliyinin artırılmasına da əlverişli şərait yaradıb.
Təsadüfi deyil ki, ümummilli liderin göstərişi ilə Dövlət Neft Fondundan ilk vəsait məhz əhalinin ən həssas təbəqəsi olan, çox ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, problemin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması mexanizmi işlənib həyata keçirilməyə başlandı. Nəticədə bu sahədə ciddi dönüş yaradıldı, şəffaflıq təmin edildi.
Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən idarə olunmasından söz düşəndə, ilk növbədə Azərbaycan nümunə göstərilir. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, xüsusən BMT-nin Qaçqınlar üzrə sabiq Ali Komissarı, hazırda BMT-nin baş katibi olan Antonio Quterreş ölkəmizə səfərləri və BMT QAK-ın İcraiyyə Komitəsinin sessiyalarındakı çıxışları zamanı Azərbaycanın bu sahədə gördüyü işlərin və dövlətimizin təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu dəfələrlə vurğulayıb.
Problemin idarə olunması üzrə Azərbaycan modelinin əsas üstün cəhətləri aşağıdakılardır:
- bu problemin xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin bir nömrəli prioritet problem olmasının bəyan edilməsi;
- qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanılması, bu məsələlər haqqında ictimaiyyətin müntəzəm məlumatlandırılması;
- problemin vahid mərkəzdən idarə olunması, bu məqsədlə beynəlxalq qanunvericiliyə uyğun milli hüquqi bazanın yaradılması;
- qaçqın və məcburi köçkünlərin sosial problemlərinin davamlı həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması;
- onların malik olduqları bilik, bacarıq və təcrübələrdən səmərəli istifadə olunması, həmçinin ictimai-siyasi həyatda fəal mövqe tutması, iqtisadi inkişafa töhfə vermələri üçün normal şəraitin yaradılması;
- qaçqın və məcburi köçkünlərin ölkə daxilində sərbəst miqrasiyasının və inteqrasiyasının təmin edilməsi.
Heydər Əliyevin ən böyük arzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi və soydaşlarımızın öz əzəli ata-baba yurdlarına qaytarılması idi. Ona görə də ümummilli liderimiz ən mötəbər tribunalardan daim birmənalı şəkildə bəyan edirdi ki, bu problem yalnız BMT-nin nizamnaməsi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır.
Məhz ulu öndərin gərgin səyləri və uğurlu diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə, həmçinin ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı oxşar qərar və qətnamələr qəbul edib. Eyni zamanda ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirilib, həmçinin ABŞ konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişinin icrası dayandırılıb.
Azərbaycanın iqtisadiyyatı gücləndikcə mövcud imkanlardan maksimum istifadə etməklə dövlət tərəfindən qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, sosial problemlərinin aradan qaldırılması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələlər həllini tapmağa başladı.
Bu sahədə fəaliyyətin vahid mərkəzdən idarə olunması və əlaqələndirilməsi məqsədilə xüsusi dövlət qurumları yaradıldı.
Münaqişə ilə üzləşən ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahənin vahid mərkəzdən idarə olunması üçün 1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edilmişdir.
Həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli humanitar təşkilatların fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Baş nazirin müavininin rəhbərliyi ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunda qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbə fəaliyyət göstərir.
Məcburi köçkünlərin bütün məsələləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən, qaçqınların məsələləri isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənir.
1999-cu ildə Prezidentin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilib.
Əraziləri işğal olunmuş rayonların bütün idarəetmə strukturları, həmçinin təhsil, səhiyyə, mədəniyyət müəssisələri fəaliyyət göstərir.
Bu sahədə beynəlxalq normalara uyğun tam hüquqi baza formalaşdırılıb: ölkə Prezidenti tərəfindən 96 fərman və sərəncam imzalanıb, Milli Məclis 34 qanun, Nazirlər Kabineti isə 370 qərar və sərəncam qəbul edib.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”na və 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilir.
Beynəlxalq humanitar təşkilatların, donor ölkələrin təmsilçilərinin, diplomatik korpus nümayəndələrinin də iştirakı ilə 2000-ci və 2004-cü illərdə beynəlxalq konfranslar keçirilib, ölkəmizin üzləşdiyi problem dünya ictimaiyyətinə bir daha çatdırılıb. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin üzvü seçilib.
2007-ci ildə məcburi köçkünlərin olduqca ağır şəraitdə yaşadıqları 12 çadır və 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət düşərgə, 2016-cı ildə isə fin tipli evlərdən ibarət 16 qəsəbədən sonuncusu ləğv olunub və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr yeni salınmış qəsəbələrə köçürülmüşdür.
Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Müqayisə üçün bu yeni yaşayış komplekslərinin mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan iki dəfə çoxdur.
Yeni qəsəbələrdə insanların rahat yaşaması, uşaqların təhsil alması, sağlamlıqlarının qorunması məqsədilə bütün zəruri sosial obyektlərlə yanaşı, texniki infrastruktur da yaradılıb. Konkret desək, 151 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr elektrik, 465 kilometr qaz xətti çəkilib.
Məcburi köçkünlər üçün ən böyük təhsil ocağı - 1300 şagird yerlik məktəb 2012-ci ildə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, gücünə görə (280 meqavat) ən böyük elektrik yarımstansiyası 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilib.
İndiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bundan 46 min ailə, yaxud 230 min nəfər son 13 ilin payına düşür.
Yeni qəsəbələrin salınmasına ümumilikdə 2,3 milyard manat vəsait sərf olunub. Bunun 2 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir və onun da 1,95 milyard manatı, yaxud 97 faizi son 13 ildə ayrılıb.
Ümumilikdə
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllinə 6,2 milyard manat məbləğində
vəsait xərclənib. Bunun 2,8 milyard manatı dövlət
büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4
milyard manatı isə beynəlxalq maliyyə
qurumlarının və ölkəmizdə fəaliyyət
göstərən beynəlxalq humanitar təşkilatların
vəsaitidir. Bu vəsaitin
də 85 faizi, yaxud 5,2 milyard manatı son 13
ildə istifadə edilib.
Prezident İlham Əliyev
2003-2016-cı illərdə məcburi köçkünlər
üçün yeni salınmış qəsəbələrdə
32 dəfə görüş keçirib. Son 13 ildə məcburi
köçkünlərə aylıq yemək xərci
üçün verilən müavinətin məbləği
4 dəfə, kommunal xidmətlərə görə vəsaitin
miqdarı 4,5 dəfə
artırılıb.
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 23 yanvar tarixli fərmanına əsasən, məcburi
köçkünlərə büdcədən verilən
aylıq yemək xərci müavinəti, kommunal və digər
xidmətlərə görə ödənişlər əvəzinə
vahid aylıq müavinət ödənilir, fərdi qaydada
sayğaclar quraşdırmaq mümkün olmayan, eləcə
də təbii qazla təmin olunmayan sıx müvəqqəti
məskunlaşma yerlərində yaşayan məcburi
köçkünlərin istifadə etdikləri kommunal xərclər
müəyyən edilmiş normativlər üzrə mərkəzləşmiş
qaydada dövlət tərəfindən birbaşa xidmət təşkilatlarına
ödənilir.
Məcburi köçkünlərin
müvəqqəti sıx məskinlaşdığı
obyektlərdə infrastrukturun
yaxşılaşdırılması məqsədilə
Dünya Bankı və Azərbaycan Hökuməti arasında
bağlanmış kredit sazişi üzrə 610 min nəfərin
faydalandığı və dəyəri 85,6 milyon manat təşkil
edən 910 mikrolayihə icra edilib. Həmçinin 11 min məcburi
köçkünə 7,7 milyon manat məbləğində
mikrokredit verilib.
Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə son 13 ildə 2 mindən çox məcburi
köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin
maliyyələşdirilməsinə 40 milyon manat güzəştli
kredit verilib, xeyli əlavə iş yerləri yaradılıb.
2016-cı ildən Dünya
Bankının və Azərbaycan Hökumətinin birgə
maliyyə vəsaiti hesabına ümumi dəyəri 79,3 milyon ABŞ dolları olan “Məcburi
Köçkünlərin Yaşayış Şəraiti və
Gəlir İmkanlarının Dəstəklənməsi” layihəsi
icra edilməkdədir. Layihənin “Gəlir İmkanlarının
Dəstəklənməsi” (13,2 milyon ABŞ dolları)
komponenti çərçivəsində gəlir gətirən
fəaliyyət növləri üzrə ümumilikdə
2017-ci il 1 yanvar tarixinədək məcburi köçkün
icmalarının kollektiv sahib çıxdığı və
idarə etdiyi 262 kiçik müəssisə (2972 nəfər
məcburi köçkün yararlanır)
yaradılmış, həmçinin gənclərin təlimi
və biznesin inkişafı istiqamətində 1650 gəncə
seçdiyi peşə ixtisası üzrə təlimlər
keçirilmişdir.
Bununla yanaşı, qeyd olunan komponent
çərçivəsində məcburi köçkün
icmalarına 2016-cı il ərzində sahibkarlıq fəaliyyətinə
başlamaq üçün 2,6 milyon manat məbləğində
qrantlar verilmişdir. Eyni zamanda mikrokredit alt-komponenti çərçivəsində
1900 nəfərdən artıq məcburi köçkünə
ümumi məbləği 2,3 milyon manat olan mikrokreditlər, eləcə
də 1624 gəncə sahibkarlıq fəaliyyətinə
başlamaq üçün 1,3 milyon manat məbləğində
alət-avadanlıq qrantları verilmişdir.
Azərbaycan Hökuməti ilə
Dünya Bankı arasında bağlanmış Kredit
Sazişinə əsasən, həyata keçirilən “Məcburi
Köçkünlərin Yaşayış Şəraiti və
Gəlir İmkanlarının Dəstəklənməsi” Layihəsi
üzrə Azərbaycan Respublikasının Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
8 milyon manat vəsait hesabına 32 min nəfərin
faydalandığı 63 icma mikrolayihəsi icra edilmiş, məcburi
köçkünlərin sıx məskunlaşdığı
23 obyektdə əsaslı təmir işləri həyata
keçirilmişdir.
Həyata keçirilmiş tədbirlər
nəticəsində məcburi köçkünlər
arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək
azalıb, 2016-cı ildə hər məcburi
köçkünə 750 manat vəsait sərf olunub.
Bütün bu irimiqyaslı
layihələr əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan uğurlu strategiyanın
real və konkret nəticələridir.
Heydər Əliyev Fondu istər
ictimai, istərsə də siyasi fəaliyyətində daim
Heydər Əliyev amallarını yaşadır, doğruldur,
təbliğ edir.
Heydər Əliyev Fondu ötən 13
il ərzində dünyanın ən
nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etməklə
ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə
yaşadılmasını təmin edir, həm də onun beynəlxalq
miqyasda təşviqatını böyük peşəkarlıqla
həyata keçirir. Dövlət quruculuğu
prosesində müxtəlif layihələri, təklifləri,
təşəbbüsləri ilə ümumi işin
gedişinə böyük təkan verir.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev
Fondu Azərbaycandan Avropaya, Asiyadan Afrikaya, Məkkədən
Vatikana qədər böyük xeyriyyəçilik, humanist
aksiyalar həyata keçirib. Mehriban xanım
Bakıda dünyaca məşhur “Eurovision” musiqi
yarışmasının təşkilatçısı
olmaqla bərabər, həm də dünyada ilk dəfə
keçirilən I Avropa Oyunlarının
hazırlığına rəhbərlik edib. Hər iki tədbir qısa müddətdə
hazırlanıb, həmçinin öz möhtəşəmliyi
ilə fərqlənib və öz yönümündə
nümunəyə çevrilib.
2017-ci ildə keçiriləcək
IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq
prosesinə də rəhbərlik Mehriban xanıma həvalə
edildiyindən bu mühüm beynəlxalq tədbirin ən
yüksək səviyyədə baş tutacağı da indidən
məlumdur.
Azərbaycanı xaricdə
layiqincə təmsil etməyi artıq uzun illərdir ki,
Mehriban xanım Əliyeva uğurla həyata keçirir. Heydər Əliyev Fondunun rəhbəri
kimi 30-dan artıq ölkədə “Azərbaycan günləri”nin təşkilatçısı olaraq dövlətimizin
haqq səsinin beynəlxalq birlikdə yayılmasına
böyük töhfə verir. UNESCO və
ISESCO-nun üzvü kimi bu mötəbər qurumlar vasitəsilə
Azərbaycanın layiqli təbliğatını aparır.
Heydər Əliyev Fondu və onun
prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
Azərbaycanda və dünyada çox mühüm humanitar
layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki
qaçqın və məcburi köçkünlərin
üzləşdikləri problemlərin dünya ictimaiyyətinə
çatdırılmasına və onların həllinə də
daim diqqətlə yanaşılır. 2015-ci ildə
Xırdalan şəhərində 126 məcburi
köçkün ailəsi Heydər Əliyev Fondunun dəstəyi
ilə inşa edilmiş yeni mənzillərə
köçürülüb.
Çevik idarəetmə
mexanizminin tətbiqi və təkmilləşdirilməsi
baxımından Azərbaycan Respublikasının Prezidenti
möhtərəm cənab İlham Əliyevin sərəncamı
ilə Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin
olunması ən uğurlu təyinatdır.
Bu təyinatı
bütün Azərbaycan xalqı və dünya ictimaiyyəti
ilə bərabər, ölkəmizdə olan bir milyon nəfərdən
çox qaçqın və məcburi köçkün də
çox böyük sevinclə, hörmət və ehtiramla
qarşıladı.
Ulu öndər Heydər
Əliyevin adını daşıyan orden ən layiqli namizədinə
qismət olmuşdu. Ölkə Prezidenti cənab İlham
Əliyevin uzaqgörən siyasəti nəticəsində Birinci
vitse-prezident vəzifəsi də ən uğurlu namizədinə
nəsib oldu.
Ölkə Prezidenti cənab İlham
Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın Azərbaycan xalqına birlikdə göstərdikləri
xidmətlərin dünyada analoqu yoxdur!
Azərbaycan xalqı kimi bütün
qaçqın və məcburi köçkünlər də
tam əmindirlər ki, Mehriban xanım Əliyeva digər sahələrdə
dünyəvi uğurlara nail olduğu kimi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin həllinə də öz
layiqli töhfəsini verəcəkdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci
ildə irəli sürülmüş “Xocalıya ədalət!”
kampaniyası çərçivəsində görülən
işlərin nəticəsində Meksika, Pakistan, Kolumbiya,
Çexiya, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya,
Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti parlamentləri Xocalı
soyqırımını pisləyən rəsmi sənədlər
qəbul etmişlər. ABŞ-ın Arizona, Arkanzas, Corciya,
İndiana, Pensilvaniya, Missisipi, Nyu Cersi ştatlarının
qanunverici orqanlarında qətnamələr, eləcə də
Konnektikut, Massaçusets, Meyn, Nyu Meksika, Oklahoma, Tennessi, Texas,
Minnesota və Vest Virciniya ştatlarında bəyannamələr
qəbul edilmişdir. ABŞ-ın Havay, Montana, Yuta, Nebraska,
Aydaho ştatlarının qubernatorları, Florida
ştatının Hallandale Beach şəhərinin meri və
Viskonsin ştatının Miluoki dairəsinin icra hakimiyyətinin
başçısı Xocalı faciəsi ilə bağlı
bəyannamə imzalamışdır.
Qaçqın və məcburi
köçkün soydaşlarımızın problemlərinin
həllində, xüsusən 1990-cı illərin əvvəllərində,
ölkəmizin iqtisadi vəziyyətinin çətin
olduğu dövrdə, ulu öndər donor ölkələrin,
beynəlxalq humanitar təşkilatların ölkəmizə
kömək göstərməsinə nail olmuşdu. Təqdirəlayiq haldır
ki, bu gün 21 beynəlxalq, 22 yerli humanitar təşkilat
öz fəaliyyətini davam etdirir və onların xətti ilə
qaçqın, məcburi köçkün və aztəminatlı
əhalinin sosial problemlərinin həlli ilə əlaqədar
müxtəlif layihələr həyata keçirilir. İndiyədək
beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət
göstərən beynəlxalq humanitar təşkilatlar tərəfindən
bu layihələrə 1,4 milyard manat vəsait
sərf olunub.
Qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin tam həlli
onların öz əzəli ata-baba torpaqlarına təhlükəsiz
və ləyaqətli şəkildə qayıtması ilə
bilavasitə bağlıdır. Ermənistanın
tutduğu qeyri-konstruktiv mövqe səbəbindən
münaqişənin həlli uzanır. Lakin
məcburi köçkünlər gələcəyə
inamla baxır, ümidlə yaşayırlar. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun
düşmənin növbəti təxribatına layiqli cavab
verməsi, mühüm Lələtəpə yüksəkliyini
qaytarması, torpaqlarımızı azad etməyə qadir
olması bu inamı daha da artırıb.
Aprel döyüşləri həm də
1994-cü ildə erməni silahlı qüvvələri tərəfindən
1993-cü ilin oktyabr ayında işğal olunmuş, ulu
öndər Heydər Əliyevin döyüş bölgəsinə
şəxsən gedərək orduda güclü ruh yüksəkliyi
yaratması nəticəsində 1993-cü ilin dekabrında
başlamış və 1994-cü il yanvarın 6-na kimi davam
etmiş uğurlu Horadiz əməliyyatı nəticəsində
Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə
Cocuq Mərcanlı kəndində təhlükəsiz
yaşayışın bərpa edilməsi, məcburi
köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına
əlverişli şərait yaratdı.
Azərbaycanın bu qələbəsi çoxdan gözlənilən böyük qayıdışın başlanğıcıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tarixi sərəncam imzalayıb. Həmin sərəncama əsasən, birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 4 milyon manat vəsait ayrılıb. Həmin kənddə minalardan, partlamamış döyüş sursatlarından təmizləmə, həmçinin kəndin bərpası ilə bağlı layihələndirmə işləri başa çatıb. Paralel olaraq kəndə yollar çəkilib. Yaşayış evlərinin, orta məktəb binasının tikintisi davam edir.
Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti məskunlaşmış həmin ailələrdən 200-dən çoxu müraciət edərək geriyə -öz evlərinə qayıtmaq arzusunda olduqlarıını bildiriblər.
Tam əminliklə demək olar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulacağı, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağı gün çox da uzaqda deyildir.
Yaşadığımız müasir dövr, müstəqil Azərbaycan, parlaq səhifələri yazılan və yazılmaqda olan ən yeni tariximiz yeni Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyev ideyalarının bəhrəsidir. Azərbaycana daim uğur, xoşbəxtlik gətirən bu müdrik siyasi kurs, dövrə uyğun yeni çalarlarla zənginləşdirilən islahatlar strategiyası gələcəkdə də dəyişməz olaraq qalacaq. Çünki bu siyasətin və strategiyanın alternativi yoxdur.
Bu gün bütün xalqımız ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevi ölkədəki intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənirlər. Dövləti xalqa, xalqı dövlətə bağlayan bu qarşılıqlı inam və etibar daha böyük uğurlardan soraq verir.
Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri,
YAP sədrinin
müavini
Azərbaycan.-
2017.-4 may.- S.1; 3.