Azərbaycan təhsilinin böyük
qayğıkeşi
Azərbaycanda təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu öndərin fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı həmişə mühüm yer tuturdu. Təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi şəxsiyyətin dəyərli ideyaları ölkəmizdə bu sahədə islahatların əsas istiqamətlərini müəyyənləşdirmiş, onun tövsiyələri təhsil sisteminin inkişaf proqramına çevrilmişdir. Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində, habelə müstəqilliyimizin ilk illərində təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikir və ideyalarla tanış olarkən onların zamanı necə qabaqladığının bir daha şahidi olursan. Ulu öndərin çıxışlarında, pedaqoji ictimaiyyətlə görüşlərində təhsilin məzmunu, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə irəli sürdüyü konseptual müddəalar bu gün də aktualdır.
Heydər Əliyev 1978-ci ildə Azərbaycan müəllimlərinin VI qurultayında “Biz bu gün də, gələcəkdə də gənclərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da mükəmməlləşdirməliyik”, 1997-ci ildə Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdə isə “Müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır” söyləmişdir. Həmin ildə yeni dərs ilinin başlanması münasibətilə Bakı şəhəri 18 nömrəli məktəbdə keçirilmiş görüşdə “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik” demişdir.
Təhsilin insanın formalaşmasında mühüm rolu və keyfiyyəti barəsində bu uzaqgörən fikirlər hazırda da dünyada əsas inkişaf tendensiyalarından biridir. Təsadüfi deyildir ki, 2016-cı ildə BMT tərəfindən qəbul olunan, dünyanın bütün ölkələrinə tövsiyə edilən və Azərbaycanın da qoşulduğu 17 Dayanıqlı İnkişaf Məqsədindən biri “Ədalətli, keyfiyyətli və hamını əhatə edən təhsilin təmin edilməsi, hamı üçün ömür boyu təhsil alma imkanlarının dəstəklənməsi”dir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin təminatı sisteminin yaradılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Onu da vurğulamaq istərdim ki, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində son illərdə ümumi təhsilin keyfiyyət göstəriciləri dinamik şəkildə artmaqdadır. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artmış, son 4 ildə imtahan nəticələri
17 faiz yüksəlmişdir. “Əla” qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlmişdir. XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən
2 faiz artaraq 65 faiz olmuşdur. Bu siniflərdə hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlmişdir.
Heydər Əliyev həmişə müəllim əməyinə və müəllim peşəsinə böyük qiymət vermişdir. 1996-cı ildə Bakı şəhərinin Nərimanov rayonunda yeni ümumtəhsil məktəbinin açılışı mərasimində demişdir: “Azərbaycan xalqı yüksək elmə, yüksək biliyə, savada malik olan bir xalqdır. Bunlar hamısı Azərbaycan müəllimlərinin gərgin fəaliyyətinin nəticəsidir”. 1998-ci ildə 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərlə ümumrespublika toplantısında müəllim adını və şərəfini ən yüksək zirvəyə qaldıraraq bəyan etmişdir: “Müəllim adı dünyada ən yüksək addır. Məsələn, şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Orta məktəb olsun, yaxud ali məktəb, fərqi yoxdur, hamısında təhsil verən müəllimdir. Ona görə həyatımda ən çox sevdiyim adamlar mənim müəllimlərim olubdur. Mənə ilk təhsil verən, birinci sinifdən başlayaraq təhsil verən müəllimlərin hamısını böyük minnətdarlıqla xatırlayıram və bu fürsətdən istifadə edib müəllim peşəsinə bir daha yüksək hörmət-ehtiramımı bildirirəm. Sizə tövsiyə edirəm ki, müəllim adını həmişə yüksək tutasınız”.
Bu gün də Azərbaycanda müəllimə diqqət dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimulun yaradılması istiqamətində “Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” ölkə Prezidentinin sərəncamına əsasən son 2 ildə diaqnostik qiymətləndirmədən keçən 100 min müəllimin (bütün müəllimlərin 70 faizi) əməkhaqqında əhəmiyyətli artım təmin edilmişdir. Təkcə 2016-cı ildə ölkə Prezidentinin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 175 nəfər müəllim yüksək dövlət təltiflərinə layiq görülmüş, o cümlədən 1 nəfərə “Şərəf” ordeni, 2 nəfərə “Şöhrət” ordeni, 1 nəfərə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, 1 nəfərə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 76 nəfərə “Tərəqqi” medalı verilmiş, 3 nəfər “Əməkdar elm xadimi”, 93 nəfər “Əməkdar müəllim”, 2 nəfər “Əməkdar jurnalist”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları almışdır.
Heydər Əliyevin 1997-ci ildə keçirilmiş Azərbaycan və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşdə gənclərə “XXI əsr Sizin əsriniz, Sizin dövrünüz olacaqdır. Siz və sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək təhsilli insanları həmin əsrdə müstəqil, azad respublikamızı yaşadacaqsınız, inkişaf etdirəcəksiniz” müraciəti ölkəmizin gələcək inkişafı və tərəqqisinin gənclərdən asılı olduğuna inamı ifadə edirdi. Məhz bu ideyadan çıxış edərək Heydər Əliyev 1970-80-ci illərdə Azərbaycandan kənarda ölkə üçün ehtiyac duyulan ixtisaslar üzrə 15 mindən artıq gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmışdı.
Ümummilli liderin bu ənənələrini davam etdirən Prezident İlham Əliyevin 2007-ci ilin aprelində imzaladığı sərəncamla “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı”nı təsdiq etməsi ölkəmizin təhsil sahəsində beynəlxalq əlaqələrinin daha da genişlənməsinə hərtərəfli imkanlar açmışdır. Proqram çərçivəsində təhsil almaq hüququ qazanmış tələbələrin sayı 3558 nəfərə çatmış, bu günədək dövlət proqramı çərçivəsində 1470 nəfər məzun olmuşdur. Həmin məzunlar dünyanın ən aparıcı universitetlərində ölkəmiz üçün zəruri olan tibb, mühəndislik, İKT, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə təhsil almışlar. Proqram məzunlarının 95 faizi öz ixtisas istiqaməti üzrə, 5 faizi başqa sahədə fəaliyyətini davam etdirir. Məzunların 60 faizi özəl sektorda,
40 faizi isə dövlət sektorunda çalışır.
Ulu öndərin
1978-ci ildə Azərbaycan müəllimlərinin VI
qurultayında “Çox uzun bir müddət ərzində məktəbin
işinə yalnız bir göstəriciyə, əsas hesab
edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin
nə qədər məzunu tələbə olmuş, ali məktəb
diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək
vaxtı gəlib çatmışdır. Bilikli,
bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin
ən birinci borcudur. Məzun əməyə
hazırdırmı - bu gün məktəbin işinin,
bütün xalq maarifi sisteminin səmərəliliyi, bax, bu
meyarla müəyyən edilir”, 1999-cu ildə respublika təhsil
işçiləri və ali məktəblərə daxil
olmuş tələbələrlə görüşdə
“İnsan təhsilinin əsasını orta məktəbdə
alır... Əgər 11 il müddətində uşaq I sinifdən
başlayaraq sona qədər köklü təhsil almasa,
yaxşı hazırlaşmasa, o gedib universitetə imtahan verə
bilməz. Heç
lazım da deyil ki, hər bir orta təhsil alan
getsin universitetə imtahan versin. Bu, mümkün
də deyildir. Bu, keçmişdə də mümkün
olmayıbdır, bu gün də mümkün deyildir - ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil
almasa da, həyatda yaşayacaqdır, həyatda fəaliyyət
göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili
varsa, o, cəmiyyətdə özünə yer tapacaq,
çalışacaq, özünü, ailəsini
yaşadacaqdır. Amma ən vacibi də
odur ki, cəmiyyətimizin qürurlu üzvü olacaqdır”
fikirləri bu gün də ümumi təhsilin məqsəd və
vəzifələrini müəyyənləşdirən əsas
amillərdir. Bu fikirlərdən
çıxış edərək Heydər Əliyev peşə
təhsilinin inkişafına böyük diqqət göstərirdi.
Respublikada texniki-peşə təhsili şəbəkəsinin
inkişaf dinamikasının təhlili göstərir ki,
ötən əsrin 80-ci illərində 184 məktəbdə
230 peşə üzrə 110 min şagird təhsil
alırdı.
Müstəqillik illərində
də ilk peşə-ixtisas təhsilinin inkişafı əsas
prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. İlk peşə-ixtisas təhsili
sahəsində peşə hazırlığının səmərəliliyini
artırmaq və rəqabətqabiliyyətli ixtisaslı
kadrların hazırlanmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-ci il tarixli fərmanı ilə Təhsil Nazirliyi
yanında Peşə Təhsili üzrə Dövlət
Agentliyi yaradılmış və fəaliyyətə
başlamışdır. Azərbaycan Respublikası
Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələrinin təsdiq
edilməsi haqqında” 6 dekabr 2016-cı il
tarixli fərmanına uyğun olaraq peşə təhsili və
təliminin inkişafı prioritet istiqamətlərdən biri
kimi müəyyən edilmiş, “Azərbaycan Respublikasında
peşə təhsili və təliminin inkişafına dair
Strateji Yol Xəritəsi” hazırlanmış və təsdiq
edilmişdir. Hazırda əmək
bazarının tələbləri nəzərə
alınmaqla müasir peşə-tədris mərkəzlərinin
yaradılması sahəsində yerli və beynəlxalq təşkilatlarla
birgə layihələr həyata keçirilməkdədir.
Heydər Əliyev biliklərə
əsaslanan cəmiyyətin qurulmasını ən aktual vəzifələrdən
biri hesab edir, bu prosesdə təhsilin roluna böyük önəm
verirdi. 1994-cü ildə Bakı şəhərinin təhsil
işçiləri ilə görüşündə
“Müasir texnikanı, müasir bazar iqtisadiyyatının
bütün yollarını mənimsəmək, respublikada tətbiq
etmək üçün gələcək nəsli
hazırlamaq və keçmiş dövrə nisbətən
bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq
lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır.
Bunu iqtisadiyyatımızın bugünü və gələcəyi
tələb edir”, “Bu günün tələbləri, gələcəyin
tələbləri baxımından dünyanın hər
yerində, bütün ölkələrdə inkişaf
etmiş iqtisadiyyatı, texnologiyanı, texnikanı mənimsəmək,
onları respublikada tətbiq etmək, ölkəmizin
iqtisadiyyatını, mədəniyyətini, təhsilini, elmini
dünya standartları səviyyəsinə qaldırmaq
üçün gənclərimizə lazım olan fənlərin
tədrisini gərək yaxşı təşkil etsinlər. Beləliklə də bizim gənclərimiz gərək
bütün əvvəlki nəsillərə nisbətən
daha yüksək təhsil almış olsunlar” deməklə
Azərbaycan iqtisadiyyatının gələcək perspektivlərini
müəyyənləşdirirdi.
Azərbaycanın müstəqilliyinin
ilk illərində Heydər Əliyev tərəfindən irəli
sürülən bu konseptual ideyalar məqsədyönlü
şəkildə reallaşdırılmaqdadır. Azərbaycan Respublikası
Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələrinin təsdiq
edilməsi haqqında” 2016-cı il 6 dekabr
tarixli fərmanı ilə 12 istiqamət üzrə strateji
yol xəritələri təsdiq edilmişdir. Strateji yol xəritələrində
dünyada cərəyan edən proseslərin
yaratdığı yeni çağırışlara
uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın
ölkəmizə təsirini minimuma endirmək məqsədilə
sektorlar üzrə iqtisadi islahatların əsas strateji hədəflərinə
uyğun olaraq sistem xarakterli tədbirlərin həyata
keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və
uzunmüddətli dövrləri arasında üzvi
bağlılıq və qarşılıqlı uzlaşma
yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin
formalaşdırılması qarşıda duran əsas
prioritet vəzifələr kimi müəyyənləşdirilmişdir.
Ümummilli lider öz
çıxışlarında ümumtəhsil məktəblərində
ayrı-ayrı fənlərin tədrisini, şəxsiyyətin
formalaşdırılmasını təmin edən və
onlara zəruri həyati bacarıqlar aşılayan
mühüm amil kimi dəyərləndirirdi. Onun 1975-ci ildə
tələbələrlə görüşdə “Yeniliyi dərindən
mənimsəmək, yaradıcılıqla düşünməyi
bacarmaq, özünə çalışqanlıq,
axtarış bacarığı, tədqiqat məharəti
aşılamaq lazımdır” kimi gənclərə ünvanladığı
dəyərli tövsiyələr hazırda ümumi təhsilin
başlıca məqsədlərindən birinə
çevrilmişdir. Ulu öndərin 1978-ci ildə Azərbaycan
müəllimlərinin VI qurultayında irəli
sürdüyü “Məktəbdə ana dilinin və ədəbiyyatın
tədrisi formalarını və metodlarını daim təkmilləşdirmək,
uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət
hissi aşılamaq, onları mədəniyyət nailiyyətləri
ilə, dünya və Azərbaycan poeziyası və nəsri
klassiklərinin yaradıcılığı ilə, ədəbiyyatın
qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə
tanış etmək lazımdır. Ana dilini, doğma
xalqın ədəbiyyatını, mədəniyyətini dərindən
bilmək elmli adam üçün zəruri keyfiyyətdir, vətəndaşın
şəxsiyyətinin hərtərəfli inkişafı
üçün şərtdir”, “Bizim məktəblər
şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və başqa
fundamental fənlər sahəsində möhkəm biliklərə
yiyələnməsini təmin etməlidir. Gənclər
elmi işçilərin sırasına daha fəal
qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin
önündə getməlidirlər. Fundamental
və texniki fənləri dərindən mənimsəmək,
bu fənlərin tədrisi səviyyəsinə daim diqqət
yetirmək lüzumu bundan irəli gəlir”, “İctimai fənlərin
təlimi keyfiyyətinin böyük əhəmiyyəti
vardır. Gənc şəxsiyyətin təşəkkülündə,
gənclərin dünyagörüşünün
formalaşdırılmasında ictimai fənlərin rolu
xüsusilə böyükdür. İctimai
fənləri yaxşı bilmək hər bir məktəblidə
vətənə məhəbbət hissinin, xalqın rifahı
naminə fədakarlıqla çalışmaq əzminin tərbiyə
olunmasına və inkişaf etdirilməsinə kömək
edir”, 1994-cü ildə Bakı şəhərinin təhsil
işçiləri ilə görüşdə dediyi “Azərbaycan
dili öz söz ehtiyatına görə, fikri ifadə etmək
imkanlarına görə çox zəngindir. Ancaq
lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu
böyük imkanları orta məktəbdə ilk təhsilə
başlayan hər bir gənc tərəfindən mənimsənilə
bilsin və gənclərimiz artıq orta məktəbdə
öz dilini, ədəbi dilini, mədəni dilini yaxşı
mənimsəsin, öz dilində yaxşı danışa
bilsin, öz dilində fikrini ifadə edə bilsin”, “Azərbaycan
tarixi gərək orta məktəblərimizdə gənclərimizə
yaxşı aşılansın. Gənclərimiz
öz tarixini, öz tarixi köklərini və öz
keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin
bu günü və gələcək mənəviyyatı
bununla bağlıdır” sözləri indi də həmin fənlərin
məqsəd və vəzifələrini aydın ifadə
edir. Eyni zamanda ümummilli liderin bu
mülahizələri hazırda aparılan məzmun islahatları
çərçivəsində ümumi təhsilin
standartları və proqramlarının (kurikulumlarının)
işlənməsində aparıcı istiqamət kimi nəzərə
alınır.
Ümummilli liderin 1997-ci ildə Azərbaycanın
və xarici ölkələrin ali məktəblərinə qəbul
olunmuş tələbələrin bir qrupu və onların
valideynləri ilə görüşdə dediyi
“Lazımdır ki, gənclərimiz orta məktəbi bitirərkən
2-3 xarici dil bilsinlər”, “Gənclərimiz nə qədər
çox dil bilsələr, bir o qədər zəngin
dünyagörüşə malik olacaqlar. Bu,
müasir dünyanın tələbləridir” müddəaları
isə ümumi təhsil sahəsində şagirdlərdə
formalaşdırılması zəruri olan əsas
kompetensiyaları müəyyənləşdirirdi.
Heydər Əliyev milli təhsil
sisteminin rəqabətqabiliyyətli olması, dünyada təhsilin
inkişaf tendensiyalarının öyrənilməsi və
mütərəqqi təcrübələrin tətbiqinin təşəbbüskarı
olmuşdur.
1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil
işçiləri ilə görüşdə ümummilli
liderin “İndiyə qədər yaranmış təhsil,
bilik, elm potensialından, həm də bütün ölkələrlə
hazırkı əlaqələrdən istifadə edərək
inkişaf etmiş ölkələrin təcrübəsini təhsil
sahəsində tətbiq etmək mümkündür”,
“İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın
gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək
müstəqil Azərbaycanın milli mənafelərinin
inkişafına yönəlsin”, 1999-cu ildə Təhsil sahəsində
islahatlar üzrə Dövlət Komissiyasının
iclasında “Dünya təcrübəsindən Azərbaycanın
milli xüsusiyyətlərinə uyğun olan prinsiplər,
qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində-Qərbdə
də, Şərqdə də əldə olunmuş nailiyyətləri
dərindən öyrənməli və onlardan Azərbaycan
üçün müsbət xarakter daşıyan cəhətləri
ölkəmizin təhsil sistemində tətbiq etməliyik” deyərək
irəli sürdüyü fikirləri əsas tutaraq hazırda
da islahatlar prosesində inkişaf etmiş ölkələrin
təcrübəsi öyrənilir və onlara istinad edilir.
Ulu öndərin bilavasitə rəhbərliyi
ilə hazırlanmış “Azərbaycan Respublikasının
təhsil sahəsində İslahat Proqramı” 1999-cu il iyunun 15-də təsdiq edilmişdir. Proqramda təhsilin gələcək inkişaf
konsepsiyası və strategiyası müəyyənləşdirilməklə,
mərhələlər üzrə təhsil sisteminin
strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki
bazasında, iqtisadiyyatında, kadr hazırlığı və
təminatında əsaslı islahatların aparılması nəzərdə
tutulurdu. İslahat proqramının əsas
konseptual ideyasını və təməl prinsiplərini Heydər
Əliyevin irəli sürdüyü müddəalar - təhsil
sistemində hər bir yeniləşmənin təkamül yolu
ilə aparılması, dünyanın inkişaf etmiş
ölkələrinin islahat təcrübəsinin nəzərə
alınması və islahatların xalqımızın milli-mənəvi
dəyərlərinə əsaslanılması təşkil
etmişdir.
Dahi Heydər Əliyevin təhsil
sahəsində islahatları üzrə konseptual
ideyalarının davamı kimi hazırda “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” həyata keçirilməkdədir. Sənədə əsasən
beş strateji istiqamətdə islahatlar aparılır:
1.Səriştəyə əsaslanan şəxsiyyətyönlü
təhsil məzmununun yaradılması.
2.Təhsilalanların fərdi xüsusiyyətlərini
nəzərə alan innovativ təlim metodları və
texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli
mənimsənilməsini təmin edən yüksək
nüfuzlu təhsilverənin formalaşdırılması.
3.Nəticələrə görə cavabdeh, şəffaf
və səmərəli tənzimləmə mexanizmlərinə
malik, dövlət-ictimai xarakterli və dövlət-biznes
partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə
sisteminin formalaşdırılması.
4.Müasir tələblərə cavab
verən və ömür boyu təhsili təmin edən təhsil
infrastrukturunun yaradılması.
5.Təhsilin dayanıqlı və
müxtəlif mənbələrdən istifadə olunmaqla yeni
maliyyələşdirmə mexanizminin yaradılması.
Ulu öndər 1994-cü ildə
Bakı şəhərinin təhsil işçiləri ilə
görüşdə “Respublikamız müstəqil dövlət
kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını
yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil
sahəsini də milli məqsədlər, mənafelər əsasında
qurmalıdır”, 1997-ci ildə yeni dərs ilinin
başlanması münasibətilə Bakı şəhəri
18 nömrəli məktəbdə keçirilmiş
görüşdə “Dövlət müstəqilliyinin
xalqımıza bəxş etdiyi nemətlərdən biri də
budur ki, biz artıq öz təhsil sistemimizi
xalqımızın, millətimizin tarixinə, mənəviyyatına,
ənənələrinə uyğun qururuq” deyirdi.
Heydər Əliyev tərəfindən
müəyyənləşdirilən milli ideoloji
konsepsiyanın müstəqil Azərbaycanın gənc nəslinə
aşılanması istiqamətində ümumi təhsil
sistemində dərsliklərin məzmununun yeniləşdirilməsi,
yeni dərslik komplektlərinin hazırlanması sahəsində
əhəmiyyətli işlər
görülmüşdür. Son illərdə
ümumi təhsil sahəsində istifadə edilən
bütün dərsliklər məzmunca yeniləşdirilmişdir.
Heydər Əliyev daim azərbaycançılıq
məfkurəsinin və milli ruhun yüksəlişi, milli
özünüdərkin təmin edilməsi, xalqın tarixi
yaddaşının özünə qaytarılması, milli
dövlətçilik hisslərinin gücləndirilməsi zərurəti
ilə bağlı ideyaları irəli sürmüş və
həmin ideyaların reallaşdırılmasını bir vəzifə
kimi təhsil işçiləri qarşısında
qoymuşdur. Ulu öndər təhsilin milli mənafelər əsasında
qurulması zərurətini vurğulamaqla uşaq və gənclərin
milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə
olunmasını diqqət mərkəzinə çəkirdi.
1998-ci ildə söylədiyi
“Xalqımızın milli-mənəvi dəyərləri
bizim milli sərvətimizdir. Bizim milli və
dini dəyərlərimizin məqsədi insanları
saflığa, düzlüyə, paklığa dəvət
etməkdən, insanları bu əhvali-ruhiyyədə tərbiyə
etməkdən ibarətdir” fikirləri bü gün də təhsil
müəssisələrində tərbiyə
konsepsiyasının əsasını təşkil edir.
Azərbaycan Boloniya Bəyannaməsinə
2005-ci ilin mayında qoşulmuşdur. Lakin çox əlamətdardır
ki, ulu öndər bu bəyannamədə təsbit olunmuş əsas
məqsədlərin mahiyyətini hələ 1999-cu ildə təhsil
sahəsində islahatlar üzrə Dövlət
Komissiyasının iclasında bəyan etmiş, “Azərbaycanın
təhsil sistemində təhsil alan
insanların və xüsusən ali məktəbləri bitirənlərin
bilik səviyyəsi və onların biliklərini təsdiq edən
sənədlər gərək dünyanın inkişaf
etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə
uyğunlaşdırılsın. Onların prinsiplərinə
uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil
almış və mühəndis diplomu almış bir insan
başqa ölkələrdə də həmin diplomla qəbul
edilə və fəaliyyət göstərə bilsin” deməklə
uzaqgörənliklə ölkəmizin ali
təhsil sistemi qarşısında dayanan ən zəruri vəzifəni
müəyyənləşdirmişdir.
Heydər Əliyev həmişə məktəb tikintisinə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət yetirmişdir. 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında bu işin nə qədər vacib olduğunu qeyd edərək demişdir: “Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, şirkətlərə müraciət edirəm ki, onlar bu bu sahədə təşəbbüs göstərsinlər.” Bu çağırışdan sonra ayrı-ayrı yerli və beynəlxalq şirkətlər və iş adamları tərəfindən yeni məktəb binaları tikildi və ya əsaslı təmir edildi. 2002-ci ildə Bakı şəhəri Suraxanı rayonundakı 275 nömrəli məktəbdə olarkən ümummilli lider Heydər Əliyev öz çıxışında “Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm” demiş, bu problemin dövlət üçün prioritet məsələ olmasını vurğulamışdı. Həmin çıxışdan qısa müddət keçdikdən sonra ölkə Prezidenti “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli sərəncam imzalamışdı. Qısa müddətdən sonra isə ölkə Prezidentinin 17 fevral 2003-cü il tarixli 1147 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqram (2003-2007-ci illər)” təsdiq edilmişdi. Qeyd edilməlidir ki, bu, müstəqillik illərində təhsil sahəsində qəbul edilmiş ilk dövlət proqramı idi. Həmin proqram milli təhsil sisteminin inkişafında mühüm amil olan ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı. Sonrakı illərdə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarına əsasən məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində son dərəcə əhəmiyyətli işlər görüldü. Azərbaycanda 3 mindən çox yeni məktəb binası tikildi, əsaslı təmir edildi və müasir avadanlıqlarla təchiz olundu. O cümlədən, ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 400-dən çox məktəb binası tikildi və ya əsaslı təmir edildi. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində atılan əhəmiyyətli addımlar nəticəsində şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırıldı.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı ilə bağlı şərəfli fəaliyyətinə qısa ekskurs bir daha sübut edir ki, dahi şəxsiyyətin zəngin irsi qiymətli bir xəzinə kimi daim öyrənilməlidir. Zamandan asılı olmayaraq Heydər Əliyev ideyaları daim yaşayacaq və müstəqil Azərbaycanın inkişafı və tərəqqisinə öz töhfəsini verəcəkdir.
Mikayıl CABBAROV,
Azərbaycan
Respublikasının Təhsil naziri
Azərbaycan.- 2017.-4 may.- S.4.