“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri
mükafatlandırılıblar
Mayın 3-də “Gülüstan”
sarayında, ümummilli
lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü
münasibətilə təşkil
edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə tədbir
iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın
ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,
məzarı önünə
gül dəstələri
qoyublar.
Tədbir Azərbaycanın dövlət
himninin səslənməsi
ilə başlanıb.
“Ən yaxşı təqdimat” müsabiqəsinə həsr
olunan videoçarx nümayiş etdirilib.
Ümumi təhsil
məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən
təqdimat müsabiqəsi
Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan
Partiyası, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi tərəfindən birgə
təşkil olunub.
Təhsil naziri Mikayıl Cabbarov hər il keçirilən
“Ən yaxşı təqdimat” müsabiqəsinin
müasir müstəqil
Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində
mühüm rolunu diqqətə çatdırıb.
Nazir müsabiqənin qaliblərini
təbrik edib, uğurlar arzulayıb.
M.Cabbarov ulu öndər Heydər Əliyevin təhsil fəlsəfəsinin
bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində
uğurların əsasını
təşkil etdiyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün
istiqamətlərdə, o cümlədən
təhsil sahəsində
inkişaf və müasirləşmə proseslərini
uğurla həyata keçirir.
Nazir diqqətə çatdırıb
ki, ölkəmizdə
ibtidai təhsildə məntiqli düşüncə,
ümumi savad və həyat vərdişlərinin öyrədilməsinə,
ana dili və riyaziyyatın tədrisinə önəm
verilməlidir. Xüsusi diqqət xarici
dillərin tədrisinə
də yönəlməli,
onlara ayrılan saatlar artırılmalıdır.
Son illərdə təhsil islahatlarının
məzmunca daha praktik və səmərəli xarakter aldığını qeyd
edən M.Cabbarov təhsilin keyfiyyətinin artırılmasının başlıca
hədəf olduğunu
deyib.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr
müavini-icra katibi Əli Əhmədov qeyd edib ki,
hakimiyyətimizin qarşısında
duran əsas məqsəd gənc nəslin arzuladığı
cəmiyyəti gələcəkdə
onlara təqdim edə bilməkdən ibarətdir. Bu məqsədə
nail olmaq üçün
lazımi işlər
həyata keçirilir.
Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi
tələb olunur.
Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın
yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir. O deyib:
“Ölkədə gənclərin
yaxşı təhsilə
sahib olmaları üçün
bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir.
İnanırıq ki, Azərbaycanın
gələcəyi daha
parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa
qadir olan çox ləyaqətli gənclərimiz yetişib.
Onlar gələcəkdə ulu
öndər Heydər
Əliyevin ideyalarını,
eləcə də onun layiqli davamçısı
olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə
davam etdirmək potensialına malikdirlər”.
Son illər ölkəmizdə formalaşan
dəyərli ənənələrdən
birinin də məktəblilər arasında
ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə
keçirilən müsabiqənin
olduğunu vurğulayan
Baş nazirin müavini deyib: “Bugünədək müsabiqə
qalibi seçilmiş
50 tələbəyə yaradıcısı
ulu öndər Heydər Əliyev olan hakim partiya tərəfindən təqaüd
verilib. Müsabiqədə
qalib gələn şagirdlər gələcəkdə
ali məktəbə
qəbul olunarsa, onlar dördillik təhsil müddətində
YAP-ın təqaüdünü
alacaqlar. Bu gün
Azərbaycan hakimiyyətinin
əsas məqsədi
gənc nəslin arzuladığı cəmiyyəti
gələcəkdə onlara
təqdim etməkdir.
Bu ümumi məqsədə
nail olmaq üçün
var gücümüzlə
çalışırıq”.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli
Məclisin deputatı
Səttar Mehbalıyev
bildirib ki, ölkəmizdə gənclərin
inkişafı, intellektual
səviyyələri, kadrların
yetişdirilməsi, istedadlı
uşaq və gənclərin aşkarlanması,
onların potensialının
inkişaf etdirilməsi
hər zaman diqqət mərkəzindədir.
Görkəmli dövlət xadimi
Heydər Əliyev ölkəmizdə yenidən
hakimiyyətə qayıdışı
ilə milli-mənəvi
dəyərlərin dirçəlişinə,
iqtisadiyyatın, sosial
sahələrin inkişafına
güclü təkan verib. Eyni zamanda, təhsil
sistemimizin qabaqcıl ölkələrin təhsil
mühitinə inteqrasiya
olunması üçün
geniş imkanlar açılıb, istedadlı
gənclərə diqqət
və qayğı artırılıb. Təhsilin inkişafını
daim prioritet sahə kimi diqqət mərkəzində
saxlayan Ümummilli Lider sovet dövründə
ölkəmizə rəhbərlik
etdiyi dövrdə azərbaycanlı gənclərin
xaricdə təhsil almalarına böyük önəm verib. Belə ki, hər
il yüzlərlə
gənc keçmiş
SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə oxumağa
göndərilib.
İstedadlı uşaqların aşkar olunmasında müsabiqənin
əhəmiyyətini vurğulayan
S.Mehbalıyev diqqətə
çatdırıb ki,
bu cür tədbirlərin təşkili
Heydər Əliyev irsinin şagirdlər arasında təbliği baxımından böyük
önəm daşıyır.
Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov bildirib ki, təmsil etdiyi qurum müsabiqənin davamlı olaraq keçirilməsinə dəstək verəcək. Azərbaycanın Birinci vitse- prezidenti Mehriban Əliyeva Heydər Əliyev irsinin gənc nəsil tərəfindən öyrənilməsinə, milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasına və ölkəmizdə uğurla həyata keçirilən təhsil siyasətinin inkişafına daim böyük dəstək göstərir. Azərbaycanda cəmiyyət quruculuğu və ölkənin sosial iqtisadi inkişafına öz töhfəsini verən Heydər Əliyev Fondu təhsilin, mədəniyyətin inkişafına xidmət edən çoxlu layihələr həyata keçirir. Fond Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edərək, məktəblilər arasında sağlam həyat tərzi, Azərbaycanın zəngin mədəni, tarixi irsinin öyrənilməsi istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinə daim dəstək göstərir. Məktəblilərin Ulu Öndərin irsinin öyrənilməsi və bu mövzuda təqdimat hazırlamaq bacarığı gənc nəslin ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun gücləndirilməsi, ölkənin daim çiçəklənməsi istiqamətində düzgün inkişafının parlaq nümunəsidir. Bu layihədə iştirak edən hər bir məktəbli özünü qalib hiss etməlidir. Layihə ölkəmizin müstəqilliyinin qorunmasına və gücləndirilməsinə xidmət edən gənc nəslin yetişdirilməsinə böyük töhfə verəcək.
Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən altı nəfər birinci, doqquz nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə mükafatlandırılıblar. Həmçinin qaliblərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin və Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyası şagirdlərinin ifaları ilə davam etdirilib.
Azərbaycan.- 2017.-4 may.- S.2.