İslamiadanın taclı sarayı

 

Heydər Əliyev adına İdman Sarayında 31 ölkədən 237 idmançı güləşəcək

 

İki il əvvəl, I Avropa Oyunları zamanı güləşçilərimiz, cüdoçularımız və samboçularımız öz uğurlu çıxışları ilə Azərbaycan bayrağını məhz Heydər Əliyev adına İdman Sarayında dəfələrlə yüksəklərə qaldırdılar. Həmin anların eyni məkanda, eyni arenada təkrar yaşanacağına artıq bir neçə gün qalıb.

Belə ki, sözügedən arenada mayın 13-15-də cüdoparacüdo, 17-21-də güləş yarışları keçiriləcək. Burada idmançıların məşqi isə mayın 11-dən başlanacaq.

Şübhə yoxdur ki, ilk dəfə Azərbaycanda əsası qoyulan I Avropa Oyunlarının keçirildiyi bu idman sarayında müasir standartlara uyğun yaradılan şərait ölkəmizə gələn idmançılarda və əcnəbi qonaqlarda xoş təəssürat yaradacaq. Çünki Bakının Tbilisi prospektində yerləşən və paytaxtın memarlıq incilərindən biri sayılan Heydər Əliyev adına İdman Sarayı IV İslam Həmrəyliyi Oyunlarının iştirakçılarını qəbul etməyə cidd-cəhdlə hazırlaşıb. “Bakı-2015” ərəfəsində əsaslı təmirdən çıxan arenada əslində elə də ciddi hazırlığa ehtiyac yoxdur. Çünki burada idman tədbiri üçün tələb olunan bütün infrastruktur müasir formada

yaradılıb.

Buna baxmayaraq, hər tədbirin, yarış növünün ayrıca tələbləri var. Bu baxımdan bəzi dekorların və detalların yenilənməsi şərtdir.

Belə mötəbər tədbirlərdən öncə yarış meydanlarına mediaturların təşkil edilməsi artıq ənənə halını alıb. IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə güləş və cüdo yarışlarına evsahibliyi edəcək Heydər Əliyev adına İdman Sarayına təşkil edilmiş növbəti mediatur zamanı jurnalistlər arena ilə yaxından tanış olublar.

 

Sarayın keçdiyi qısa və zəngin yol

 

Bu sarayın inşasına 1977-ci ildə başlanılıb. 1990-cı ilin noyabr ayında saray istifadəyə verildikdə 7,8 min tamaşaçı tutan baş meydandan, üç salon, o cümlədən hokkeybuz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika üçün zalı olan məşq korpusundan ibarət olub. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün istifadə edilib. 2007-ci ildə burada bədii gimnastika üzrə 23-cü Avropa çempionatı, yeniyetmələr arasında boks üzrə dünya çempionatı, güləş üzrə dünya çempionatı və taekvando üzrə Avropa birinciliyi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə (o zaman belə adlanırdı - red.) ümummilli lider Heydər Əliyevin adı verilib. Gənclər və İdman Nazirliyinin qərarı ilə kompleks 2009-cu ilin yekunlarına görə, ilin ən yaxşı idman qurğusu elan edilib. “Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar tam yenidənqurma işləri aparıldıqdan sonra kompleks Heydər Əliyev adına İdman Sarayı adlandırılıb. Əsaslı təmir işləri zamanı kompleksin beynəlxalq səviyyəli yarışların təşkilinə, o cümlədən I Avropa Oyunları zamanı tələblərə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Məşq zalı ən müasir səviyyədə qurulub. Burada saunalar (24), soyunub-geyinmə otaqları (25), masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var. Ümumi sahəsi 54,8 min kvadratmetrə yaxın olan binada tamaşaçı yeri təmirdən əvvəl 7587 idisə, təmirdən sonra 7830-a çatdırılıb. Burada 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 350 könüllü üçün zal da mövcuddur.

 

Avtomat idarəetmə mərkəzi yaradılıb

 

Bunlarla yanaşı, saray təhlükəsizlik kameraları, ən müasir projektor, genişzolaqlı internet, müasir akustika və səsgücləndirici sistemlər, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator ilə təchiz edilib. VIP tamaşaçılar üçün 126, fiziki imkanları məhdud tamaşaçılar üçün 30 oturacaq quraşdırılıb. Əsaslı təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Fasad tac şəklində olmaqla xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi lampalarprojektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb.

Heydər Əliyev adına İdman Sarayının əməliyyatlar üzrə meneceri Səbinə Seleznova mətbuat təmsilçilərinə məlumat verdi ki, arenanın müasir səviyyədə qurulmuş üç əsas böyüküç əlavə məşq zalı var. Bütün zallar IV İslam Həmrəyliyi Oyunları zamanı idmançıların ixtiyarına veriləcək. İdman Sarayında “Baku-2017” zamanı yunan-Roma və sərbəst güləş, həmçinin cüdoparacüdo üzrə yarışlarda qadınlar və kişilər qüvvələrini sınayacaqlar. Cüdo yarışları üçün iki tatami, güləş üçün üç xalça nəzərdə tutulub. Hazırda arenada işlər yekunlaşmaq üzrədir. Diqqətə çatdırıldı ki, “Bakı-2017”də gündüz sessiyaları üçün 3 min, axşam - final sessiyaları üçün 5 min tamaşaçının olması gözlənilir.

IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışları üzrə meneceri Namiq Qurbanov qeyd etdi ki, mayın 17-18-də yunan-Roma, 19-20-də sərbəst güləşçilər mübarizə aparacaqlar. Sonuncu gün - mayın 21-də isə qadın güləşçilər döşək üzərinə çıxacaqlar. Hər gün dörd çəki dərəcəsində yarışlar keçiriləcək. Güləş yarışlarına 31 ölkədən 237 idmançı qatılacaq. Onun sözlərinə görə, Azərbaycandan başqa, Türkiyə, İran, Özbəkistan, Qazaxıstan, Misir, Tunis və digər İslam ölkələrinin idmançıları Oyunlarda mübarizə aparacaqlar. Ümumiyyətlə, ölkəmizə gələcək 237 idmançıdan 39-u qadın, 117-si sərbəst, 84-ü isə yunan-Roma güləşçisidir. Azərbaycan millisi güləşin hər üç növündə tam heyətlə çıxış edəcək. Yığmamızın heyətində hər çəki dərəcəsində bir nəfər idmançımız yarışlarda iştirak edəcək.

 

Əsas rəqib İran idmançılarıdır

 

Güləş yığmamızın üzvü, Rio Olimpiadasının bürünc medalçısı və ikiqat dünya çempionu Hacı Əliyev isə bildirdi ki, mayın 2-dən komandanın təlim-məşq toplanışları başlanılıb. Mayın 18-dən sərbəst güləşçilərin çəki mərasimi olacaq. Bir gün sonra millimizin üzvləri yarışlarda çıxış edəcəklər: “Hazırlıqlar çox yaxşı aparılır. Əsas məqsədim Oyunların qızıl medalını qazanmaqdır. İran idmançılarının yığmamızın əsas rəqibi olduğunu hesab edirəm”.

Məşqlərdə iştirak edən, millinin digər üzvü “Rio-2016” Olimpiya Oyunlarının bürünc mükafatçısı, I Avropa Oyunlarının qalibi, dünya çempionu Rəsul Çunayev də IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışın ölkəmizdə keçirilməsinin məsuliyyətini üzərində hiss edir: “Çalışacağıq ki,

I Avropa Oyunlarında qazandığımız nəticələri bu yarışda da təkrarlayaq. “Bakı-2017”də Asiya ölkələrindən - Qazaxıstan, Qırğızıstan və Özbəkistandan çox güclü idmançılar iştirak edəcək. Ancaq əsas rəqib olaraq İran komandasını görürəm. “Bakı-2017”yə gələcək İslam ölkələrinin idmançıları bu yarışlarda özlərini doğrultmağa çalışacaqlar. Biz isə Azərbaycan komandasının dünyada liderlər sırasında olduğunu nümayiş etdirmək və qələbələr qazanmaq istəyirik”.

İnanırıq ki, Heydər Əliyev adına İdman Sarayı, I Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunları zamanı da öz möhtəşəmliyini qoruyub saxlayacaq. İdmançılarımızın layiqli zəfərləri ilə himnimiz üçrəngli bayrağımızın müşayiəti altında məhz bu arenada bir neçə dəfə səslənəcək.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 6 may.- S. 1;13.