İndi də İslam dünyasında birinci...
26 il
öncə Azərbaycan
dövlət müstəqilliyini
bərpa edəndə
bəlkə də heç kəs inanmazdı ki, qısa zamanda bu gənc, təcrübəsiz,
mürəkkəb geosiyasi
məkanda yerləşən
ölkə dünyada
bir çox sahələr üzrə ilklərə imza atacaq.
Açığı, həmin inamsızlığa
əsas da var idi. Çox
çətin dövrdə
- regional münaqişələrin, o cümlədən Qarabağ
savaşının qızışdığı,
ictimai-siyasi sabitliyin pozulduğu, iqtisadi böhranın tüğyan
etdiyi, əhalinin sosial müdafiəsinin yaddan çıxdığı
bir şəraitdə,
üstəlik, minlərlə
qaçqın və məcburi köçkünün
çöllərə düşdüyü
bir vaxtda gənc dövlətin tezliklə dirçələcəyinə,
bu burulğanlardan salamat çıxacağına
ümid bəsləmək
çətin idi.
Ortada sələfimizin - 1918-1920-ci illərdə
müstəqil dövlət
kimi cəmi 23 ay duruş gətirə bilmiş Azərbaycan Xalq Cümhuriyyətinin acı bir tarixi
də vardı. Zaman müxtəlif
olsa da, məkan və şərait eyni idi. Eyni olan həm də neft kimi
qiymətli təbii sərvətə malik Azərbaycana Şimaldan və Cənubdan, Qərbdən və Şərqdən uzanan əllər idi. O əllər ki, fürsət düşdükdə
bu gün də əməlindən qalmır.
Amma müxtəlif olan da təkcə zaman yox, həmçinin
şəxsiyyətlər idi. Şəxsiyyəti zamanın yetişdirdiyini,
zamanın formalaşmasında
isə şəxsiyyətin
rolunu danmaq olmaz. Təbii ki, bugünkü
müstəqil Azərbaycan
dövlətinin qurucusu
və qoruyucusu ulu öndər Heydər Əliyevi nəzərdə tuturuq.
Əgər bu gün Azərbaycan qısa müddətdə
nəinki yerləşdiyi
regionda, habelə dünyada ad-san sahibidirsə,
Avropanın enerji təhlükəsizliyinin təminatında
mühüm iştirakçıdırsa,
ictimai-siyasi cəhətdən
dünyanın ən sabit ölkələrindən
biridirsə, zaman-zaman
keçirilən nüfuzlu
beynəlxalq tədbirlərə
evsahibliyi edirsə, xalqımız öncə
ümummilli liderin uzaqgörən siyasətinə
minnətdardır.
Məhz bu siyasətlə bütün sahələr
üzrə möhkəm
təməli qoyulmuş
Azərbaycan dövləti
Prezident İlham Əliyevin praqmatik fəaliyyəti nəticəsində
indi dünyada söz sahibidir. Özü də
sadə söz sahibi yox, eşidilən,
qəbul olunan, nəzərə alınan
söz sahibi. Belə olmasaydı, hələ bir neçə il
əvvəl BMT-nin Təhlükəsizlik Şurasında
təmsil edilməzdik!
Belə olmasaydı, qoca qitənin enerji təhlükəsizliyinin
təminatı həm
də bizə etibar edilməzdi! Belə olmasaydı, ən müxtəlif beynəlxalq tədbirlərə
ünvan seçilərkən
Azərbaycana üstünlük
verilməzdi! Və nəhayət, ilk Avropa Oyunlarından cəmi iki il sonra IV İslam Həmrəyliyi Oyunları
kimi mötəbər
yarışın keçirilməsi
Azərbaycana həvalə
edilməzdi.
Bütün bunlar və xatırlatmadığımız neçə-neçə uğurlarımız
dostlar üçün
qürur doğuran, düşmənlər üçün
göz çıxaran
faktlardır. Biz bu sevincin və qısqanclığın hələ
1994-cü ilin sentyabrında
“Əsrin müqaviləsi”nin imzalanması,
1999-cu ilin noyabrında
Bakı-Tbilisi-Ceyhan əsas boru neft kəmərinin çəkilişinə qərar
verilməsi, artıq yaxın zamanda reallaşacaq “Cənub qaz dəhlizi” layihəsinin icrasına başlanması ərəfələrində
şahidi olmuşuq. Bəlkə də Azərbaycandan daha çox dünyaya gərəkli olan bu və
digər mühüm beynəlxalq layihələr
dostlarımızı sevindirsə
də, düşmənlərimizi
kədərləndirir və
hətta o dərəcədə
ki, onlar ölkəmizə qarşı
ən çirkli oyunlara belə əl atmaqdan çəkinmirlər.
Amma nahaq! Çünki təsir əks
təsirə bərabər
olduğu kimi, uğurlarımızı gözü
götürməyənlərin antiazərbaycan təbliğatları
və hərəkətləri
də ölkəmizin
qətiyyətini, iradəsini
möhkəmləndirir. Və bu qətiyyət, iradə möhkəmləndikcə
dostlarımızın sayı
artır, düşmənlərimizin
sıraları seyrəlir.
Təkcə BMT-nin Təhlükəsizlik
Şurasına üzv
seçilərkən Azərbaycana
səs verən ölkələrin sayını
xatırlatmaq kifayətdir
ki, dostlarımızın
çoxluğuna şübhə
qalmasın. Yaxud
götürək 3 il əvvəl I Avropa, sonralar isə IV İslam Həmrəyliyi Oyunlarının
ünvanı kimi Azərbaycanın seçilməsini.
Sözsüz ki, bu mötəbər beynəlxalq yarışların
təşkilat komitələri
yarışlara ev sahibini müəyyən edərkən
bütün amilləri
nəzərə almışlar.
Həmin
amillər sırasına
yarışlara evsahibliyi
edəcək ölkənin
idman qurğularından,
müvafiq infrastrukturdan
tutmuş çoxminli
idmançı və
tamaşaçı-qonaqları qarşılayıb yerləşdirmək
imkanınacan daxildir.
Biz hələ məsələnin başqa
tərəflərini - yarışların
keçiriləcəyi ölkənin
maddi-iqtisadi imkanını,
ictimai-siyasi sabitliyini,
kriminogen durumunu və digər məsələləri demirik.
Bunun üstünə
dörd bir tərəfimizin od
tutub yandığını,
terrorun az qala gündəlik həyat tərzinə çevrildiyini də gəlsək, onda Azərbaycanın hansı
tələblərə cavab
verdiyi məlum olar. Məlum olar ki, Azərbaycan dünyada təkcə iqtisadi imkanlarına görə yox, həm də
çox məsuliyyətli
və çoxminli beynəlxalq yarışların
tələblərinə cavab
verən ölkədir.
Bu isə hər
bir ölkə üçün şərəf
göstəricisidir.
Qoy heç kəs bu sözləri pafoslu təbliğat kimi başa düşməsin. Ola bilsin
mötəbər beynəlxalq
idman turnirlərinin ölkəmizdə keçirilməsinin
siyasi və iqtisadi dividendlərini yaxşı dərk etməyənlər də
var. Yəqin ki, onlar bu cür
möhtəşəm oyunlara
yalnız xərclənən
vəsait çərçivəsindən
baxırlar. Belə naşı
yanaşma savadsız mühasibin mədaxili unudaraq məxaricin hesabını aparmağına
bənzəyir. Halbuki
kütləviliyinə, səviyyəsinə
və tələblərinə
görə az
qala Olimpiya oyunları səviyyəsində
olan belə yarışların Azərbaycana
verdiyi və verəcəyi xeyiri görmək üçün
elə də savadlı olmağa ehtiyac yoxdur. Sadəcə,
bilərəkdən və
bilməyərəkdən daxildə
yaranan qərəz və qısqanclığı
kənara qoymaq lazımdır. Bundan sonra
isə təkcə dünyanın onlarla telekanalının Azərbaycandan
reportajlar verməsini,
yüzlərlə xarici
jurnalistin ölkəmizə
qonaq gəlməsini dərk etmək kifayətdir ki, belə yarışların
Azərbaycanın çox
yox, yalnız tanıdılması baxımından
əhəmiyyəti məlum
olsun.
Söz yox ki, IV İslam Həmrəyliyi Oyunları da ölkəmizin evsahibliyi etdiyi müxtəlif məzmunlu digər beynəlxalq tədbirlər kimi uğurla sona çatacaq və Azərbaycan dünyanın, xüsusən İslam aləminin çoxmilyonlu idman ictimaiyyətinin diqqətini cəlb edəcək. Bu isə bədxahlara ən yaxşı cavabımız olacaq!
Raqif MƏMMƏDOV,
Azərbaycan.-
2017.-4 may.- S.8.