Xoş niyyətli qonağın göz üstə yeri var

 

Azərbaycanın böyük beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəsi var. Son illərdə Bakıda müxtəlif mövzularda konfrans və simpoziumların, forum və toplantıların, sərgi və yarışların yüksək səviyyədə keçirilməsi bunu əyani göstərir. 1994-cü ildən bəri öz məkanını dəyişməyən və artıq 24-cü dəfə keçirilməsi gözlənilən beynəlxalq neft-qaz sərgisini, 2012-ci ilinEurovisionunu, 2015-ci ilin I Avropa Oyunlarını xatırlatmaq kifayətdir.

Azərbaycanda keçirilən tədbirlərin iştirakçıları ölkəmiz barədə təəssüratlarını bölüşərkən xalqımızın qonaqpərvərliyini xüsusi qeyd edirlər. Heç şübhəsiz ki, növbəti qonaqlar - IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları, müxtəlif yerlərdən yarışları izləməyə gələn əcnəbilər, turistlər də bunu görəcək və dəyərləndirəcəklər.

Hər xalqı səciyyələndirən, onu digərlərindən fərqləndirən bir sıra xüsusiyyətlər var. Azərbaycan xalqının ən ümdə xüsusiyyətləri sırasında qonaqpərvərlik də vurğulanır. Əslində, qonaqpərvərlik geniş məna daşıyaraq özündə bir sıra digər müsbət xüsusiyyətləri birləşdirir.

Qonaqpərvər olmaq ilk növbədə səmimi, mehriban, gülərüz, ürəyigeniş, əliaçıq olmaq deməkdir. Ona görə də qonaqpərvərlik həmişə yüksək qiymətləndirilir və istər xalqın, istərsə də ayrı-ayrı ailələrin, insanların ən müsbət xüsusiyyətlərindən biri kimi qeyd edilir.

Bəlkə də elə xalqlar var ki, onların nümayəndələri “qonaq otağı” sözlərini eşidəndə təəccüblənirlər. Azərbaycan ailəsinin isə ən yaxşı otağı belə adlanır və gələn qonaqlara təkcə evin sakinləri deyil, sanki divarları da sevinir. Qonaq üçün ayrıca, daha gözəl və hər gün işlənməyən qab-qacağın, uzaqdan gələn üçün isə yorğan-döşəyin də saxlanılması bizim məişətimizdə adi, ənənəvi hal olsa da, bir çox əcnəbi xalqların nümayəndələri bunları eşidəndə hətta təəccüblənirlər. Çünki bu dərəcədə qonaqpərvərlik heç də hər kəsdə, hər xalqda olmur.

Xalqımızın mənəviyyatından qaynaqlanan qonaqsevərlik əsrlər boyu atalar sözləri və zərb-məsəllərdə də öz əksini tapıb: “Qonaq Allah qonağıdır”, “Qonağın ruzisini Tanrı özündən qabaq yetirər”, “Qonağın böyüyü-kiçiyi olmaz” və s.

Qonaq gözləyən ev sahibi həvəslə onu qarşılamağa hazırlaşar. İlk növbədə ev-eşiyi, həyət-bacanı səliqəyə salar. Hətta qapıdan girən təsadüfi qonaq üçün çay-çörək təklif olunar. Ev yiyəsi qonağın onun süfrəsində çörək kəsməsindən məmnun qalar. Əvvəlcədən gözlənilən qonaq üçün isə ləziz nemətlər hazırlanar. Bir sözlə, bizlər qonaq qarşılamaqdan zövq alır, onun gəlişindən sevinc tapırıq.

Qonaq bir evin deyil, bütün bir şəhərin, ölkənin qonağı olanda bu sevinc və təntənə qat-qat artaraq el bayramına çevrilir. Azərbaycan xalqı bu ənənəni əsrlər boyu yaşadıb. Ölkə günü-gündən daha yüksək inkişaf səviyyəsinə çatıb dünyaya inteqrasiya etdikcə bütün deyilənlər əvvəlkindən də geniş miqyas alır və daha böyük məna daşıyır.

Xoşməramlı, təmiz ürəkli qonağın həmişə gözümüz üstə yeri var, onun gəlişi həmişə toy-bayramdır.

Danılmaz həqiqətdir ki, Azərbaycanın müstəqillik dövründə, xüsusilə son illərdə çatdığı inkişaf səviyyəsi ona artıq bir-birinin ardınca mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməyə və üzərinə götürdüyü missiyanı həmişə layiqincə yerinə yetirməyə imkan verir. İndi nəinki paytaxt Bakıda, hətta ölkənin digər şəhər və rayonlarında da böyük tədbirlər keçirilir və yüksək səviyyədə başa çatdırılır. Çoxsaylı idman yarışlarını, musiqi festivallarını, iqtisadi və digər mövzularda keçirilən konfransları, simpoziumları, toplantıları və s. misal göstərmək olar. Eurovisiondünya miqyasında ən böyük tədbirləri də yüksək səviyyədə keçirmək iqtidarında olduğumuzu göstərdi, bütün təşkilatçılıq işləri ilə yanaşı, xalqımızın milli-mənəvi dəyərlərinin, o cümlədən qonaqpərvərliyinin nümayişinə çevrildi. İlk Avropa Oyunlarına gələn çoxminli qonaqlarımız da məhz bu cür qarşılandı və Azərbaycandan böyük razılıq hissilə qayıtdı.

Beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplamış ölkəmiz öz növbəti qonaqlarını - İslam Həmrəyliyi Oyunlarının iştirakçılarını duz-çörəklə, gül-çiçəklə qarşılamağa hazırlaşır. Şəhərin hər tərəfi sanki insanın üzünə gülür. Yaşıllıq, bağ-bağça, səliqə-sahman göz oxşayır. Yol-riz, yarışların keçiriləcəyi idman obyektləri, hotellər, yeməkxana və restoranlar, parklar tam qaydasındadır. Muzeylər, konsert salonları, teatrlar qapılarını qonaqların üzünə geniş açacaq.

Ən başlıcası, qonaqları açıq ürəklə qarşılayacağıq. Heç şübhə yoxdur ki, Azərbaycanın hər bir qonağı - istər idmançılar, istər Oyunları izləməyə gələn azarkeşlər, istərsə də onları işıqlandıracaq jurnalistlər Bakıdan razı qayıdacaqlar.

Bir neçə il əvvəl “Eurovisionda iştirak edən “Buranovo nənələri”nin hər yerdə, eləcə də Moskva televiziyasında söylədikləri yada düşür: “Azərbaycanda iqlim də, Xəzərin suları da, qonaqpərvər insanların qəlbi də hərarətlidir”.

Bu, şərqlinin də, qərblinin də, yaxından-uzaqdan gələn hər kəsin gördüyü həqiqətdir. Azərbaycanlıların qonaqpərvərliyi təkcə ziyafətlərdə, açılan süfrələrin başında görünmür, təkcə bağışlanan hədiyyələr, verilən sovqatlarla ölçülmür. Həm də addımbaşı adi baxışla, xoş bir sözlə ifadə olunur. Bütün bunlar da xalqın işıqlı qəlbindən gəlir, zəngin mənəviyyatından qaynaqlanır.

Sülh, barış, əmin-amanlıq, həmrəylik məramı daşıyan qarşıdakı böyük tədbirin iştirakçılarını da Azərbaycan məhz bu mənəvi dəyərləri ilə qarşılayacaq.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-4 may.- S.9.