Azərbaycan bir daha sülhsevər ölkə olduğunu sübut edir

 

İslam Həmrəyliyi Oyunları yaxınlaşdıqca Azərbaycan dünya düzəninə yeni imicini fərqli bir məzmunda təqdim edir, bir daha ölkəmizin sülhə, əmin-amanlığa, xalqlar arasında barışa sədaqətli olduğunu nümayiş etdirir. Biz bir daha işğalçı qonşularımızı saysız hərbi cinayətlərin günahı içində çapalayan görürük.

IV İslam Həmrəyliyi Oyunlarında 22 idman növü üzrə 57 dövlətin 3 minə yaxın idmançısı güclərini sınayacaq, birincilik uğrunda mübarizəyə qoşulacaqlar. Bu o deməkdir ki, ölkəmizin paytaxtında 57 dövlətin bayrağı dalğalanacaq, qaliblər müəyyən edildikcə 57 dövlətin himni səslənəcək. 3 min idmançıdan yalnız bəxti üzünə gülənlər vətənlərinə medallarla dönəcəklər.

Milli Olimpiya Komitəsinin (MOK) Marketinq Departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, yarışlarda Azərbaycanın Olimpiya yığma komandası ölkəmizi 335 idmançı ilə 20 idman növü üzrə təmsil edəcək. Ümumilikdə 495 nəfərdən ibarət olan komandamıza müxtəlif mötəbər yarışlarda yüksək nəticələr qazanmış məşhur idmançılarla yanaşı, perspektivli idmançılar da daxildir. Azərbaycanı təmsil edən bu “idmançı ordusunun əsas hədəfi Oyunlarda qalib çıxmaq, birinci yerlərə sahib olmaqdır. Buna nail olmaq üçün isə idmançılarımızın şansları çoxdur.

Lakin İslamiada başqa siyasi bir məqamla da diqqəti cəlb edir. Qarşıda hər birimizinbütün dünyanın səbirsizliklə gözlədiyi yarışlarda 57 ölkənin idmançıları qaliblər kürsüsünə qalxdıqca bayraqları ucalacaq, himnləri səslənəcək. Şübhəsiz ki, ölkəmizi təmsil edən idmançılar ümidlərimizi doğruldacaq, biz onların başı üzərində Azərbaycan bayrağının dalğalanmasının dəfələrlə şahidi olacağıq. İşğalçı Ermənistan isə bu Oyunları ləkələmək, mahiyyətini kiçiltmək üçün min oyundan çıxacaq, qarayaxmalarından əl çəkməyəcək. Amma bunların heç bir faydası olmayacaq. Şəhidlərimizi bağrına basıb qucaqlayan Azərbaycan bayrağı yenə ucalıqlara yüksələcək, dünyanın hər yerindən görünəcək. Ağır və  uzun sürən  üzücü savaşlardan sülhə qanadlanan Azərbaycan bayrağı dünyanı barışa və sülhə çağıracaq. Biz Oyunların əvvəlindən sonunadək  müqəddəs bayrağımızın ev sahibinin barış və sülh rəmzi kimi dalğalandığını görəcəyik. Qafqazda əbədi müharibələrin müəllifi sayılan Ermənistan bu ərazidə lövbər atdığı gündən qonşularına ərazi iddiasındadır, qəsbkarlıqdan, etnik təmizləmələrdən əl çəkmir. Bu isə müasir dünya düzənində bəşər tarixinə düşən qara ləkədən artıq bir şey deyil.

Dünya erməni təcavüzünə göz yumsa da, Azərbaycanın sülhməramlı, tolerant ölkə olması onilliklərdir ki, danılmaz faktdır. Artıq dünyanın ən mötəbər kürsülərindən səmimiyyətlə etiraf edilir ki, Azərbaycan tolerantlığı bənzərsiz nümunədir. Onlarla beynəlxalq tədbirlərə evsahibliyi edən ölkəmiz dünyaya açıqdır. Burada yaşayan bütün xalqların tarixi, adət və ənənələri Azərbaycanın ən qiymətli sərvəti kimi qayğı ilə qorunur, onların bərabər inkişafı naminə bütün vacib addımlar atılır, qərarlar qəbul edilir.

Bu dəfə də paytaxtımız qonaqlarını - bu şəhəri özü üçün kəşf etməyə qərar verənləri Şərq dəyərlərini özündə daşıyan müasirsivil avropasayağı şəhər kimi qarşılayacaq. Bakıdakı idman obyektləri həm memarlıq baxımından, həm də xarici görünüşlərinə görə dünyanın ən müasir idman qurğuları sırasındadır. 70 min nəfərə yaxın tamaşaçını qoynuna ala bilən Bakı Olimpiya Stadionu yüksək beynəlxalq standartlar səviyyəsində müasir stadiondur. 9 min nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası öz gözəlliyi ilə həm Bakının müasir görkəminə yaraşıq, həm də idmançıların bütün tələblərinə cavab verir. Bədii və idman gimnastikası üzrə keçirilən yarışlar üçün nəzərdə tutulan arena çoxfunksiyalıdır. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 mindən 9 minədək artırıla bilir. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanmışdır. Xüsusi texnologiya əsasında quraşdırılan arenanı genişləndirmək də mümkündür. Burada hətta ritmik gimnastika kimi geniş həcmli yarışlar keçirilə bilər.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz həm yarış iştirakçılarını, həm də qonaqları yüksək səviyyədə qəbul edəcək. Şəhərin qonaqlarını qarşılamaq, onların suallarına cavab vermək, bələdçilik etmək üçün İslam Həmrəyliyi Oyunlarının təşkilinə minlərlə könüllü cəlb olunacaq. Onu da qeyd edək ki, könüllülərin təşkilinə keçən ilin sentyabr ayından start verilmişyanvar ayının sonuna qədər onların sayı  20 minə çatmışdır. Amma Oyunlarda könüllülərin təkcə 8 min nəfəri iştirak edəcək.

Oyunların başlamasına sayılı günlər qalır. Mayın 12-də biz IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm yarışa evsahibliyi edəcəyik. Artıq hamı əmindir ki, I Avropa Oyunları kimi, İslamiada da Azərbaycan üçün uğurlu olacaq, biz yeni qələbələrə imza atmaqla yanaşı, bir daha dünyaya mədəniyyətimizi, tariximizi, sülhsevərliyimizi təqdim edəcəyik.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2017.-4 may.- S.9.