Beyrutda OANA-nın İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib

 

Mayın 3-də Livan Respublikasının paytaxtı Beyrutda AZƏRTAC-ın sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Livanın İnformasiya Nazirliyi və NNA xəbər agentliyinin təşkilatçılığı ilə keçirilən iclasda Rusiyanın TASS, Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, İranın İRNA və Mehr, Monqolustanın MONTSAME, Bəhreynin BNA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman çıxış edərək qonaqları salamlayıb və iclasda qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini bildirib. O, iclasın sürətlə dəyişən informasiya texnologiyaları dövründə xəbər agentliklərinin qarşılaşdığı problemləri inkişafı yollarını müzakirə etmək üçün yaxşı platforma olduğunu vurğulayıb.

OANA-nın prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov İcraiyyə Komitəsinin 42-ci iclasının keçirilməsi üçün göstərdiyi dəstəyə görə Livanın İnformasiya Nazirliyinə NNA agentliyinə təşəkkürünü bildirib. Baş direktor ötən ilin noyabrında Bakıda Heydər Əliyev Fondunun AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində OANA-nın XVI Baş Assambleyasında xəbər agentliklərinin inkişafı ilə bağlı çox dəyərli fikirlərin səsləndiyini, məhsuldar müzakirələrin aparıldığını qeyd edərək deyib: “Baş Assambleya V Konqresin birgə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı, dərin məzmunlu nitqi bir qrup media nümayəndəsi ilə görüşü tədbirlərimizin əhəmiyyətini daha da artırdı”.

AZƏRTAC-ın sədrliyi dövründə Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının inkişafı məsələlərinə toxunan OANA-nın prezidenti bildirib ki, qurumun fəaliyyətinin genişləndirilməsi, onun daha dinamik struktura çevrilməsi, veb-saytının funksionallığının artırılması üçün artıq işlərə başlanılıb, portalda bir çox yeniliklər tətbiq edilib, eyni zamanda, üzv agentliklərin bu veb-saytda fəallığı da xeyli yüksəlib. Diqqətə çatdırılıb ki, hazırda təşkilatın saytında 27 üzv agentlik öz xəbərlərini yerləşdirir. Lakin biz bunun maksimuma çatdırılmasına çalışacağıq. Mən burada iştirak edən agentlikləri bu istiqamətdə daha fəal olmağa çağırıram”, - deyən OANA-nın prezidenti, həmçinin təşkilatın Nizamnaməsinə dəyişikliklər edilərək Texniki Etik altkomitələr haqqında bəndlərin əlavə olunması, bu strukturlara sədrlik edən agentliklərin seçilməsi ilə bağlı təkliflərini səsləndirib.

Livanın informasiya naziri Melhem ər-Riyaşi müasir rəqəmsal dövrdə medianın üzərinə böyük məsuliyyətin düşdüyünü, jurnalistikada etikanın obyektivliyin hər zaman aktual olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, dünyanın hər yerindən informasiya əldə edib yayan xəbər agentlikləri insanların xalqlar arasında mədəni əlaqələrin, dialoqun möhkəmlənməsinə indi həmişəkindən daha çox diqqət yetirməli, münaqişələrin qarşıdurmaların aradan qaldırılması, etimadın güclənməsi işinə öz töhfəsini verməlidirlər. O, həmçinin medianı terrorizmlə bağlı məsələlərin işıqlandırılmasında diqqətli olmağa çağırıb, millətlər arasında dostluğa əməkdaşlığa çalışmağın vacibliyini önə çəkib.

Fasilədən sonra OANA-nın baş katibi Vüqar Seyidovun sədrliyi ilə işini davam etdirən iclasda dünya mediası qarşısında çağırışlar, müasir şəraitdə mətbuatın inkişaf meyilləri, xəbər istehsalında yeni texnologiyaların tətbiqi, jurnalistika sənətinin müasir media biznesinə transformasiyası, terrorizmə qarşı mübarizədə xəbər agentliklərinin rolu məsələlərinə dair maraqlı müzakirələr aparılıb.

Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, İranın İRNA agentliyinin baş direktoru Məhəmməd Xodadi, Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-hvanq, Bəhreynin BNA agentliyinin baş direktoru Muhənnəd Süleyman ən-Nəimi, Malayziyanın Bernama agentliyinin baş direktoru Datuk Zulkefli Salleh çıxış edərək rəqəmsal innovasiya dövründə xəbər agentliklərinin qarşısında duran vəzifələr barədə maraqlı təkliflər səsləndiriblər.

Bununla da OANA İcraiyyə Komitəsinin 42-ci iclası işini başa çatdırıb.

 

Azərbaycan.- 2017.- 4 may.- S.11.