Effektiv sosial
müdafiə strategiyasının banisi
Heydər
Əliyevin vətəndaşın rifahını iqtisadi tərəqqinin
əsas məqsədinə çevirən sosial inkişaf
doktrinası Prezident İlham Əliyev tərəfindən
uğurla gerçəkləşdirilir
Ötən əsrin sonlarında
xalqımızın yenidən qovuşduğu müstəqilliyin
ilk illərində bir dövlət kimi
varlığımızı sual altına qoyan böyük təhlükələrin
meydana çıxması, xaos və vətəndaş
qarşıdurması, xain erməni qonşularımız tərəfindən
törədilən mənfur etnik təmizləmə və təcavüz
siyasəti, bir milyondan çox qaçqın və məcburi
köçkün ordusu, onilliklər ərzində təşəkkül
tapmış iqtisadi münasibətlər sisteminin
çökməsi ilə üzləşən ölkəmizdə
idarəolunmaz vəziyyət, ağır sosial durum, ictimai həyatın
bütün sferalarına sirayət edən dərin böhran
hökm sürürdü.
Tariximizin bu çətin və
keşməkeşli dönəmində ölkənin ərazi
bütövlüyünə, dövlət təhlükəsizliyinə
olan ciddi təhdidlərə sinə gərilərək
sovuşdurulması, respublikanı uçuruma sürükləyən
daxili çəkişmələrin dəf edilməsi, beynəlxalq
arenada xalqımıza və dövlətimizə qarşı
yaranmış informasiya blokadasının yarılması
fövqəladə aktuallıq kəsb edirdisə, fundamental
transformasiya prosesləri şəraitində müasir
hüquqi dövlət və vətəndaş cəmiyyətinin
qurulması, sosial-iqtisadi münasibətlər sisteminin liberal
bazar prinsipləri əsasında tamamilə yeni məcrada təşkili
kimi mürəkkəb vəzifələr də həyati zərurətə
çevrilmişdi.
Məhz belə bir ekstremal şəraitdə
xalqın tələbi ilə hakimiyyətə gələn
böyük düha sahibi Heydər Əliyevin siyasi
müdrikliyi, zəngin idarəçilik təcrübəsi,
xilaskarlıq və quruculuq missiyası bu taleyüklü vəzifələrin
sürətli həlli üçün qətiyyətli
addımların atılmasına, çoxvektorlu fəaliyyət
planının gerçəkləşdirilməsinə imkan verdi.
Həmin dövrdə
qarşıda duran mühüm vəzifələrdən biri də
kəskin aktuallaşan sosial müdafiə məsələlərinin
ağır tənəzzül dövrünün ciddi çətinlikləri
və məhdud imkanları müstəvisində həlli ilə
bağlı idi. Belə bir mürəkkəb şəraitdə
hansısa sosial müdafiə sisteminin qurulması barədə
düşünmək belə çətin idi və əsas
diqqət əhalinin daha çox ehtiyacı olan
kateqoriyalarının müxtəlif müavinətlər,
güzəştlər, kompensasiyalar, təqaüdlər verilməsi
yolu ilə ilkin ehtiyaclarının təmin edilməsinə
yönəldilirdi. Başqa sözlə,
total transformasiya şəraitində sosial sferada yeni modelin
formalaşdırılmasından deyil, yalnız mövcud vəziyyətdən
çıxış imkanlarından söhbət gedirdi.
Bunu nəzərə alan ulu öndərin
qısamüddətli perspektivdə müəyyən etdiyi
prioritet vəzifələr sosial sferada real vəziyyətin
diaqnostikası, ən aktual problemlərin aşkar edilməsi,
mövcud maliyyə və təşkilati imkanlar nəzərə
alınmaqla əhalinin gəlirlərinin diferensiallaşması
və cəmiyyətin təbəqələşməsinin
daha da güclənməsinin qarşısının
alınması, bu gəlirlərin tərkibində kəskin
deformasiyaların aradan qaldırılmasına, eləcə də
ifrat yoxsulluğun miqyasının aşağı
salınmasına köklənmişdi. Beləliklə,
ümummilli lider Heydər Əliyev ölkədə əvvəlki
illərdə formalaşmış dövlət sosial təminat
qaydalarının keçid dövründə də davam
etdirilməsi ilə əhalinin maddi ehtiyaclarının aradan
qaldırılması prinsipini müəyyən etdi və bu,
aztəminatlı vətəndaşların bazar
iqtisadiyyatına keçidin doğurduğu çətinliklərdən
qorunmasında vacib rol oynadı.
Lakin bütün bunlarla
yanaşı, Heydər Əliyev sosial sferaya, əhalinin gəlirlərinin
formalaşmasına milli dövlət quruculuğu və tərəqqi
kontekstində daha geniş bucaq altında və uzunmüddətli
perspektivdən yanaşır, texnoloji yüksəliş və
insan kapitalının inkişafı rakursunda sosial modernləşməni
ölkənin müasirləşdirilməsi prosesinin vacib
elementi kimi qiymətləndirir, bu sahədə hədəflənən
gələcək strategiyanın dərin elmi əsaslara,
mövcud reallıqlar və qlobal miqyasda əsas inkişaf
meyillərinin uzaqgörən təhlilinə söykənən
paradiqmal konturlarını cızırdı.
Bir tərəfdən sosial siyasətin
məqsəd və vəzifələrinin, bunun ictimai
inkişaf prosesinin prioritetlərinə uyğunluğunun
müəyyənləşdirilməsi, yeni sosial strategiyanın
beynəlxalq təcrübə, milli xüsusiyyətlər,
dövlət tənzimləməsinin özəllikləri nəzərə
alınmaqla müasir konseptual yanaşmalar əsasında
formalaşdırılması, digər tərəfdən isə
sovet dönəminə aid sosial institutların hüquqi və
təşkilati mexanizmlərinin, maliyyələşmə
qaydasının köklü şəkildə dəyişdirilməsi
tələb olunurdu.
Eyni zamanda bu yöndə fəaliyyətin
düzgün təşkilinə, sosial sahənin məzmun və
spesifikasına, müasir inkişaf bazisinin formalaşmasına
sürətli, davamlı və çoxşaxəli təsir
göstərən kompleks amillər sisteminin hərtərəfli
qiymətləndirilməsi və nəzərə
alınması da mühüm aktuallıq kəsb edirdi.
Birincisi, XXI əsrin
astanasında meydana çıxan qlobal
çağırışlar hər bir fərdin, onun şəxsiyyətinin,
milli təhlükəsizlik sisteminin inkişafını, bu məqsədlə
azad şəraitin yaradılmasını, layiqli və keyfiyyətli
həyat səviyyəsinin təmin edilməsini dövlət və
cəmiyyətin qarşısında prioritet vəzifələrə
çevirirdi.
İkincisi, postsənaye cəmiyyətinin
və bilik iqtisadiyyatının təşəkkül
tapmasının, sürətli texnoloji yüksəlişin obyektiv
reallığa çevirdiyi modern inkişaf prosesi yüksəkixtisaslı
işçi qüvvəsinin təkrar istehsalı
baxımından nəinki maddi, həm də mənəvi
ehtiyacların təmin olunmasını vacib edirdi. Bu əsasda
spesifik iqtisadi mexanizmlərin tətbiqi yolu ilə insanın cəmiyyətdəki
rolunu və sosial statusunu əhəmiyyətli şəkildə
artırmaq xüsusi aktuallıq kəsb edirdi.
Üçüncüsü, vətəndaşın
özünü reallaşdıra bilməsi, həyati vacib
ehtiyaclarının təmin edilməsi, mürəkkəb və
diferensiallaşmış sosial sistem kimi bütöv cəmiyyətin
məqsədlərinin formalaşdırılması, dəstəklənməsi
və möhkəmləndirilməsi, bütün bunların həyata
keçirilməsi yönündə zəruri resursların səfərbər
olunması üçün hüquqi, iqtisadi, siyasi və mədəni
əsasların yaradılmasının təşəbbüskarı
və zəmanətçisi kimi yalnız güclü dövlət
çıxış edə bilərdi.
Dördüncüsü, kardinal dəyişikliklər
mərhələsində cəmiyyətin sosial-iqtisadi
inkişafı kimi uzunmüddətli mürəkkəb vəzifələrin
həlli ölkədəki mövcud iqtisadi potensialın təhlilinə,
məqsəd və hədəflərin dəqiq müəyyənləşdirilməsinə
və buna nail olmaq üçün əsaslandırılmış
strategiyanın hazırlanmasına söykənirdi. Uzunmüddətli perspektivə hesablanmış
sosial strategiyanın ilkin dayaq nöqtəsi kimi məhz iqtisadi
inkişaf modelinin seçilməsi çıxış edir.
Sosial-iqtisadi böhranın dərinləşməsi,
bu əsasda əhalinin gəlirlərinin kəskin şəkildə
aşağı düşməsi son nəticədə
istehlakın azalmasına, ödəmə qabiliyyətli tələbin
düşməsinə gətirib çıxarır ki, bu da
iqtisadi inkişafı əngəlləyərək, dövlətin
gəlirlərinin azalmasına, sosial proqramların
reallaşdırılması imkanlarının məhdudlaşmasına
səbəb olur. Sosial sferada geriləmə
isə, öz növbəsində, iqtisadi və siyasi dəyişikliklərin
sürətinə və perspektivliyinə mənfi təsir
edir.
Beşincisi, sosial siyasət
konsepsiyasının ana xəttini vətəndaşlara öz
rifahını və sosial statusunu gücləndirmək
imkanı yaratmaq ideyası təşkil edir. Bazar
iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsinin
prioritet forması kimi sığorta prinsipinə əsaslanan və
iqtisadi fəallığı təşviq edən sosial təminat
çıxış edir ki, bu da vətəndaşın
üzləşə biləcəyi sosial risklərin səmərəli
idarə olunmasında və mənfi nəticələrinin
minimallaşdırılmasında ilk növbədə məhz
onun özünün məsuliyyətini nəzərdə
tutur. Bu konseptual prinsipin həyata keçirilməsinə
isə aşağıdakı tələblərin yerinə
yetirilməsi ilə nail olunur:
* əhalinin sosial
vəziyyətinin yaxşılaşdırılmasının
işgüzar fəallığın artması ilə
uzlaşdırılmaqla həyata keçirilməsi;
* cəmiyyətin
inkişafı üçün vacib təşviq mexanizmi kimi
gəlir və istehlakın iqtisadi fəaliyyət
* əticəsindən
asılı olaraq yol verilən diferensiallaşma səviyyəsinin
təmin edilməsi;
* sosial sahədə
dövlətin balanslaşdırılmış iştirak səviyyəsini
tənzimləmək məqsədilə sosial xərclərin
optimal həddinin gözlənilməsi.
Altıncısı, dövlət
mühüm sosial funksiyalarından biri kimi gəlirlərin
formalaşdırılması üzrə tədbirlər vasitəsilə
əhalinin güzəranına, ev təsərrüfatlarının
istehlakçı, əmanətçi, eləcə də
işçi qüvvəsinin təchizatçısı
qismində davranışlarına təsir edir. Bu yöndə
sosial-iqtisadi siyasətin mühüm istiqamətləri
yoxsulluğun miqyasının azaldılması, əhalinin həyat
səviyyəsinin yüksəldilməsi üçün
imkanların yaradılması, əmək fəaliyyəti
üçün zəruri şəraitin yaradılması,
işçilərin peşə bacarıqlarının təkmilləşdirilməsi
və digər məşğulluq tədbirləri, insan
kapitalının inkişafı, sosial infrastruktur sistemi vasitəsilə
xidmətlərin göstərilməsi, əhalinin gəlirlərinin
sosial müdafiə sistemi vasitəsilə dəstəklənməsi
ilə bağlıdır.
Yeddincisi, bəllidir ki, sosial
siyasətin reallaşdırılması, bir qayda olaraq, iri həcmdə
vəsaitlərin sərf olunmasını tələb edir. Sosial
inkişafın hər bir istiqaməti üzrə əhəmiyyətli
maliyyə resurslarının ayrılması vacibləşir və
sosial siyasətin miqyası genişləndikcə, daha
iddialı sosial hədəflər götürüldükcə,
bunun həyata vəsiqə alması üçün tələb
olunan kapitalın həcmi də xeyli artır. Lakin sosial siyasətə sərf olunan kapital
qoyuluşlarına nəticə etibarilə ictimai rifahın ən
məhsuldar sərmayəsi kimi baxılmalıdır. Çünki qlobal sosial-iqtisadi gündəliyin
xüsusi aktuallıq kəsb edən mövzularından biri
kimi inkişaf paradiqmasının dəyişməsinin
başlıca mahiyyəti əsas diqqətin iqtisadi inkişaf
templərindən insanın sabit inkişafı məsələsinə
yönəldilməsi və bu təməl prinsip üzərində
cəmiyyətin yeni məqsədlərinin müəyyənləşdirilməsidir.
Bu yanaşma belə bir ideyaya söykənir ki,
“iqtisadiyyat insanın inkişafı üçündür,
insan iqtisadiyyatın inkişafı üçün deyildir”.
Bu hadisə bütün dünyanı insanın
tələbatına öz yanaşmasını dəyişməyə,
eləcə də sosial siyasətdə dəqiqləşdirmələr
aparmağa vadar edir. Bu baxımdan məhz
insan kapitalı təbii resurslardan və ya sərvətlərdən
daha vacib olan dəyərli resurs kimi, habelə iqtisadi
inkişafın, onun rəqabət qabiliyyətinin və səmərəliliyinin
əsas şərti kimi nəzərdən keçirilir.
Qeyd edilənlərdən irəli gələrək,
ulu öndərin vətəndaşın rifahını tərəqqinin
əsas məqsədinə çevirən sosial inkişaf
doktrinası uzunmüddətli perspektivdə yüksək
sosial hədəflərə şərait yaradan ölkənin
iqtisadi potensialının tam reallaşdırılacağı
dövrə hesablanan aşağıdakı kompleks vəzifələrin
həllini nəzərdə tuturdu:
* cəmiyyətdə
sosial ədalətin təmin edilməsi, sosial qeyri-bərabərliyin
zəiflədilməsi, hər kəsə iş yeri və
yaxud digər gəlir mənbəyinə malik olmaq
imkanının yaradılması, habelə vətəndaş
üçün əlverişli həyat mühitinin
formalaşdırılması;
* ölkədə
bütünlükdə yoxsulluqla mübarizənin gücləndirilərək
yoxsulluq göstəricisinin əhəmiyyətli şəkildə
aşağı salınması ilə bərabər, əhalinin
gəlirlərinin ehtiyac meyarı ilə müəyyən edilən
bəlli bir gəlir səviyyəsinin üstünə
çıxarılmasına yönəlik sosial siyasət tədbirlərinin
həyata keçirilməsi;
* hər bir fərdə
insan potensialının formalaşması və inkişaf
etdirilməsi sahəsində bərabər imkanların
yaradılması;
* sosial risklərin
doğurduğu mənfi təsirlərin
neytrallaşdırılmasına imkan verən etibarlı sosial
müdafiə sisteminin formalaşması;
* əsas istehlak və
xidmət növlərinə əhalinin əlçatanlığının
təmin edilməsi;
* əhalinin gəlirlərinin
eyni zamanda iqtisadi inkişafın bərpası və dəstəklənməsi
proseslərinin katalizatoru kimi mühüm rolunun dəstəklənməsi.
Bu əsasda ölkədə yeni
sosial müdafiə modelinin qurulması istiqamətində
respublikanın ümumi iqtisadi tərəqqisi prosesi ilə
uzlaşdırılmaqla mərhələli şəkildə
köklü islahatlara start verildi. Bütünlükdə
bu islahatlar sistem xarakterli dəyişikliklər yolu ilə əhalinin
sosial müdafiəsinin sosial və iqtisadi səmərəliliyin
vəhdətinə əsaslanan yeni institusional formatda fəaliyyətini
nəzərdə tuturdu.
Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş və
hazırda Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata
keçirilən uğurlu dövlət siyasəti nəticəsində
ölkəmizdə sosial müdafiəyə xas olan
bütün elementləri özündə cəmləşdirən
əhatəli və ünvanlı sosial müdafiə sistemi
formalaşmışdır. Ötən dövr ərzində
bu sahədə ciddi islahat tədbirləri həyata
keçirilmiş və sosial müdafiə sisteminin müasir
tələblərə uyğunlaşdırılması
istiqamətində əsaslı nailiyyətlər
qazanılmışdır.
Azərbaycanda həyata
keçirilən sosial siyasət ölkədə etibarlı
sosial müdafiə sisteminin formalaşmasına, əhalinin
müxtəlif təbəqələrinin, xüsusilə də
aztəminatlı ailələrin və sosial cəhətdən
həssas insanların həyat səviyyəsinin yüksəldilməsinə
geniş imkanlar yaratmışdır. Bu gün Azərbaycan
kifayət qədər geniş əhali kateqoriyalarını əhatə
edən sosial təminat sisteminə malik bir ölkə kimi
seçilir və həssas əhali qruplarına münasibətdə
Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən
humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb
edir.
Dünya Bankı mütəxəssislərinin
hesablamalarına görə, ölkənin sosial müdafiə
sistemi geniş əhatəliyə malikdir və yoxsulluğun
azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək
əhalinin 90,1 faizini əhatə edir və bu sistem vasitəsilə
ödənilən pensiyalar, müavinətlər və sosial
yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin
artırılmasında mühüm rol oynayır. 2006-cı
ildən ölkədə müasir əsaslarla fəaliyyət
göstərən sosial müdafiə sistemi vasitəsilə
üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər
əmək pensiyası, 466,4 min nəfər müxtəlif
növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər
üzvü isə ünvanlı sosial yardım alır və
bu insanlara nazirliyin yerli orqanlarının xətti ilə hər
ay 316,3 milyon manat vəsait ödənilir.
Bu etibarlı sistemin birinci istiqaməti
üzrə bazar iqtisadiyyatı şəraitində sosial risklərdən
sığorta prinsipi əsasında səmərəli qorunma
mexanizmini özündə ehtiva edən, sosial sığorta, fərdi
uçot və pensiya təminatı sahəsindəki
funksiyaların bir-birini tamamladığı vahid dövlət
pensiya sistemi vasitəsilə yaşa, əlilliyə və ailə
başçısını itirməyə görə əmək
pensiyaları ödənilir.
Sosial müdafiənin digər
ayrıca istiqaməti kimi dövlət büdcəsindən
maliyyələşdirilən sosial müavinətlər sistemi
fəaliyyət göstərir. Bu müavinətlər
əmək pensiyası almaq hüququ olmayan şəxslərə
verilir və onların yaşayışını minimal səviyyədə
təmin etmək və ya hansısa istiqamət üzrə
konkret ehtiyaclarını qarşılamaq məqsədi
daşıyır.
Əhaliyə sosial ödənişlər
sistemində tamamlayıcı amil qismində
üçüncü istiqamət üzrə isə aztəminatlı
əhalinin minimum maddi tələbatının ödənilməsinə
yönəldilən ünvanlı dövlət sosial yardım
proqramı həyata keçirilir. Dövlət büdcəsindən
maliyyələşdirilən və aztəminatlı əhalinin
gəlirlərinin ehtiyac meyarı ilə müəyyən
olunan bəlli bir gəlir səviyyəsinin üzərinə
çıxarılmasını nəzərdə tutan bu
yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin
əhali kateqoriyalarının istehlak və xidmətə əlçatanlığının
artırılması üçün reallaşdırılan
mühüm sosial müdafiə tədbiridir.
Qloballaşan dünyada informasiya
və kommunikasiya texnologiyalarının rolu və onun cəmiyyətin
inkişafında əhəmiyyəti artmaqdadır. Bu texnologiyalar
iqtisadiyyatda stimullaşdırıcı faktorla yanaşı cəmiyyətin
müxtəlif sahələrində, o cümlədən sosial
sahədə də sabitliyin və şəffaflığın
yaranmasına şərait yaradır.
Bu əsasda Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət
istiqamətləri üzrə müasir texnologiyalar və
innovativ yeniliklərin geniş tətbiqi ilə qabaqcıl
dünya təcrübəsinə söykənən kompleks tədbirlər
həyata keçirilir ki, bu da sosial sferada modernləşməni,
habelə uzunmüddətli maliyyə dayanıqlığı
əsasında etibarlı sosial müdafiəni təmin etməyə
imkan verir. Eyni zamanda nazirliyin sosial cəhətdən
həssas əhali kateqoriyaları ilə işində qeyd
olunan mühüm texnoloji innovasiyalar təbii olaraq əhaliyə
göstərilən xidmətlərin elektron müstəvi
üzərindən təşkili imkanlarını genişləndirmiş
və bu əsasda nazirliyin böyük sosial tələbə
malik 30-dək elektron xidməti istifadəyə verilmişdir.
Cari ilin birinci rübündə
“Elektron hökumət” portalı vasitəsilə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi
elektron xidmətlərdən 2 milyon 607 min dəfə istifadə
olunmuşdur ki, bu da ölkə üzrə bu portal vasitəsilə
bütün elektron xidmətlərdən istifadənin 52,6
faizini təşkil edir.
İqtisadiyyatın
sosialyönümlü inkişafında məşğulluq
amilinin ön planda saxlanılması, aztəminatlı ailələr
üçün passiv sosial təminat tədbirlərindən
dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə
keçid, hər bir əməkqabiliyyətli ölkə vətəndaşının
səmərəli məşğulluq imkanlarına malik
olmasına şərait yaradılması Azərbaycan Prezidenti
cənab İlham Əliyevin respublikanın sosial-iqtisadi
inkişaf modelini formalaşdıran siyasətinin əsas
prioritetlərindən biridir. Nəticədə
ölkənin əmək ehtiyatlarından dolğun istifadə,
əhalinin məşğulluğu dövlətin sosial
firavanlığın təminatına yönələn siyasət
kursunun aparıcı bir sahəsi kimi formalaşaraq, ölkədəki
iqtisadi inkişaf proseslərinin və islahatların səmərəlilik
göstəricisi kimi çıxış edir. Bunun əməli
təsdiqi kimi iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi
şəraitində əməktutumlu sahələrin
yaradılması, iri infrastruktur layihələrinin icrası,
özəl sektorun, xüsusən kiçik və orta
sahibkarlığın genişlənməsinə yönələn
investisiya fəallığının, digər tərəfdən,
regionların inkişafının hərtərəfli dəstəklənməsi
ölkədə yeni iş yerlərinin
açılmasını daimi prosesə çevirib.
Ümumilikdə son 13 il ərzində qeyri-neft
iqtisadiyyatının genişləndirilməsi şəraitində
1,5 milyondan çox yeni iş yerinin
yaradıldığı ölkəmizdə əmək
bazarında sabitliyə və işsizliyin 5 faizədək
azaldılmasına nail olunub.
Dövlət məşğulluq siyasətinin
bütün istiqamətlər üzrə gücləndirilməsi
çərçivəsində əmək bazarı
proqramlarının genişləndirilməsi, ölkədə
ailə biznesinin inkişaf etdirilməsi baxımından
dövlət başçısının 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən əhalinin
özünüməşğulluğunun təmin olunması
ilə bağlı ilk dəfə ölkəmizdə dövlət
səviyyəsində icra edilən proqram mühüm əhəmiyyətə
malikdir. İcrasına start verilmiş bu
özünüməşğulluq proqramına ölkə
üzrə təqribən 1400-dən çox ailə cəlb
olunub ki, bu məqsədlə 6 milyon manat vəsait
ayrılıb. Hazırda praktik icra mərhələsində
olan bu proqram təkcə məşğulluğun təminatı
məqsədinə deyil, həm də kiçik və orta
sahibkarlığın dəstəklənməsinə yönəlib.
“İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbul
edilməsi ilə bu sahədə ayrıca sosial sığorta
sisteminin tətbiqi və bu əsasda adekvat maliyyə təminatının
formalaşması nəticəsində ölkə üzrə
məşğulluq tədbirlərinin əhəmiyyətli
şəkildə genişləndirilməsi nəzərdə
tutulur.
Ölkəmizdə iqtisadiyyatın rəqabətqabiliyyətliyinin,
inklüzivliyinin və sosial rifahın daha da
artırılmasına yönəlik genişmiqyaslı
islahatlar, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi
şəraitində əmək münasibətlərinin səmərəli
tənzimlənməsi, bu münasibətlər sisteminin
iştirakçılarının hüquq və təminatlarının
effektiv müdafiəsi, adekvat nəzarət mexanizmlərinin tətbiqi
layiqli əmək konsepsiyasının uğurla
reallaşdırılması istiqamətində qarşıda
duran prioritet vəzifələrdəndir. Bu baxımdan Prezident
cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əmək
münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı
mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir və
sərəncamla nəzərdə tutulan tədbirlərin
icrası əmək münasibətləri sferasında meydana
çıxan aktual məsələlərin konseptual
diaqnostikası və həlli, eləcə də bu sahədə
inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə
əsasında inkişaf etdirilməsi üçün vacib
önəm daşıyır.
Beləliklə, ölkə həyatının
bütün sahələrində əldə olunan
mühüm nailiyyətlər, o cümlədən sosial
sferada da çevik idarəçilik, əhatəlik, səmərəlilik,
şəffaflıq və ünvanlılıq prinsiplərinə
söykənən mütərəqqi sosial müdafiə
sisteminin qurulması Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin müasir dövlət quruculuğu fəlsəfəsinin
uğurla gerçəkliyə çevrildiyini göstərir.
Ulu öndərin milli inkişaf modelinin
qloballaşma proseslərinə və müasir dövrün
reallıqlarına uyğun şəkildə
reallaşdırılmasının nəticələrindən
biri kimi formalaşan bu sistem dünyada maliyyə-iqtisadi
böhranın mövcud olduğu indiki dövrdə də
respublika əhalisinin etibarlı sosial müdafiəsini təmin
etməyə imkan verir.
Səlim MÜSLÜMOV,
Azərbaycan Respublikasının əmək və əhalinin
sosial müdafiəsi naziri,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-
2017.-5 may.- S.6.