Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub
Birinci vitse-prezident xanım Mehriban
Əliyeva açılışda iştirak edib
Mayın
4-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı
təmirdən sonra açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə xanım Mehriban Əliyevaya məlumat verdilər.
Bildirildi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Universitet dördmərtəbəli binaya 1997-ci ildə köçüb. İndiyədək burada heç vaxt əsaslı təmir işləri aparılmamışdı. Bu ali məktəbin tədris korpusu əsaslı təmirdən sonra müəllimləri və tələbələri qəbul etməyə hazırdır. Ali təhsil ocağında təmir işlərinə düz bir il əvvəl - 2016-cı ilin mayında başlanılıb. Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - rəssamlıq, kulturologiya, musiqi sənəti, kino və televiziya, teatr fakültəsi var. Bu korpusda isə üç fakültə fəaliyyət göstərir.
Xanım Mehriban Əliyeva korpusun foyesində quraşdırılan “Rəşadətli Azərbaycan Ordusu” adlı stendə baxdı. Burada 2016-cı ilin 2-5 və 27-28 aprel tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dağılan evləri və dinc əhaliyə dəyən ziyanı əks etdirən fotolar yer alıb. Stenddə Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərləri, həmçinin düşmənin darmadağın edilməsini əks etdirən fotolar təqdim olunur.
Birinci vitse-prezident Mehriban Əliyeva tədris korpusundakı “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə yaradılan şəraitlə də maraqlandı.
Heydər Əliyev Mərkəzi 2015-ci ildən etibarən Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrənilməsi, inkişaf etdirilməsi, tədqiqi və daha geniş auditoriyalarda təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Heydər Əliyev məktəblərinin yaradılması layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi” yaradılıb. Bu Məktəbdə nümayiş olunan ekspozisiyalar və məlumatlar üzrə foto, video və çap materiallarının toplanması, sistemləşdirilməsi və müvafiq bölmələrdə yerləşdirilməsi ilə bağlı kompleks işlər görülüb. Bununla əlaqədar Azərbaycan Dövlət Kino-Foto Sənədlər Arxivindən, Azərbaycan Dövlət İnformasiya Agentliyindən (AZƏRTAC), Prezident Administrasiyasının foto-arxiv şöbəsindən ulu öndər Heydər Əliyevə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin yeni dövrünə aid 150-yə yaxın foto seçilərək müvafiq bölmələrdə yerləşdirilib və xüsusi elektron lövhələrdə interaktiv şəkildə təqdim edilir.
Universitetdə kitabxana-informasiya mərkəzi
də qurulub. Ali təhsil müəssisəsinin
kitabxana fondunda 40 mindən çox ixtisas ədəbiyyatı
var. Onlardan 21 mini məhz
bu mərkəzdə yerləşir. Universitetin kitabxanasında
Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və
incəsənətə diqqət
və qayğısını
əks etdirən 70-yə
yaxın kitab var.
Azərbaycanın
Birinci vitse-prezidenti universitetdəki kiçik
səhnə ilə də tanış
oldu. Məlumat verildi ki, əvvəllər burada normativlərə uyğun
olmayan zal var idi. İndi isə ən müasir avadanlıqla təchiz edilən səhnə qurulub. Təmirdən sonra tədris
korpusu ən müasir işıq və səs avadanlığı ilə
təchiz olunub, 10-a yaxın yaradıcılıq
otağı yaradılıb.
Zirzəmidə inventar otaqları,
səsyazma studiyaları,
operator otaqları, musiqi
zalı yerləşir.
Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “SABAH” qrupları da fəaliyyət göstərir. “SABAH” qrupları layihəsindən məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəricilərinə görə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Universitetin 31 tələbədən ibarət bu qrupu artıq qastrol səfərlərinə də gedir. Onlar Lənkəranda, Mingəçevirdə və Polşada olublar. “SABAH” qrupu üçün mütəmadi olaraq ustad dərsləri də təşkil edilir.
Məlumat verildi ki, korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar. Tələbələr yaratdıqları əsərlərə sonradan elə həmin otaqlarda qurulan ekranlar vasitəsilə baxıb, onları müzakirə edə biləcəklər.
Əsaslı təmirdən sonra
ali təhsil ocağında yaradılan
şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident
xanım Mehriban Əliyeva universitetə fəaliyyətində
uğurlar arzuladı.
Azərbaycan.- 2017.- 5 may.- S. 3.