Azərbaycan-Pakistan əlaqələrinin inkişafı məsələləri müzakirə edilib

 

Mayın 4-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Pakistan Milli Assambleyası sədrinin müavini Murtaza Abbasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan və Pakistan dostqardaş ölkələrdir. O, qonaqların ölkəmizə bu səfərinin Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna təsadüf etdiyini məmnunluqla bildirib. Qeyd edib ki, müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərləri, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.

Parlament sədrinin birinci müavini bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olan Pakistanla əlaqələr bir çox sahələrdə yüksələn xətlə inkişaf edir. Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq daha da möhkəmlənir.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, iqtisadi, hərbi-texniki sahələrdə səmərəli əməkdaşlıq inkişaf edir.

Birinci vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun fəsadları və aradan qaldırılması istiqamətində atılan addımlar barədə danışıb. O, müxtəlif dövrlərdə BMT-nin Baş Assambleyasında münaqişənin həlli ilə bağlı qəbul edilən qətnamələr barədə söhbət açıb və Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib. Milli Məclis sədrinin birinci müavini 2012-ci ildə Pakistan Senatında Xocalı soyqırımı ilə bağlı qəbul olunan sənədin önəmini qeyd edib.

Ziyafət Əsgərov bildirib ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İlielan olunub. Bu çərçivədə ölkəmizdə IV İslam Oyunları keçiriləcək. O, bu idman yarışlarında iştirak edəcək pakistanlı idmançılara müvəffəqiyyətlər arzulayıb.

Pakistan Milli Assambleyası sədrinin müavini Murtaza Abbasi qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkəmizə səfərindən məmnun qaldığını deyib. O, Bakıda keçirilən Forum münasibətilə təbriklərini çatdırıb və tədbirin işinə uğurlar arzulayıb. Bildirilib ki, qarşılıqlı səfərlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən deputatların görüşləri, müxtəlif beynəlxalq tədbirlərdə səmərəli əməkdaşlığı çox önəmlidir.

Murtaza Abbasi ölkəsində həyata keçirilən Çin-Pakistan dəhlizi layihəsi barədə məlumat verib. O, ümid etdiyini bildirib ki, bu layihənin reallaşması bütün müsəlman ölkələri üçün faydalı olacaq.

Söhbət zamanı tərəfləri maraqlandıran bir sıra aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 5 may.- S. 3.