Azərbaycan parlamentində bir
sıra görüşlər
keçirilib
Mayın 4-də Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə
olan Brüssel-Paytaxt Regionu Parlamentinin nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
Valeh Ələsgərov
Azərbaycanın qazandığı
uğurlardan, ölkəmizdə
həyata keçirilən
islahatlardan geniş söz açıb.
Milli Məclis
sədrinin müavini deyib ki, Azərbaycanın
xarici ticarətdə əsas tərəfdaşları
Avropa İttifaqı ölkələridir. Bu gün
Azərbaycanda yüzlərlə
Avropa şirkəti çalışır, iqtisadiyyatımızın
inkişafına öz
töhfələrini verir.
Əfsuslar olsun ki, Belçika ilə Azərbaycan arasında iqtisadi əlaqələr istənilən səviyyədə
deyil. Ancaq ölkəmizdə iyirmiyə yaxın Belçika şirkəti daimi olaraq fəaliyyət
göstərir.
Azərbaycanın bərabərhüquqlu tərəfdaş
kimi hər bir ölkə ilə əməkdaşlığa
hazır olduğunu söyləyən V.Ələsgərov
qonaqlara ölkəmizin
təşəbbüsü ilə həyata keçirilən iri enerji, nəqliyyat layihələri barədə
məlumat verib.
Söhbət zamanı Milli Məclis sədrinin müavini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin ağır
nəticələri barədə
də danışıb.
Valeh Ələsgərov
Bakıda keçirilən
IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyətini qeyd edib, Azərbaycanın sivilizasiyalararası və
dinlərarası dialoqa
verdiyi töhfədən
söhbət açıb.
Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkara Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi
baxımından yaxşı
platforma olduğunu deyib.
Parlamentin
nümayəndələri Azərbaycanda
olduqları müddətdə
ölkəmizin tarixi,
mədəniyyəti və
müxtəlif sahədəki
uğurları ilə
yaxından tanış
olduqlarını bildiriblər.
***
Həmin gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə
səfərdə olan
ABŞ-ın Aydaho ştatının senatoru
Mark Hagedorn ilə də görüşüb.
Valeh Ələsgərov
Azərbaycan-ABŞ əlaqələrindən
danışıb, bu əlaqələrin möhkəm
təməllər üzərində
qurulduğunu vurğulayıb. O, ölkələrimizin
müxtəlif sahələrdə
əməkdaşlığı inkişaf etdirməsi üçün yaxşı
imkanların olduğunu
söyləyib. Bildirib ki,
Azərbaycan üçün
kənd təsərrüfatı
məhsullarının istehsalı
və ixracı, turizmin inkişafı, müasir texnologiyalar əsasında qurulmuş istehsalın təşkili
çox önəmlidir.
Bu baxımdan, ABŞ-ın ayrı-ayrı ştatlarının təcrübəsini
öyrənmək də
ölkəmiz üçün
faydalı olar.
Aydaho ştatında
müasir texnologiyalar əsasında qurulmuş sənaye, tədqiqat müəssisələrinin fəaliyyətindən
danışan V.Ələsgərov
bildirib ki, bu ştat bu
gün turizm məkanına çevrilib. Azərbaycanın
turizmin inkişafına
önəm verdiyini deyən sədr müavini Aydahonun bu sahədə də təcrübəsinin
öyrənilməsinin faydalı
ola biləcəyini
qeyd edib.
Senator
Mark Hagedorn Azərbaycanın
neft və qaz sahəsində həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduqlarını
bildirərək deyib:
“Ölkənizin bu sahədəki təcrübəsi
bizim üçün
də maraqlıdır.
Bu yaxınlarda Aydaho ştatında neft və qaz
ehtiyatları kəşf
edilib. Bu, bizim üçün çox böyük bir hadisədir. Amma bilmirik ki, neft
və qaz ehtiyatlarından necə istifadə edək. Ona görə də bu sahədə Azərbaycanın təcrübəsindən
bəhrələnəcəyik. Azərbaycanın təcrübəsi bizim üçün çox önəmlidir”.
Senator Azərbaycanın böyük mədəniyyətlərin,
adət-ənənələrin məhək daşı olduğunu vurğulayıb. O deyib ki, ABŞ Azərbaycanla bir sıra sahələrdə
əməkdaşlıq imkanlarını
genişləndirir, xüsusilə
də iqtisadi əlaqələrin gücləndirilməsi
vacib və əhəmiyyətlidir.
***
Mayın 4-də Brüssel-Paytaxt Regionu Parlamenti nümayəndə
heyətinin Milli Məclisdə daha bir görüşü beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədr müavini Sevinc Fətəliyeva ilə olub.
Sevinc Fətəliyeva
Azərbaycanda keçirilən
mötəbər beynəlxalq
tədbirlər, xüsusilə
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu barədə danışıb. O, həmçinin
ölkəmizdə hökm
sürən multikultural,
tolerant mühit barədə
məlumat verib,
2016-cı ilin Azərbaycanda
“Multikulturalizm İli”,
2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan
S.Fətəliyeva bildirib
ki, ölkəmiz bu problemin sülh
yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin Ermənistanın
qeyri-konstruktiv mövqeyi
ucbatından problem indiyədək
həllini tapmayıb.
O, Azərbaycan ərazisinin
20 faizinin işğal
olunduğunu, ölkəmizin
bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini
diqqətə çatdırıb.
Komitə sədrinin müavini bu gün beynəlxalq
münasibətlərdə ikili standartların artıq normaya çevrildiyini bildirib, bunun qəbuledilməz olduğunu vurğulayıb. O əlavə
edib ki, Azərbaycan sağlam, bərabərhüquqlu əməkdaşlığı
qəbul edən bir dövlətdir.
Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkara IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu
bildirib. O, bu səfərin, eyni zamanda, Azərbaycan xalqı və mədəniyyəti ilə
yaxından tanış
olmaq imkanı yaratdığını qeyd
edib. Xalqlar arasında düzgün
münasibətlərin formalaşmasında
parlament diplomatiyasının
rolu xüsusi vurğulanıb.