Ulu öndər Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir

 

Ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə 43 dəfə gənclərlə bağlı tədbirdə iştirak edib, çıxışlarında onlara dəyərli tövsiyələrini verib. Ümummilli Lider on il ərzində gənclərlə bağlı 20 fərman, sərəncam və qanun imzalayıb. MDB ölkələrinin rəhbərləri arasında gənclərlə ən çox görüşən, onların problemlərinə ən çox diqqət ayıran məhz ulu öndər Heydər Əliyev idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov mayın 4-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” adlı tədbirdə deyib.

Müstəqilliyin ilk illərində Azərbaycanda anarxiya və xaosun, hərc-mərcliyin baş alıb getdiyini, ölkə iqtisadiyyatının tənəzzülə uğradığını, Ermənistanın Azərbaycana hərbi təcavüzünün daha da şiddətləndiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi qeyd edib: “Belə bir vəziyyətdə o dövrkü hakimiyyətin gənclərlə məşğul olmağa nə vaxtı, nə həvəsi, nə də səriştəsi vardı. Azərbaycanda dövlət gənclər siyasəti yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı. Gənclər siyasətinin önəmini dərk edən Ulu Öndər belə çətin şəraitdə 1993-cü ilin sentyabrında - Ali Məclisin sədri işləyərkən gənclərin böyük bir qrupu ilə görüşdü, ətraflı müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Məhz həmin təkliflər əsasında 1994-cü ilin iyununda Azərbaycanda dövlət gənclər siyasətini həyata keçirməli olan Gənclər və İdman Nazirliyi yaradıldı. Artıq həmin vaxtdan 23 il keçib və bu nazirliyin gördüyü işlər Ulu Öndərin nə qədər uzaqgörən addım atdığını təsdiqləyir. Bir qədər sonra Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin birinci forumu keçirildi. Bu, müstəqilliyimizi əldə etdikdən sonra gənclərlə bağlı keçirilən ən böyük tədbir idi. Ulu Öndər həmin forumda geniş nitq söylədi. O, nitqində gənclər siyasətinin məqsəd və vəzifələrini, prioritetlərini dəqiqliklə açıb göstərmişdi. Həmin gündən sonra gənclərlə iş ən yüksək səviyyədə və konkret hədəfə yönəlməklə aparılmağa başlandı”.

Dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan T.Süleymanov qeyd edib ki, Azərbaycanda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müasir infrastruktur, o cümlədən gənclər evləri, təhsil mərkəzləri, mədəniyyət müəssisələri, idman kompleksləri yaradılıb.

“Avropa Şurasının üzvü olan 47 ölkə var ki, onlardan yalnız ikisində - Azərbaycanda və Gürcüstanda həm Gənclər və İdman Nazirliyi, həm də Gənclər Fondu fəaliyyət göstərir. Azərbaycan Gənclər Fondu gənclər təşkilatlarının, həmçinin gənclərin fərdi layihələrinə böyük dəstək göstərir. Əminəm ki, gənclərimiz onlar üçün yaradılan bu şəraitdən faydalanacaq və yeni layihələrlə çıxış edəcəklər”, - deyə T.Süleymanov bildirib.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində dünyanın sürətlə inkişaf etməkdə olan ölkələrindən birinə çevrilib. O qeyd edib ki, məhz Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik yaranıb, respublika iqtisadiyyatı dirçəlməyə başlayıb. Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan gəncliyinin inkişafı üçün də yeni imkanlar yaradıb. Məhz Ulu Öndərin rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla reallaşdırılır.

Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Ümummilli Liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycana rəhbərliyinin hər iki dövründə Ulu Öndər respublikamızı inkişaf yoluna çıxarıb, ölkəmizin firavan gələcəyinin istiqamətini müəyyənləşdirib. Azərbaycan gəncliyi bu amalın gerçəkləşməsi üçün daim Heydər Əliyevin yanında olub, onu dəstəkləyib. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə, “Asan Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Bəxtiyar İslamov çıxışlarında bildiriblər ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alıb, müasir ixtisaslara yiyələniblər. Ulu Öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyil ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.

Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsinin qaliblərindən olan Gülnar Xəlilova, Könül Əlizadə və Cəbrayıl Fərzəliyev ölkəmizdə uğurla reallaşdırılan gənclər siyasətinin onların həyatında oynadığı roldan danışıblar.

Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı film nümayiş etdirilib.

 

Azərbaycan.- 2017.- 5  may.- S. 4.