Bilik Fondu silsilə tədbirlər təşkil edir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirir.
Mayın 3-də Bilik Fondu və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov açaraq bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2017-ci ilin “İslam həmrəyliyi İli” elan edilməsi IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün böyük tarixi hadisədir.
AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov Heydər Əliyev və İslam həmrəyliyi ideyasını fəlsəfi cəhətdən şərh edərək bu sahədə ulu öndərin uzaqgörənliyinə diqqət çəkib. S.Hüseynov ölkə daxilində müxtəlif dinlərə mənsub insanların həmrəyliyə nail olmasını, təriqətlərarası ayrı-seçkiliyə son qoyulmasını, etnik və dini dözümlülüyün bərqərar edilməsini həmrəyliyin başlıca amili kimi dəyərləndirib.
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi və “İslam həmrəyliyi ili” çərçivəsində “Heydər Əliyev və dini, milli, mənəvi dəyərlərimiz: İslam həmrəyliyi ili kontekstində” mövzusunda konfrans keçirilib
Konfransda 6 universitetin - Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, “Azərbaycan” Universitetinin tələbələri, rayonun rəsmi qurumlarının nümayəndələri, yerli ziyalılar iştirak ediblər.
Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova çıxış edərək, bildirib ki, Heydər Əliyevin ən böyük arzularından biri, bütün xalqların birgə yaşadığı sülhpərvər cəmiyyətin qurulması idi ki, artıq Azərbaycanda belə cəmiyyət qurulub və sürətlə inkişaf edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin şöbə müdirinin müavini Aqşin Axundov Heydər Əliyevin milli-mənəvi dəyərlərin və dövlətçiliyin daim keşiyində dayandığını, Azərbycanın inkişafı üçün yorulmadan çalışdığını diqqətə çatdırıb.
A.Axundov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin siyasətini davam etdirməsinin nəticəsində ölkəmiz tolerantlığı ilə dünyaya nümunədir.
Həmin gün Bilik Fondunun Oğuz rayon Bilik evində də ulu öndər Heydər Əliyevin doğum gününün 94 illiyi münasibəti ilə “dəyirmi masa” keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Oğuz rayon Məşğulluq İdarəsinin əməkdaşları, rayon ziyalıları və Bilik evinin müəllim və tələbələri iştirak edib.
Tədbirdə çıxış edən Oğuz Bilik evinin direktoru Anar Məcidov ümummilli lider Heydər Əliyev və onun çoxşaxəli fəaliyyəti barədə “dəyirmi masa” iştirakçılarına məlumat verib.
Azərbaycan.- 2017.- 5 may.- S. 4.