"12-ci oyunçumuz azarkeşlər
olacaq"
Futbol üzrə milli
komandamız İslamiadaya hazırdır
IV
İslam Həmrəyliyi Oyunlarının başlamasına
çox az vaxt qalıb. Son
illər mühüm siyasi, iqtisadi və idman tədbirlərinə
evsahibliyi etməklə beynəlxalq tədbirlərin keçirilməsi
məkanına çevrilən Azərbaycan sayca IV
İslamiadaya da tam hazırdır.
Müsəlman aləminin ən möhtəşəm
idman tədbirini azarkeşlər böyük səbirsizliklə
gözləyirlər. 57 ölkədən 3 mindən çox
atlet müxtəlif idman növlərində dostluq və
qardaşlıq şəraitində mübarizə aparacaqlar.
Ən güclülərin
yarışacağı idman növləri içərisində
futbola maraq göstərənlər çoxdur. İslamiadalar tarixində ilk dəfə futbol bir
idman növü kimi proqrama daxil edilib. Milli
komandamızın da yer aldığı futbol
yarışlarındakı bütün qrup oyunlarına biletlər
satılıb.
IV İslam Həmrəyliyi Oyunlarının futbol
yarışlarında 23 yaşadək futbolçulardan ibarət
8 yığma komanda mübarizə aparacaq. A qrupunda yarışacaq
millimiz mayın 8-də “Bayıl Arena”da Kamerun, mayın 11-də
Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş
yığmaları ilə qarşılaşacaq. Komandamızın baş məşqçisi
Yaşar Vahabzadə yekun siyahıya 23 futbolçunun
adlarını daxil edib. Bunlar qapıçılar Emil
Balayev (“Səbail”), Şahrudin Maqomedaliyev (“Qarabağ”), Tərlan
Əhmədli (“Sumqayıt”), müdafiəçilər Məqsəd
İsayev, Ruslan Abışov, Rahil Məmmədov
(hamısı “Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı
(hər ikisi “Sumqayıt”), Tellur Mütəllimov (“Qəbələ”),
Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”),
yarımmüdafiəçilər Fəhmin Muradbəyli
(“Neftçi”), Mirabdulla Abbasov (“Sumqayıt”), Elşən
Abdullayev, Coşqun Diniyev (ikisi də “Qarabağ”), Rəşad
Sadiqov, Elvin Camalov (hər ikisi “Qəbələ”), Vüqar
Mustafayev (“Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi
“Kəpəz”), Elnur Cəfərov (“Duqopolye” Xorvatiya),
hücumçular Mahir Mədətov və Ağabala
Ramazanovdur (ikisi də “Qarabağ”).
“Bakı-2017” gənc futbolçular
üçün böyük təcrübədir
Mayın
8-də İslamiada çərçivəsində futbol
yarışlarına start veriləcək. Yığmamızın
nəyə qadir olduğunu və hazırkı vəziyyət
ilə bağlı bəzi suallara aydınlıq gətirmək
üçün komandamızın Mərdəkandakı AFFA
Futbol Mərkəzində açıq məşqində
iştirak etdik. Futbolçularımızın
məşq prosesi çox gərgin şəkildə
keçirdi. Baş məşqçi
Yaşar Vahabzadə ara-sıra məşqi saxlayır,
futbolçulara öz məsləhətlərini verir, bəzi
epizodlar barədə onları məlumatlandırırdı.
Mətbuata açıq edilən 15 dəqiqəlik
məşq prosesindən sonra futbolçulardan bəziləri
ilə görüşüb söhbət etdik.
Milli
komandamızın kapitanı, IV İslam Həmrəyliyi
Oyunlarının idmançı səfiri Ruslan Abışov
turnirə çox həvəslə
hazırlaşdıqlarını dedi: “İlk öncə
İslamiadada yarışacaq bütün
idmançılarımıza uğurlar arzulayıram. Çox gərgin məşq prosesi keçirik.
İslamiadaya futbolçuların yarışı ilə start
veriləcək. Bu bir çox futbolçuda həyəcan
yaratsa da, eyni zamanda böyük fəxrdir. Federasiya rəhbərliyi öz köməyini bizdən
əsirgəmir, yaxşı nailiyyətlər
qazanmağımız üçün əllərindən gələni
edirlər. Bir sözlə, hər bir şərait
yaradılıb. Millimizin oyunlarına biletlərin
tükəndiyini öyrəndik. 12-ci
oyunçumuz azarkeşlərimiz olacaq. İnşallah,
onların dəstəyi ilə Kamerun yığması ilə
qarşılaşmadan 3 xalla ayrılarıq. Xüsusilə bu cür görüşlər gənc
futbolçular üçün böyük təcrübə
olacaq”.
R.Abışov
IV İslamiadanın Azərbaycanda keçirilməsinin hər
bir vətəndaşda böyük qürur hissi
doğurduğunu diqqətə çatdıraraq “Bakı-2017”nin idmançı səfiri təyin
olunmasına da münasibət bildirdi: “Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Oyunların Təşkilat
Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə,
hər bir beynəlxalq tədbir təşkilatçısına
nümunə ola biləcək şəkildə başa vurub. Belə mötəbər bir idman tədbirində
idmançı səfir seçildiyimi eşidəndə
böyük sevinc hissi keçirdim. İslamiadanın
təbliğatı ilə bağlı bir sıra
görüşlərdə iştirak etdim. Layihələrdən biri sayılan “Domestic Grassroots”
proqramı çərçivəsində yeniyetmə və
gənc idmançıları həvəsləndirmək,
onlara idman karyeralarında dəstək vermək məqsədi
ilə master-klasslar keçdik. Master-klasslar
zamanı idmanla maraqlanan yeniyetmələrin və həvəskarların
praktik məsləhətlərdən yararlanaraq, gələcək
karyeralarında uğurlar qazanmaq imkanı əldə edəcəklərinə
inanıram”.
Milli komandamızın üzvü, Xorvatiyanın
“Duqopolye” klubunun hücumçusu Elnur Cəfərov isə
islamiadalar tarixində ilk dəfə futbol
yarışlarında iştirak edəcəyi
üçün çox sevincli olduğunu bildirdi. Qeyd etdi ki,
idmançılara hər zaman dövlət tərəfindən
diqqət göstərilib. Biz də
çalışacağıq ki, həm dövlətin, həm
də xalqın etimadını layiqincə doğruldaq: “Hər
şey baş məşqçidən asılıdır. Baş məşqçi Yaşar Vahabzadə şans
versə, özümü göstərəcəyəm. Diqqətimi milli komandanın uğur qazanmasına
yönəltmişəm. Karyeramı
hansı klubda davam etdirəcəyim haqda yekun qərarı
İslamiadadan sonra verəcəyəm. Ola
bilsin, Azərbaycana qayıtdım. Dəqiq
bilinmir. Xaricdən bir-iki təklif var. İslamiadadan
sonra oturub dəyərləndirəcəyəm”.
Milli komandamızın qapıçısı Emil
Balayevin məşqdən sonra fərdi şəkildə
çalışdığını gördük. Yaxınlaşıb
hazırkı durumunun hansı səviyyədə olduğu ilə
maraqlandıq. Dedi ki, İslamiadada mübarizə aparacaq
heyətdə yer almaq hər bir futbolçunun karyerasında
mühüm məqamlardan biri olacaq: “Millidə hər bir
mövqedə olduğu kimi, burada da ciddi rəqabət var.
Sağlam rəqabət hər zaman komandanın xeyrinə
işləyir. Gərgin məşq keçirik.
İnşallah, əziyyətimiz yerdə qalmaz.
Kamerun seçməsi ilə matçda
qazanacağımız 3 xalla IV İslam Həmrəyliyi
Oyunlarını salamlayarıq”.
Futbolçular dövlətin və
xalqın etimadını doğruldacaqlar
Milli komandamızın məşq prosesini izləyənlər
sırasında Azərbaycan futbolunun tanınmış mütəxəssisləri
Vaqif Sadıqovla Ağasəlim Mircavadov da var idi. Onların
millimizin məşqini diqqətli şəkildə izlədiyinin
və komandamızın baş məşqçisi Yaşar
Vahabzadə ilə futbolçular haqda ayrılıqda
müzakirələr apardıqlarının şahidi olduq.
Əməkdar
məşqçi, milli komandamızın sabiq çalışdırıcısı,
AFFA-nın Məşqçilər komitəsinin sədri Vaqif
Sadıqov yığmanın son vəziyyəti barədə məlumat
verdi: “Millimiz IV İslam Həmrəyliyi
Oyunlarına hazırdır. Federasiya rəhbərliyi
daim komandamıza qayğı göstərir. Bilirsiniz ki, ilk dəfə olaraq Azərbaycanın 23
yaşlılardan ibarət yığma komandası
formalaşıb. Baxmayaraq ki, əksər futbolçular
çox gəncdir, belə mötəbər turnirlərdə
az sayda çıxış ediblər. Lakin heyətə dəvət edilən 3 təcrübəli
oyunçu komandaya müsbət mənada təsir göstərəcək.
Futbolçularımız doğma divarlar
arasında oynamağın məsuliyyətli və eyni zamanda
qürurverici hadisə olduğunu çox yaxşı başa
düşürlər. Biletlərin
oyunlardan bir neçə gün öncə satılıb
qurtarması yerli publikanın millimizə necə sahib
çıxdığını nümayiş etdirir.
Komandada birlik olduğu təqdirdə İslamiadada istədiyimiz
nəticəyə nail olacağıq. Futbolçuların
dövlətin və xalqın etimadını
doğruldacaqlarına inanıram”.
Vaqif Sadıqov onu da qeyd etdi ki, “Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunları təkcə müsəlman aləmində deyil,
dünya miqyasında mötəbər bir idman
yarışıdır. İslamiadada iştirak edən ölkələr bu
Oyunlara ən tanınmış və ən güclü
idmançılarını göndərirlər: “İlk
Avropa Oyunlarında Azərbaycan nümayiş etdirdiyi təşkilatçılıq
ilə dünyanı heyran qoydu. Avropa
Oyunlarının standartını müəyyənləşdirdi.
“Bakı-2017”nin
hazırlığının da tələb olunan səviyyədə
həyata keçirilməsində Oyunların Təşkilat
Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılıq
məharəti və hər bir işə böyük məsuliyyətlə
yanaşması müstəsna rol oynayır. Xüsusi
olaraq vurğulamaq istərdim ki, İslamiadada əsas məqsəd
ən güclü idmançıların müəyyənləşdirilməsi
ilə yanaşı, müsəlman xalqları arasında
dostluq və həmrəyliyin möhkəmləndirilməsi,
sülh və əmin-amanlığın təbliği olacaq”.
AFFA-nın Məşqçilər komitəsinin üzvü, milli komandamızın sabiq çalışdırıcısı Ağasəlim Mircavadov da yığmamızın İslamiadaya hazır olduğunu vurğuladı: “İlk olaraq qeyd etmək istərdim ki, tamaşaçıların biletlərə maraq göstərməsi sevindirici haldır. Bu yarış böyük təcrübə olacaq. Futbol yarışlarında Azərbaycanın çıxışı çox gözəl haldır. İlk dəfə Azərbaycanda 23 yaşlı futbolçulardan ibarət yığma komanda formalaşıb. Deyərdim ki, bu da bir məktəbdir. Baş məşqçiyə inam böyükdür. Bu yaş qrupunu çox yaxşı tanıyır. Çünki oyunçuların əksəriyyəti ilə bundan əvvəlki aşağı yaş qruplarında çalışıb. Təcrübəli futbolçuların da heyətə qoşulduğunu nəzərə alsaq yaxşı bir komanda formalaşdırıldığını deyə bilərik. Mayın 8-də qrupdakı ilk oyunumuzda qələbənin bizimlə olmasına inanırıq”.
Əsas məqsəd
qrupdan çıxmaqdır
Milli komandamızın baş məşqçisi Yaşar Vahabzadənin isə məşqdən, oyunlara hazırlıq prosesindən çox razı qaldığı hiss olunurdu. Lakin, onu narahat edən bir məqam isə komandanın heyətində yer alan 7 futbolçunun olmaması idi. “Qarabağ” və “Qəbələ”də forma geyən həmin futbolçular bu gün Azərbaycan kubokunun finalında çıxış edəcəklərindən heyətə sabah qoşulacaqlar.
Mayın 1-dən etibarən təlim-məşq toplanışına başladıqlarını deyən Yaşar Vahabzadə futbolçuların hazırlıqlarından razı qaldığını dedi: “Gündə 2 dəfə məşq keçirik. Komanda yarışın məsuliyyətini dərk edir. Ona görə də ciddi hazırlaşırıq. İlk növbədə yaxşı oyun göstərməliyik. Mətbuatdan oxuyuruq ki, bütün biletlər satılıb. Azarkeşlərin dəstəyini hiss etmək bizi ruhlandıracaq. Əsas məqsədimiz ilk olaraq qrupdan çıxmaqdır. Sonrasına baxacağıq. Rəqib komandaların oyunlarını izləmişik. Adlara görə çətin qrupa düşmüşük. İlk matçlar həmişə çətin keçir, həyəcanlı olur. Komanda fəallığını adətən oyundan-oyuna artırır. Mayın 5-də Kamerun “Sumqayıt”la yoxlama oyunu keçirəcək. Həmin görüşü də stadiondan izləyəcəm. Heyətdəki adlar bizə heç nə demir. Kamerunun heyətində “Monako” (Fransa), “Kayzerslauter” (Almaniya) klublarının futbolçularının olduğu deyilirdi. İlk turda Mərakeş və Səudiyyə Ərəbistanının da nəyə qadir olduğunu biləcəyik”.
Yığmamızın məşqçilər korpusu, futbolçular mayın 8-ni səbirsizliklə gözləyirlər. Həmin günü millimiz A qrupunda ilk oyununu Kamerun yığmasına qarşı keçirəcək. Görüş saat 18:30-da başlayacaq. Futbolçularımızda həyəcanla yanaşı, sevinc və qürur da hiss olunurdu. Azərbaycan futbol tarixində belə bir nüfuzlu idman tədbirinin ilk iştirakçıları olacaqlar.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.- 5 may.- S. 1; 8.