İslam dünyası ilə böyük görüş
Cəmi bir həftə qalıb. Mayın 12-də Bakıda növbəti böyük idman tədbirinə start veriləcək. Bu dəfə paytaxtımızın arenalarında İslam dünyasını təmsil edən atletlər mübarizə aparacaqlar. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək. Hərçənd əvvəllər bəzilərinə ilk baxışdan elə görünurdü ki, belə bir irimiqyaslı idman tədbirinin cəmi 26 il əvvəl milli müstəqilliyini bərpa etmiş gənc dövlətə həvalə olunması müəyyən qədər risklidir, çünki Azərbaycan dünyanın müxtəlif qitələrindən ancaq müsəlman ölkələrinin idmançılarını bir araya gətirməlidir.
Lakin bu, yalnız ilk baxışdan
belə idi. Həqiqət
isə budur ki, müstəqil Azərbaycan yaşının
az olmasına
baxmayaraq, müxtəlif
beynəlxalq tədbirləri,
o cümlədən idman
turnirlərini təşkil
edib keçirməkdə
zəngin təcrübə
toplamışdır. İndiyədək ölkəmiz dünya və qitə çempionatları da daxil olmaqla çoxsaylı
idman tədbirləri qəbul etmişdir. İki il
əvvəl isə Odlar yurdu Avropanın
idman tarixinə şərəfli səhifə
yazmışdır: Azərbaycan
“qoca qitə”nin ilk olimpiadasına - I Avropa Oyunlarına evsahibliyi etməklə nəinki təşkilati cəhətdən,
həm də idman uğuru baxımından misli görünməmiş qələbə
qazanmışdır. Belə ki,
təşkilati işlərin
gedişində heç
bir problem ortaya çıxmadı, qrafikdən
geri qalma halları olmadı. Növbəti Avropa Oyunlarının
standartlarını məhz
Azərbaycan müəyyənləşdirdi.
Digər
tərəfdən, Azərbaycan
atletləri Oyunlarda tarixi qələbə ilə yadda qaldılar. 50 ölkədən
10 min idmançının qatıldığı idman
tədbirində təmsilçilərimiz
56 medal (21 qızıl, 15 gümüş,
20 bürünc) qazanaraq
Rusiya atletlərindən
sonra ikinci yeri tutdular. Azərbaycan idmançılarının Avropa
kimi ən güclü idman qitəsinin ən güclü atletləri ilə yarışdıqları
nəzərə alınsa,
təmsilçilərimizin nə qədər böyük zəfərə
imza atdıqları təsəvvür olunar.
Beləliklə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını
təşkil edərək
müsəlman aləmi
miqyasında ilk böyük
idman tədbirini qəbul etməyə hazırlaşır. Həm də Bakı
Oyunlara tamamilə hazırdır. Ölkənin
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Təşkilat Komitəsi üç il əvvəl
başlamış hazırlıq
işlərini müvəffəqiyyətlə
başa vurmuşdur.
Bu, başqa cür də ola
bilməzdi. Belə ki, Mehriban xanım ilk Avropa Oyunlarının təşkili
kimi məsuliyyətli
işin öhdəsindən
uğurla gəlib kifayət qədər təcrübə toplamışdır.
O vaxt beynəlxalq idman ictimaiyyəti
I Avropa Oyunlarının
Təşkilat Komitəsinin
fəaliyyətini yüksək
qiymətləndirmiş, qitə
olimpiadasının olimpiya
oyunları səviyyəsində
təşkil olunduğunu
nəzərə çarpdırmışdı.
Odur ki, üç il əvvəl
- 2013-cü il iyulun
24-də İslam Həmrəyliyi
İdman Federasiyası
8-ci Baş Assambleyasının
növbəti İslam
Oyunlarının Bakıda
keçirilməsi barədə
qərar qəbul etməsi təsadüfi deyildi. Şübhəsiz, federasiya ölkəmizin
milli müstəqilliyin
bərpasından bəri,
bütün məlum çətinliklərə baxmayaraq,
müxtəlif sahələrdə,
o cümlədən idmanın
inkişafı istiqamətində
və beynəlxalq idman turnirlərinin təşkilində əldə
etdiyi uğurları izləyirdi. Eyni zamanda
belə bir məqam diqqətdən qaça bilməzdi ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Bütün bunlara
görə İslam Həmrəyliyi İdman Federasiyası əmin idi ki, Azərbaycanın
mövcud potensialı
və həyata keçirdiyi genişmiqyaslı
müasir infrastruktur layihələri idman yarışlarını lazımi
səviyyədə təşkil
etmək üçün
əlverişli şərait
yaradır. Həm də
ilk Avropa Oyunlarının
ardınca eyni məkanda İslam Həmrəyliyi Oyunları
kimi mötəbər
idman tədbirinin keçirilməsi Azərbaycanın
tolerantlıq və multikulturalizm prinsiplərinə
bağlılığının bariz nümunəsi kimi özünü göstərir.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi onun müsəlman aləmi ilə münasibətləri
sıxlaşdırmağa yönəlik
siyasətindən irəli
gəlir. Məlum olduğu kimi,
bu, dövlətimizin xarici siyasət xəttinin prioritet istiqamətlərindəndir. Azərbaycan islam
həmrəyliyi naminə
ayrı-ayrı müsəlman
dövlətləri ilə
qarşılıqlı əlaqələrini
genişlətməklə yanaşı,
istər İslam Əməkdaşlığı Təşkilatı, ISESCO və
müsəlman ölkələrini
birləşdirən digər
mötəbər qurumlarda,
istərsə də
regional və beynəlxalq
təşkilatlar çərçivəsində
bu ölkələrlə
əməkdaşlığı möhkəmlədir. Həmçinin Azərbaycan Ərəb Dövlətləri Liqasında
müşahidəçi statusuna
malikdir və bu təşkilatla səmərəli əməkdaşlıq
edir. Eyni zamanda ölkəmiz
ərəb dünyasının
başqa bir regional təşkilatı - Körfəz
Əməkdaşlıq Şurası
ilə münasibətlər
qurmuşdur. Bütün bunların
nəticəsi olaraq İslam sivilizasiyasının
ayrılmaz hissəsi kimi Azərbaycanın müsəlman aləmində
və ərəb dünyasında özünəməxsus
mövqeyi formalaşmışdır.
Artıq belə bir fakt
diqqəti cəlb edir ki, dövlətimiz
atdığı ardıcıl
addımlarla, irəli
sürdüyü əhəmiyyətli
təşəbbüslərlə İslam ailəsinin fəal üzvünə çevrilmişdir. İndiyədək Azərbaycan dəfələrlə
müsəlman ölkələrini
bir araya gətirən müxtəlifyönlü
tədbirlərin təşkilatçısı
olmuşdur. Məlum olduğu
kimi, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı
olmuşdur. Mədəniyyət
paytaxtı ili
çərçivəsində 100-dən
çox milli və beynəlxalq tədbir keçirilmişdir.
Həmin
ilin mühüm tədbirlərindən biri
Bakıda müsəlman
ölkələrinin mədəniyyət
nazirlərinin konfransının
keçirilməsi idi.
Diqqətəlayiq haldır ki,
foruma bir sıra Avropa dövlətlərinin nümayəndələri
də dəvət olunmuşdular. Bununla
Azərbaycan ənənəsinə
sadiq qalmışdı:
2008-ci ildə Avropa Şurasının üzvü
olan dövlətlərin
mədəniyyət nazirlərinin
Bakıda keçirilmiş
“Mədəniyyətlərarası dialoq Avropa və
onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır”
mövzusunda konfransında
İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(İSESKO), Ərəb Dövlətləri
Liqası ölkələrinin
Elm, Mədəniyyət və
Təhsil Təşkilatının
(ALEKSO) yüksək rütbəli
nümayəndələri də
iştirak etmişdilər.
Gələn il başqa bir şəhərimiz - Naxçıvan
İslam mədəniyyətinin
paytaxtı olacaq. Eyni zamanda Prezident
İlham Əliyevin sərəncamı ilə
2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdir. Ölkəmizin müxtəlif
bölgələrində tədbirlər
çərçivəsində müsəlman dünyasının
üzləşdiyi problemlər
və çıxış
yolları, islam
həmrəyliyinə verilə
biləcək töhfə
müzakirə edilir.
Heç şübhəsiz, hazırda
son dərəcə mürəkkəb
tarixi mərhələdən
keçən müsəlman
aləminin qarşılaşdığı
çağırışlara cavab vermək üçün ilk növbədə
həmrəyliyə ehtiyacı
var. Bu baxımdan Bakıda
keçiriləcək İslam
Oyunları dünya müsəlmanlarının həmrəyliyinə
mühüm töhfə
olacaq. On gün
ərzində İslam
dünyasının diqqəti
Azərbaycan paytaxtına
yönələcək. Oyunlar həm Azərbaycan, həm də bütövlükdə İslam
dünyası üçün
böyük əhəmiyyət
kəsb edir; Bakı həm müsəlman idmançılarını
bir araya gətirəcək, həm
də Azərbaycan İslam aləmi ilə indiyədək ən böyük görüşünü keçirəcək.
Azərbaycan.- 2017.- 5 may.- S.9.