Bakıda
UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq
Şəbəkəsinin 3-cü toplantısı təşkil
edilib
“Bakı
prosesi” dünyanı narahat edən problemlərin müzakirə
olunduğu bir platformaya çevrilib. Azərbaycan həmişə bu
istiqamətdə iş aparıb.
AZƏRTAC
xəbər verir ki, bu fikir mayın 4-də Bakıda
keçirilən IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində UNESCO-nun İpək
Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin
üçüncü toplantısında səslənib.
Toplantıda
çıxış edən Azərbaycanın UNESCO yanında
daimi nümayəndəsi Anar Kərimov Bakının həm
müasir, həm də klassik arxitektura mədəniyyətlərinin
harmoniyası olduğunu, bu şəhərin Şərq və
Qərb memarlığı ənənələrini birləşdirdiyini
deyib. “Azərbaycan multikulturalizm ənənələrinin məkanıdır,
sivilizasiyaların kəsişdiyi ölkədir. Azərbaycan
artıq dördüncü dəfədir ki, bu nüfuzlu tədbirə
ev sahibliyi edir. Bakı dünyada mədəniyyətlərarası
dialoqun inkişafına öz töhfəsini verir”, - deyə
A.Kərimov qeyd edib. O bildirib ki, Azərbaycan İpək Yolunun
mərkəzində yerləşən bir ölkədir. Buna
görə də Azərbaycan hökuməti tərəfindən
“İpək Yolu” layihəsinə böyük dəstək
verilir.
UNESCO-nun
baş direktorunun sosial və humanitar elmlər üzrə
müavini xanım Nada əl-Nashif mövzunun
aktuallığını qeyd edib, belə bir tədbirin
Bakıda yüksək səviyyədə keçirilməsinə
görə Azərbaycan hökumətinə minnətdarlığını
bildirib. O, böyük İpək Yolunun bərpası
ideyasının gerçəkləşməsində Azərbaycanın
fəal iş aparan ölkələrdən biri olduğunu
deyib.
Toplantıda
“İpək Yolu” layihəsinin tarixindən, eləcə də
layihə çərçivəsində
görülmüş işlərdən və qarşıda
duran vəzifələrdən söz açılıb.
Bildirilib ki, İpək Yolu ilə bağlı indiyədək
4 min elmi sənəd rəqəmsallaşdırılıb.
Bundan başqa, İpək Yolu ilə bağlı veb-sayt
hazırlanıb. İpək Yolu ilə bağlı
fotomüsabiqənin keçiriləcəyi, interaktiv
atlasın hazırlanacağı diqqətə
çatdırılıb. Qeyd olunub ki, bu təşəbbüslər
gənclərin “İpək Yolu” layihəsinə cəlb
olunmalarına stimul verə bilər. Həmçinin tarixi
İpək Yolunun iki min ildən artıq müddətdə
Şərq və Qərb arasında elmin, mədəniyyətin
və ideyaların yayılması üçün
körpü rolunu oynadığı, ölkələrin zəngin
tarix və mədəniyyətlərinin gələcək
üçün qorunub saxlanmasını təmin etdiyi
vurğulanıb.
Qeyd olunub
ki, iqtisadiyyatın bir qolu olan bu yol, ilk növbədə, sərnişin,
yükdaşımalarını və mal mübadiləsini təmin
edir. Həmçinin İpək Yolu ölkələri birləşdirir,
xalqları bir-birinə yaxın edir və mədəniyyətləri
qovuşdurur. Şərqlə Qərbi birləşdirən və
Azərbaycanın da mühüm rol oynadığı tarixi
İpək Yolu buna misaldır.
UNESCO-nun
İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsi
rəhbərinin köməkçisi Annik Tebia böyük
İpək Yolunun çox geniş coğrafi ərazini əhatə
etdiyini, həm də bəşər tarixinin bir hissəsi
olduğunu deyib. Vurğulayıb ki, bununla yanaşı, İpək
Yolundan kənarda yerləşən ölkələr də bu
layihəyə cəlb edilməlidir.
Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü
Şahin Mustafayev 2016-2017-ci illərdə İpək Yolu
çərçivəsində ölkəmizdə təşkil
edilən tədbirlərdən danışıb. O, İpək
Yolunun Azərbaycanda turizmin inkişafına əlverişli
şərait yaratdığını deyib, ötən il
Şəkidə “İpək Yolu” musiqi festivalının
keçirildiyini, eləcə də İpək Yolu ilə
bağlı bir sıra nəşrlərin
hazırlandığını diqqətə
çatdırıb. Ş.Mustafayev, eyni zamanda, Böyük
İpək Yolu Beynəlxalq Gənclər Təşkilatının
yaranma tarixindən və gördüyü işlərdən
söz açıb. Qeyd olunub ki, 20-dən çox ölkənin
gənclər təşkilatlarını birləşdirən
bu qurum İpək Yolu ideyasının reallaşması istiqamətində
önəmli addımlardan biridir. Bu təşkilat qısa
müddətdə müxtəlif dillər, dinlər və mədəniyyətlər
arasında sərhədləri aradan götürüb.
Bildirilib
ki, qədim İpək Yolu ticari əhəmiyyət
daşımaqla yanaşı, həm də xalqları və
sivilizasiyaları birləşdirir. Azərbaycan öz
coğrafi mövqeyi ilə bu tarixi yolda hər zaman xüsusi əhəmiyyət
daşıyıb. Bakı, Şəki, Şamaxı, Gəncə
kimi şəhərlərdə müxtəlif xalqların
nümayəndələri öz mədəniyyətlərini,
dinlərini bölüşməklə sülh içində
yaşamanın örnəyi olublar.
Vurğulanıb
ki, qədim İpək Yolu Azərbaycan tarixində zəngin
irs qoyub. Ötən əsrin sonlarında tarixi İpək
Yolunun mədəni əhəmiyyəti yenidən artmağa
başladı. 1998-ci ildə ümummilli lider Heydər
Əliyevin bilavasitə təşəbbüsü ilə
Bakıda Avropa Komissiyası ilə birgə tarixi İpək
Yolunun bərpası məqsədilə konfrans keçirilib və
TRACECA kimi iri layihənin əsası qoyulub. Bu gün də Azərbaycan
Şərqi və Qərbi birləşdirən layihələrdə
fəal iştirak edir, həmçinin böyük layihələrin
təşəbbüskarıdır.
Toplantı
Valensiyada keçirilmiş ikinci iclasda işlənib
hazırlanmış 2016-2018-ci illər üzrə Fəaliyyət
Planının həyata keçirilməsi məsələlərinin
müzakirəsi ilə davam edib.
Azərbaycan.-
2017.- 5 may.- S. 10.