Azərbaycan ilə
Cibuti arasında siyasi
münasibətlər yüksək səviyyədədir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edildi. Parlament diplomatiyasının önəminin vurğulandığı görüşdə hər iki ölkə parlamentində yaradılan dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd edildi.
Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum qətnamələrinin qəbulunda BMT TŞ-nın o zaman qeyri-daimi üzvü kimi Cibutinin fəal rolunu yüksək qiymətləndirdi. O, həmçinin Cibuti Respublikasının Milli Assambleyasında Xocalı soyqırımına dair qətnamənin qəbul edilməsinə, ümumilikdə, Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə ölkəmiz adından təşəkkür ifadə etdi.
Mohamed Əli Huməd Azərbaycan hökuməti tərəfindən Cibuti Respublikasına edilən humanitar yardıma görə minnətdarlığını çatdırdı və hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduqlarını bəyan etdi.
Nazir Elmar Məmmədyarov iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinin vacibliyinə toxundu. Qeyd olundu ki, hər iki ölkənin əlverişli strateji coğrafi mövqeyi hava və dəniz daşımaları sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir.
Mohamed Əli Huməd Cibutini Azərbaycan üçün
Afrika və ərəb dünyasına “giriş qapısı” kimi
xarakterizə etdi və bu
xüsusda Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı ilə Cibuti portu, “Azərbaycan Hava
Yolları” QSC-nin Cibutinin
müvafiq qurumları ilə əməkdaşlığını
və qarşılıqlı səfər mübadiləsini təqdir
etdi.