Nərgiz
Paşayevanın elmi təşəbbüsləri
Azərbaycanın zəngin tarixinin və
möhtəşəm mədəniyyətinin dünyada
tanıdılmasına böyük
töhfə verir
Oksford və Nyu York
universitetlərinin professoru Robert Hoyland “Nizami Gəncəvi adına Qızıl
medal”ı akademik N.Paşayeva
ilə birgə fəaliyyətlərinin bəhrəsi hesab edir
Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən akademik Nərgiz Paşayeva və professor Robert Hoyland “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olundular.
Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, Oksford və Nyu York universitetlərinin professoru olan Robert Hoyland AZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində öz sevincini belə ifadə edib: “Akademik Nərgiz Paşayeva ilə birlikdə belə bir medala layiq görülməyimiz bizim gərgin əməyimizə verilən qiymətdir. Bu, xüsusilə professor Nərgiz Paşayevaya aiddir. Çünki o, Azərbaycan tərəfindən gördüyümüz işlərin təşkil olunmasına və həyata keçirilməsinə böyük səylər göstərib. Bundan əlavə, artıq 4 ildir ki, Azərbaycana gəlirəm və məni həmişə burada gülərüzlə, xoş məramla qarşılayırlar. Azərbaycan artıq mənim ikinci evimə çevrilməyə başlayıb. Bu baxımdan belə bir mükafata layiq görülməyimiz mənim üçün xüsusilə çox xoşdur”.
Qeyd edək ki, Nizami Gəncəvi Elmi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin universitetin təkcə şərqşünaslıq fakültəsi ilə bağlı deyil, ümumiyyətlə, bu ali təhsil ocağında digər sahələrdə elm və təhsillə bağlı bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.
Robert Hoyland 2013-cü ildə Azərbaycana gələrək burada arxeoloji qazıntıların aparılması imkanlarını nəzərdən keçirib. Səfər zamanı onu professor Nərgiz Paşayeva ilə tanış ediblər və onlar geniş müzakirələr apararaq imkanları araşdırıblar. Robert Hoyland çox istəyib ki, Bərdədə arxeoloji tədqiqatlar aparsın. Çünki Bərdə qədim Roma dövründən İslam dövrünə qədər mövcud olmuş çox əhəmiyyətli bir mədəniyyət və dövlətin paytaxt şəhəri olub. Qərb alimləri bu dövləti Qafqaz Albaniyası adı ilə tanıyırlar. Qərara gəliblər ki, bu bölgədə mövcud olmuş mədəniyyət və tarixin öyrənilməsi üçün doktorantlar və digər tələbələr üçün tədqiqat təqaüdləri təsis etsinlər. Eyni zamanda Azərbaycan və rus dillərində yazılmış elmi əsərləri ingilis dilinə çevirərək dünyada daha geniş surətdə tanıtdırsınlar ki, bu əsərlər Qərbdə daha asan əldə olunsun.
Bərdədə aparılan arxeoloji qazıntılar zamanı indiyədək araşdırılan iki maraqlı nəticə Robert Hoyland üçün xüsusi ilə yaddaqalan olub. Bunlardan biri Nizami Gəncəvinin yaşadığı dövrə -
XII əsrə aiddir. Buna qədər insanlar elə düşünürdü ki, bu dövrdə Bərdə o qədər də inkişaf etməmişdir. Lakin tədqiqatların nəticəsi araşdırmaçıları Bərdənin Qafqaz Albaniyasının paytaxt şəhəri olduğu dövrə yaxınlaşdırıb və işlər bu istiqamətdə hazırda davam etdirilir. Şəhərdə qazıntıların aparılmasına əngəl törədən məsələlərdən biri də həmin ərazidə yeni tikililərin olması, nəqliyyat vasitələrinin həmin ərazilərdən istifadə etməsidir. Ona görə də qazıntıların aparılması üçün ancaq müəyyən ərazilər seçilə bilər. Bu məqsədlə işlər əvvəlcədən qazıntı yerlərinin nişanlanması və səthi qazıntı nümunələrinin nəzərdən keçirilməsi ilə qədimdə orada nələrin olmasını müəyyən etməklə başlayır. Sonradan geniş işlərin aparılması lazım gəlir. Arxeoloji tədqiqatlarda hər iki tərəfdən olan heyət bir yerdə çalışır. Oksford Universitetindən olan alim və tədqiqatçılar - Birləşmiş Krallığı təmsil edən heyət buraya gəlib, Azərbaycan tərəfdən isə bu işlərə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan gənc tədqiqatçılar cəlb olunublar. Bəzən qazıntılar zamanı yerli sakinlərin əməyindən də istifadə edilir.
Görkəmli şərqşünas alim, akademik E.Bertelsin Nizami Gəncəvi haqqında elmi əsəri Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən bu yaxınlarda Böyük Britaniyada ingilis dilində nəşr olunub. R.Hoyland bildirib ki, bu, bizim rus və Azərbaycan dillərində olan mühüm elmi əsərlərin tərcüməsi sahəsində gördüyümüz işlərdən ən birincisidir. Məqsəd həmin əsərləri ingilis dilinə çevirib geniş surətdə dünyaya çatdırmaqdan ibarətdir. Bu təşəbbüs professor Nərgiz Paşayevaya məxsus idi. R.Hoyland qeyd edib ki, tərcümə olunacaq ədəbiyyat siyahısındakı digər əsərlər də qədim Azərbaycan mədəniyyətini dünyaya tədricən daha geniş surətdə tanıdacaq: “Biz çox ümid edirik ki, yaxın gələcəkdə bu kitabın Oksford Universitetində təqdimatını keçirə biləcəyik. Həmçinin nəzərdə tuturuq ki, biz bu təqdimata farsdilli ədəbiyyat üzrə beynəlxalq alim və tədqiqatçıları dəvət edək”.
“Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyət istiqamətləri nədən ibarətdir və indiyədək hansı işlər görülüb?” sualına cavabında R.Hoyland deyib: “Mərkəzin 4 əsas fəaliyyət istiqaməti var və hazırda bu istiqamətlərdə müvafiq layihələr həyata keçirilir. Onlardan birincisi, 2 il əvvəl başlanan və Bərdə şəhərində aparılan arxeoloji qazıntılardır. İkincisi, hər il dünyanın müxtəlif guşələrindən olan və Azərbaycanın tarixinə, mədəniyyətinə və ədəbiyyatına, habelə onun qonşu ölkələrlə münasibətlərinin tədqiq edilməsinə, öyrənilməsinə maraq göstərən 6 tələbəyə təhsil təqaüdünün verilməsidir. Üçüncüsü, aidiyyəti elmi mövzular üzrə Azərbaycan və rus dillərində olan mühüm elmi əsərlərin, məqalələrin ingilis dilinə çevrilməsidir. Dördüncüsü isə xüsusilə Azərbaycan və Böyük Britaniya, eləcə də daha geniş miqyasda mədəniyyətlərarası elmi-akademik mübadilələrə imkan və şərait yaradılmasından ibarətdir. Hazırda biz bu mənada əsasən beynəlxalq seminarların keçirilməsini təmin edirik”.
İndi Azərbaycanın müxtəlif bölgələrində, məsələn, Qəbələ və Şəmkir şəhərlərində arxeoloji tədqiqatlar aparılmaqdadır. Həmin qazıntılar zamanı çoxlu sayda maraqlı maddi-mədəniyyət nümunələri aşkar edilib. Lakin bu tədqiqatların nəticəsi Azərbaycandan kənarda heç kimə məlum deyil. Təbii ki, rus alimlərinin bu tədqiqatlarda iştirak etdiyinə görə bu nəticələr ola bilsin Rusiyada məlum olsun. R.Hoyland deyib ki, istərdik bu arxeoloji tədqiqatların nəticələri, eləcə də qədim Azərbaycana məxsus mədəniyyət, o cümlədən incəsənət nümunələri Amerikada, Avropada daha geniş tanınsın və onlar haqqında ətraflı elmi biliklər olsun.
Nizami Gəncəvi Elmi Mərkəzinin yaradılması Oksford Universitetində reallaşdırılan beşillik proqram vasitəsilə həyata keçirilir. Mərkəzin fəaliyyətini daimi əsaslar üzərində təmin etmək məqsədilə Birləşmiş Krallıqda Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu adlı bir təşkilat yaradılıb. Məqsəd bu fond vasitəsilə elmi tədqiqatların aparılmasına dəstək vermək üçün vəsait toplamaq və bu xüsusda mərkəz tərəfindən həyata keçirilən proqramların daimi fəaliyyətini təmin etməkdir. R.Hoyland deyir: “Mərkəzin özünün binasının və əlavə işçi heyətinin olmasını təmin etməyə qərar vermişik. Beləliklə, burada ümumi məqsəd mövcud olan proqramın fəaliyyət dairəsini daha da genişləndirməyə yönəlib. Bütövlükdə bu istiqamətdə aparılan işlər, o cümlədən elmi tədqiqatlar üçün adıçəkilən fonda vəsaitlərin cəlb olunması və digər fəaliyyətlər əsasən professor Nərgiz Paşayevanın təşəbbüsü və səyləri nəticəsində həyata keçirilir”.
R.Hoyland onu da deyib ki, elmi tədqiqatlar üçün vəsaitlərin cəlb olunması məqsədilə həmişə məqsədyönlü işlər görülür: “Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə başlayarkən bizim işimiz donor vasitəsilə dəstəklənib və bu baxımdan bəxtimiz gətirib. Qeyd etdiyim kimi, bu mərkəzin daimi əsaslarla fəaliyyətinin təmin edilməsi üçün əlavə donor yardımına ehtiyacı vardır. Bu baxımdan professor Nərgiz Paşayevanın təşəbbüsü ilə həmin fond təsis edilib. Bu fondun təsis edilməsində mənimlə yanaşı, üç britaniyalı alim də yaxından iştirak edib. Məqsədimiz ondan ibarətdir ki, bu fond vasitəsilə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzini daimi əsaslarla fəaliyyət göstərən bir quruma çevirək”.
Azərbaycanda dəfələrlə səfərdə olan R.Hoyland bu ölkənin müxtəlif guşələrinə səyahət etməkdən çox böyük zövq alır. O, heyranlığını belə ifadə edir: “Ərazi baxımından Azərbaycan çox rəngarəngdir. Xəzər dənizinin sahili, uca dağlar, Muğan düzənliyi bir-birini əvəzləyir və bu mənzərələrə baxmaq göz oxşayır. Odur ki, ötən 4 ildə mənə verilən belə bir imkana görə də Azərbaycana minnətdarlığımı bildirirəm”.
Moskva Dövlət Universitetinin Bakı filialı barədə təəssüratlarını da bölüşən R.Hoyland orada bir neçə dəfə olduğunu, iki dəfə tələbələrin özlərinin iştirak etdikləri musiqi proqramını izlədiyini və onların yüksək musiqi qabiliyyətindən, bacarığından məmnun qaldığını deyib: “Eyni zamanda tələbələrin ingilis dili səviyyəsinin və ümumilikdə biliyə həvəs meylinin yüksək olması da hiss edilir. Əlbəttə, bu, təqdirəlayiqdir.
Bildiyiniz kimi, professor Nərgiz Paşayeva da Oksford Universitetinə səfər edib. O, universitetin şərqşünaslıq fakültəsində keçirilən elmi seminarda çıxış edib. Biz ikimiz də ümid edirik ki, gələcəkdə Oksford Universiteti və MDU-nun Bakı filialı arasında, xüsusilə filologiya və müxtəlif dillərin öyrənilməsi sahəsində tələbə mübadiləsini həyata keçirə biləcəyik”.
Azərbaycan.- 2017.- 5
may.- S. 11.