“Naxçıvan-2017”
Beynəlxalq Şahmat Festivalının ilk turu
yekunlaşıb
Naxçıvan
şəhərindəki Şahmat Mərkəzində
ümummilli lider Heydər Əliyevin anadan olmasının
94-cü ildönümünə həsr olunmuş
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalına start
verilib.
AZƏRTAC
xəbər verir ki, zəka sahibləri 3 qrupda mübarizə
aparacaqlar. Belə ki, reqlamentə əsasən, beynəlxalq
festivalda güclülərin (“A” qrupu), əmsalı az
olanların (“B” qrupu) və uşaqların (“C” qrupu)
yarışı keçiriləcək. Festivalın “A”
qrupunda iştirak etmək üçün 47
şahmatçı müraciət edib. İsveçrə
sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər
iştirakçıya 40 gediş üçün 90 dəqiqə,
partiya başa çatana qədər hər
şahmatçıya 30 dəqiqə və hər gediş
üçün əlavə 30 saniyə vaxt ayrılır.
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının ilk turu artıq yekunlaşıb və nəticələr məlum olub.
“A” qrupunda 9 ölkənin - Belçika, Belarus, Gürcüstan, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan və Azərbaycanın 47 zəka sahibinin gərgin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Turnirin ən iddialı iştirakçısı, eyni zamanda, yarışın ən yüksək reytinqli şahmatçısı, azərbaycanlı qrossmeyster Eltac Səfərli (2668) FİDE ustası Əhməd Əhmədzadəyə (2357) ilk turda məğlub olub. Rusiyalı qrossmeyster Sergey Volkov (2617) isə yarışa qələbə ilə başlayıb. O, ilk turda Aydın Süleymanlıdan (2356) üstün olub. Turnirin ən yüksək reytinqli şahmatçısından biri olan Nicat Ağayev (2347) Almaniya təmsilçisi İqor Xenkinlə (2568), azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarova (2321) isə ukraynalı qrossmeyster Eldar Qasanovla (2484) xalları yarı bölüb.
“A” qrupunda mübarizə aparan 4 naxçıvanlı şahmatçıdan biri - FİDE ustası Pərviz Qasımov (2318) özbəkistanlı beynəlxalq usta Curabek Xamrakulovu (2476) məğlub edib. Qrossmeyster Toğrul Həsənzadə (2347) azərbaycanlı qrossmeyster Azər Mirzəyevə (2543), Urfan Sevdimalıyev (2366) isə Səbinə İbrahimovaya (2198) məğlub olub.
İlk turdan sonra 14 zəka sahibi maksimum xalla turnir cədvəlinə başçılıq edir.
Əmsalı nisbətən aşağı olan şahmatçıların mübarizə apardığı “B” qrupunda isə ölkənin müxtəlif regionlarından 92 zəka sahibi yarışır. Artıq ilk turdan sonra 42 şahmatçı maksimum xal toplayıb.
“Naxçıvan-2017” Beynəlxalq Şahmat
Festivalının “C” qrupunda 157 şahmatçı qüvvəsini
sınayır ki, onların da 62-nin beynəlxalq əmsalı
1100-dən çoxdur. İlk
iki turdan sonra 75 şahmatçı maksimum xal toplamağa nail
olub.