İlham Əliyev yeni qlobal əməkdaşlıq
təşəbbüsü iləri sürdü
Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Əvvəlcə, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiklərinə görə qonaqlarımıza təşəkkürümü bildirmək istəyirəm. Altı il bundan əvvəl biz bu təşəbbüsü irəli sürdük və birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilmişdir. O vaxtdan bəri beynəlxalq gündəlikdə duran ən mühüm məsələlərdən olan mədəniyyətlərarası dialoqun müzakirə edildiyi bu Forum qlobal beynəlxalq tədbirə çevrilmişdir. Hər bir beynəlxalq tədbirin, hər bir forumun əhəmiyyəti təkcə müzakirə edilən mövzularla deyil, həm də iştirakçıların sayı ilə ölçülür. Biz çox şadıq ki, 120 ölkədən olan 800-dən artıq qonaq bugünkü Forumda iştirak edir, 50-dən çox beynəlxalq qurum özünün yüksək səviyyəli nümayəndəsini Bakıya göndərmişdir.
Bu, ilk növbədə, Forumun bu gün və sabah aparacağımız müzakirələrin əhəmiyyətini nümayiş etdirir. Biz fəxr edirik ki, Forumun tərəfdaşlarının, həm də təşkilatçı qurumların sayı artmaqdadır. Azərbaycan hökuməti bu Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, Avropa Şurası, Dünya Turizm Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə təşkil etmişdir.
Əminəm ki, Forum çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsi mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verəcəkdir. Azərbaycan əsrlər boyunca sivilizasiyaların və mədəniyyətlərin bir-birinə qovuşduğu məkan olmuşdur. Bizim coğrafiyamız və tariximiz, habelə Azərbaycandakı inkişaf onu nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə, dünya daha çox təhlükələrə məruz qalacaqdır.
Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik.
Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir ki, burada bütün etnik qrup və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar. Bizim tarixi abidələrimiz də Azərbaycanın mədəni müxtəlifliyini və onun qədim tarixini aydın şəkildə nümayiş etdirir. Fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə inşa olunan Cümə məscidi Azərbaycanın qədim şəhərlərindən biri sayılan Şamaxıda yerləşir. Dünyanın ən qədim kilsələrindən olan, Qafqaz Albaniyası dövləti dövrünə aid kilsə Azərbaycanın digər qədim şəhəri Şəkidə yerləşir.
Bakının yaxınlığında yerləşən və atəşpərəstlik dininə məxsus olan Atəşgah Məbədi də bizim tarixi və dini müxtəlifliyimizi nümayiş etdirir. Bu gün Azərbaycanda məscid, kilsə və sinaqoqlar dövlət tərəfindən qorunur. Onların bir çoxunun dövlətin maliyyə dəstəyi ilə inşa olunması bizim tariximizi və bu sahədə olan siyasətimizi nümayiş etdirir.
Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir.
Əslində, 2011-ci ildə ilk dəfə mədəniyyətlərarası dialoq forumunun təşkil edilməsi ideyası tariximiz, reallığımız və həmçinin belə məsələlərin müzakirəsi üçün geniş formatın yaradılması arzumuzdan qaynaqlanırdı. Bu gün buna əvvəlkindən daha çox ehtiyac var. Təəssüf olsun ki, bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq. Dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Bizim multikulturalizm siyasətimiz xalqımız tərəfindən tam dəstəklənir və 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdi. Bu il isə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycanda gündəlik həyatın bu hər iki çox vacib elementinin birləşməsi, ilk növbədə, cəmiyyətimizin vəziyyətini, dövlət siyasətimizi nümayiş etdirir, eyni zamanda, regionda daha da yaxşı anlaşmaya səbəb olur.
Biz məhz bu məsələlərin müzakirəsinə həsr olunmuş bir neçə beynəlxalq tədbir təşkil etmişik. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Forum təşkil edib. Bir neçə il bundan əvvəl Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil etmişik. Ötən il Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi etdi. Nəhayət, biz 4-cü dəfədir ki, toplaşaraq mədəniyyətlərarası dialoq məsələsini müzakirə edirik.
Bütün bunlar bizə gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında daha yaxşı anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım edir. Hesab edirəm ki, Azərbaycanın tarixi və bugünkü inkişafı uğur qazanmağın mümkünlüyünün yaxşı nümunəsidir.
Multikulturalizmə münasibət fərqlidir. Biz bəzən müəyyən ictimai və siyasi xadimdən, habelə dövlət rəhbərlərindən skeptik fikirlər eşidirik. Hesab edirəm ki, biz səylərimizi birləşdirsək, - bu gün burada beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətini təmsil edən nümayəndələr iştirak edirlər, - nümayiş və sübut edə bilərik ki, multikulturalizm yaşayır və onun alternativi yoxdur. Onun alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda, dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur.
Düşünürəm ki, sizin bu Forumda iştirakınız və müzakirələrin mövzuları bizim vahid iradəmizi və bu dəyərlərin təşviqi ilə bağlı siyasət və yanaşmamızı əyani şəkildə nümayiş etdirir.
Azərbaycan 2008-ci ildə çox vacib prosesin təşəbbüskarı olmuşdur və o, sonradan “Bakı prosesi” adlandırılmışdır. Bu gün həmin təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu təşəbbüs də artıq çıxışımda qeyd etdiyim amillərdən qaynaqlanırdı. Bununla yanaşı, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan məhdud sayda dövlətlərdən biridir.
Avropa Şurası ölkələrinin nazirlərinin 2008-ci ildə toplantısını təşkil edərkən biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müvafiq nazirlərini də dəvət etdik. Yəni, ilk dəfə idi ki, belə böyük tədbir təşkil edildi və 100-dən artıq dövlətin nümayəndəsi mədəniyyətlərarası münasibətlər mövzusunu müzakirə etmək üçün bir araya gəldi.
İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan 2009-cu ildə nazirlər səviyyəsində toplantıya ev sahibliyi etdi. O vaxt biz Avropa Şurasına üzv dövlətlərin nazirlərini Bakıya dəvət etdik. Bu təşəbbüs və bu format sonradan “Bakı prosesi” adlandırıldı və biz bununla fərəhlənirik. Birincisi, ona görə ki, bu, bizim təşəbbüsümüz idi. İkincisi isə ona görə ki, Bakı və Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi olmağa layiqdir.
Gələn il biz “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcəyik. Azərbaycan Hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı Prosesi Mükafatı”nın təsis edilməsi təşəbbüsü irəli sürülüb ki, həmin mükafat mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində olduqca fəal rol oynamış şəxslərə təqdim ediləcəkdir.
Azərbaycan tərəfindən irəli sürülmüş daha bir mühüm təşəbbüs Bakıda Avropa Oyunlarının keçirilməsi idi. Digər qitə oyunlarından fərqli olaraq, Avropada belə oyunlar heç vaxt təşkil edilməmişdi. Avropa Olimpiya Komitəsi belə bir oyunların keçirilməsi qərarını qəbul edəndə onlara ev sahibliyi etmək arzusunda olan ölkələrin sayı az idi. Səmimi desək, Azərbaycan Oyunların təşkilini öz üzərinə götürməyi təklif edən yeganə dövlət idi. Belə olmasaydı, həmin Oyunlar heç vaxt təşkil edilməyəcəkdi.
2015-ci il ilk Avropa Oyunlarının keçirilməsi ili oldu. Oyunlar Bakıda 5 mindən artıq avropalı idmançının iştirakı ilə baş tutdu. Təbii ki, bu Oyunlar bir idman tədbiri idi, lakin hesab edirəm ki, onların rəmzi mənası da var idi. Çünki ilk dəfə təşkil olunan Avropa Oyunları bir müsəlman ölkəsində keçirilirdi. Bu, multikulturalizmin və dini dözümlülüyün göstəricisi idi. Oyunlar yüksək səviyyədə təşkil edildi. İdmançılar, qonaqlar olduqca məmnun və xoşbəxt idilər - istər təşkilatçılıq səviyyəsi, istərsə də Azərbaycan xalqı tərəfindən qarşılanma baxımından. Xalqımız avropalı qonaqlara özünün ənənəvi qonaqpərvərliyini nümayiş etdirdi.
Bir həftədən sonra biz bütün müsəlman ölkələrini təmsil edən 3 min idmançının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının açılışını edəcəyik. Yəni, iki il müddətində eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim siyasətimizin və niyyətimizin göstəricisidir. Əminəm ki, burada güclü rəqabət olacaqdır. Ancaq bir daha da qeyd etmək istəyirəm ki, bu, sadəcə idman tədbiri deyil. Bu, insanları birləşdirən hadisədir. Bizim İslam aləmində, ilk növbədə, birliyə ehtiyacımız var.
Təəssüf ki, terrorçuluqdan ən çox əziyyət çəkən məhz elə müsəlman dövlətləridir. Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər – təqdimat və sərgilər təşkil edərək qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir. Yəni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var. Eyni zamanda, gərginliyin azaldılması üçün bizim İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təsisatlar arasında əlaqələndirməyə ehtiyacımız var.
Beləliklə, mədəniyyətlərarası dialoq haqqında danışanda biz aydın şəkildə anlayırıq ki, həmin dialoqun uğurunun təsirini hər bir sahədə – siyasi həyatda, təhlükəsizlik ilə bağlı sahələrdə və iqtisadi əməkdaşlıqda görmək olar. Proqnozlaşdırılan tərəfdaşlığa və qarşılıqlı etimada söykənən münasibətlər olmadığı halda istənilən dövlət üçün qarşıya qoyulan məqsədlərə çatmaq çox çətin olar.
Bu təşəbbüslər və Azərbaycanın uğur hekayəsi, onun multikulturalizmin mərkəzinə çevrilməsi, - yeri gəlmişkən, biz Azərbaycanda Multikulturalizm Mərkəzi yaratmışıq, – onu nümayiş etdirir ki, biz həm doğru yol ilə, həm də uğurla irəli gedirik. Bütün dünyanı əhatə edən bu Forum da bizim niyyətimizin bariz nümunəsidir.
Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Böyük tarix, ənənə və mədəniyyətə malik olmağımıza baxmayaraq, müstəqil dövlət olaraq bizim 25 yaşımız var. Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər onu nümayiş etdirdi ki, ölkənin taleyi öz əlimizdə olanda böyük uğur əldə etmək olar. Əsrlər boyu Azərbaycan müxtəlif dövlətlərin və imperiyaların tərkibində olub və 25 illik müstəqillik sübut edir ki, yalnız azad olan halda uğur qazanmaq olar. Dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb.
Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir.
Üzləşdiyimiz ən böyük problem erməni işğalıdır. Təəssüf ki, müstəqilliyimizin bərpası erməni işğalı ilə müşayiət edilirdi və bunun nəticəsi olaraq, ərazimizin 20 faizi - Dağlıq Qarabağ və digər yeddi rayonumuz Ermənistan tərəfindən işğal edildi. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımıza qarşı etnik təmizləmə həyata keçirildi. Bu gün işğal olunmuş ərazilərimizdə bütün tarixi abidələr və tikililərimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz yerlə-yeksan edilib.
Bakıda, şəhərin mərkəzində erməni kilsəsi yerləşir və biz onu təmir etmişik. Ermənistan isə işğal olunmuş ərazilərdə bizim tarixi və dini irsimizi məhv edib. Bu fotoşəkilləri internetdə tapmaq mümkündür. Bununla yanaşı, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və onların hesabatlarında da ərazilərin viran olunması öz əksini tapıb. BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir ki, orada Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmin qətnamələrə 20 ildən artıqdır ki, əməl olunmur. Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və beynəlxalq hüququ kobudcasına pozur. Ancaq təcavüzkarı qətnamələrə əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə çox mühüm və xalqımızı dərindən narahat edən məsələdir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra olunur. Bizə gəldikdə isə 20 ildən artıq bir müddət keçir. Bu, ilk növbədə, ikili standartların və müəyyən mənada qərarların icra mexanizminin səmərəsizliyinin bariz nümunəsidir.
Münaqişənin həlli beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə, Helsinki Yekun Aktına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır.
Bu faciəyə və onun çox böyük iqtisadi yükünə baxmayaraq, - nəzərə alsaq ki, 1990-cı illərin əvvəlində ölkəmiz çox yoxsul olduğu halda bizim 1 milyondan artıq qaçqınımız var idi, yəni, bu, bizim üçün çox ciddi iqtisadi və sosial problem idi, - biz onun öhdəsindən gələ bildik. Səylərimizi səfərbər edərək güclü ölkə yarada bildik. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Azərbaycan beynəlxalq birliyin hörmətli üzvüdür. Bunu sübut etmək üçün bir sıra faktlar sadalaya bilərəm. Ancaq düşünürəm ki, yalnız biri kifayət edər.
Bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Dünya dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi nümayiş etdirir ki, Azərbaycan böyük nüfuza malikdir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Eyni zamanda, Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və ya qəbul edilib.
Bu, bizim
regionda oynadığımız roldur. Biz coğrafi yerləşməyimizi
mühüm infrastruktur imkanlarına çevirməyə
müvəffəq olmuşuq. Bizim təşəbbüskarı
olduğumuz layihələr bu gün Asiyanı Avropa ilə dəmir
yolu vasitəsilə birləşdirir və artıq mənfəət
gətirir, eyni zamanda, ölkələr arasında çox
vacib əlaqə yaradır.
Bununla bərabər,
Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır.
Onlardan biri hazırda icra olunan və Avropanın ən
böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi”
layihəsidir. Layihəyə yatırılan sərmayə 40
milyard dollara bərabərdir və o, ilk mərhələdə
7 ölkəni birləşdirərək, regionumuzun, Mərkəzi
və Cənubi Avropanın bir çox ölkəsinin enerji
şaxələndirilməsini və enerji təhlükəsizliyini
təmin edəcək. Bu, enerji təhlükəsizliyi, enerji
şaxələndirilməsi və enerji əməkdaşlığı
layihəsidir. Çünki bizim bütün enerji və nəqliyyat
layihələrində iştirak edən ölkələr təbii
tərəfdaşlara çevrilir və burada birgə
qarşılıqlı bağlılıq yaranır.
Qarşılıqlı bağlılıq isə iqtisadi əməkdaşlıq
və qarşılıqlı hörmət üçün ən
vacib amillərdəndir.
Beləliklə,
Azərbaycan tərəfindən irəli
sürülmüş nəqliyyat və enerji layihələri
inkişaf və firavanlığın təmin edilməsi məqsədinə
xidmət edir. Eyni zamanda, bu, bizim beynəlxalq əməkdaşlıq
və mədəniyyətlərarası dialoqa olan sərmayəmizdir.
Bizim
iqtisadi göstəricilərimiz də çox yüksək
olmuşdur. Son 13 il ərzində ümumi daxili məhsulumuz 3
dəfədən çox artıb. Biz işsizliyin səviyyəsini
5 faizə endirə bilmişik, yoxsulluq 6 faizdən azdır.
Xarici borcumuz olduqca aşağı səviyyədədir və
ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta
ehtiyatlarımız isə xarici borcumuzdan 5 dəfə
artıqdır. Yəni, iqtisadi göstəricilərimiz həqiqətən
də yüksəkdir və bu fakt beynəlxalq təsisatlar tərəfindən
yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi
Forumu iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə
görə Azərbaycanı 37-ci yerə layiq görüb. Həmin
təşkilatın qiymətləndirməsinə əsasən,
inkişafda olan ölkələrin inkişaf templərinə
görə Azərbaycan siyahıda digər bir ölkə ilə
birinci və ikinci yerləri paylaşır.
Bütün
bunlar müstəqillik illərində əldə etdiyimiz
böyük bir sərvətdir. Biz təhsilə böyük
sərmayə qoyuruq. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi
100 faizə yaxındır. Son on ildə ölkəmizdə 3
mindən artıq yeni məktəb istifadəyə verilib.
Bildiyimiz kimi, təhsilə qoyulan sərmayə gələcəyə
yatırılan sərmayədir. Eyni zamanda, bu, sabitliyə
qoyulan sərmayədir. Çünki radikalizmin, ekstremizmin və
fundamentalizmin kökündə savadsızlıq dayanır. Gənc
nəslin “beyini yuyulur” və gənclər dəhşətli
terror aktlarının törədilməsinə sövq edilir.
Savadsızlıq, yoxsulluq, sosial qeyri-bərabərlik və ədalətsizlik
radikalizmin əsas mənbəyidir. Buna görə radikalizmi
aradan qaldırmaq üçün biz onun fundamental səbəblərini
müzakirə etməliyik. Eyni zamanda, mədəniyyətlərarası
münasibətlərin dəyərlərini təbliğ etməliyik
ki, insanlar sülh şəraitində birgəyaşayışın
üstünlüyünü aydın görsünlər.
Burada da
biz çox vacib olan məsuliyyət məsələsinə
toxunuruq. Siyasətçilərin məsuliyyətini qeyd edirəm.
Bəzən radikal kəsimin səslərini əldə etmək
üçün siyasətçilər öz
proqramlarını milliyyətçilik ideyası üzərində
qururlar. Qeyri-hökumət təşkilatlarının məsuliyyəti.
Onların bəziləri məqsədyönlü şəkildə
dini və etnik zəmində gərginlik yaradır. Nəhayət,
medianın məsuliyyəti. Beynəlxalq mediaya nəzər
salsaq, əsasən miqrant böhranı, müharibə,
dağıntı, toqquşma, dini və etnik münaqişə
görürük.
Ancaq bir
çox müsbət nümunələr də var və biz
onları nümayiş etdirməliyik. Hesab edirəm ki, bu
Forumun əhəmiyyəti və məqsədlərindən
biri də onu nümayiş etdirməkdir ki, biz bu məsələləri
müzakirə edir və səylərimizi səfərbərliyə
alırıq. Əminəm ki, Forumun bütün
iştirakçılarının burada eyni gündəliyi var
– mədəniyyətlərarası dialoqun dəyərlərini
təşviq etmək və gücləndirmək.
Ümidvaram
ki, Forumun nəticələri uğurlu olacaq və biz onun
bütün qərarlarını həyata keçirəcəyik.
Bizimlə bir yerdə olduğunuza görə bir daha sizə təşəkkür
edir, Forumun işinə uğurlar diləyirəm. Sağ olun.
***
UNESCO-nun
baş direktoru xanım İrina
Bokova çıxış edərək dedi:
- Zati-aliləri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev.
Mali
Respublikasının Prezidenti İbrahim Boubakar Keita.
Bolqarıstanın
vitse-prezidenti xanım İliana İotova.
Hörmətli
nazirlər, dini rəhbərlər, səfirlər, xanımlar
və cənablar.
Belə
bir mötəbər tədbirdə - IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etməkdən məmnunluğumu
bildirirəm. Zati-aliləri cənab Prezident, mən
çıxışımda bizim əvvəlki silsilə tədbirlərimizin
uğurlu olduğunu vurğulamaq istəyirəm. Mən mədəniyyətlərarası
dialoqa verdiyi töhfəyə, belə bir mötəbər tədbirin
keçirilməsinə göstərdiyi dəstəyə
görə cənab Prezident İlham Əliyevə bir daha minnətdarlığımı
bildirirəm. UNESCO-nun xoşməramlı səfiri xanım
Mehriban Əliyevaya da dərin təşəkkürümü
bildirmək istəyirəm.
Xanımlar
və cənablar, mən tam əminliklə bildirirəm ki,
böyük İpək yolu üzərində yerləşən,
qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın
mədəniyyətlərarası dialoqun inkişafı sahəsində
gördüyü işlər bütün dünya
üçün örnəkdir. Bildiyiniz kimi, Bakı UNESCO-nun
mədəni irs siyahısında olan bir şəhərdir. Azərbaycanın
maddi-mədəniyyət abidələri, xalçaları,
Novruz bayramı UNESCO-nun irs siyahısında yer alıb. Məhz
belə bir ölkənin mədəniyyətlərarası və
dinlərarası dialoqun inkişafı sahəsindəki təcrübəsinə
ehtiyacımız var.
Biz bu
gün bir sıra ölkələrdə münaqişələrin
baş verdiyinin şahidiyik. Biz ekstremizmin, eləcə də
bir sıra dini məbədlərin, kilsələrin, məscidlərin
məhv olduğunu görürük və təəssüf
ki, mədəni müxtəlifliyin də məhv olduğunu
görürük. Uşaqların, eyni zamanda, tədrisdən
uzaq qaldığını görürük. Fikir, ifadə
azadlığının təhlükə altında
olduğunu, jurnalistlərə hücumların sayının
artdığını, etnik azlıqların təqib
olunduğunu görürük. Eləcə də bəzi
ölkələrdə antisemitizm, islamofobiya kimi dini
ayrı-seçkiliyin, qeyri-tolerantlığın
artdığını görürük. Bu baxımdan cənab
Prezident İlham Əliyevin də söylədiyi kimi,
multikulturalizmin alternativi yoxdur. Biz multikulturalizm yolu ilə getməliyik,
mədəniyyətlər və dinlər arasında harmoniyaya
nail olmalıyıq.
Xanımlar
və cənablar, bu gün gördüyümüz tədbirlər
kifayət etmir. Bizim yumşaq qüvvə gücümüz də
mədəniyyət, ünsiyyət, kommunikasiya, elm məhz
paylaşdığımız dəyərləri daha da
gücləndirməli və birgə taleyimizi həll etməlidir.
Bütün mədəniyyətlər bir-birindən fərdidir,
amma bəşəriyyət özü bir ailədir. Biz
hamını bu məqsədə - ləyaqətli və
humanist olmağa çağırırıq. Bu, bizim
dünyaya baxışımızdır, bu, UNESCO-nun dünyaya
olan bəşəri baxışıdır. Biz bəşəriyyətin
paylaşılan mədəniyyətini ümumi zənginliyimiz
fonunda mühafizə etməliyik. Bu da bizim
baxışımızdır. Eləcə də biz qlobal həmrəyliyi,
vətəndaşlıq amallarını, prinsiplərini bizim
baxışımız kontekstindən təbliğ edirik. Bizim
üçün, konkret olaraq, UNESCO üçün sülh, əmin-amanlıq,
eyni zamanda, mənəvi zənginlik bəşəriyyətin
həmrəyliyi çərçivəsində təmin
olunmalıdır. Bu, bizim Nizamnaməmizdə əksini
tapıb.
Bu gün
bizim tolerantlığa, birgəyaşayışa, həmrəyliyə,
anlaşmaya həmişəkindən daha çox
ehtiyacımız var. Biz müxtəlifliyə, rəğbət
və hörmətə, insani dəyərlərə xidmət
edən innovasiyalara rəvac verməliyik. Cənab Prezident
İlham Əliyevin də əminliklə söylədiyi kimi,
müxtəliflik bizim gündəlik həyatımızın
reallığını əks etdirir. Bizim yeni
proqramlarımız da məhz demokratiya prinsipləri əsasında
hamının mənafeyinə xidmət etməlidir. Məhz bu
məqsəd UNESCO-nun fəaliyyətinin əsas prinsipidir. Bu
Forumun tərəfdaşlarını Bakıda bir araya gətirən
də məhz bu zərurətdir. UNESCO BMT-nin əsas
qurumlarından biridir. Bu gün bu Forumda BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı, Dünya Turizm təşkilatlarının,
eləcə də bir sıra qeyri-hökumət təşkilatlarının
və özəl sektorun nümayəndələri iştirak
edirlər. Bu da həmrəyliyimizlə bağlı bir
mesajdır.
İrina
Bokova UNESCO-nun mədəni müxtəlifliyin, sülh naminə
tərəfdaşlığın təbliği
üçün səylərini əsirgəmədiyini
vurğuladı. O, zorakı ekstremizmə qarşı
mübarizənin daha da gücləndirilməsinin vacibliyini
bildirdi. Bunun üçün dialoqun gücləndirilməsinin,
savadlılığın maksimum diqqətdə
saxlanılmasının, beynəlxalq təşkilatların əməkdaşlığının
genişləndirilməsinin əhəmiyyətini ətraflı
xarakterizə etdi. Təhsil layihələri, irqçiliyə
qarşı mübarizə və digər məsələlərdən
geniş bəhs edən İrina Bokova mədəni müxtəlifliyə
də nail olmağın mühüm əhəmiyyətini
xüsusi vurğulayaraq dedi:
- Biz
dialoqu, sülhü daha da gücləndirməliyik.
Münaqişəli zonalarda mədəni irsin qorunması ilə
bağlı olan bu mesaj, eyni zamanda, “Bakı prosesi”nin təməlini
təşkil edir. Mədəni müxtəliflik təhdid
deyil, bu, hamı üçün şans və imkandır. Mən
hətta deyərdim ki, mədəni müxtəliflik qürur
mənbəyidir. Bu, bəşəriyyətin qürur mənbəyi
olmalıdır. Mədəni müxtəliflik əsrlər
boyu Azərbaycanın zəngin tarixi ənənəsini əks
etdirən bir amildir.
Xanımlar
və cənablar, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın
təşəbbüsü olan Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu bizim ümumi amalımıza, sülh
üçün çağırışlarımıza
gözəl bir cavabdır. Diqqətinizə görə təşəkkür
edirəm.
***
BMT-nin
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser
çıxış edərək dedi:
- Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyev.
Çox
hörmətli rəhbərlər, qonaqlar, xanımlar və cənablar.
Yenidən
Bakıda olmağımdan məmnunluğumu ifadə edirəm.
Sizin gözəl şəhərinizdə BMT-nin Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumunun keçirilməsindən təxminən
bir ilə yaxın vaxt ötür. Cənab Prezidentin söylədiyi
kimi, bu böyük uğur, müvəffəqiyyət tarixdə
bir irs kimi qalacaqdır. Biz BMT təşkilatı olaraq Sizinlə
və hökumətinizlə öz dəyərlərimizi
paylaşırıq. Mən məmnuniyyətlə qeyd etmək
istərdim ki, bizim komandalarımız tərəfdaş
qismində əməkdaşlıq edir. IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu birlikdə keçiririk.
“Bakı
prosesi” artıq bir platformaya çevrilib. Bu platformanın
artıq bir çox ölkədə mədəniyyətlərarası
dialoqa, inklüziv cəmiyyətə rəvac verən bir
prosesə çevrildiyini qeyd etməliyik. Sivilizasiyalar
Alyansı bu təşəbbüsü ilk vaxtdan dəstəkləməyə
qərar vermişdir. Öz növbəsində bunun xalqlar
arasında, müxtəlif cəmiyyətlərdə, bir
çox ölkələrdə müxtəlifliyə, dialoqa,
eləcə də qarşılıqlı anlaşmaya töhfə
verən bir proses olduğuna inanırıq. IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi
də xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi,
Forumun məqsədi insan təhlükəsizliyi, sülh və
davamlı inkişaf üçün yeni imkanları axtarmaqdan
ibarətdir. Forumun plenar sessiyalarında da insan
hüquqları, sülh, təhlükəsizlik, davamlı
inkişaf, qarşılıqlı anlaşma müzakirələrimizin
əsas mövzuları olacaq. Biz bunları
ayrı-ayrılıqda həyata keçirdikdə istədiyimiz
məqsədlərə nail ola bilməyəcəyik. Bu məsələlərə
kompleks yanaşılmalıdır. Təəssüflər
olsun ki, bir çox islahatlarda uğursuzluğa düçar
olmuşuq. BMT-nin nizamnaməsi, hamımızın burada
müdafiə etdiyimiz nizamnamə, fundamental səviyyədə
3 təməl sütunu ilə sıx əlaqəlidir. Bunlar
bizim də əsas rəhbər prinsiplərimiz
olmalıdır.
Baş
katib Quterreşin də sülhlə bağlı
çağırışları hər zaman gündəmdə
qalmaqdadır. Biz hamımız birgə əməkdaşlıq
edərək əlimizdəki səlahiyyət çərçivəsində
vəzifə və öhdəliklərimizi yerinə yetirməli,
bu hədəflərə, məqsədlərə nail
olmalıyıq.
Nassir
Abdulaziz Al-Nasser qarşıya qoyulan məqsədlərə
nail olmaqda mədəniyyətlərarası və dinlərarası
dialoqun da vacib rolunu vurğulayaraq bildirdi:
- Məhz
bu səbəbdən IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda yeni sahələr, yeni parametrlər - yüksək
səviyyədə beynəlxalq təşkilatların
görüşü çox güclü tərəfdaşlarla
bir yerdə keçirilir. Bu Forumda sizləri qlobal tərəfdaş
kimi təqdir edirik.
Nassir
Abdulaziz Al-Nasser dindən sui-istifadənin yolverilməzliyini
xüsusi qeyd etdi. O, sülhə və inkişafa nail
olunmasında bəşəri həmrəyliyin həlledici
rolunu diqqətə çatdırdı. Ümumi amallara
çatmaqda siyasi liderlərin mövqeyinin mühüm əhəmiyyət
daşıdığını bildirən Nassir Abdulaziz
Al-Nasser dedi:
- Mən
bir daha siyasi liderlərə üz tutaraq nifrət dolu
çıxışlardan uzaq durmağa
çağırıram ki, bizim bu ali məqsədimiz
ekstremistlərin işinə yaramasın. Onlar təəssüflər
olsun ki, bizim dəyərlərimizi aşağılamağa
çalışırlar. Biz bir çox məsələlərdən
agahıq. Eyni zamanda, öz səylərimizlə, təşəbbüslərimizlə
mədəniyyətlərarası, dinlərarası dialoqa
töhfə verməyə və körpülər qurmağa
çalışırıq. Bunlar vətəndaş cəmiyyəti
təşkilatları ilə sıx əməkdaşlıq
şəraitində həyata keçirilir. Biz bu hədəflərə
nail olunması işində Azərbaycanı özümüz
üçün mühüm bir tərəfdaş kimi
görürük. Bu əməkdaşlıq gələcəkdə
müxtəlif səviyyələrdə davam edəcək. Səmimiyyətlə
inanıram ki, mədəniyyətlərarası dialoq, vasitəçilik
və barışıq prinsipləri, eyni zamanda,
dünyadakı problemlərin aradan qaldırılmasına
öz töhfəsini verəcək. Gəlin, bizim vaxtilə
söylədiyimiz sözləri xatırlayaq: Dünya o zaman
sülh və əmin-amanlıq şəraitində olacaq ki,
insanlar öz gündəlik həyatlarında təhlükəsiz
yaşaya biləcəklər. Mən bu Forum çərçivəsində
kreativ ideyaların mübadiləsinə ümid bəsləyirəm.
Hamınıza uğurlar diləyirəm. Təşəkkür
edirəm.
***
BMT-nin
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai çıxış
edərək dedi:
- Cənab
Prezident, bir daha Sizi görməyimdən böyük iftixar və
şərəf hissi duyuram. Mən hər dəfə
Bakıya gəldiyim zaman Sizin tərəfinizdən qəbul
olunmaq şərəfinə nail oluram. Bu, mənim
üçün vacibdir. Bu gün səhər mən bu fikrin
bir daha şahidi oldum. Mənə elə gəlir ki, biz burada
böyük mesajları Sizdən eşitdik və bu mesajın
böyük dəyəri var. Çox sağ olun.
Prezident
İbrahim Boubakar Keita, çox sağ olun ki, bu gün bizimlə
buradasınız.
Hörmətli
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Sizi burada
görməyimdən çox şadam. Çox sağ olun ki,
buraya gəlmisiniz və öz fikirlərinizi bizimlə
bölüşəcəksiniz.
Xanımlar
və cənablar.
Mən
sizin hamınızın burada olmağınızı
alqışlayıram. Görürəm, burada çox
maraqlı insanlar, dostlarımız əyləşiblər.
Biz burada toplaşmışıq ki,
yaşadığımız dünyanı daha təhlükəsiz
edək. Biz bunu hər zaman yüksək dəyərləndiririk.
Çox sağ olun.
Hörmətli
dostlarım, böyük şərəf və iftixar hissi ilə
bu gün burada sizinləyəm, Bakıdayam. Bakı gözəl
şəhərdir. Ötən gecə Bakını seyr etmək,
onun gözəlliyini görmək imkanımız oldu. Bir daha
şahidi oluruq ki, paytaxtınız daha da gözəlləşir.
Bir il əvvəl gəldiyim zamanla indiki vaxtı müqayisə
edərək görürəm ki, nə qədər
böyük dəyişikliklər olub. Bakının bu
gözəl, saf enerjisini duyuram.
Hörmətli
cənab Prezident, Albert Eynşteyn deyirdi ki, keçmişlə
gələcəyin arasında olan əlaqə əslində
bizim beynimizdə illüziya təşkil edən fikirlərdir.
Keçmişdə nə baş verirsə, biz onu yaddan
çıxara bilmərik, çünki o, sonra yenidən təkrarlanır.
Biz gələcəkdən də bunu gözləməliyik.
Qlobal liderlər olaraq bizim qarşımızda bir vəzifə
dayanır. Biz bu gəmidə davamlı şəkildə
mümkün qədər düzgün istiqamətdə irəliyə
doğru getməliyik. Bu, çox ağır bir dövrə təsadüf
edir. Çünki biz təlatümlü və qeyri-aydın
bir dövrdə yaşayırıq. Böyük
yazıçı Çarlz Dikens deyirdi ki, biz ağır,
eyni zamanda, ən maraqlı dövrdə yaşayırıq.
Bu çağırışlar, iqtisadi böhran,
terrorçuluq, insan hüquqları üzrə mübarizə,
bərabərsizliyin aradan qaldırılması, iqlim dəyişikliyi
və eyni zamanda, təcridolunma, divarların çəkilməsi,
sədlərin tikilməsi dövründə
yaşayırıq. Eyni zamanda, mənim şərəflə
təmsil etdiyim sahə adından deyə bilərəm ki, biz
insan azadlıqlarını, xüsusən də insanların
azad şəkildə yerdəyişmələrini təmin etməliyik.
Biz keşməkeşli bir vaxtda yaşayırıq.
Görürük ki, bu gün dünya bəzi yerlərdə
daha çətin vəziyyətə sürüklənir.
Mən
çox şadam ki, siz burada toplaşmısınız. Bu
gün siz çalışırsınız göstərəsiniz
ki, dünya bir-birindən asılıdır. Əgər biz
bir-birimizdən asılıyıqsa bir-birimizə daha
böyük hörmətlə, daha böyük mərhəmətlə
yanaşmalıyıq.
Taleb Rifai
dünyada qarşılıqlı zənginləşmədə
və milli iqtisadiyyatların böyük mənfəət əldə
etmələrində turizmin də vacib rol
oynadığını əsaslandırdı. O, kamil
dünyanın formalaşdırılmasında
tolerantlığın, qarşılıqlı
anlaşmanın təbliğinin və bu sahədə sıx əməkdaşlığın
mühüm əhəmiyyətini diqqətə
çatdırdı. Bu baxımdan Azərbaycanın nümunəvi
rolunu xüsusi vurğulayan Taleb Rifai dedi:
- Cənab
Prezident, BMT-nin Baş Məclisi 2015-ci ildə üç əsas
vacib sənəd qəbul etmişdir. Birincisi, o, 17 davamlı
inkişaf məqsədini qəbul edib. Bu, 193 üzv dövlətə
aiddir. İkincisi, 2015-ci ilin dekabrın 2-də Paris sazişi
imzalandı. Bu da vacib bir hadisə idi.
Üçüncüsü, 2015-ci ilin sentyabrında qəbul
edilmiş qərara görə, bu il dünyada “Turizm İli”
kimi qeyd olunur. Bu, hamımız üçün nadir bir imkan
yaradır ki, biz birgə çalışaq və daha kamil
dünyanı qorumaq üçün səylərimizi birləşdirək.
Mən ümid edirəm ki, XXI əsrdə bundan sonra
dünyanın müxtəlif yerlərində insanlar təhlükəsiz
və daha yaxşı şəraitdə yaşayacaqlar. Bizim
qlobal çağırışlarımız yalnız tərəfdaşlıq
yolu ilə aradan qaldıra bilər. Bunun başqa yolu yoxdur.
Buna görə IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu ideal bir fürsətdir ki, biz öz öhdəliklərimiz
haqqında düşünək.
Hörmətli
dostlar, bəlkə də bu, mənim Dünya Turizm Təşkilatının
baş katibi kimi ölkənizə etdiyim sonuncu səfərimdir.
İnsanlara, cəmiyyətlərə, mədəniyyətlərə,
ətraf mühitə hörmətlə
yanaşmalıyıq. Çünki bununla biz
özümüzə hörməti təmin edirik. Buna görə
cənab Prezident, biz bundan sonra da Azərbaycana gələcəyik.
Azərbaycan elə bir diyar, elə bir ölkədir ki,
dünyada böyük nüfuza malikdir. Biz Azərbaycanı
“Odlar diyarı” adlandırırıq. Əsrlər boyu belə
olub. Azərbaycan gözəl bir məkandır. Çox səmimi
xalqınız var, cənab Prezident. Bu baxımdan Sizi xoşbəxt
hesab edirəm.
Hörmətli
dostlar, gəlin, yadda saxlayaq ki, bizim həyatımız məhz
bu cür məsələlərə vaxtımızı sərf
etməklə qurulmalıdır. Buna görə xanımlar və
cənablar, bizim həyatda əsas məramımız bu
dünyanı daha da təkmilləşdirmək
olmalıdır. Çox sağ olun, təşəkkür
edirəm.
***
İslam
Əməkdaşlıq Təşkilatının baş katibi
Yusif Əl-Osaymin gündəlikdə
duran məsələlər barədə fikirlərini
bölüşərək dedi:
-Zati-aliləri
cənab Prezident İlham Əliyev.
Zati-aliləri
Malinin Prezidenti.
Xanımlar
və cənablar.
Əvvəla,
məni bu tədbirə dəvət etdiyinizə görə dərin
təşəkkürümü bildirirəm. Mən bu gözəl
Bakı şəhərində ilk dəfədir ki, oluram. Mən
burada İslam Əməkdaşlıq Təşkilatının
rəhbəri kimi iştirak edirəm. Mən məmnuniyyətlə
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab
İlham Əliyevə və onun hökumətinə təşəkkürmü
bildirirəm ki, onlar məni bu tədbirə dəvət ediblər
və buraya gəldiyim andan Sizin səmimi qonaqpərvərliyinizin
şahidi oldum.
Siz 8 il əvvəl
başladığınız “Bakı prosesi” haqqında
danışdınız və mədəni müxtəlifliyin
bir həyat tərzi kimi burada daha geniş vüsət
aldığını qeyd etdiniz. Biz bilirik ki, Azərbaycan
sivilizasiyaların qovuşduğu məkanda yerləşir.
Cənab
Prezident, Siz çox səylər göstərmisiniz ki, biz elə
məkanlar formalaşdıraq ki, orada sivilizasiyalar və xalqlar
qovuşsun. Bu baxımdan mən UNESCO-ya və BMT-nin
Sivilizasiyalar Alyansına minnətdarlığımı bildirmək
istəyirəm. O cümlədən Dünya Turizm Təşkilatına,
FAO-ya, ISESCO-ya və bütün digər tərəfdaşlarımıza
təşəkkürümü bildirirəm ki, onlar bu Forumun
təşkil edilməsinə sadiq olublar və xalqlar, mədəniyyətlər
arasında dialoqun təşviq edilməsi istiqamətində
çox iş görüblər.
Yusif
Əl-Osaymin xalqlar arasında birliyin gücləndirilməsində
mədəni müxtəlifliyin vacib rol
oynadığını qeyd etdi. O, bu məqsədlə
dialoqu, sülh mədəniyyətini təşviq etməyi və
bunun üçün səyləri birləşdirməyi
xüsusi vurğulayaraq bildirdi:
- Biz ədavətə,
ekstremizmə qarşı çıxırıq,
qarşılıqlı anlaşmanı, mədəni müxtəlifliyi
təşviq edirik və istəyirik ki, sivilizasiyalararası
dialoq daha da artsın. Mən bir daha təşkilatımızın
sadiqliyini qarşınızda təsdiq edirəm ki, biz bundan
sonra da sivilizasiyalararası, dinlərarası dialoqa dəstəyimizi
davam etdirəcəyik. Biz bunu özümüzə vacib bir vəzifə
hesab edərək gələn illər üçün
müvafiq planlarımızı tərtib etmişik. Biz bu
planları müxtəlif ölkələrin, üzv dövlətlərin
sammitlərində və təşkil etdiyimiz digər tədbirlərdə
müzakirə edib təsdiqləmişik. Sizə işinizdə
uğurlar arzulayıram. Çox sağ olun.
***
ISESCO-nun
baş direktoru Əbdüləziz
bin Osman əl-Tuveycri Forumda qaldırılan məsələlər
barədə qənaətini diqqətə çatdıraraq
dedi:
- Hörmətli
cənab Prezident İlham Əliyev.
Mali
Respublikasının Prezidenti cənab Keyta.
Hörmətli
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı
səfiri xanım Mehriban Əliyeva, xanımlar və cənablar.
IV
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak etməkdən şərəf hissi duyuram.
Əslində mən bundan əvvəl keçirilmiş
forumlarda iştirak etmişəm. Qeyd etməliyəm ki, bu
Forum hər zaman uğurlu iş aparıb və Siz burada
söylədiniz ki, əslində Forum çərçivəsində
artıq mükafat da təsis edilib. Bu mükafatla sülh,
dialoq və anlaşma istiqamətində çalışan
insanların səyləri qiymətləndiriləcək. Mən
Prezident İlham Əliyevə təşəkkürümü
bildirirəm ki, o, bütün dünyanın insanlarını
bir araya gətirmək, sülh haqqında danışmaq,
anlaşmanı artırmaq üçün səylərini əsirgəmir.
Gördüyümüz
kimi, Bakı sülhün, inkişafın, mədəniyyətlərarası,
dinlərarası dialoqun, müxtəlifliyin mövcud olduğu
məkandır. Sözün əsl mənasında, - mən
burada heç bir sözü özümdən
artırmıram, - bu, belədir. Çünki ədavət,
münaqişə, toqquşma olan bir dünyada Azərbaycan ahəngdarlıq
ölkəsidir və biz bunun şahidiyik. Müxtəlif
ölkələrdə oluram, 2005-ci ildən etibarən bir
çox ölkələrə səfər etmişəm və
görürəm ki, Azərbaycan müasir, demokratiya,
inkişaf, mədəniyyətlərarası dialoq və
sülh ölkəsidir. Bir sözlə, cənab Prezident,
göstərdiyiniz bütün səylərə görə təşəkkür
edirik ki, dünyanın müxtəlif insanlarını bir
araya gətirmisiniz. Eyni zamanda, mən ISESCO adından mədəniyyətlərarası
dialoqun möhkəmlənməsi istiqamətində
aparılan işə görə də təşəkkürümü
bildirirəm. Mən burada öz
çıxışımı oxumaq istəyirdim. Lakin bilirəm
ki, bunların hamısını oxusam bu, daha çox vaxt tələb
edəcək. İstəməzdim ki, daha çox
vaxtınızı alım.
Dörd məqamı
bildirmək istəyirəm. Birincisi, dünyaya sülh
lazımdır. Lakin sülh ədavətin, fobiyanın,
müharibələrin və ədalətsizliyin
yayıldığı şəraitdə mümkün deyil. Zənnimcə,
bunun yeganə səbəbi ondan ibarətdir ki, super dövlətlər
öz üzərilərinə düşən vəzifəni
lazımi səviyyədə yerinə yetirmirlər. Onlar
yalnız öz maraqları uğrunda mübarizə
aparırlar. Onlar BMT-nin Təhlükəsizlik Şurasında əyləşirlər
və onların əsas işi əslində dünyada
sülhün qorunması olmalıdır. Biz Zati-aliləri cənab
Prezidentin nitqinə diqqət yetirdik və Dağlıq
Qarabağ bunun bir misalıdır. Yəni, 20 ildən
artıqdır ki, işğal mövcuddur. Dağlıq
Qarabağ və yeddi rayon işğal altındadır. Azərbaycan
Respublikasının ərazi bütövlüyü pozulub.
BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi
var, digər beynəlxalq təşkilatlar qərarlar qəbul
edib. Amma problem yenə də qalmaqdadır. Dünyanın digər
yerlərində - Suriyada, Misirdə, Somalidə,
Əfqanıstanda, İraqda insanlar müharibələrdən,
münaqişələrdən, terrordan əziyyət çəkirlər.
Mədəniyyət abidələri məhv edilir.
Dünyadakı böyük güclər buna görə məsuliyyət
daşıyır və onlar özləri bu müharibələri
dayandıra bilmirlər. Bizə istəyirik ki, Təhlükəsizlik
Şurası öz işini lazımi səviyyədə
görsün. Mən bunu uca səslə bəyan etməliyəm,
vaxt artıq yetişib. Biz gözləmə mövqeyində
olmalı deyilik, biz tədbirlər görməliyik.
Dünyanın
böyük dövlətlərinin üzərilərinə
düşən vəzifələri düzgün dərk etməsinin
həlledici əhəmiyyətini ətraflı xarakterizə
edən Əbdüləziz bin Osman əl-Tuveycri ədalətin
başlıca meyar olması üçün ISESCO-nun da səylərini
əsirgəmədiyini diqqətə çatdıraraq
söylədi:
-
Gördüyümüz bütün işlər anlaşmanın,
dialoqun və bu cür tədbirlərin həyata keçirilməsinə,
bütün dünyada xalqların dinc şəraitdə
yaşamasının gücləndirilməsinə yönəlməlidir.
Mən xanım Bokovaya burada, bu prosesdə bizə verdiyi dəstəyə
görə minnətdaram. Avropa Şurasındakı
bütün tərəfdaşlarımıza, həmçinin
UNICEF, Dünya Bankı, Afrika İnkişaf Bankı və digər
bütün tərəfdaşlarımıza minnətdarıq
ki, onlar daha təhlükəsiz dünyanın qurulması
işinə sadiqdirlər. Biz yalnız birgə səylərlə
sülh və təhlükəsizliyi təmin edə bilərik.
ISESCO bunu belə görür. Cənab Prezident, Sizi əmin
edirəm ki, biz Sizin uğrunda mübarizə
apardığınız məramı tam həyata
keçirilməsinə öz töhfəmizi verəcəyik.
Çox sağ olun.
***
Avropa
Şurası baş katibinin müavini xanım Qabriella Battaini Draqoni
çıxış edərək dedi:
-Cənab
Prezident.
Xanım
Mehriban Əliyeva.
Əziz
qonaqlar, xanımlar və cənablar.
Mən bu
gün burada Avropa Şurasının adından qətiyyətlə
bizim üzv dövlətlərə üz tutaraq Azərbaycana
və onun rəhbərliyinə belə bir mühüm Forumun
təşkilatçılığını üzərilərinə
götürdüyünə görə minnətdarlığımı
bir daha çatdırıram. Qeyd etmək istərdim ki, mən
2008-ci ildə həqiqətən çox gözəl və
dinamik inkişaf edən Bakı şəhərində
olmuşam. O zaman Avropa Şurasının üzvü olan
bütün ölkələrin mədəniyyət nazirləri
qonşu ölkələrin mədəniyyət nazirləri ilə
birlikdə Azərbaycana təşrif buyurmuşdular. O vaxt həmin
nazirlər “Bakı prosesi”nin yekun qətnaməsini qəbul
etmişdilər. O qətnamə mədəniyyətlərarası
dialoqu təşviq edən bir sənəddir.
Cənab
Prezident, Sizə və komandanıza sülh prosesinə, mədəniyyətlər
və dinlər arasında dialoqun inkişafına verdiyiniz
töhfəyə görə xüsusi təşəkkür
edirəm. Qeyd etdiyiniz kimi, “Bakı prosesi” artıq xəyal
deyil, bir reallıqdır. Bəli, 2008-ci ildə bu, bir xəyal
idisə, indi “Bakı prosesi” bir reallığa çevrilib.
“Bakı prosesi” və mədəniyyətlərarası dialoq
forumları bizlərə çox mükəmməl bir
fürsət yaratmışdır ki, bir yerə
toplaşıb dünyamızı narahat edən məsələləri
müzakirə edək.
Qabriella
Battaini Draqoni mədəni müxtəlifliklə, mədəniyyətlərarası
dialoq və bu qəbildən olan digər məsələlərlə
bağlı Avropada həyata keçirilən işləri ətraflı
diqqətə çatdırdı. O, bu baxımdan maarifləndirmənin
mühüm əhəmiyyət
daşıdığını bildirdi. Qabriella Battaini Draqoni
yaxın iki ildə Avropada islamofobiyaya qarşı mübarizə
ilə əlaqədar ardıcıl iş aparılacağını
dedi və qarşıda duran məsələlərin öhdəsindən
bacarıqla gəlməkdə beynəlxalq təşkilatların
da sıx əməkdaşlıq etməsinin vacibliyini diqqətə
çatdıraraq vurğuladı:
-
Heç zaman unutmamalıyıq ki, biz uğurla və səmərəli
şəkildə əməkdaşlıq edə bilərik.
Beləliklə, keçmişdə
gördüyümüz
işlərin fonunda mən də, həmçinin
hamımız bu xoş notlarla bizim Forumun nəticələrinə
böyük ümidlər bəsləyirik.
Cənab
Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban
Əliyevaya üz tutaraq xahiş edirəm ki, “Bakı
prosesi”nin məşəlini heç zaman sönməyə
qoymayaq. Çünki indi dünyanın sülhə,
harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı
var. Diqqətinizə görə təşəkkür edirəm.
***
Sonra
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
baş direktoru Joze Qratsiano da
Silvanın müraciəti səsləndirən FAO-nun aparat
rəhbəri Mario Lubetkin
dedi:
-Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev.
Malinin
Prezidenti cənab İbrahim Boubakar Keyta.
BMT-nin ali
nümayəndəsi, baş direktorlar, baş katiblər.
Bizim sədarətin
çox mötəbər və mühüm Forumun
iştirakçıları.
İcazənizlə,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
üzrə baş direktoru Joze Qratsiano da Silvanın
salamlarını çatdırım. Əfsuslar olsun ki,
özü başqa işləri olduğuna görə bura gələ
bilmədi.
Mən əvvəlki
məruzəçilərə də, çox səxavətli
Azərbaycan Respublikasının xalqına da onların
başladığı bu çox önəmli missiyaya görə
minnətdarlığımı bildirmək istəyirəm.
FAO-nun baş direktorunun müraciətində deyilir:
“Xanımlar və cənablar, keçən il Bakıda
Sivilizasiyalar Alyansının ilk tədbiri keçirildi. Biz
çox şadıq ki, IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu insanların təhlükəsizliyi, sülh və
davamlı inkişaf üçün yeni imkanların
axtarılması məsələlərinə həsr olunub.
Bunlar çox vacib hədəflərdir”.
Daha sonra
müraciətdə bu Forumun insanlar arasında mədəni
körpülərin qurulmasına xidmət etdiyi bildirilir,
dünyada kənd təsərrüfatının inkişaf
etdirilməsinin, insanların ərzaq və qida
ehtiyacının ödənilməsinin əhəmiyyəti
vurğulanır. Azərbaycanın ev sahibliyi etdiyi bu Forumun təşəbbüslərinin
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
tərəfindən dəstəkləndiyinin bəyan edildiyi
müraciətdə qeyd olunur: “Bakı prosesi” öz növbəsində
bir çox ali məqsədlərə çatmağa kömək
edə bilər. Ona görə də bir daha qeyd edim ki, mən
sözügedən “Bakı prosesi”nin məntiqi davamı olaraq
BMT-nin Sivilizasiyalar Alyansı, eləcə də Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatı “Mədəniyyətlərarası
ərzaq təhlükəsizliyi və sülh” mövzusunda
böyük bir tədbir keçirəcəkdir. Tədbir
FAO-nun qərargahında elan ediləcək. Orada digər tərəfdaşlar
da iştirak edəcəklər. Eləcə də bu tədbir
məhz Azərbaycanın dəstəyi ilə keçiriləcək.
FAO-nun üzv dövlətlər və təşkilatlarla, BMT
ailəsi ilə, vətəndaş cəmiyyətləri, eləcə
də özəl sektorla birlikdə keçirəcəyi tədbirin
məqsədi planetimizdə mövcud problemlərə qarşı
mübarizə aparmaqdır. Əminik ki, biz qlobal
çağırışların həlli yollarını
yalnız birlikdə tapa bilərik. Mən FAO-nun gələcək
təşəbbüslərimizdə fəal rol
oynayacağını bir daha qeyd etmək istərdim. Mən ev
sahibi Azərbaycan Respublikasına minnətdarlığımı
bildirir, müxtəlif ölkələrin nümayəndələrini,
liderlərini müntəzəm surətdə dəvət edib
öz təcrübələrini paylaşdıqları
üçün ölkə rəhbərliyinə təşəkkür
edirəm”.
***
Sonra
Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın adından IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak edən yüksək səviyyəli
qonaqların şərəfinə nahar verildi.