Zorakı
ekstremizm birgə səylərlə aradan
qaldırılmalıdır
IV
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində "Dialoqun təşviqi və
körpülәrin qurulması: Zorakı ekstremizmin
qarşısını almaq üçün vasitələr"
mövzusunda birinci plenar sessiya keçirilib.
Sessiyanın
moderatoru, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsinin
kabinet rəhbəri və sözçüsü xanım
Nihal Saad müasir dövrdə çox aktual və həyati
vacib mövzuya həsr olunan Forumun yüksək səviyyədə
təşkilinə görə Azərbaycan dövlətinə
təşəkkür edib.
"Azərbaycan terrorizmi pisləyir, multikultural dialoqa önəm verir", - deyən xarici işlər naziri Elmar Mәmmәdyarov mədəniyyətlər arasında əlaqələri güclәndirmәk, multikultural dəyərlərə üstünlük verməklə əməkdaşlığa nail olmağın mümkünlüyünü qeyd edib. O deyib: "Ölkәmiz terrorizmdən əziyyət çəkib. Әməkdaşlıq olmadan ekstremizmlә mübarizədә uğura nail olmaq mümkün deyil. Bu gün dünyada islamofobiya hallarına rast gəlinir, terrorizm mədəniyyət abidələrini hədəfə alır. Ekstremizmlə mübarizədə təhsilin rolu böyükdür. Zorakı ekstremizmi birgə səylərlə aradan qaldırmalıyıq. Antiekstremizm cәbhәsi formlaşdırmaq zәruridir. Gәnclәrin terror qruplaşmalarına cәlb edilmәsinin qarşısı alınmalıdır. Bu forum yeni düşüncәlәr üçün yaxşı әsas yaradacaq. Әminәm ki, dialoq böyük irәlilәyişlәrә nail olmağa kömәk edәcәk".
“Biz Azərbaycanda bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm veririk. Ölkəmizdə multikulturalizm və dözümlülük cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Biz hesab edirik ki, mədəni rəngarənglik və multikulturalizm dialoqun təşviqi, etnik və dini plüralizmin həvəsləndirilməsi və beləliklə, zorakı ekstremizmin potensial artımının səmərəli şəkildə qarşısının alınmasına töhfə vermək üçün geniş imkanlar verən güc və sərvətdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilmişdi. Azərbaycan hökuməti bütün etnik və dini azlıqların hüquqlarının qorunması istiqamətində ardıcıl siyasətini davam etdirir. Azərbaycanda mindən artıq məscid, 11 kilsə, 6 sinaqoq və digər dini məbədlər heç bir maneə olmadan fəaliyyət göstərir”, - deyə nazir qeyd edib.
BMT baş katibinin müavini, İctimai İnformasiya Departamentinin rәhbәri Mahir Nasir qeyd edib ki, terrorçu vә ekstremist qruplaşmalar fәaliyyәtlәrini artıq internetdә aparır, müxtәlif proqram tәminatlarından istifadә edirlәr. Onun sözlәrinә görә, sosial media ekstremist qrupların әlindә bir alәtә çevrilib. "Onlar sosial şәbәkәlәrdә yaratdıqları qruplarda insanları zorakılığa çağırırlar, onların şüuruna tәsir edirlәr. Eyni zamanda, medianın müxtәlif xalqların mәdәniyyәtlәri haqqında qeyri-düzgün informasiya yayması da insanların qәzәblәnmәsi vә bu vәziyyәtdәn ekstremistlәrin yararlanmasına gәtirib çıxarır. Әsas işimiz gәnclәri qorumaq vә onlara düzgün istiqamәt vermәkdir", - deyә o bildirib.
BMT baş katibinin hüququn aliliyi vә tәhlükәsizlik institutları üzrә müavini Aleksandr Zuev bildirib ki, tolerantlıq vә mәdәniyyәtlәrarası dialoq hazırkı dövrdә daha yeni formalarda tәbliğ edilmәlidir, çünki ekstremizm getdikcә yeni üsullara әl ataraq sıralarını genişlәndirir. O, BMT, UNESCO vә digәr beynәlxalq tәşkilatların üzәrinә böyük mәsuliyyәt düşdüyünü söyləyib, onların bir sıra strukturları vasitәsilә daha tәsirli metodların hazırlanmasının vacibliyini qeyd edib.
Sülhә nail olmağın yeganә yolunun dialoq olduğunu deyәn Bolqarıstan Respublikasının vitse-prezidenti İliana İotova deyib ki, tolerantlıq mühitini qorumaq, zorakı ekstremizmә şәrait yaradılmasının qarşısını almaq lazımdır. Vitse-prezident dә gәnclәrin tәhsil alması mәsәlәsinә diqqət ayıraraq onların ekstremizm qarşısında әn zәif tәbәqә olduğunu deyib. İ.İotova tәhsilә sәrmayә ayırmaqla gәnc nәslin dünyagörüşünü genişlәndirmәyin, müxtәlif ölkәlәrin gәnclәri arasında tәhsil vә tәcrübә mübadilәsini artırmağın zәruri olduğunu bildirib. "Әgәr biz mәdәni müxtәlifliyi qorumasaq, vaxtında çağırışlara birgә cavab vermәsәk, cәmiyyәtlәrimiz böyük risklәr qarşısında kömәksiz qala bilәr", - deyә o vurğulayıb.
NATO baş katibinin müavini Tacan İldem ekstremizmlә mübarizәdә real addımlar atılmalı olduğunu deyib. O, Azәrbaycanın bu istiqamәtdә addımlarını alqışladıqlarını vә dәstәklәdiklәrini deyib: "NATO daim ölkәlәr arasında tәrәfdaşlığı dəstəkləyib. Tәşkilat ölkәlәrә bu istiqamәtdә hәr cür kömәk göstәrmәyә çalışır". O, internetin radikallaşma meyillәrinә tәsir etdiyini bildirib, insanları ekstremist ideyalardan qorumağın vacibliyini vurğulayıb, bunun üçün artıq praktik addımlar atmağın zamanının yetişdiyini qeyd edib.
Әl-Әzhәr Universitetinin nümayәndәsi Kamal Abdelsalam Haassan heç bir mövcud dindә zorakılığa çağırış olmadığını, әslindә bütün dinlәrin dialoq vә sülhә çağırdığını vurğulayıb. O, terrorizm vә ekstremizmlә mübarizәdә müqәddәs kitablardakı Allah kәlamını rәhbәr tutmaqla irәlilәyişlәrә nail olmağın mümkünlüyünü qeyd edib. "Çünki Allah insan hәyatını hәr şeydәn üstün tutur", - deyә o bildirib.
Orta Şәrq vә Şimali Afrikada "Search for Common Ground" (Tunis) tәşkilatının regional direktoru Abu Fassi Fihrinin sözlәrinә görә, ölkәlәr vә vәtәndaş cәmiyyәtlәri bir araya gәlәrәk gәnclәrin gәlәcәyini qurmağa çalışmalıdırlar. Dialoq sayәsindә insanları bir araya gәtirmәk, xalqların mәdәniyyәtlәrini dünyaya tanıtmaq lazımdır. O, gәnclәrin savadlılığının artırılması ilә onlara daha parlaq gәlәcәk vermәyin mümkün olduğunu söylәyib.
Plenar sessiya müzakirәlәrlә davam edib.
AZƏRTAC
Azərbaycan.- 2017.- 6 may.- S. 7.