Tarixboyu Azərbaycanda hər kəs
sülh, tolerantlıq içərisində yaşayıb
2016-cı
ildə Azərbaycanda radikal ekstremizmlə mübarizə ilə
bağlı 42 sosial layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu fakt mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Kiber-mühitdə ekstremizmlə mübarizənin aspektləri: Gənclərin zorakılığa aparan radikallaşması” mövzusunda sessiyada səslənib.
Sessiyanın moderatoru, rabitə və informasiya sektorunun universal giriş və mühafizə bölməsinin rəhbəri Boyan Radoykov bildirib ki, gənclər hər gün internet qarşısında 6-7 saat vaxt keçirir. Bu, üzərimizə böyük məsuliyyət qoyur. Çünki hazırda sosial şəbəkələr vasitəsilə ən çox gənclər radikal ekstremizmə cəlb edilir. UNESCO-nun səyi nəticəsində “facebook”da radikal ekstremizm təbliğatı aparan 325 min istifadəçinin hesabı bağlanıb.
“Information for All Programme” (IFAP) proqramının Hökumətlərarası şurasının sədri və Qrenadanın UNESCO yanında daimi nümayəndəsinin müavini Çafika Haddad kiber-mühitdə ekstremizmlə mübarizənin aspektlərindən danışaraq vurğulayıb ki, informasiya güc mənbəyidir. Bir çox məsələlərin həllində və ölkələrin inkişafında böyük rol oynayan informasiya, həmçinin sülhə və birliyə aparan yoldur.
Ç.Haddadın sözlərinə görə, müasir texnologiyalar ölkələrin bir-birinə yaxınlaşmasında, mədəniyyətlərarası dialoqun qurulmasında mühüm rol oynayır. Lakin radikal ekstremizmə meylli qruplar bundan təhlükəsizliyi pozmaq üçün istifadə edirlər. “Bizim məqsədimiz gənclərin internet vasitəsilə radikallaşmasının qarşısını almaqdır. Bununla bağlı UNESCO-nun müvafiq proqramları var. Onların arasında ən mühümü IFAP proqramıdır. Proqram gəncləri radikallığa cəlb edən qruplara qarşı fəaliyyət göstərir”, - deyə Ç.Haddad vurğulayıb.
Məruzəçi forumda belə bir layihənin təbliği üçün imkan yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, bunun özü də radikal ekstremizmlə mübarizə istiqamətində atılmış əhəmiyyətli addımdır.
UNESCO tərəfindən iyun ayının 1-2-də Parisdə kiber-mühitdə ekstremizmlə mübarizə ilə bağlı konfrans təşkil olunacağı barədə məlumat verən Ç.Haddad deyib ki, konfransda müxtəlif ölkələrdən gələn gənclərin ehtiyacları dinləniləcək və internetdə radikallaşma ilə bağlı mübarizədən söhbət açılacaq. UNESCO radikal ekstremizmlə mübarizə üçün bundan sonra da təlimlər təşkil edəcək.
Azərbaycan hökumətinə və UNESCO-ya radikal ekstremizm mövzusuna göstərdiyi həssaslığa görə təşəkkür edən Qahirə Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, sabiq səfir, Misirin UNESCO yanında daimi nümayəndəsi Mohamed Sameh Amr bildirib ki, radikal ekstremizm ən çox yoxsulluq, işsizlik olan və təhsilin zəif inkişaf etdiyi ölkələrdə yayılır. Gənclər sosial şəbəkələrdən çox istifadə etdikləri üçün təsir altına daha tez düşürlər. Lakin internetdən düzgün istifadə edən gənclər də var. Onlar sosial şəbəkə vasitələrindən dünyagörüşlərini, bilik və bacarıqlarını artırmaq üçün istifadə edir. Radikal ekstremizmlə mübarizədə bu cür gənclər də böyük rol oynaya bilərlər.
Mohamed Sameh Amrin sözlərinə görə, ekstremizmi təbliğ edən qruplaşmalar dini, irqi, milli amillər əsasında formalaşmır. Onlar sosial şəbəkələrdən sui-istifadə edirlər. Bu cür hallar araşdırılmalı və qarşısının alınması üçün tədbirlər görülməlidir.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda müxtəlif xalqlar sülh şəraitində yaşayır, milli və dini tolerantlıq hökm sürür. Radikal ekstremizm hansısa etnik qrupa xas olmasa da, bundan bütün ölkələr əziyyət çəkir. Bunun çox həssas mövzudur olduğunu vurğulayan F.Hacıyev qeyd edib ki, internet məkanında hər kəsin təbliğat aparması üçün imkanlar var. Bundan radikal ekstremizmin yayılması üçün istifadə edən qruplar əsasən zəif xarakterli insanları hədəfə alır. Bu bəlanın qarşısını almaq üçün əməkdaşlıq çərçivəsində mübarizə aparmalıdır.
“Azərbaycanda gənclərə böyük önəm verilir. Onların düzgün tərbiyəsi və sağlamlığı dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Təsadüfi deyil ki, ölkəmizdə idman inkişaf etdirilir, gənclər idman yarışlarına cəlb olunur. Bu, hər bir şəxsin daxilindəki radikallığı aradan qaldırmaq üçün ən gözəl vasitədir. Gənclər Fondu Azərbaycanda ötən il radikal ekstremizmlə mübarizə ilə bağlı 42 sosial layihə reallaşdırıb. Azərbaycanda 2016-cı ilin multikulturalizm ili elan edilməsi də radikallığa qarşı atılan mühüm addımlardan biridir. Tarix boyu Azərbaycanda hər kəs sülh, tolerantlıq içərisində yaşayıb”, - deyə F.Hacıyev vurğulayıb.
Gənclərin məlumatlandırılması və təlimi üzrə Afrika QHT-sinin Afrika Gənclər Şəbəkəsinin koordinatoru Daniel Da Hien bildirib ki, Afrika müharibə və konfliktlər ölkəsidir. Orada hüquqları tapdalanan insanlar var və bundan ən çox gənclər əziyyət çəkir. Hazırda Afrikanın qərbində qanlı münaqişələr yaşanır. Nigeriya, Kamerun və digər ölkələrdə islam pərdəsi altında terrorla məşğul olan qruplaşmalar fəaliyyət göstərir. Bütün bunlar isə zəif idarəçilik və korrupsiya səbəbindən yaranıb.
Daniel Da
Hienin fikrincə, bu gün müəllimlər maarifləndirmə
rolunu internet qədər
oynaya bilmirlər. Ekstremizm
ölkələri kasıbçılıq və iqtisadi geriləməyə aparır. Bunun qarşısını almaq
üçün informasiya
və texnologiyalardan səmərəli
istifadə edilməlidir. “Beynəlxalq ictimaiyyəti bu mübarizədə birgə hərəkət
etməyə səsləyirik. Mənim ölkəmdə gənclər
təhsilin aşağı səviyyədə olması səbəbindən
radikal ekstremizmin
qurbanına çevrilir. Onların maarifləndirilməsi
üçün imkanlar
azdır. Gənclər sosial şəbəkələrdən
daha çox internet kafelərdə istifadə etdiyi üçün valideyn nəzarətindən uzaq
olurlar. Təklif edirəm ki,
radikal ekstremizmlə mübarizə üçün radio və
televiziyalarda xüsusi
debatlar təşkil edilsin.
Hazırda mövcud olan
bütün sosial
şəbəkələrdə müzakirə qrupları
yaradılsın”, - deyə Daniel Da Hien qeyd
edib.