Mədəniyyətlərarası
dialoqun e-resurslar vasitəsilə təbliği
üçün yeni perspektivlər
Bakıda
keçirilən IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində növbəti panel
sessiya “Mədəniyyətlərarası dialoqun e-resurslar vasitəsilə
təbliği üçün yeni perspektivlər: UNESCO nəşrləri
və e-platformasının istifadəyə verilməsi”
mövzusuna həsr edilib.
AZƏRTAC
xəbər verir ki, panel sessiya Abucada UNESCO-nun multisektoral
regional ofisində ictimai və humanitar elmlər üzrə
proqram mütəxəssisi Huqu Çarnienin moderatorluğu ilə
keçib. UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər
üzrə müavini Nada əl-Nashif sessiyanın mövzusu
haqqında məlumat verib.
Vurğulanıb
ki, təqdim ediləcək veb-saytda (ingilis versiyası:
www.muslimarablegacy.net və fransız versiyası:
http://www.heritagearabomusulman.net) yerləşdirilmiş akademik
material müsəlman-ərəb irsi ilə Qərb
dünyası arasındakı əlaqələrdən bəhs
edir. Bu veb-sayt hərtərəfli olmaqdan daha çox,
“töhfə vermək üçün
çağırışlar”dan ibarət təməl
daşıdır. “Vikipediya” ilə eyni məzmuna malik olan bu
platforma bütün dünyadan məlumat toplayaraq (məzmun
baxımından) zənginləşməyə hazırdır
və hər kəs üçün əlçatan olan və
durmadan inkişaf edən internet səhifəsidir.
Bildirilib
ki, onlayn rəqəmsal kitabxana xüsusilə sülh və
tolerantlıq dəyərlərinin
formalaşdırılmasında ərəb-müsəlman
sivilizasiyasının rolunu və bu irsin müasir Avropanın,
nəticə etibarı ilə də çağdaş
dünyanın inkişafına necə töhfələr
verdiyini diqqət mərkəzində saxlayır.
Layihənin
icrası vaxtında atılmış çox mühüm addımdır
və ziyarətçilərə həm mədəniyyətlər,
həm də onların qarşılıqlı
asılılığı haqqında dəqiq məlumatlar
verir.
Daha sonra UNESCO-nun xoşməramlı səfiri Aleksandra Oçirovanın məruzəsi dinlənilib. UNESCO tərəfindən məşhur elm və mədəniyyət obyektləri haqqında “Qərb dünyasında müsəlman-ərəb mirası” adlı onlayn rəqəmsal kitabxanana sistemindən danışan A.Oçirova qeyd edib ki, bu kitabxana Kral Abdullah bin Əbdüləziz adına Beynəlxalq Sülh və Dialoq Mədəniyyəti Proqramı çərçivəsində maliyyələşdirilir. Rəqəmsal kitabxana ərəb-İslam dünyasının elmi, fəlsəfi, ədəbi və bədii antologiyası və onun Qərbin düşüncə və mədəniyyətinin yenilənməsinə töhfəsi əsasında yaradılıb.
Diqqətə çatdırılıb ki, antologiyada 100-dən çox məqalə yer alıb. “İyirmi tanınmış tədqiqatçı tərəfindən hazırlanan mədəniyyətlərarası sorğu kitabçası “Elm və texnologiya – tibb”, “İncəsənət və ədəbiyyat”, “Fəlsəfə”, “Mütəxəssislər” və “Bilik mənbələri” mövzularını əhatə edir. Elmi obyektivliyə əsaslanaraq, sorğu kitabçasında Aralıq dənizinin bütün sahili boyu intensiv qarşılıqlı əlaqələri və bu əlaqələrin Hindistan, fars, ərəb və Afrika ölkələrinə mənsubluğunu təsdiq etməyin zəruriliyinə xüsusi diqqət yetirilir”, - deyə A.Oçirova bildirib.
Paneldə Kanadanın Kvebek əyalətində yerləşən Laval Universitetinin antropologiya departamentinin fəxri professoru Frankin Seylantin, Paris-Saclay Universitetinin mübahisəli məsələlərin təhlili və onların həlli variantları mərkəzinin direktoru Salim El Sayegin, “İnkişaf üçün mədəni transformasiya” təşkilatının beynəlxalq məsləhətçisi Lazaro İsrail panelin mövzusu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini bildiriblər.
Sessiya müzakirələrlə davam edib.