Qeyri-formal təhsil formal təhsildən
məzmun və metodları ilə fərqlənir
Dördüncü Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә keçirilən növbəti panel sessiyası “Səmərəli mədəniyyətlərarası dialoq və dünya vətəndaşlığı üzrə təlim: Nə kömək edir?” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, interaktiv keçən sessiyada Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndəsi Migel Silva, Oksfam İtaliyada baş təhsil işçisi Federika Cicala, Qlobal Təhsil Təlimatçıları üçün Təlimat təşkilatında təlimatçı Mohammed Alsaud qeyri-rəsmi təhsil fəaliyyəti barədə iştirakçıları məlumatlandırıblar. Bildirilib ki, bu təhsil forması əsasən elektron tədris kursları və təlimlər vasitəsilə həyata keçirilir. Kurslarda insan haqları, mədəniyyətlərarası dialoq və demokratik vətəndaşlıq mövzularına aid elektron məlumatlar yer alıb. Həmçinin seminarlar, konfranslar və digər tədbirlər təşkil edilir.
Məruzəçilər qlobal təhsil vasitəsilə formal sistemə lazımi bacarıqlar gətirdiklərini, qlobal təhsil konsepsiyasını yaratdıqlarını qeyd ediblər. Onlar təbliğat işlərində keyfiyyətli təhsilə təsir etmək istədiklərini söyləyiblər.
Müzakirələr zamanı iştirakçılar qlobal təhsilin hansı formada olması barədə fikirlərini söyləyiblər. Bildirilib ki, burada qeyri-rəsmi təhsil metodlarından istifadə edilir.
Sessiyada qlobal təhsil anlayışı fərdidən kollektivə, lokaldan qlobala, formal və qeyri-formal mühit kimi aspektlərdən təcrübələr əsasında müzakirə edilib. Bildirilib ki, formal təhsil reallığı dərk etməkdən ibarətdir. Qeyri-formal təhsil formal təhsildən məzmun və metodları ilə fərqlənir.
Sonda sessiya
iştirakçılarının mövzuya
aid sualları cavablandırılıb.