Bütün mədəniyyətlər
bir-birinə təsir edə bilir
Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyalardan biri də “Qərbdə müsəlman-ərəb mirası" mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, sessiyaya moderatorluq edən UNESCO-nun nümayəndəsi Əminə Həmşəri müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. O, Bakının hər zaman mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da bunlardan biri olduğunu diqqətə çatdırıb. UNESCO rəsmisi Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Ə.Həmşəri Forumun Qərb və müsəlman mədəniyyətləri arasında dialoqun inkişafına töhfələr verəcəyini vurğulayıb.
Fransanın "Haute-Alsace" Universitetində medievalist, "Stratsbourg-Mediterranee" festivalının prezidenti Miriam Şopin mövzuya dair məruzə ilə çıxış edib. O, Parisdə müsəlman mədəniyyəti ilə bağlı aparılan araşdırmalardan danışıb. Bildirib ki, 2008-ci ildə "Qərb mədəniyyətində yunan kökləri" kitabı çap olunub. Kitabın müəllifləri çalışıblar ki, Qərb dünyasının ideoloji gücünü nümayiş etdirsinlər. Bu, düzgün deyildi. M.Şopin deyib ki, Qərb fəlsəfəsi qaranlığa qərq olduğu bir vaxtda İslam dünyası bütün məkanlara açıq olub. "Hər bir mədəniyyət özünəməxsusdur, ancaq bununla belə bütün mədəniyyətlər bir-birinə təsir edə bilir. Hamımız müsəlman-ərəb irsindən bəhrələnmışık", - deyə o bildirib.
"Editions des
Archives"ın direktoru Gerardo
Bautista isə məruzəsində müsəlman-ərəb
mədəniyyətinin yayılmasında texniki
vasitələrin rolundan
danışıb. O, orta əsrlər
Avropasının müsəlman-ərəb dünyasından bəhrələnərək
inkişaf etdiyini diqqətə
çatdırıb.