FAO Azərbaycanla birgə
layihələri uğurla həyata keçirir
Mayın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən FAO-nun aparat rəhbəri Mario Lubetkin və təşkilatın Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda təşkil olunan və artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumun dünyada sülh, əmin-amanlıq və rifahın inkişaf etdirilməsində əhəmiyyəti vurğulanıb. Bu xüsusda, tərəflər mədəniyyətlər arasında əlaqələrin möhkəmləndirilməsində ərzaq və qidanın rolunu, eləcə də məhsullar və milli mətbəxlərin müxtəlifliyinin qorunub saxlanmasının vacibliyini qeyd ediblər.
Leyla Əliyeva FAO-nun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, bu yaxınlarda ölkəmizin regionlarında aztəminatlı ailələr üçün meyvə bağlarının salınması üzrə Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş birgə layihənin uğurla həyata keçirildiyini bildirib. O, FAO-nun baş qərargahında Azərbaycan otağının yaradılması imkanına görə təşkilatın rəhbərliyinə təşəkkürünü ifadə edib.
Söhbət zamanı, həmçinin dünyada aclıqla mübarizə, davamlı inkişaf və ətraf mühitin mühafizəsi məsələləri, o cümlədən Xəzərdə nərə balığının qorunması və artırılmasında FAO-nun mümkün iştirakı ətrafında fikir mübadiləsi aparılıb.
FAO rəsmisi, həmçinin məktəblərdə
düzgün qidalanma
məsələsində təşkilatın öz
təcrübəsi ilə bölüşməyə, bu istiqamətdə ölkəmizdə
görüləcək tədbirləri dəstəkləməyə
hazır olduğunu bildirib.