Yeni dövrün
çağırışları: strateji
hədəflər mükəmməl islahatlar
kontekstində
Ötən əsrin sonlarında müstəqilliyi bərpa etdikdən sonra kompleks islahatların həyata keçirilməsi üçün ölkədə ilk növbədə siyasi sabitliyin zəruriliyini yüksək qiymətləndirən Heydər Əliyev 1994-cü ilin may ayında atəşkəs barədə müqavilə imzalanmasına nail oldu. Bundan sonra nəhəng transmilli enerji və logistika layihələri çərçivəsində Azərbaycana qoyulmuş milyardlarla ABŞ dolları həcmində investisiyalar respublikamızın inkişafına güclü təkan verdi. Dünya bazarlarına çıxan Azərbaycan nefti ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlarından birinə çevirdi.
“...Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir. Bizim borcumuz gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir” - deyə bəyan edən ümummilli lider həmin dövrdə formalaşmış geosiyasi reallıqlardan məharətlə istifadə etməklə dövlət müstəqilliyimizin möhkəmlənməsi naminə Azərbaycan iqtisadiyyatının çiçəklənməsi və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi üçün həm daxili, həm də xarici siyasət müstəvisində sanballı gedişlər etdi. Məhz onun müəllifliyi ilə ölkəmizdə dövlət quruculuğu, demokratiyanın inkişafı, iqtisadiyyatın və sosial məsələlərin bütün prioritet istiqamətləri üzrə konsepsiyalar, strategiya və proqramlar qəbul edildi.
2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq demokratik seçki yolu ilə hakimiyyətə gələn Prezident İlham Əliyev Heydər Əliyev irsinə sadiq qalaraq ulu öndərin siyasi təfəkküründən doğmuş Yeni Azərbaycan Partiyasının ideoloji resurslarına və intellektual gücünə güvənərək bu modeli təkmilləşdirdi, ölkəmizin daha yüksək nailiyyətlər əldə etməsi üçün, iqtisadi və sosial inkişafın təmin olunması, habelə demokratik dəyərlərin formalaşması istiqamətində prinsipcə yeni mərhələnin təməlini qoydu. Onun dövlətçilik ideologiyasına verdiyi önəm və xarizmatik lider keyfiyyətləri həyata keçirilən islahatların uğurlu nəticələrinin təmin olunmasında və insan kapitalının inkişafı sahəsində fəxr ediləcək nailiyyətlərin əldə edilməsində mühüm amilə çevrilməkdədir.
“Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir” - deyən ölkə rəhbəri respublikanın dayanıqlı iqtisadi inkişafına yönələn bütün islahatlarda ilk növbədə mühüm sosial proqramların icrasını, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin təmin olunmasını dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən etmişdir. Bu istiqamətdə təkcə 2016-cı ildə 30-dək fərman və sərəncam imzalanması ümumilikdə 3,6 milyon nəfərə yönələn əməkhaqları və pensiyaların, təqaüd və müavinətlərin növbəti dəfə artırılması ilə nəticələnmişdir.
Cəmiyyətə təqdim olunmuş islahatlar konsepsiyası çərçivəsində Prezident İlham Əliyevin sosial sahəyə göstərdiyi xüsusi diqqət və qayğı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar respublikanın iqtisadi potensialının gücləndirilməsini şərtləndirməklə bərabər, yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına, sosial firavanlığın təminatına doğru mühüm addımların atılmasına zəmin yaradıb. Nəticələr göz önündədir. Bu gün ölkəmizdə yoxsulluq və işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir. Sosial infrastruktur layihələri çərçivəsində minlərlə məktəb, tibb ocağı inşa edilmiş, 90-dan çox yeni salınmış qəsəbədə 250 mindən çox məcburi köçkün mənzillə təmin olunmuşdur. Qürurvericidir ki, respublikamızda savadlılıq 100 faiz səviyyəsindədir. Elə bütün bunlara görədir ki, ötən il BMT İnkişaf Proqramının hazırladığı “İnsan inkişafı naminə əmək” adlı məruzədə insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına Azərbaycan da daxil edilib.
Heydər Əliyev tərəfindən müəyyən edilmiş strategiyaya əsaslanan sosial-iqtisadi siyasətin davamı olaraq 2003-cü ildən bəri regionların sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramları təsdiq edilmiş, Azərbaycanın bütün bölgələrində inkişafın yeni əsasları yaranmışdır. Ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin keyfiyyətinin daha da artırılmasına, regionların potensialının inkişafına, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olunmuş, bölgələrimizin siması dəyişmiş, ölkə iqtisadiyyatının dayanıqlılığı möhkəmlənmişdir.
Uğurların göstəricisidir ki, bu dövr ərzində ümumi daxili məhsulun 3 dəfədən çox artdığı Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə malikdir. Ölkədə yüksək iqtisadi artım əhalinin sosial rifahının yüksəlməsi ilə də müşayiət olunmuş, adambaşına düşən milli gəlir 2003-cü illə müqayisədə 8 dəfə artmış, Azərbaycan aşağı gəlirli ölkədən yüksək-orta gəlirli ölkəyə çevrilmişdir. Dünya Bankının “Doing Business” hesabatında 65-ci yerdə olan ölkəmiz Davos Ümumdünya İqtisadi Forumunun ötənilki hesablamalarına görə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında daha 3 pillə irəliləyərək 37-ci pilləyə yüksəlmiş və bu sahədə MDB məkanında yenə də birincidir. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür. Fərəhləndirici faktdır ki, ümumilikdə adambaşına düşən sərmayələrin həcmi baxımından Azərbaycan dünyada ilk yerlərdən birini tutur.
Bütün bunlar onu göstərir ki, enerji daşıyıcılarının ixracından əldə olunmuş gəlirlərin səmərəli şəkildə istifadə olunması ilk növbədə əhalinin yüksək həyat səviyyəsini hədəfləyən sosial siyasətin mahiyyətini təşkil etmişdir. Dünya Bankının mütəxəssislərinin rəyinə görə, Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sistemi səmərəli və şəffaf olmaqla yanaşı, geniş əhatəliliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynayır.
Lakin dünyada baş verən qlobal dəyişikliklər, bir-birini əvəz edən böhranlı vəziyyətlər, neft amilinə bağlı olan siyasi gəlişmələr, beynəlxalq miqyasda və bölgədə gedən əhəmiyyətli geosiyasi proseslər növbəti dövr üçün inkişaf dinamikasını təmin etmək baxımından Azərbaycanda da yeni iqtisadi və siyasi düzənin formalaşmasını şərtləndirmişdir.
Postneft dövrünə qədəm qoymuş Azərbaycan bu gün yeni inkişaf mərhələsinin astanasındadır. Yeni dövrün çağırışlarına cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və sosial-iqtisadi məsələlərdən tutmuş insan hüquq və azadlıqlarının təmin edilməsinə qədər həyatımızın bütün sahələrini əhatə edən və çox mühüm yüksəlişlərə təkan verən islahatlar konsepsiyası mütərəqqi ideyalarla getdikcə daha da zənginləşməkdədir.
Bu baxımdan hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Belə ki, Konstitusiyamızda vurğulanan “Azərbaycan dövlətinin əsas məqsədi, mahiyyəti və fəlsəfəsi insanın hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir” prinsipi Prezident İlham Əliyevin bu istiqamətdə sərgilədiyi fəaliyyətin mahiyyətini təşkil edir. Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Bu baxımdan Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamı da yüksək qiymətləndirilməlidir. Bu sənəd hüquqi, demokratik və sivil cəmiyyətli dövlət quruculuğu yolunda inamlı və qətiyyətli addımlar atan müstəqil Azərbaycanda aparılan demokratik hüquqi islahatlar, insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmışdır.
26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsinə dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə olunması ilə, demək olar ki, növbəti mərhələdə Azərbaycanın yeni inkişaf strategiyasının reallaşması üçün güclü zəmin formalaşdı. Diqqətəlayiqdir ki, 23 dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Referendum Aktında əksini tapan bütün məsələlər demokratik dəyərlərin qorunması mexanizmini, siyasi idarəçilik təsisatlarının fəaliyyətini, habelə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsini və digər sosial məzmunlu məqamları özündə ehtiva edir. Azərbaycanın yeni inkişaf dövrü üçün çox böyük tarixi və siyasi əhəmiyyətə malik olan bu sənədə uyğun olaraq Birinci vitse-prezident və vitse-prezident institutlarının təsis edilməsi ilə dövlətçilik baxımından müasir zamanın tələblərini ödəyə biləcək yeni, mütəhərrik, çevik və səmərəli üsul-idarəsinə keçidin təməli qoyuldu.
Seçicilərin böyük əksəriyyətinin Referendum Aktında təklif olunmuş yeni müddəalara pozitiv münasibəti ölkə rəhbərinin siyasi uzaqgörənliklə irəli sürdüyü və praqmatik düşüncədən doğan tarixi təşəbbüsünün sosial sifariş olduğuna işarədir. Məhz bu baxımdan təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumun müşahidəçiləri tərəfindən prosesin beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun, azad, şəffaf, seçicilərin fəallığı şəraitində tam qanunamüvafiq şəkildə baş tutduğu və ümumxalq səsverməsinin nəticələrinin Azərbaycan xalqının iradəsini tamamilə əks etdirdiyi qeyd olunmuşdur.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün artıq konkret qərarlar qəbul olunur. İdarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin minimuma endirilməsi və səmərəliliyin artırılması baxımindan həyata keçirilən struktur dəyişiklikləri islahatlar strategiyasının tərkib hissəsidir. Səlahiyyətləri baxımından bir-birini təkrarlayan nazirlik və komitələrin, digər dövlət qurumlarının daha çevik fəaliyyət imkanlarına malik vahid mərkəzdə birləşdirilməsi və “Publik hüquqi şəxs” institutunun tətbiqi məhz dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaların həyata keçirməsi ilə bağlıdır.
Paralel həyata keçirilən effektiv kadr islahatları çərçivəsində dövlət qulluğuna qəbul ilə bağlı tələblərin ciddiləşdirilməsini və bu sahədə şəffaflığın təmin olunmasını, dövlət idarəçiliyində səmərəli fəaliyyət göstərmiş səriştəli, yüksək işgüzar və mənəvi keyfiyyətlərə malik nüfuzlu şəxslərə etimad göstərilməsini də müsbət dəyişikliklərin vacib elementi saymaq olar. Bu mənada Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsı eyni zamanda gender bərabərliyinin təmin olunması baxımından digər sahələrdə olduğu kimi yüksək səviyyədə siyasi qərar qəbul etmək səlahiyyətlərinin də bölüşdürülməsi istiqamətində atılmış mütərəqqi addımdır.
Təbii ki, hər bir müstəqil dövlətin insan hüquq və azadlıqlarının müdafiəsinə münasibəti, bu sahəyə göstərilən diqqət və qayğısı onun beynəlxalq imicini və beynəlxalq aləmdəki reytinqinin göstəricisini müəyyənləşdirir. Son illər Azərbaycanda həyata keçirilən islahatlar, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən tədbirlər, qəbul edilən qanunvericilik aktları ölkəmizin dünya birliyindəki reytinqini daha da möhkəmlənməsinə xidmət edir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Bu da ondan irəli gəlir ki, əsas insan hüquq və azadlıqlarının qanunvericilikdə və real həyatda təmin edilməsi cəmiyyətdə demokratiyanın təşəkkülü və geniş inkişafı üçün həlledici amil rolunu oynayır.
Prezident İlham Əliyevin mükəmməl islahatları sayəsində bu gün əldə olunan uğurlar gələcəkdə də Azərbaycanda sosial-iqtisadi nailiyyətlərin davam etməsi üçün münbit şərait yaradır. Bu baxımdan dövlət başçısı tərəfindən imzalanmış “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman inkişafın Azərbaycan modelinin keyfiyyətcə yeni mərhələsi olmaqla bərabər həm də qarşıdakı 10 il və ondan sonrakı dövr üçün əsas iqtisadi islahat strategiyası, fəaliyyət məramnaməsidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi çərçivəsində müəyyənləşdirilmiş konkret hədəflərə çatmaq üçün əsas vasitə kimi 12 sektor üzrə respublikada davamlı iqtisadi inkişafa nail olunacaqdır. Milli Məclisin komitələrində və plenar iclaslarında qızğın müzakirələrdən sonra qəbul edilmiş 2017-ci il dövlət büdcəsinin iqtisadi-sosial mahiyyəti də məhz yeni iqtisadi kursu və islahatlar paketini əks etdirir.
Bu mərhələdə əsas məqsəd milli iqtisadiyyatın yüksəldilməsinə və dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Dövlət başçısının imzaladığı normativ hüquqi aktlar, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çox sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması, daha geniş mənada neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması kimi vəzifələr aiddir.
Bununla əlaqədar respublikamız üçün səciyyəvi olan kənd təsərrüfatı sahələrinin - pambıqçılığın, maldarlığın, əkinçiliyin, baramaçılığın və digər sahələrin inkişafına xüsusi önəm verməklə həm respublikanın ixracdan asılılığını minimuma endirmək, həm də ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atılmışdır.
Ölkənin malik olduğu böyük turizm potensialından səmərəli istifadəsinə yönəlik genişmiqyaslı tədbirlər həyata keçirilmiş, dövlət başçısının müvafiq sərəncam və tapşırıqlarına əsasən turist axınının sürətləndirilməsi məqsədilə lazımi infrastrukturun yaradılması və viza rejiminin sadələşdirilməsi istiqamətində əhəmiyyətli fəaliyyətə start verilmişdir.
Prezident İlham Əliyev ölkəmizin inkişafını əngəlləyən bütün hallara, xüsusilə korrupsiya və rüşvətxorluğa qarşı geniş vüsət almış mübarizə tədbirlərini daim nəzarətdə saxlayır. Özünü “xalqın birinci xidmətçisi” sayan dövlət başçısı qətiyyətini və siyasi iradəsini ardıcıl surətdə nümayiş etdirərək vahid strategiya çərçivəsində bu tədbirlərin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə “Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı”nı təsdiq etmişdir. Bu sənədin məramı dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsidir.
Mühüm antikorrupsiya tədbirlərindən biri də Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır. Dövlətlə vətəndaş arasında sıx təmas xətti olan bu qurum korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmaqla əsas hədəfi vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, icra müddətlərinin qısaldılması və vaxt itkisinin azaldılmasından ibarətdir. Artıq “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatmışdır. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, “artıq bir Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” öz funksiyalarını və coğrafiyasını genişləndirərək “ASAN kommunal”, “ASAN qatar”, “ASAN viza” kimi müxtəlif xidmətlərini təqdim edir.
Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı məhkəmə və ədliyyə sisteminin müasir standartlara uyğun formalaşmasını hədəfləyir və bu sahədə yeni, daha ədalətli yanaşmaları tövsif edir.
İnkişafın qarantlarından biri kimi siyasi sabitlik faktorunun əhəmiyyətini heç zaman unutmaq olmaz. Dünyada, xüsusilə də ərəb ölkələrində son illlər baş vermiş və sonu görünməyən qanlı hadisələr fonunda respublikamızda əmin-amanlığın etibarlı şəkildə təmin olunması müqayisəyəgəlməyəcək dərəcədə böyük dəyərdir. “Bu gün Azərbaycan dünyada müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü ölkədir” - deyən ölkə rəhbəri bəyan edib ki, demokratik, hüquqi inkişaf yolunu seçən Azərbaycan Respublikasında insan hüquqlarının demokratik dəyərlər çərçivəsində qorunması dövlət siyasətinin prioritet istiqamətidir.
Bir-birini üzvi şəkildə tamamlayan daxili və xarici siyasətin unikal vəhdətinin formalaşmasına zəmin yaratmış Heydər Əliyev siyasi kursunun etibarlı formada inkişaf etdirilməsinin nəticəsidir ki, bu gün dünyaya sabitlik və stabillik nümunəsini göstərən və tolerantlığın Azərbaycan modelini təqdim edən ölkəmiz mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana şevrilmişdir. Tək 2016-cı ilin statistikasına nəzər yetirsək, ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısının, Katolik kilsəsinin rəhbəri, Roma Papası Fransiskin, çoxsaylı beynəlxalq qurum təmsilçilərinin rəsmi və işgüzar səfərlərinin, çoxsaylı qlobal forumların, beynəlxalq konfransların və mədəni tədbirlərin şahidi olarıq.
Azərbaycanın təşəbbüsü ilə dünyada ilk dəfə olaraq paytaxtımızda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib. İlk Avropa Oyunlarının da ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzuna və imkanlarına verilən sanballı qiymətdir. Bir neçə gündən sonra dünya Bakıda keçirilən və “İslam həmrəyliyi ili”nə çox önəmli töhfə olan IV İslam Həmrəyliyi Oyunlarını izləyəcək. Bu, həm də böyük siyasi və mədəni tədbirdir. Beləliklə, iki il ərzində Azərbaycanda həm Avropa, həm də İslam Həmrəyliyi Oyunlarının təşkil edilməsi müstəqil Azərbaycanın həm müasir Avropa standartlarına, həm də İslam dəyərlərinə sadiq ölkə olduğunu nümayiş etdirir. Qeyd edək ki, milli maraqlar üzərində qurulmuş bu siyasət beynəlxalq dəstəyin əldə olunmasında çox mühüm rol oynayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətində, ölkəmizin 20 faiz torpaqları erməni işğalçılarının əsarəti altında qaldığı bir zamanda ordu quruculuğunun prioritet istiqamət kimi saxlanmasını şərtləndirir və bu sahədə aparılan zəruri islahatlar hərbi doktrinamızın müddəalarına tam uyğundur. Əldə edilən siyasi-iqtisadi nailiyyətlər sayəsində son 13 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və Silahlı Qüvvələrimizə ayrılmış vəsait Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Hərbçilərimizin ruh yüksəkliyi və tarixə rəşadət nümunəsi və yüksək vətənpərvərlik ideyaları üzərində köklənmiş ordu-vətəndaş münasibətlərinin təcəssümü kimi düşmüş məlum aprel döyüşləri deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz ordu ilə xalqın möhkəm birliyinə arxalanan Ali Baş Komandanın bütün əmrlərini həyata keçirməyə, o cümlədən dövlət atributlarımıza qarşı yönələ biləcək hər hansı bir təhlükənin qarşısını ala biləcək qüdrətə malikdir.
Uzunmüddətli fasilədən sonra Lələtəpə yüksəkliyinin ələ keçirilməsi ilə 23 il düşmən silahının nişangahında duran Cocuq Mərcanlı kəndinin yerləşdiyi ərazinin Azərbaycan Ordusunun nəzarətinə keşməsi bir tərəfdən xalqımızın Qarabağla bağlı ümidlərinin artması və zəfər gününə inamının möhkəmlənməsi, digər tərəfdən təmas xəttində baş verən hadisələrə dünya ictimaiyyətinin diqqətinin yönəldilməsi baxımından çox önəmli hadisədir. Cocuq Mərcanlı kəndinin bərpası və azad olunmuş ərazinin abadlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi “Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik” - söyləyən Ali Baş Komandanın dədə-baba yurdlarından didərgin düşmüş həmvətənlərimizin doğma tarixi torpaqlarına qovuşması, onların halal haqlarının tanıdılması istiqamətində yürütdüyü qətiyyətli siyasətin bariz nümunəsidir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar müstəqilliyimizi daha da möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir, ölkəmizin beynəlxalq aləmdə rolunu və nüfuzunu artırır. Əldə olunan nəticələr isə xalqın sabaha olan inamını qat-qat yüksəldir, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, onun memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradır. Şübhə etmirik ki, bundan əvvəl olduğu kimi, növbəti mərhələlərdə də islahatlar konsepsiyasının uğurlu nəticələri Azərbaycanı inkişafın keyfiyyətcə yeni, daha yüksək pilləsinə qaldıracaq, dövlətimiz öz iqtisadi möcüzəsini və digər sahələrdə möhtəşəm inkişaf nümunələrini bütün dünyaya təqdim edəcəkdir.
Bahar MURADOVA,
Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin müavini,
YAP İdarə Heyətinin üzvü
Azərbaycan.- 2017.-6 may.- S.10.