Azərbaycanın dayanıqlı iqtisadi inkişaf modelinin Heydər Əliyev nümunəsi

 

XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli dövlətçiliyi bərpa etmək missiyası tarixin hökmü ilə Heydər Əliyevin üzərinə düşdü. Azərbaycan xalqı da Heydər Əliyev dühasına olan ehtiramını heç zaman unutmur. Məhz bunun sübutudur ki, Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmişdir.

 

Ümummilli lider ideologiyası

 

Azərbaycanın müasir tarixinin ən keşməkeşli mərhələsi hesab edilən XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü lider ideyasının birmənalı şəkildə Heydər Əliyev şəxsiyyəti ilə əlaqələndirilməsi o dövrün gerçəkliyi idi. Azərbaycanın XX əsr tarixinin ən möhtəşəm hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli ictimai düşüncə səviyyəsində dərk edilən zərurət idi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı toplum tərəfindən onun xilaskarlıq missiyası kimi qavranılırdı. Xalq Heydər Əliyevin qayıdışına bu cür yanaşdığından, ona ümummilli lider kimi baxırdı.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından başlanan ümummilli liderlik missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan müasir Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Bununla Heydər Əliyevin adı tarixə müasir Azərbaycan dövlətinin qurucusu kimi qızıl hərflərlə yazıldı, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin “Şah əsəri” olaraq qəbul edildi. Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu təsdiqləyir.

 

Müdrik xarici siyasət

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət həyata keçirir. Ümummilli liderin siyasəti daim milli dövlətçiliyi qoruyub inkişaf etdirməyə və xalqın mənafelərini təmin etməyə yönəlmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.

Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək Azərbaycanın xarici siyasəti ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir.

Regional səviyyədə bölgədə əminamanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Ümummili liderin Azərbaycanın xarici siyasətində müstəsna əhəmiyyət kəsb edən xidmətlərindən biri də qloballaşan dünyada Azərbaycan xalqının maraqlarını təmin etmək naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsidir.

Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna üzv olmuşdur. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq müstəqilliyin ilk illərində makroiqtisadi sabitliyin əldə edilməsində və iqtisadi islahatların aparılmasında mühüm rol oynamışdır.

Azərbaycan - Dünya Bankı. BMT-nin ixtisaslaşmış təşkilatlarından olan Dünya Bankı ilə Azərbaycan uğurla əməkdaşlıq edir. DB-nin Azərbaycanda əsas məqsədi bazar iqtisadiyyatına keçid dövründə ölkənin sosial-iqtisadi inkişafına nail olmaq üçün həm investisiya axını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyələr vermək və bu cür yardımın koordinasiyasını aparmaqdan ibarət olub. Xüsusilə DB neft ehtiyatlarını məqsədli idarə etmək üçün dövlətin institusional imkanlarını artırmaq məqsədilə Azərbaycan hökuməti ilə işləyir.

Azərbaycan - Beynəlxalq Valyuta Fondu. Azərbaycan BVF ilə uzun illərdir effektiv əməkdaşlıq edir. BVF-nin Azərbaycan hökuməti ilə əməkdaşığı ölkədə sənayenin inkişaf etdirilməsi, dövlət banklarının özəlləşdirilməsi, su və enerji təchizatı problemlərinin həlli və bu sistemlərdə islahatların aparılması zərurəti, dövlət strukturunda islahatlar, neft gəlirlərinin səmərəli istifadəsini təmin etmək və digər məqsədlər daşıyır. Ulu öndər Heydər Əliyev bu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa böyük önəm verib, Azərbaycanda iqtisadi islahatların keçirilməsi, iqtisadiyyatda struktur dəyişikliklərin aparılması və başqa bu cür tədbirlər üçün kreditlərlə maliyyə dəstəyi göstərməsini yüksək qiymətləndirmişdir.

 

“Əsrin müqaviləsi” - yüksəliş yolunun təməli

 

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkənin iqtisadi həyatında əsaslı dəyişiklik etmək üçün güclü maliyyə dəstəyinə böyük ehtiyac var idi. Mürəkkəb şəraitdə, xarici təzyiqlərə baxmayaraq, ulu öndərin cəsarətlə atdığı ən böyük addımlardan biri neft strategiyasının formalaşdırılması idi. Bu strategiya Azərbaycanın uzunmüddətli inkişafı üçün geniş maliyyə imkanları yarada bilərdi.

1994-cü il sentyabr ayının 20-də Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu böyük iqtisadi uğur olmaqla bərabər, Azərbaycanın müstəqilliyinin təminat altına alınması idi. “Əsrin müqaviləsi” imzalandıqdan sonra 150 illik tarixi olan neft sənayesi yenidən dirçəlməyə başladı.

Qərb şirkətləri ilə aparılan danışıqların müsbət nəticə verəcəyinə təkcə xaricdə deyil, daxildə də müəyyən şübhələr var idi. O zaman ümummilli liderin yeritdiyi siyasətə xəyanət yolu tutan yüksək vəzifəli bəzi bədxah məmurlar “Əsrin müqaviləsi”nin gerçəkləşməsi əleyhinə dolayı təbliğat aparmaqdan çəkinmirdilər. Dövlət idarəetmə mexanizmlərinin hələ tam oturuşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, atəşkəs rejiminin kövrək xarakter daşıdığı, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda “Əsrin müqaviləsi”nin imzalanacağı çoxlarına real görünmürdü.

“Əsrin müqaviləsi” Azərbaycanda digər irimiqyaslı beynəlxalq səviyyəli layihələrin, o cümlədən Bakı-Supsa, BakıTbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisinin həyata keçirilməsinə təkan verdi. Bu layihələrin gerçəkləşdirilməsi Azərbaycanın dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapmasına imkanlar açdı. Yeni neft strategiyası ölkəyə maliyyə resurslarından əlavə həm də yeni texnologiya, müasir idarəetmə və biznes praktikası, beynəlxalq maliyyə və korporativ standartlar gətirdi, bazar iqtisadiyyatının tələblərinə uyğun modern kadr potensialını yaratdı. Nəticədə ulu öndər siyasi-iqtisadi kursunun davamı olaraq Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici investisiyaların axını təmin edildi.

 

Bazar münasibətləri və sosial ədalət prinsiplərinin formalaşması

 

Sosializmdən kapitalizmə keçidin çoxsaylı çətinlikləri içərisində bazar münasibətləri ilə sosial ədalət prinsiplərinin əlaqələndirilməsi xüsusi qeyd olunmalıdır. Hər kəsin əməyinə və bacarığına uyğun həyat şəraiti vəd edən kapitalizmə keçid həlli müşkül olan məsələ kimi görünürdü. Odur ki, sosializm dəyərlərinə alışmış bir xalq üçün yeni sosial-iqtisadi sistemə keçid sosial narazılıq katalizatoruna çevrilmək perspektivi vəd edirdi. Buna görə bu iki fərqli sistem arasında tarazlıq nöqtəsinin tapılması tələb olunurdu.

Nəhayət, bazar münasibətləri ilə sosial ədalət prinsiplərinin əlaqələndirilməsi Azərbaycanın formalaşdırılan Heydər Əliyev modelinin humanist mahiyyətindən irəli gəlirdi. Həllini gözləyən növbəti məsələ sözügedən iki bir-birinə əks sistemin uğurlu, həyat qabiliyyətli sintezinin yaradılmasından ibarət idi. Elə bir sintez yaradılmalı idi ki, həm inkişafa təminat verən yeni iqtisadi sistem qərarlaşa bilsin, həm də həyata keçirilən əsaslı islahatlar sosial ədalətsizliklə nəticələnməsin.

Beləliklə, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti azad bazar münasibətləri ilə sosial ədalət prinsiplərinin səmərəli sintezinin yaradılmasına gətirib çıxardı ki, bunu sosial bazar modeli adlandırmaq olar. Bir tərəfdə azad sahibkarlıq, iqtisadi rəqabət, şəxsi mülkiyyət münasibətləri və onların yaratdığı yeni dəyərlər sistemi, digər tərəfdə əhalinin sosial qayğıları və ehtiyaclarının bir hissəsinin dövlətin üzərinə yüklənməsi qarşıya məqsəd qoyulmuşdur. Bu gün insanın bütün qabiliyyətlərinin aşkar edilməsinə və həvəsləndirilməsinə meydan açan ictimai münasibətlər yaşa görə pensiya, sosial pensiya təminatı, pulsuz səhiyyə və təhsil sistemi və sair sosial ədalət prinsipi elementləri ilə birgə fəaliyyət göstərir.

Azərbaycanın davamlı şəkildə artan iqtisadi inkişafı yolunda ulu öndərin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında çox sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının mütəmadi artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim əsas planda yer alır. Digər tərəfdən Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi, bu zaman sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi nəticə etibarilə xalqın maddi rifah halının daha da yaxşılaşdırılmasını, eyni zamanda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdədir və bu, Prezident İlham Əliyevin də sosial-iqtisadi siyasətinin əsas məqsədidir.

Bu gün ölkəmizdə uğurla həyata keçirilən modern sosial siyasətin malik olduğu konkret parametrlərdən biri yoxsulluğun azaldılmasıdır. Qeyd edilən istiqamətdə Prezident İlham Əliyevin 2008-ci ildə təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” uğurla icra edilmişdir. Bunun nəticəsidir ki, hazırda ölkədə yoxsulluq səviyyəsi 4 faizdır. 2003-2016-cı illər ərzində ölkəmizə 1 milyondan çox iş yerinin açılması isə yoxsulluğun ləğvinə uğurlu töhfə verməklə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.

 

Davamlı inkişaf strategiyası

 

Heydər Əliyevin memarı olduğu müasir və inkişaf etmiş Azərbaycan modelinin ən mühüm elementi bazar iqtisadiyyatı - iqtisadi liberalizmdir. Ulu öndər bu sahəyə də böyük qətiyyət göstərərək dərin və hərtərəfli islahatlara başladı. Heydər Əliyev hər zaman bəyan edirdi ki, məhz “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir.”

İqtisadi quruculuq müstəqilliyimizin ilk illərində iqtisadi xaos və staqnasiya nəticəsində ümumi milli gəlirin 70 faizdən çoxunu itirdiyimiz bir dövrə təsadüf edirdi. Belə bir dövrdə islahatlar aparmaq böyük qətiyyət, möhkəm siyasi iradə tələb edirdi. Məhz Heydər Əliyevin qısa zaman kəsiyində siyasi iradə nümayiş etdirməsi öz bəhrəsini verməyə başladı. Çox keçmədi ki, ölkənin iqtisadi mənzərəsi kökündən dəyişdi.

Makroiqtisadi sabitlik, iqtisadi artım təmin olundu və bu artım davamlı xarakter aldı. O dövrdə dövlətin maliyyə imkanlarının məhdudluğuna baxmayaraq, sosial məsələlər heç zaman öz aktuallığını itirmədi. Əksinə ölkənin sosial göstəriciləri ildən-ilə yaxşılaşmağa başladı.

Müstəqilliyin ilk illərində bank sferasında da xaos mövcud idi. Sayı yüzlərlə olan kiçik banklar iqtisadiyyatda heç bir rol oynamır, fəaliyyətləri çox məhdud çərçivədə əməliyyatlarla xarakterizə olunurdu. Ölkədə maliyyə və ödəniş infrastrukturu yox dərəcəsində idi. Bank vasitəsilə nağdsız ödənişləri həyata keçirməyə həftələrlə vaxt sərf olunurdu. Bütün bunların nəticəsində ölkədə 1800 faizə çatan hiperinflyasiya müşahidə olunurdu. Ölkə sosial partlayışın astanasında idi. Müqayisə üçün qeyd edək ki, əhalinin real əməkhaqqı 1991-ci ilin səviyyəsindən 83 faiz aşağı idi.

Müstəqilliyimizin dayaqlarının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin qarşısında duran prioritet vəzifələrdən biri də ölkədə makroiqtisadi sabitliyin bərpa edilməsi idi. Prezidentin 15 iyun 1994-cü il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərmanı ilə ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi üçün görülməli olan işlərin prioritet istiqamətləri müəyyənləşdirildi. Fərmanın müddəalarından irəli gələn vəzifələrin icrası qısa zaman ərzində özünü bir çox makroiqtisadi göstəricilərin pozitiv dinamikasında, əhalinin real həyat tərzinin yaxşılaşmasında tapdı.

1995-ci ilin əvvəllərində ulu öndərin rəhbərliyi altında beynəlxalq maliyyə institutlarının dəstəyi ilə maştablı islahatlar proqramının həyata keçirilməsinə başlandı. Xaricdən ilk kreditlər cəlb edilməyə başlandı. Bu kreditlər ölkənin valyuta balansı və büdcəsinin maliyyələşməsində mühüm rol oynadı. Büdcə kəsiri dəfələrlə azaldıldı. Ölkənin bank-maliyyə sektoru sabitləşdirildi. De-yure mövcud olan iki pilləli bank sistemi de-fakto fəaliyyətə keçdi və iqtisadi inkişafa töhfələrini verməyə başladı.

Qeyd etmək lazımdır ki, postsovet məkanında ən dərin tənəzzül məhz Azərbaycanda yaşanmışdır. Lakin, iqtisadi bərpanın və bazar islahatlarının tempinə görə Azərbaycan qısa zamanda bir çox ölkələri geridə qoymağı bacardı. Heydər Əliyev tərəfindən aparılmış uğurlu makroiqtisadi siyasət Azərbaycanın 1998-ci il Asiya maliyyə böhranından uğurla çıxmasına, böhranın neqativ təsirlərinə qarşı ciddi müqavimət nümayiş etdirməsinə imkan verdi.

Makroiqtisadi sabitləşmə və liberallaşma. Müstəqilliyin ilk illərində ölkədə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizinə çatırdı. Bu kəsir pul çapı ilə örtülür, nəticədə hiperinflyasiya baş verirdi. Bu vəziyyətə son qoymaq üçün ilk növbədə pul siyasətinin büdcə kəsirinin maliyyələşməsində istifadəsi praktikasına son qoyuldu. Dövlət maliyyəsinə nəzarət gücləndirildi, fiskal intizam təmin olundu. Eyni zamanda ölkədə valyuta ehtiyatları yaradıldı. Manatın məzənnəsi sabitləşdirildi. Nəticədə inflyasiya 1994-cü ildəki 1880 faizdən 1996-cı ildə 7 faizdən də aşağı endirildi. İqtisadi artım və əhalinin pul gəlirlərinin real artımı üçün münbit zəmin yarandı.

Makroiqtisadi sabitliyin yaradılması ölkədə radikal struktur islahatlarının da başlanılmasına zəmin yaratdı. 1995-ci ilin 29 sentyabrında “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin əsasları qoyuldu. Radikal dövlətsizləşdirmə tədbirləri çərçivəsində minlərlə müəssisə özəlləşdirildi, qiymətlərin əhəmiyyətli hissəsi liberallaşdırıldı, ticarət məhdudiyyətləri aradan qaldırıldı, ölkədə rəqabət mühiti formalaşdırıldı, dövlətin iqtisadiyyatdakı administrativ rolu requlyativ rol ilə əvəzləndi. Özəl sektorun inkişafı üçün ölkədə effektiv qanunvericilik bazası yaradıldı. Aparılmış aqrar islahatlar sayəsində MDB məkanında ilk dəfə torpaq kəndlilərə verildi və ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi nailiyyətlər əldə edildi. Bütün bunların nəticəsində özəl sektorun iqtisadiyyatda rolu əhəmiyyətli yüksəldi.

Bu şəraitdə beynəlxalq maliyyə institutlarının dəstəyi və ulu öndərin rəhbərliyi ilə ölkədə bazar iqtisadiyyatına dinamik keçid başlandı. İqtisadiyyat tam liberallaşdırıldı, özəlləşmə aparıldı, torpaqlar kəndlilərə paylandı. İqtisadiyyatın sovetlərdən qalmış idarə edilməsi və tənzimlənməsi mexanizmi yenidən quruldu. Bazar iqtisadiyyatının, azad rəqabətin, fərdi mülkiyyət hüquqlarının, özəl sektorun inkişafı üçün qanunvericilik bazası yaradıldı.

Ulu öndərin cəsarətlə atdığı ən böyük addımlardan biri neft strategiyasının formalaşması oldu və bununla ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu. Nəticədə artıq 1996-cı ildən etibarən 6 illik tənəzzüldən sonra ölkə iqtisadiyyatı artmağa başladı. 1996-2003-cü illərdə iqtisadi artım orta illik hesabla 8 faiz oldu. Nəticədə tənəzzül illərində itirilmiş iqtisadi bazanın 70 faizi bərpa edildi. Ölkədə ilk dəfə yoxsulluğa qarşı genişmiqyaslı mübarizə strategiyası həyata keçirildi və bu, qısa zaman kəsiyində müsbət nəticələr verdi.

Regional inkişaf. İqtisadi inkişafın Azərbaycan modelinin əsas xüsusiyyətləri arasında regional inkişafın sürətləndirilməsi strategiyası ayrıca əhəmiyyət kəsb edir. Belə bir strategiyanın icrası zərurəti ölkə iqtisadiyyatında XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərinə təsadüf edən böhranlı vəziyyətin yaratdığı qeyri-bərabər inkişaf səviyyəsindən qaynaqlanır. İnkişaf etmiş Bakı ilə geridə qalmış regionlar arasında disbalans iqtisadiyyatda kifayət qədər səmərəsiz strukturun yaranmasına səbəb olmuşdu. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafı qarşısında ən böyük problemlərdən biri kimi dururdu. Qeyri-tarazlıq inkişafın bərabər gedişini əngəllədiyindən mərkəzlə regionlar arasında fərqlər də getdikcə artmaqda davam edirdi.

Digər tərəfdən ayrı-ayrı bölgələr arasında böyük fərqlər ümumilikdə ölkə iqtisadiyyatının vahid balansında əks olunaraq onun kəmiyyət göstəricilərinə mənfi təsirini göstərirdi. Bundan əlavə, zəif iqtisadi göstəricilər regionların sosial ehtiyaclarının öz imkanları hesabına ödənilməsini qeyri-mümkün etdiyindən, əksər regionların mərkəzi büdcədən dotasiyalar hesabına yaşamasını qaçılmaz edirdi. Nəticədə inkişafa sərf edilməli olan vəsaitlər məcburi olaraq regionların sosial ehtiyaclarının ödənilməsi məqsədlərinə xərclənirdi.

Vəziyyətin köklü surətdə dəyişdirilməsi 2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ilk Dövlət Proqramının qəbul edilməsi və ardıcıl surətdə həyata keçirilməsi sayəsində mümkün oldu. Qəbul edilən proqramın həyata keçirilməsi sayəsində baş verən dəyişiklikləri belə ümumiləşdirmək olar:

- iqtisadiyyatın strukturunda qeyri-bərabərlik tədricən aradan qaldırıldı;

- yüz minlərlə yeni iş yerləri açıldı, işçi qüvvəsindən daha səmərəli istifadə edildi, işsizliyin aradan qaldırılmasına böyük dəstək verildi;

- regionlarda iqtisadi fəallıq əhəmiyyətli dərəcədə yüksəldi;

- ölkə iqtisadiyyatının ümumi inkişafında regionların xüsusi çəkisi nəzərə çarpan dərəcədə yüksəldi;

- regionların infrastrukturu təkmilləşdirildi ki, bu da öz növbəsində artan iqtisadi amil effekti yaratmış oldu.

Nəticədə bu gün Azərbaycanın davamlı iqtisadi yüksəlişində regionların daim artan rolu hamı tərəfindən etiraf olunur və yeni inkişaf modelinin vacib tərkib hissəsi kimi qiymətləndirilir.

Modernləşmə strategiyası. Müasirləşmə Azərbaycanın hazırkı inkişafının mahiyyətini ifadə edən əsas xüsusiyyətlərdən biri kimi qiymətləndirilir. Azərbaycan modeli dedikdə hər şeydən əvvəl iqtisadiyyatın və həyatın digər sahələrinin modernləşməsi prosesi və onun yaratdığı reallıqlar başa düşülür.

Ölkənin mövcud reallıqları və gələcək perspektivləri bir daha sübut edir ki, modernləşmə Azərbaycan iqtisadiyyatının əsas inkişaf meyillərindən biridir. Məhz həmin inkişaf meyillərinin həyata keçirilməsi Azərbaycanın son illər sürətli inkişafının təmin edilməsində birbaşa iştirak etməkdədir.

Azərbaycan reallıqlarında modernləşmə özünəməxsus məzmunu ilə fərqlənir və fikrimizcə, aşağıdakı struktura sahibdir:

- iqtisadi modernləşmə;

- infrastrukturun yenilənməsi;

- həyatın təşkili sahəsində modernləşmə.

Azərbaycanın inkişaf modelində iqtisadi modernləşmə dedikdə istehsalın artım templəri başa düşülür. Ulu öndərin iqtisadi inkişaf konsepsiyası da məhz davamlı artımı əsas məqsədlərdən biri hesab edir. Milli iqtisadiyyatın struktur dəyişikliklərindən tutmuş yeni texnologiyaların tətbiqi, istehsal mədəniyyətinin yüksəldilməsi, dünya iqtisadi sisteminə inteqrasiyaya imkanlar açan yeni sahələrin və istehsal subyektlərinin meydana gəlməsinə qədər geniş spektri əhatə edən iqtisadi modernləşmə, Azərbaycanda bazar iqtisadiyyatının əsaslarını formalaşdıran əsas faktorlardan hesab edilir.

Müasirləşmə strategiyasının uğurlu inkişafında ölkədə həyata keçirilən infrastruktur siyasətinin xüsusi çəkisi nəzərəçarpacaq dərəcədə yüksəkdir. Hər şeydən əvvəl bu, iqtisadi mühitin səmərəliliyinin artırılmasında, istehsal şəraitinin təkmilləşdirilməsində ifadə olunur. Yol və körpü şəbəkəsinin genişləndirilməsi və yaxşılaşdırılması, digər infrastruktur obyektlərinin tikilməsi nəticə etibarı ilə ölkədə iqtisadi artıma birbaşa təsir edir, iqtisadi amil rolunda çıxış edir.

İnfrastruktur siyasəti habelə müəyyən mənada sosialyönümlü siyasət formasında özünü büruzə verir. Xüsusilə də böyük neft gəlirlərinin ədalətli bölgüsündə sözügedən siyasətin xüsusi rolu ayrıca qeyd oluna bilər. 2008-2009-cu illərin qlobal maliyyə və iqtisadi böhranı zamanı işsizliyin artmasının, yoxsulluğun yüksəlməsinin qarşısının alınmasında genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin faydası misal göstərilə bilər.

Azərbaycanın modernləşmə xəttinin mahiyyətinin və mənzərəsinin dəyişdirilməsində əsaslı yenidənqurma və abadlıq işlərinin xüsusu yeri var. Bu bir yandan həyatın yeni standartlarının yaradılması məqsədini güdürsə, digər tərəfdən istehsal mədəniyyətini artırır. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanın paytaxtdan tutmuş regionlara qədər bütünlükdə dəyişən görkəmi ölkənin simasını müasirləşdirməklə yanaşı, həm də əhalinin yaşayış səviyyəsini artırır, dünyagörüşünün formalaşmasına bilavasitə təsir edir, bütünlüklə yeni Azərbaycan modelinin yetkin məzmununun meydana gəlməsinə töhfə verir.

 

Heydər Əliyev ideyaları yeni mərhələdə

 

Son illərin gerçəklikləri əminliklə deməyə əsas verir ki, cənab İlham Əliyev xalqın ona bəslədiyi ümidləri doğrultmuş, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul etmişdir. Böyük uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab

İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra etməkdədir. Dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını ötən illər ərzində görülmüş işlər tamamilə təsdiqləmişdir. İlk növbədə bəlli olmuşdur ki, cənab İlham Əliyev hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir.

“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” - tezisini irəli sürən Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirir. Prezidentin hakimiyyətdə olduğu dövr ərzində iqtisadiyyat 3 dəfədən çox, sənaye istehsalı 3 dəfə, kənd təsərrüfatı 2 dəfəyə yaxın artmışdır. Ölkədə bir milyon 200 min iş yeri açılmışdır ki, onların 900 mini daimidir. Yoxsulluq təqribən 50 faizdən 4 faizə düşmüşdür. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində 3 beşillik proqram həyata keçirilmişdir. “2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunmuşdur.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Növbəti “Doing Business” hesabatlarında da Azərbaycan bu mövqeyi qoruyub saxlamışdır. Eləcə də beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil” qiymətləndirilmişdir. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunda bir çox dünya miqyaslı korporasiya rəhbərləri və hökumət başçıları ilə keçirilən görüşlər zamanı Prezident İlham Əliyev Azərbaycanın öz dayanıqlı iqtisadi inkişaf modelinə sadiq qalacağını və xarici investisiyaların dövlət səviyyəsində qorunacağını diqqətə çatdırmışdır.

Bu gün Azərbaycanın sosial-iqtisadi sahələrdə qazandığı uğurlar dövlət başçısının ötən müddətdə qəbul etdiyi fundamental qərarların, dövlət proqramlarının müstəsna əhəmiyyətini aşkara çıxarır. Ölkə rəhbəri hər addımında milli maraq və mənafeləri prioritet hesab edir. Sözsüz ki, bütün bunlar ulu öndərin ideyalarının, arzu və istəklərinin tamamilə reallaşacağından, Azərbaycanın qüdrətli bir dövlət kimi beynəlxalq arenada özünə möhkəm yer tutacağından soraq verir.

Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti həm də onu göstərir ki, bu müddətdə istiqamətləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar dövlətçilik və milli maraqların təmini üçün uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əxz etmişdir.

 

Elman RÜSTƏMOV,

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

 

Azərbaycan.- 2017.-6 may.- S.12.