Azərbaycan bir daha həm də idman ölkəsi olduğunu sübut edir

 

Azərbaycanın dünyada böyük siyasi nüfuza malik olması danılmaz faktdır. Buna  həyata keçirilən praqmatik və balanslı xarici siyasət nəticəsində nail olunub. Bununla belə, ölkəmiz özünün dini və mədəni dəyərlərinə görə öncə Şərq aləminin ayrılmaz hissəsidir.

Bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qarşılıqlı hörmət prinsipləri üzərində quran Azərbaycan bu gün dünyada müsəlman aləmində baş verən qarşıdurmalara, müharibələrə son qoyulması üçün öz imkanlarından maksimum istifadə edir. Elə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə cari ilinİslam həmrəyliyi ilielan edilməsi bu məqsədə xidmət edir. Üstəlik IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməyimiz də bu xoş məramdan irəli gəlir.

Ölkəmizin mötəbər beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəsi var. İndiyəcən Azərbaycan bir sıra nüfuzlu idman yarışlarına evsahibliyi edib. Həmişə də yarışlarda iştirak edənlər təşkilatçılıq qabiliyyətimizi yüksək qiymətləndiriblər. I Avropa Oyunlarının Olimpiya yarışları səviyyəsində keçirilməsi bütün dünyada ölkəmizə xüsusi nüfuz qazandırıb. Sözsüz ki, həmin tədbirin yüksək səviyyədə keçirilməsində Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük əməyi olub.

IV İslam Həmrəyliyi Oyunlarının da Təşkilat Komitəsinin sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin aprelin 21-də keçirilmiş yekun iclasında demişdir: “Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır. Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda I Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə, Azərbaycan dövləti I Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdi. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır”.

Bu bir həqiqətdir ki, ölkəmiz artıq bütün dünyada idman məkanı kimi tanınır. Azərbaycanda Olimpiya hərəkatının inkişafına verilən dəstək dünyanın idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Biz qısa bir zaman ərzində, amma addım-addım bu inkişaf yolunu keçmişik. İlk dəfə müstəqil yığma komanda kimi qatıldığımız Atlanta Olimpiadasında (1996-cı il) cəmi 1 gümüş medal qazanmışdıqsa, sonrakı Sidney Olimpiadasında (2000-ci il) 3 medal (2-si qızıl, 1-i bürünc), Afina Olimpiadasında (2004-cü il) 5 medal (1 qızıl, 4 gümüş), Pekin Olimpiadasında (2008-ci il) 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc), London Olimpiadasında (2012-ci il) 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc), Rio-de-Janeyro Olimpiadasında (2016-cı il) 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanmışıq. Bu rəqəmlər sadəcə statistika deyil. Həmin rəqəmlərin arxasında ölkəmizin müstəqillik qazandıqdan sonra dünya Olimpiya hərəkatında qazandığı böyük uğurlar dayanır.

2015-ci il ölkəmizdə keçirilən I Avropa Oyunlarını xüsusilə qeyd etmək lazımdır. Azərbaycan həmin yarışları yüksək səviyyədə keçirməklə bərabər, həm də böyük idman qələbələri ilə tarixə düşmüşdür. Belə ki, idmanın yüksək səviyyədə inkişaf etdiyi Avropanın 50 ölkəsi arasında 21 qızıl, 15 gümüş, 20 bürünc medal (cəmi 56) qazanaraq ikinci yer tutmuşuq. İnanırıq ki, IV İslam Həmrəyliyi Oyunlarında da ölkəmiz böyük nailiyyətlərə nail olacaq. Bunu deməyə bizə bu vaxta qədər qazandığımız idman uğurları əsas verir.

Həmin nailiyyətlərin qazanılması isə təsadüfi deyil. Prezident İlham Əliyevin dediyi kimi, bu uğurların qazanılmasında idmançılarımızın və məşqçilərimizin peşəkarlığı, fədakarlığı dayanır. Eyni zamanda, bu sahədə dövlətin idman siyasəti önəmli yer tutur. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin bir hissəsidir. Ötən illər ərzində ölkədə böyük idman infrastrukturu yaradılıb, bölgələrdə 40-dan çox müasir olimpiya idman kompleksi inşa edilibbu proses bu ğundavam edir.

Göründüyü kimi, dövlət tərəfindən idmana verilən dəstək nəticəsiz qalmır. O səbəbdən bu vaxta qədər idman sahəsindəki nailiyyətlərə IV İslam Həmrəyliyi Oyunlarında qazanacağımız uğurların əlavə olunacağına şübhə yoxdur. Bu Oyunları yüksək səviyyədə başa vurmaqla ölkəmiz həm də özünün nümunəvi təşkilatçılıq bacarığını bir daha nümayiş etdirəcək.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2017.- 6 may.- S. 13.