Sumqayıtın su əfsanəsi

 

Qədim bir əfsanədə belə deyilir: “Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözü üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi. Qartal baxışlı, iri cüssəli bu gənc qəbiləsinin son ümidi idi. Yaşayış yerinin su hövzəsi yaxınlığında tapılmasını ona tapşırmışdılar. Qaya parçası görüb addımlarını gücləndirdi. İstidən cadar olmuş sifətinə dəniz havası toxundu. Elə bil gəncin ruhuna güc gəldi. Bir qədər sonra qarşısında Quzğun (Xəzər) dənizini gördü. Sevincindən gözləri yaşardı. Sumun sakitcə dodaqları arasından bu sözlər çıxdı:

- Xilas olduq! Ceyran buraları görsəydi yaxşı olardı. İndi qalır geri qayıtmaq”.

Hələ o zamanlardan insanlar bura ayaq açaraq binə qurdular. Yaxınlıqdakı gölə də Ceyranbatan dedilər. Beləcə bu gün Cənubi Qafqazın iri sənaye şəhəri olan Sumqayıt yarandı.

Haqqında söhbət açdığımız əraziyə şəhər statusu isə düz 68 il bundan əvvəl verilmişdir. Onun taleyinə heç bir digər şəhərə bənzəməyən, təkrarolunmaz yol keçmək nəsib olmuşdur. Qədim tarixi olsa da, Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirə, gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazana, ölkəmizin iftixarına çevrilə bilmişdir. Sumqayıtda yaranan əmək salnaməsi insan zəhmətinin həqiqətən də xarüqələr yaratdığının bariz ifadəsidir. Bu salnamənin müəllifləri isə Sumqayıtın əsasını qoyan, ucsuz-bucaqsız çöldə gözəl, işıqlı şəhər ucaldan insanlar olmuşlar.

Şəhərin ilk inşaatçılarının qarşısında duran mənzərəni bir anlığa təsəvvürümüzə gətirək - susuz səhralıq, daş kimi möhkəm torpaq, ətrafda kölgəliyi belə olmayan ərazi. Hələ güclü tikinti texnikasının mövcud olmadığı bir vaxtda insanlara əsasən primitiv əmək alətlərindən istifadə etmək, bütün ağır fiziki işləri öz əlləri ilə görmək lazım gəlirdi. Adi şəraiti olmayan taxta daxmalarda yaşayan insanlar sübh tezdən başlayaraq gecə qaralana qədər əzmkarlıqla çalışırdılar.

Sumqayıt şəhərinin baş planının ilk dəfə 1945-ci ildə tərtib olunmasına baxmayaraq, bu plan işçi sənəd kimi yalnız 1954-cü ildə qəbul edilmişdir. Lakin şəhərdə sənaye kompleksinin sürətlə inkişaf etməsi Sumqayıta əlavə işçi qüvvəsinin cəlb olunmasına səbəb olmuş, nəticədə şəhərin perspektiv inkişafına yenidən baxılması zərurəti yaranmışdır.

Layihə institutlarında gərgin müzakirələr nəticəsində kağız üzərindəki cizgilərdən başlanan Sumqayıt getdikcə boy atır və sənaye nəhənginə çevrilirdi. Gələn hər yeni gün bu şəhərə möhtəşəm zavod korpusu, gözəl məktəb binası və yaraşıqlı sosial obyektlər gətirirdi.

Sumqayıt sürətlə böyüyür və öz simasını dəyişirdi. 1949-cu il noyabr ayının 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta respublika tabeliyində olan şəhər statusu verildi. Bu tarixdən etibarən şəhərdə yeni müəssisələrin inşası daha geniş vüsət almağa başladı. 1952-ci ildə Boru-Prokat, böyük kimyanın flaqmanı sayılan Sintez kauçuk, 1955-ci ildə Alüminium zavodları işə salındı. Dünyanın onlarla ölkəsinə Sumqayıt nişanəsi ilə ixrac edilən borular öz keyfiyyəti ilə böyük şöhrət qazandı. Cənubi Qafqazda ən iri müəssisə olan Sumqayıt Superfosfat zavodunun məhsulu o vaxtlar Sovet İttifaqının 6000 təsərrüfat ünvanına göndərilirdi. 1960-cı ildə tikintisinə başlanılan və 1966-cı ildə istifadəyə verilən Kimya kombinatı həmin dövr Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu. 1963-cü ildə Toxuculuq fabriki, 1964-cü ildə Şüşə zavodu istifadəyə verilmiş, 1966-cı ildə Aşqarlar zavodu və sintetik yuyucu tozlar sahəsi işə salındı. 1967-ci ildə Polimer tikinti materialları kombinatında respublikada ilk dəfə olaraq linoleum istehsalına başlanıldı. 1968-ci ildə fəaliyyətə başlayan Tikinti materialları kombinatında isə quruculuq işlərinin geniş miqyas aldığı Sumqayıtda kərpic istehsal etmək imkanı yarandı.

Beləcə illər keçdi. Bu gün ölkə iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Son illərin inkişafı Sumqayıtın simasında aydın müşahidə olunur. Xarüqələr diyarına çevrilən və gözəl, əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt eyni zamanda sürətli inkişafın əsas ünvanlarından biridir. Sumqayıtın sabaha hesablanan inkişafı xüsusi proqram əsasında aparılır.

Şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta dəfələrlə səfər edib. Bu gün şəhərə Prezident İlham Əliyev tərəfindən də eyni münasibət göstərilir. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərinin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir.

Bu və digər inkişaf perspektivləri Sumqayıtı ölkəmizin aparıcı şəhərlərindən birinə çevirmişdir. 2016-cı il xüsusilə iqtisadi sahədə önəmli addımlar atılıb. “Azərbaycan Respublikası regionlarının 2014 - 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə nəzərdə tutulan 16 bənddən ibarət tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi üçün lazımi şərait yaradılıb. “AzərSun” Sumqayıt Sənaye Parkında “Tara” fabrikinin, kənd təsərrüfatı üçün zəruri olan azot gübrəsi istehsal edəcək “Karbamid” zavodunun, Kimya-Sənaye Parkında polietilen və polipropilen, kənd təsərrüfatında bitkiçilik üçün dərman istehsalı, sürtkü yağları, müxtəlif birləşdiricilər, tikinti materialları qatqıları, fibro sement lövhələri, şüşə vərəqələrin, mühərrik və sənaye yağları istehsalı üzrə zavodların tikintisi davam etdirilir. Sumqayıt Texnologiyalar Parkı fəaliyyətə başladığı dövrdən iqtisadi göstəricilərinə görə respublika əhəmiyyətli sənaye mərkəzinə çevrilib. Kimya Sənaye Parkı, yaradılması nəzərdə tutulan onlarla yeni zavod və fabriklərin tikintisi gələcəkdə Sumqayıtın iqtisadi gücünü daha da artıracaq.

Son dövrlər Prezident İlham Əliyevin tapşırığı ilə Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı bulvarının və şəhər çimərliyinin yaradılmasıdır. Xəzər dənizinin göy sularının çırpıldığı Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə görülən sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bulvarın ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometrdir. Artıq bulvarda 60 hektara yaxın ərazidə yaşıllıq zolağı salınıb, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib, sakinlərin rahat istirahəti üçün oturacaqlar qoyulub, 5 rəngli fontan inşa edilib. Ərazidə Bayraq meydanı tikilib, kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu salınıb. Bununla yanaşı, kafe-çay evləri, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Sumqayıt bulvarını fərqləndirən cəhətlərdən biri də onun çimərliyə birbaşa çıxışının olmasıdır.

Burada yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu, həm də ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın da əlavə edilməsi deməkdir.

Şəhərin ecazkar guşələrindən biri də Heydər Əliyev Mərkəzi və ulu öndərin adını daşıyan parkdır. Parkda 200-dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırılıb, 5 mindən çox ağac, dekorativ kol əkilib, 20 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salınıb, 30 min kvadratmetr daş döşənib. Parkda həmçinin rəngli fontan kompleksi və Bayraq meydanı tikilib, uşaqlar üçün əyləncə mərkəzi inşa olunub.

Parkın ərazisində yerləşən 4 mərtəbəli Heydər Əliyev Mərkəzinin ümumi sahəsi 5 min kvadratmetrdir. Bu möhtəşəm mərkəz gənclərin daim toplandığı, öz maraqlarına uyğun məşğuliyyətlərini tapdığı məkana çevrilib. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 500 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları, dördüncü mərtəbədə isə nikah mərasimləri zalı fəaliyyət göstərir. Nikah və Qeydiyyat İdarəsi də bu binada yerləşdir.

Parkın ərazisində eləcə də müasir memarlıq üslubunda tikilmiş Şahmat və Uşaq İncəsənət məktəbləri də yerləşir. Sumqayıtın mədəni elitasına töhfə olan həm də Sumqayıt Dram Teatrının binasıdır. Mədəniyyət ocağı 1956-cı ildə istifadəyə verilib. Binada yenidənqurma işləri aparılıb. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırılıb. Bu teatr ocağında F.Axundzadənin “Hacı Qara”, İsi Məlikzadənin “Soltanqulu körpüsü”, Hüseynbala Mirələmovun “Vicdanın hökmü”, Rəhman Əlizadənin “Sabah çoxdan başlayıb” və dünya ədəbiyyatından Əziz Nessin “Öldür məni, can-ciyər”, Con Patrikin “Qocanı öldürməli”, Marsel Bertye Marinyenin “Oğru” əsərləri tamaşaya qoyulub.

2017-ci il başlayandan yenə də dünyanın nəzərləri Azərbaycana dikilib. Yenə də Azərbaycan yeni bir möhtəşəm tədbirin astanasındadır. Tezliklə start veriləcək İslamiadanın dünyanı mat qoyacaq möhtəşəm, əvəzsiz açılış-bağlanış mərasimlərinin hamını heyrətləndirəcəyi heç kəsdə şübhə doğurmur. Prezident İlham Əliyevin bu sahəyə qayğı və diqqəti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin təcrübəsi bunu deməyə əsas verir.

Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti ölkəmizi qarış-qarış dolaşmaqdadır. Azərbaycan torpağının bölgələrini qət edən su səyahətinin növbəti ünvanı Sumqayıtdır. Sumqayıtda hamının neçə gündür söz-söhbəti bu bayramla bağlı idi. Sumqayıtlılar Oyunların lazımi qaydada keçirilməsinə öz töhfəsini verməyə tələsirdi. Öz şəhərlərini sevən sumqayıtlılar bu tədbiri layiqincə keçirməyi şərəf bilirdilər.

Elə səhərdən bəri şəhərdəki canlanma bunun bariz nümunəsi idi. Şəhərin bütün girəcəkləri bayram libası geyinmişdir. Sumqayıtlılar bu mərasimi birlikdə keçirməyə qərar vermişlər. Telman Mustafazadə hüquqşünasdır. Öz fikirlərini bizimlə belə bölüşdü:

- Bu gün dünya alimləri planetimizdən kənarda yeni sivilizasiyaların axtarışına başlayıblar. Onlar üçün ən böyük tapıntı axtardıqları yerdə suyun tapılmasıdır. Suyun qüdrəti, onun varlığı insan amilinin formalaşması deməkdir. Sumqayıtda davam etdirilən bu səyahət şəhər sakini olaraq məni qürurlandırır. Çünki Xəzərdən başlayan səyahət elə onun özü ilə də bitir.

Valentina Rəhimova öz nəvələri ilə bizə yaxınlaşıb su səyahəti təəssüratını belə ifadə etdi:

- Mən Sumqayıtın ilk sakinlərindənəm. Bu şəhər mənim kimi minlərlə insanın həyat amalına çevrilib. Eşidəndə ki, IV İslam Həmrəyliyi Oyunlarının rəmzi olan su səyahəti bizim şəhərə də gəlir, sevindik. Çünki bu, Sumqayıta olan etimaddır. Xəzərin ləpədöyənində belə bir bayramın keçirilməsi suyun özünə olan hörmətdir.

Kəbutər Qasımova da su səyahətinin Sumqayıtda davam etməsini şəhərə verilən yüksək qiymət kimi dəyərləndirdi:

- Sumqayıt toy-bayram içindədir. Şəhərimiz su əfsanəsini yaşayır. Bu səyahətin söhbəti sakinlər arasında hələ çox danışılacaq, xatırlanacaq. Sumqayıt respublikamızın fəxridir. Bugünkü su səyahəti, necə deyərlər, gül gülə yaraşdığı kimi şəhərimizə yaraşır.

Şəhər sakinləri Nurəddin Əliyev, Həmid Quliyev, Seymur Abbasov, Arzu Həşimova və digərləri də bu günün onlar üçün əsl bayram olduğunu bildirdilər, yarışlarda idmançılarımıza uğurlar dilədilər.

Budur, Xəzər dənizindən start götürmüş “Bakı-2017” ümumxalq su səyahət turu son ünvanı olan Sumqayıta yetişir. Maşın karvanı şəhərə daxil olur. Ətrafdan keçən sakinlər səyahətçilərə yaxınlaşırlar. Bir qədər sonra alqış sədaları ətrafı bürüyür. Karvan Xəzərə doğru irəliləyir.

Prezident təqaüdçüsü, əməkdar bədən tərbiyəsi və idman xadimi Məmməd Eyvazov və yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, dünya kubokunun gümüş medalçısı Nofəl Babayev səhəngi Xəzərin suyu ilə doldurub futbol həvəskarı Səlim İmanlıya verirlər. Səlim səhəngi başı üzərinə qaldırır. Alqış səsləri Xəzərin dalğalarına qarışır.

Biz isə şəhərdəki “Asan xidmət”in qarşısında oyunlara bilet almaq üçün gələnlərə yaxınlaşırıq. Qəhrəman Məmmədov, İsmayıl Əlizadə, Yaqut Kərimova, Fərid Səidli və digərləri bildirirlər ki, işlərinin çox olmasına baxmayaraq, oyunları arenalardan izləməyə üstünlük verirlər. Çünki idmançılarımıza dəstək olmaq istəyirlər.

Günorta Sumqayıt Olimpiya İdman Kompleksində şəhər məktəblilərinin nümunəvi çıxışları oldu. Uşaqlar futbol oynadılar, top atdılar, qaçış meydançasında güclərini sınadılar.

Axşam isə şəhərin Bayraq meydanına doğru əhali axını vardı. Sənətindən, peşəsindən, yaşından asılı olmayaraq, hamı bu şənliyi keçirməyə tələsirdi. Meydanda respublikanın incəsənət ustalarının konserti oldu. Eyni zamanda Xəzər dənizinin suyu ilə dolu olan su səhənginin Sumqayıt sakinlərinə təhvil verilməsi görüntüləri də təqdim edildi. Həm bu tarixi an, həm də konsert proqramı ilə çıxış edən incəsənət ustalarının ifaları alqışlarla qarşılandı. Sonda şəhər bir atəşfəşanlıq yaşadı və göydə bərq buran rəngbərəng işıqlar Xəzərin sularına qovuşanacan Sumqayıt səmasına naxışlar həkk etdi.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 6 may.- S. 14.