İslahatçılıq, yenilik və inkişaf - Müasir Azərbaycanın siması

 

Ümummilli lider Heydər Əliyevin ideyaları və müstəqilliyin ilk onilliyində müəyyən etdiyi dövlət quruculuğu prinsipləri həmişəyaşar dəyərlərdir. Onlar bu gün də dövlət siyasətinin bünövrəsini və ölkəmizdə həyata keçirilən islahatların mənbəyini təşkil edir.

1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Ermənistanın işğalçılıq siyasəti, daxildəki xaos və hərc-mərclik kimi çətin sınaqlarla qarşılaşmışdı. Xalq xilas yolunu yalnız Heydər Əliyevdə görür və onun ali hakimiyyətə qayıtmasını tələb edirdi. 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməklə xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olan həmin gündən etibarən Heydər Əliyevin Azərbaycanı sözün əsl mənasında müstəqil dövlətə çevirmək missiyası başladı.

1993-cü il iyunun 15-də Milli Məclisin taleyüklü tarixi iclasında çıxış edən ümummilli lider demişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”. Bununla da ulu öndər xalqına, millətinə xidməti ən böyük xoşbəxtlik kimi qiymətləndirdi, bu çətin və şərəfli missiyanı ömrünün sonuna qədər davam etdirdi.

Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə o zaman gənc, müstəqil respublikamızın dövlət suverenliyinin, iqtisadi qüdrətinin möhkəmləndirilməsi, ölkədə vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirilməsi məqsədilə geniş islahatlar həyata keçirilməyə başlandı. Bu islahatlar sosial-iqtisadi sistemin transformasiyasına, yeni təməllər üzərində qurulmasına və sürətlə dəyişən şəraitə uyğunlaşdırılmasına yol açaraq hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu prosesinin əsasını qoymuş oldu. Onların təməlində sosial rifah, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanırdı.

İdarəçilikdə peşəkarlıq və sosial ədalət prinsiplərini daim rəhbər tutan ümummilli liderin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi, sosial-iqtisadi inkişaf, insanların dövlət orqanlarının xidmətlərindən istifadəsinin asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında “ASAN xidmət” xüsusi yer tutur.

Prezident “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz” dedikdə ulu öndərin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” prinsipini əsas götürmüşdür. Bu prinsip əsasında yaradılan “ASAN xidmət” vətəndaş yönümlü qurum olaraq “ASAN xidmət” - Xalqa xidmət” şüarını rəhbər tutur. “ASAN xidmət” konsepsiyasının əsas məqsədi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin yüksəldilməsidir.

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin təməli ümummilli lider Heydər Əliyevin hələ keçmiş SSRİ-nin dövlət orqanlarındakı fəaliyyəti zamanına təsadüf edir. Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə mövcud olan neqativ hallara qarşı mübarizə aparılmasında daim cəsarətli addımlar atırdı. Təsadüfi deyil ki, o, 1969-cu ilin 5 avqust plenumundakı məruzəsində çatışmazlıqlardan geniş şəkildə bəhs etdi. Bu çıxış SSRİ-dəki bütün prosesləri diqqətlə izləyən bir sıra xarici ölkə mətbuatında səs-küyə səbəb olmuşdu. Tarixə çevrilən 5 avqust 1969-cu il plenumundan sonra respublikanın iqtisadiyyatında və korrupsiya ilə mübarizədə çox ciddi dirçəliş hiss olundu.

Müstəqil Azərbaycanda ulu öndərin hakimiyyətinin ilk illərindən bu qətiyyətli mübarizə davam edərək onun siyasi kursunun əsasını təşkil etdi. Sosial ədalət prinsipinin təmin edilməsi istiqamətində, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı kəsərli və sistemli tədbirlər həyata keçirildi, bu sahədə zəruri qanunvericilik və institusional baza formalaşdırıldı.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövründə də bu strategiya uğurla davam etdirilir. Bu gün “ASAN xidmət” konsepsiyası məhz bu siyasətin təcəssümu kimi çıxış edir.

“ASAN xidmət”in məramı, həmçinin dövlət xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığını təmin etmək, onların məmnunluğuna nail olmaq və dövlət qulluqçusu - vətəndaş münasibətlərində yeni düşüncə tərzini formalaşdırmaqdır. Bu məqsədlə hazırda respublikamızda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımıza 230-dan çox xidmət təqdim edilir. Həmin xidmətlər 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən göstərilir. Bundan əlavə, 2016-cı ilin dekabrında fəaliyyətə başlayan “ASAN Kommunal” mərkəzində “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu”, “Azərişıq” ASC-lərinin 45 növ kommunal xidmətləri göstərilir.

Cari il ərzində Mingəçevir və Qubada regional “ASAN Həyat” kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə 2 kompleksin inşasına başlanılması nəzərdə tutulur. İlin sonunadək Bakı şəhərində 3 “ASAN Kommunal” mərkəzinin fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

“ASAN xidmət”in əhatə dairəsi təkcə statik mərkəzlərlə məhdudlaşmır. Mərkəzlərin əhatə etmədiyi regionlarda 10 səyyar avtobus və “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmət göstərilir. Nəticədə bu günədək “ASAN xidmət” mərkəzlərinə 14 milyondan çox vətəndaş müraciəti qeydə alınmışdır. 108 Çağrı Mərkəzində isə 1 milyon 600 mindən çox zəng cavablandırılmışdır. Təsadüfi deyil ki, “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar arasında keçirilən rəy sorğularına əsasən məmnunluq səviyyəsi 100 faizə yaxındır. Bu göstərici “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bütün dövlət orqanlarının birgə əməyinin nəticəsidir.

Hazırda “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşların böyük əksəriyyəti gənclərdir. Bu, dövlətin müasir kadr siyasətinin təzahürüdür. Gənclərə xüsusi diqqət və qayğının təməli hələ müstəqilliyimizin ilk illərində qoyulub. “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” - deyən ulu öndər gənclərin dövlət idarəçiliyində rolunun vacibliyini xüsusilə önə çəkirdi. Prezident İlham Əliyev də Azərbaycan gəncliyini qürur mənbəyi hesab edir: “Bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu,”qara qızıl”ı insan kapitalına çevirməkdir”.

Ölkə başçısının gənclər siyasətinə uyğun olaraq yeni nəsil dövlət qulluqçularının formalaşdırılması məqsədilə 10 mindən artıq gənc “ASAN xidmət”in fəaliyyətinə könüllü qismində qoşulub. Onlardan 700-ü “ASAN kadr” portalı vasitəsilə işlə təmin edilib. 200-dən çox yerli və beynəlxalq layihələrin reallaşmasında iştirak edən könüllülərimiz, həmçinin sürətlə inkişaf edən ölkəmizin fəal təbliğatçılarıdır. 2014-cü ildə Sabirabad rayonunda ASAN Könüllülərinin

I Ümumrespublika Forumunun açılışında iştirak edən Prezident çıxışı zamanı belə demişdir: “Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə,vətənə bağlı olan gənc nəsil yetişir və “ASAN könüllüləri”nin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz”.

Dünya ölkələrinin qabaqcıl təcrübəsi sübut edir ki, elm, təhsil, xidmət, iqtisadiyyat və digər vacib sahələri əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafını şərtləndirir. Azərbaycan tarixinin son 40 ilinə nəzər salsaq, elm və texnologiyaların inkişafını şərtləndirən siyasətin təzahürlərini görərik. Bu, əlbəttə ki, məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilmiş, elektron avadanlıq istehsal edən zavodlar tikilmiş, ali məktəb və elmi-tədqiqat müəssisələri yaradılmışdır.

Ümummilli liderin ikinci hakimiyyət dövründə də informasiya-kommunikasıya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi, müasir metodlar və texnoloji yeniliklərin tətbiqi dövlət idarəetməsində innovativ, səmərəli, operativ və şəffaf fəaliyyətin təşkilinə səbəb olmuşdur. Bu strateji xəttin davamı olaraq “ASAN xidmət”in də fəaliyyəti innovasiyalar, müasirlik üzərində qurulub. Prezident İlham Əliyev qeyd edir ki, müasir idarəetmə texnologiyalarının başlıca istiqamətləri insan amilinin ön plana çəkilməsidir, yəni insanlara keyfiyyətli və ləyaqətli sosial həyat tərzinin təmin edilməsindən ibarətdir.

Ulu öndər demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemindəki rolu, təhlükəsizlik məsələlərinin həllində beynəlxalq müstəvidə aparıcı mövqeyi, iqtisadi inkişaf modeli, beynəlxalq mədəni irsin qorunmasına verdiyi tövhələri və idman siyasəti sahəsində qazanılan nailiyyətləri ilə dünyada tanınır. Azərbaycan həm də dünyada mövcud olan texnoloji yenilikləri tətbiq edərək innovasiyaların yaradılması ilə bağlı təşəbbüslərlə çıxış edir.

Azərbaycanı dünyaya tanıdan intellektual brendimiz “ASAN xidmət” hazırda buna bariz nümünədir. Bir sıra beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən “ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilir və artıq bir çox dövlətlərdə bu model tətbiq olunur. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur”.

 

İnam KƏRİMOV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə

Dövlət Agentliyinin sədri

 

Azərbaycan.- 2017.- 7 may.- S. 4.