Azərbaycançılıq ideyasının dahi nəzəriyyəçisi

 

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının, bütövlükdə isə türk dünyasının ən böyük şəxsiyyətlərindən biri kimi tarixdə iz qoyub. Dərin ensiklopedik biliyə, güclü iradəyə və möhkəm tarixi yaddaşa malik bu dahi şəxsiyyətin bütün fəaliyyəti xalqına, vətəninə sədaqətlə xidmət məramı daşıyırdı. Ulu Tanrı Heydər Əliyevə nadir keyfiyyətlər - qətiyyət, cəsarət, natiqlik, kadrları düzgün seçmək qabiliyyəti bəxş etmişdi. Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövrü vətənimizin çoxəsrlik tarixində xalqda siyasi mənlik şüurunun, vətənsevərlik ideyalarının formalaşmasında mühüm mərhələ olmuşdur.

Heydər Əliyev tarix yaradan düha olub, əbədiyaşarlıq hüququ qazanmaqla yanaşı, Azərbaycan tarix elminin görkəmli nəzəriyyəçisi kimi böyük şöhrət qazanmışdır. Birinci dəfə ölkəyə rəhbərlik etdiyi ilk ildə Bakı Dövlət Universitetinin (BDU) 50 illik, iki il sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 50 illik yubileylərində iştirak edərək təhsil sahəsində qarşıda duran vəzifələri hərtərəfli əsaslandırmışdı. Mən ulu öndərin başçılığı ilə keçirilən müşavirələrin bir çoxunda iştirak edib onun istiqamətverici nitqlərini dinləmişəm. Həmişə öz natiqlik məharəti, dərin biliyi və gələcəyə səsləyən çıxışları ilə hamını valeh etmiş və ruhlandırmışdır.

Xatırlayıram ki, ADPU-nun yubiley sessiyasında çıxış edən natiqlər Azərbaycan tarixinin və Azərbaycan dilinin tədrisi üçün ayrılan saatların cüziliyi, dərsliklərin olmaması barədə məsələ qaldırdılar. Ulu öndər yığıncaqda bu problemlərin yaxın vaxtlarda həll olunacağını vəd etdi və buna da yüksək səviyyədə nail oldu. Sovet totalitar sisteminin yasaqlarına baxmayaraq, Heydər Əliyevin şəxsi nüfuzu və əzmkarlığı sayəsində həmin fənlər üzrə saatların miqdarı artırıldı, ali məktəblərin çoxunda, o cümlədən ADPU-da müstəqil Azərbaycan tarixi kafedraları yaradıldı. Eyni zamanda tarix, dilçilik elmləri sahəsində qiymətli dərsliklər, monoqrafiyalar çap edildi.

Dahi lider Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin sosial-iqtisadi inkişafı, elm və təhsilin yüksəlməsi sahəsində misilsiz xidmətlər göstərdi. Bunlar müstəqil və suveren dövlətin yaranmasında həlledici rol oynadı. Fəlsəfi düşüncə tərzinə malik olan Heydər Əliyev vətən tariximizin elmi araşdırılmasına və təbliğ olunmasına, onun bütün təhriflərdən və saxtalaşdırılmalardan təmizlənməsinə xüsusi diqqət yetirdi. Azərbaycan tarix elminin metodoloji əsaslarının müəyyənləşdirilməsi, çox dəyərli ümumiləşdirmələrin edilməsi sahəsində onun xidmətləri misilsizdir.

Yeddicildlik fundamental “Azərbaycan tarixi”, “Azərbaycan şəhərlərinin tarixi”, “Azərbaycan xalqlarının tarixi”, “Azərbaycan xalqının hərbi tarixi” və digər əsərlərin nəşri, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatı və fəaliyyətlərini işıqlandıran monoqrafiyaların nəşr edilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər 1969-cu ildə Azərbaycan xalqının taleyində böyük rol oynamış görkəmli dövlət və ictimai xadim, yazıçı və publisist Nəriman Nərimanovun anadan olmasının 100 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncam imzaladı. Heydər Əliyev “Pravda” qəzetində çap etdirdiyi məqaləsində N.Nərimanovun xalqımızın müstəqillik uğrunda mübarizədə mühüm rol oynaması, sovet totalitar rejiminin repressiyalarına qarşı mətanətlə mübarizə aparması, mərkəzin və erməni ekstremistlərin respublikanın ərazi bütövlüyünü parçalaması cəhdlərinə qarşı çıxması məsələlərini diqqətə çatdırdı. 1970-ci ildə N.Nərimanovun ev-muzeyinin açılması və ona əzəmətli abidənin ucaldılması, əsərlərinin çap edilməsi, barəsində çoxsaylı monoqrafiyaların nəşr edilməsi sahəsində görülən önəmli işlər ulu öndərin təkcə Nərimanova deyil, eyni zamanda Azərbaycanın tarixi şəxsiyyətlərinə bəslədiyi məhəbbət və ehtiramın təcəssümüdür.

Ümummilli liderin azərbaycançılıq fəaliyyətində milli kadrların yetişdirilməsi və yerləşdirilməsi prioritet əhəmiyyət kəsb edib. 1965-1967-ci illərdə respublika Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini, 1967-1969-cu illərdə bu komitənin sədri vəzifəsində işlədiyi vaxt adıçəkilən orqanda yuva salmış erməniləri kənarlaşdırıb azərbaycanlı kadrlarla əvəz etdi.

Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə 17 minə qədər azərbaycanlı gəncin SSRİ-nin 60-dan çox nüfuzlu ali məktəblərində təhsil almasına sərəncam verdi. Həmin gənclər müstəqillik dövründə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında önəmli rol oynadılar. “Azadlıq, istiqlaliyyət hər bir xalqın milli sərvətidir” - deyən Heydər Əliyev bütün varlığı ilə azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizə aparmışdır. “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və qiymətləndirmək lazımdır. Tariximiz bizim üçün dərs olmalıdır” - konsepsiyasını əsaslandıran dahi rəhbər xalqımızı ayıq-sayıq olmağa, dünən, bu gün və sabah barədə düşünməyə, keçmişin ibrət dərslərini öyrənməklə gələcəyin qapılarını açmağa, inkişaf, intibah yollarına çıxmağa çağırırdı. Özü də Azərbaycan tarixinin unudulmuş səhifələrinin açılmasında, qəsdən törədilən təhriflərin aradan qaldırılmasında böyük nəzəriyyəçi və tarixçi şəxsiyyət müstəsna rol oynadı.

Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı tariximizə ilk milli Konstitusiyanın banisi kimi də düşüb. İnsan hüququ manifesti adlandırılan bu tarixi sənəddə Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmi, xalqımızın müqəddəratını sərbəst, müstəqil şəkildə həll etmək, öz idarə etmək formasını müəyyənləşdirmək hüququ bəyan olunmuşdur.

Demokratik hüquqi-dünyəvi dövlət qurmağı başlıca vəzifə sayan Heydər Əliyev bu sənədin üçdə iki hissəsinin insan hüquqları və azadlıqlarının təmin olunmasına həsr edilməsini vacib saydı. Heydər Əliyev Konstitusiyanın üstünlüklərini iftixar hissi ilə vurğulayaraq demişdi: “Biz Azərbaycanın bu günü, gələcəyi üçün böyük bir sənəd - hüquqi sənəd yaratmışıq”.

Hazırda Azərbaycan Respublikası tolerantlığı ilə dünya dövlətlərinə nümunədir. Azərbaycanda əsrlər boyu yaşayan çoxmillətli xalqlar və etnik qruplar arasında mehriban dostluq və əməkdaşlıq hökm sürür. Respublikada yaşayan müxtəlif xalqların adət-ənənələrini, öz milli-mənəvi dəyərlərini, dini etiqadını qoruyub saxlamaq, dil və mədəniyyətin inkişaf etdirilməsi üçün tam demokratik şərait yaradılmışdır.

Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, milli və etnik mənsubiyyətindən asılı olmayaraq əsas insan hüquqlarına və azadlığına malikdirlər. Qürurverici haldır ki, Azərbaycan dünya ölkələri üçün əsl tolerantlıq örnəyidir və bir çox ölkələr Azərbaycan təcrübəsindən bəhrələnirlər. Heydər Əliyev Fondu bu sahədə səmərəli fəaliyyət göstərir.

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri istər Azərbaycan Konstitusiyasında, istərsə də ayrı-ayrı sənədlərdə multikultural siyasətə, yəni Azərbaycanda yaşayan başqa xalqların tarixi, mədəniyyəti, dili, mənəviyyatı ilə bağlı çox qiymətli qərarlar və sərəncamlar imzalamasıdır.

Zəngin həyat təcrübəsinə malik olan ulu öndərin fəaliyyətində Yer kürəsində yaşayan 50 milyondan çox azərbaycanlının milli birliyini, həmrəyliyini möhkəmlətmək məsələləri mühüm yer tuturdu. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən - 16 dekabr 1991-ci ildə hər il 31 dekabr - Dünya azərbaycanlılarının birlik və həmrəylik günü kimi bayram edilməsi barədə fərman imzaladı. Heydər Əliyev 1993-cü ildən başlayaraq Prezident kimi xarici ölkələrə səfəri zamanı Azərbaycan diasporasının nümayəndələri ilə görüşərək onların problemlərini həll etmək və birliyini möhkəmlətmək sahəsində önəmli tədbirlər həyata keçirdi. Onun nitqlərinin leytmotivini azərbaycanlı olmağı, vətənpərvərlik hissinin güclənməsi ideyası təşkil edirdi. Dahi rəhbər vurğulayırdı ki, müstəqilliyimiz bütün dünya azərbaycanlılarının tarix boyu düşüncəsində yaşatdığı ideal və inamın həqiqətə çevrilməsidir.

Ulu öndər 1997-ci il avqustun 4-də ABŞ-da soydaşlarımızla görüşündə “azərbaycançılıq, vətən ideyasının” həyati əhəmiyyətini, ülvi qayəsini vurğulayaraq demişdi: “Bir daha deyirəm, bütün azərbaycanlıların indi dünyada bir vətəni var. O da Azərbaycan Respublikasıdır. Bir dövləti var, bu, müstəqil Azərbaycan Respublikasıdır. Gəlin, hamımız bu dövlətin, bu vətənin ətrafında sıx birləşək”. Ulu öndər sonra deyirdi: “Kim harada yaşayırsa yaşasın... amma öz vətənini həmişə qəlbində saxla, fikirləş, sən Azərbaycan üçün nə etmisən? Bu barədə hər gün fikirləşin”.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dünyanın 36 ölkəsindən mindən çox nümayəndə, Azərbaycandan isə 1500-dən artıq adam iştirak etdi. Qurultayda Heydər Əliyev böyük nitq söyləyərək dünya azərbaycanlıları qarşısında duran vəzifələri əsaslandırdı. Nəzərə çatdırdı ki, insan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan mədəniyyətini, dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.

Qurultayda çıxış edən soydaşlarımız Azərbaycan dövlətinin, Heydər Əliyevin diaspora quruculuğu sahəsindəki xidmətlərini yüksək qiymətləndirdilər və razılıqla bildirdilər ki, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərqərar olması, daxili və xarici siyasətdə uğurlar əldə edilməsi dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin yaradılmasına geniş imkanlar yaratmışdır. Qurultay nümayəndələrinin ulu öndərə müraciətlərində vurğulanırdı ki, biz müstəqil Azərbaycan dövlətinin nailiyyətlərini yüksək dəyərləndiririk. Onun beynəlxalq aləmdə qazandığı nüfuzundan böyük qürur və iftixar hissi duyaraq bəyan edirik ki, azərbaycançılıq ideyalarının bərqərar olması naminə bütün səylərimizi səfərbər edəcəyik.

Qurultaydan sonra Heydər Əliyevin başçılığı ilə Azərbaycan dövləti soydaşlarımızın tarixi vətənlə əlaqələrinin möhkəmləndirilməsi sahəsində bir sıra vacib qərarlar qəbul etdi. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması mühüm hadisə oldu. 2002-ci il dekabrın 27-də Azərbaycan Respublikasının “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunu qəbul edildi. Ulu öndər Heydər Əliyevin imzaladığı bu qanunda xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin başlıca məqsəd və prinsipləri və bunları həyata keçirmək üçün dövlətin fəaliyyət proqramı irəli sürülmüşdür. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Onun başçılığı ilə milli azlıqların ədəbiyyatı, mədəniyyəti, dili, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Azərbaycan Konstitusiyasının 25-ci maddəsi ilə milliyyətindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin edilmişdir.

Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbəri dünya azərbaycanlılarının sıx birləşdirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bu sahədə önəmli işlər görür.

Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi xalqımız tərəfindən rəğbətlə qarşılandı, beynəlxalq aləmdə olduqca müsbət dəyərləndirildi. Xalqımız bir daha öz milli-mənəvi, tarixi dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün geniş imkanlar əldə etdi.

Prezident İlham Əliyev xarici ölkələrə rəsmi və işgüzar səfərlərində daimi olaraq Azərbaycan diaspora nümayəndələri ilə görüşür, onların problemlərini həll etmək, milli və vətəndaş hüquqlarının qorunması üçün məqsədyönlü siyasət aparır. Ölkə rəhbərinin 29 dekabr 2005-ci il tarixdə dünya azərbaycanlılarına müraciətində vurğulanırdı ki, hazırda dövlətimiz qarşısında soydaşlarımızın beynəlxalq konvensiyalarda təsbit olunmuş insan və vətəndaş hüquqlarının müdafiəsi, yaşadıqları ölkələrdə təsirli qüvvəyə çevrilməsi kimi məsul vəzifələr durur.

Prezident İlham Əliyev dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşməsinin vacibliyini bildirərək demişdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır. Onlar öz doğma vətənlərinə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq öz vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir. Hamımızın vətənidir... Bizim bir vətənimiz Azərbaycan, bizim bir dilimiz - Azərbaycan dili, bizim bir ideologiyamız - azərbaycançılıq məfkurəsi vardır”.

Bir sözlə, ulu öndər Heydər Əliyev zəngin mədəniyyətimizi, adət-ənənələrimizi, Azərbaycan dilini azərbaycançılığın təməlinə yönəltdi. Respublikamızın dünya miqyasında nüfuz və imicinin artmasına nail oldu.

 

Xəlil KÖÇƏRLİ,

tarix elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi

 

Azərbaycan.- 2017.- 7 may.- S. 7.