Ədaləti başlıca meyar hesab edən rəhbər

 

XX əsr Azərbaycan tarixinin ən parlaq siması, fenomen şəxsiyyət Heydər Əliyevin xalqımızın taleyində misilsiz xidmətləri var. Ulu öndər respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmişdir. Heydər Əliyev zəngin və mənalı həyatı boyu xalqını, vətənini, torpağını düşünmüş, Azərbaycanın çətin məqamlarında üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün qeyri-adi fədakarlıq göstərmişdir. Onun nəcib mənəvi keyfiyyətlərindən biri də siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalətin, düzgünlüyün və humanizm prinsiplərinin həyata keçirilməsinə, mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışması olmuşdur.

Keçmiş SSRİ-nin güclü vaxtlarında da, Azərbaycanda müstəqillik bərpa edildikdən sonra da gənclərin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, peşəkar kadrların hazırlanması naminə elm ocaqları, təhsil məsələləri Heydər Əliyevin diqqətindən kənarda qalmamışdır. Ulu öndər Azərbaycan Dövlət Universitetinə hər zaman müqəddəs məbəd kimi yanaşmış, buna xələl gətirə biləcək hansısa mənfi təzahürlərin aradan qaldırılması üçün yeri gələndə sərt addımlardan belə çəkinməmişdir. Onun qətiyyəti sayəsində universitetdə bilik və nizam-intizam ali meyar kimi qorunmuş, bir sıra ixtisaslara qəbul vaxtı yol verilən nöqsanların qarşısı alınmışdır. Sıravi vətəndaşların övladlarının bəzi nüfuzlu ixtisaslara doğru yolunu bağlayan sədlər aradan qaldırılmışdır.

14 iyul 1969-cu il tarixdə Azərbaycana rəhbər seçilən Heydər Əliyev ölkədəki ümumi vəziyyəti öyrənərək müəyyən etmişdir ki, respublikada iqtisadi cinayətkarlığa-rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, cəmiyyətdə qanunçuluğun möhkəmləndirilməsi üçün ilk növbədə yüksək bilikli, mənəvi-əxlaqi keyfiyyətlərə malik vətənpərvər ruhlu kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirilməlidir. Keçən əsrin 70-80-ci illərində minlərlə gəncin respublikamızın hüdudlarından kənarda yüksək səviyyədə ali təhsil almalarına, ixtisaslı kadr kimi yetişmələrinə hər cür kömək göstərməsi ümummilli liderin vətənpərvərliyindən, millətini sevməsindən irəli gəlmişdir.

Heydər Əliyev respublikada ilk dəfə hakimiyyətə gələndən sonra dövlət idarəçiliyində, qanunların dürüst icra edilməsində, kadrların seçilib yerləşdirilməsində, elm və təhsildə, səhiyyədə, sənayenin və kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaratdı. Bununla da Azərbaycan tarixində çiçəklənmə, böyük nailiyyətlərin qazanılması mərhələsi başlandı.

Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi yeniliklər ittifaq miqyasında diqqəti cəlb etdi. Ulu öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini, Siyasi Büronun üzvü kimi yüksək vəzifəyə irəli çəkildi. Bundan sonra SSRİ-də harada nə kimi problem meydana çıxanda onun həlli ilə məhz Heydər Əliyev məşğul olurdu. Sibirə dəmir yolunun çəkilməsi, Çernobıl hadisələrinin araşdırılması və sair çoxsaylı tarixi faktlar buna əyani sübutdur. Bu keçmiş İttifaqda qeyri millətdən olan şəxsiyyətə böyük ehtiram və etimad idi.

Digər tərəfdən, Heydər Əliyevin Azərbaycanda olmaması respublikanı müəyyən problemlərlə üzləşdirdi. O, Moskvaya gedərkən etimad göstərdiyi vəzifəli şəxslər rəhbərinə sadiq olmadılar. Yaranmış boşluq sayəsində 1988-ci ildə qondarma Dağlıq Qarabağ problemi ortaya atıldı. Heydər Əliyev Moskvada vəzifəsindən istefa verdikdən sonra Azərbaycan ağır günlərini yaşadı. Demək olar ki, respublika dağılırdı, səriştəsiz iqtidar ölkəni dözülməz vəziyyətə saldı. SSRİ dövlətinin başçısı M.Qorbaçov çoxmillətli dövlətə xain çıxdı. O, erməni dostlarının təzyiqi ilə Qarabağı Ermənistana vermək üçün canfəşanlıq etdi.

Digər tərəfdən, Azərbaycan sərhədlərini qorumaq üçün milli ordunun yoxluğu böyük təhlükə yaradırdı. Yalnız polis əməkdaşlarının və silahsız əhalinin köməyi ilə sərhədlərimizin qorunması qeyri-mümkün idi. Buna görə erməni millətçiləri xarici havadarlarının yardımı sayəsində Şuşanı, 7 rayonu işğal etdilər. Hakimiyyətdə olanların zəifliyi və əfəlliyi ucbatından düşmənlərimiz Azərbaycanı parçalamağa və bir dövlət kimi yox etməyə çalışdılar.

Azərbaycan xalqı yəqin etdi ki, ölkəni bu bəladan, təhlükədən yalnız təcrübəli siyasətçi Heydər Əliyev xilas edə bilər. Odur ki, xalqımız, ziyalılar Heydər Əliyevə müraciət etdi, onu yenidən Azərbaycana rəhbərlik etməyə səslədilər. Ölkəmizin ən ağır günündə ümummilli lider xalqının səsinə biganə qalmadı.

15 iyun 1993-cü ildə Heydər Əliyev ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıtdı və tez bir zamanda ölkəmizi real faciələrdən xilas etdi. Azərbaycanda mənəvi və siyasi mühit saflaşdırıldı. Ölkəni tərk edən ziyalılar, mədəniyyət işçiləri vətənə qayıtdılar. Bununla da Azərbaycan xalqına yenidən səadət üz verdi. O ağır günlərdə dövlətin başında Heydər Əliyev kimi böyük və sarsılmaz sərkərdə dayandı. Bakının küçələrində, rayon mərkəzlərində gecə və gündüz atılan tüfəng, avtomat səslərinə, küçələrdəki atəşlərə, oğurluqlara, quldurluqlara son qoyuldu. Hüquq mühafizə orqanları bacarıqlı kadrlarla möhkəmləndirildi, yeni Azərbaycan Ordusu yaradıldı. Asudə həyat, əmin-amanlıq yaradıldı, quruculuq işləri bərpa edildi.

Mən 35 il prokurorluq orqanlarında qulluq etmişəm. Bu müddətin 18 ili ulu öndər Heydər Əliyevin respublikada rəhbərlik etdiyi vaxta təsadüf edir. Vəzifəmlə bağlı ulu öndər Heydər Əliyevlə üç dəfə görüşmüşəm. Bunlardan savayı, ulu öndərin sədrliyi ilə keçirilən bir sıra müşavirələrin iştirakçısı olmuşam. Onun proqram xarakterli çıxışlarını, respublikanın inkişafı üçün verdiyi göstərişləri, ədalət prinsipini ali meyar kimi tutmasını heç vaxt unutmaq mümkün deyil.

Yadımdadır, 1 mart 1968-ci il tarixdə Ağdaş rayon prokurorluğu tərəfindən Kür-Araz Su-Tikinti İdarəsinin Ağdaş şəhərində yerləşən 18 saylı Tikinti İdarəsinin işçiləri haqqında 8 dekabr 1960-cı il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-1 (xüsusilə külli miqdarda dövlət əmlakının mənimsənilməsi) maddəsi ilə cinayət işi başlanmışdı. Cinayət işi çoxhəcmli, çoxepizodlu və Ağdaş rayonundakı rəhbər vəzifəli şəxslərlə əlaqədar olduğundan rayon prokurorluğunun apardığı istintaq müsbət nəticəsini verməmişdi. Odur ki, Azərbaycan Respublikası Prokurorluğu bu cinayət işini 1 iyul 1969-cu ildə Ağdaş rayon prokurorluğunun icraatından götürərək istintaqın aparılmasını mənə həvalə etdi.

Apardığım istintaq nəticəsində müəyyən olundu ki, bu cinayət işinin bir epizodu Ağdaş rayon partiya komitəsinin birinci katibi ilə bağlıdır. Belə ki, uşaq bağçasının tikintisinə ayrılmış vəsait hesabına Ağdaş rayon partiya komitəsi üçün dördmərtəbəli mehmanxana binası tikilərək istifadəyə verilmişdi. Maarif şöbəsinin hesabına mehmanxana divarlarından lazımsız bahalı tablolar-fotomontajlar asılmış, təhsilə ayrılan vəsait mənimsənilmişdi.

Aparılan istintaq zamanı rayon şəraitində belə bir məsələnin üstünün açılması Ağdaş rayon partiya komitəsinin birinci katibini qıcıqlandırırdı.

Çox çətin vəziyyətə düşdüyümdən, bu xoşagəlməz hadisə haqqında Respublika Prokurorluğunun rəhbərliyinə məlumat verdim. Səhərisi günü, cinayət işi ilə birlikdə Respublika Prokurorluğunda olmağım haqqında ciddi tapşırıq aldım.

Cinayət işi Respublika Prokurorluğunda öyrənildi və məruzəm dinlənildi. Bundan sonra tapşırığa əsasən Azərbaycan Respublikası Prokurorunun müavini, dünyasını dəyişən, hüquq elmləri doktoru Cəfər Vəliyevlə birlikdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İnzibati şöbəsinin müdiri Ramiz Məmmədzadənin yanına getdik.

Mənə dedilər ki, baş vermiş hadisə haqqında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni seçilmiş birinci katibi Heydər Əliyevə məruzə edilmiş və o, xüsusi işlər üzrə müstəntiqin də dəvət olunmasının, yuxarıdakı faktların reallığını yəqin etməsinin marağındadır.

Cəfər Vəliyev, Ramiz Məmmədzadə və mən ulu öndər Heydər Əliyevin qəbulunda olduq. Cəfər Vəliyev şərh olunan işin mahiyyətini izah etdi.

Ulu öndər Heydər Əliyev üzünü mənə çevirərək: “Sənin xətrinə dəyiblərmi? Sənin xətrinə heç kim dəyə bilməz”, - dedi. Bundan sonra komissiya yaradıldı.

Dövlət Komissiyası qeyd olunan məsələləri yerində araşdırdı və faktlar öz təsdiqini tapdı. Respublika prokurorluğu Mərkəzi Komitəyə geniş arayış təqdim etdi. Azərbaycan KP MK-nın Bürosunda rayon partiya komitəsinin birinci katibi, rayon icraiyyə komitəsinin sədri, bankın maarif şöbəsinin müdirləri vəzifələrindən azad olundular, cinayətkarlar cəzalandırıldılar.

15 oktyabr 1975-ci ildə Azərbaycan Respublikası Prokuroru yanında Xüsusilə Mühüm İşlər üzrə müstəntiq vəzifəsində çalışırdım. Yevlax rayonuna prokuror təyin olunmağım üçün məsələ qaldırılmışdı. Həmin dövrdə bu vəzifəyə təqdim edilənlər Azərbaycan KP MK-nın birinci katibi tərəfindən qəbul edilirdi. Başqa rayonlara da bu vəzifəyə namizədlər var idi. Ulu öndər bizimlə söhbət apardı və öz dəyərli tövsiyələrini verdi. Onun ən mühüm tapşırığı ədalətli olmaq, vətənə, xalqa layiqincə xidmət etmək barədə idi. Sonradan Yevlaxda cinayətkarlığa qarşı mübarizə tədbirləri məqbul sayılmış, ulu öndərin bu rayona səfəri ərəfəsində MK-ya arayış göndərilmişdi. Yevlaxda ulu öndər bu məsələyə toxundu, işimizi qiymətləndirdi. Dedi ki, cinayət törədənlər bundan sonra da cəzalandırılacaqlar.

Ümumiyyətlə, tərəfimdən aparılan işlər üzrə Heydər Əliyevin həmişə mövqeyimi müdafiə etməsi heç vaxt yadımdan çıxmır.

Sözün əsl mənasında, Heydər Əliyev dahi şəxsiyyət idi. Sevindirici cəhət ondan ibarətdir ki, Heydər Əliyevin Azərbaycan xalqının xoşbəxtliyi naminə gördüyü nəhəng işlər, onun ideyaları hazırda millətimizin inandığı və böyük məhəbbət bəslədiyi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün biz fəxrlə deyirik ki, Heydər Əliyevlə bir əsrdə yaşamışıq, onunla görüşmüşük, dahi şəxsiyyətin canlı çıxışlarını dinləmişik, onun rəhbərliyi altında fəaliyyət göstərmişik.

Heydər Əliyevin həyatı hər bir sağlam düşüncəli insan üçün bütöv bir məktəbdir. Gənclərimiz ulu öndərin irsini öyrənməli, onun kimi vətənlərini sevməli və xalqına layiqli xidmət göstərməlidirlər.

 

Cahangir NƏSİROV,

Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Təşkilatının Komissiya sədri

 

Azərbaycan.- 2017.- 7 may.- S. 7.