Leyla Əliyeva:
Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət
naminə mədəniyyətlərarası dialoq daim təşviq
olunmalıdır
Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda ikinci plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi ofisinin attaşesi, moderator Rəşad əl-Xafaci sessiyanın müasir dünya üçün çox əhəmiyyətli bir mövzuya həsr olunduğunu vurğuladı, IV Qlobal Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirdi.
Sonra xoşməramlı
səfir Leyla Əliyeva sessiyada çıxış edərək
dedi:
-Dünyanın müxtəlif yerlərindən insanların mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı mühüm məsələləri müzakirə etmək üçün Bakıya toplaşması çox sevindiricidir. Mədəniyyətlər və xalqlar arasında dialoq dünyada sülh və çiçəklənmə üçün əsas şərtdir. Bu dialoqun qəbul edilə biləcək alternativi yoxdur. Aramızda nə qədər az dialoq və anlaşma olarsa, bir o qədər ədavət və savadsızlıq üçün boş yer yaranacaq. Əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Tarix boyu Azərbaycandakı bütün xalqlar - istər müsəlmanlar, istər yəhudilər, istərsə də xristianlar sülh şəraitində dinc yanaşı yaşayıblar. Faktiki olaraq bunu heç kim “mədəniyyətlərarası dialoq” adlandırmayıb. Bu cür qarşılıqlı əlaqələr sadəcə gündəlik həyatın bir hissəsi olub. Məhz buna görədir ki, doğma şəhərimiz, gözəl Bakı hazırda mədəniyyətlərarası dialoq üzrə mərkəzlərdən birinə çevrilib. Bakı dünyanı daha da kamil etmək üçün planetin bütün yerlərindən gəlmiş müxtəlif mənşəli insanların qovuşduğu məkana çevrilib.
Bu plenar sessiyada çıxış etməkdən olduqca məmnunam, onun mövzusu FAO-nun xoşməramlı səfiri və ətraf mühit carçısı kimi mənim üçün çox əhəmiyyətlidir. Sülh və davamlı inkişaf ilə birbaşa əlaqəsi olan ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələr bu tədbiri bu gün olduqca vacib və zəruri edir. Hamımız bilirik ki, mədəniyyətlərarası dialoq irqçilik və zorakılığın qlobal səviyyədə artmasına qarşı mühüm əks-qüvvədir. Bununla belə, onun miqyası tolerantlıq və birgəyaşayış ideyalarının təşviq olunması ilə yanaşı, digər işlərin də görülməsini ehtiva edir. Mədəniyyətlərarası mübadilələr, həmçinin ümumi məqsədlərimizə nail olmaq üçün yeni innovativ yollar axtarılmasının vacibliyini şərtləndirir.
Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin qəbul edilməsi planetimizdə yaşayan xalqların rifahını təmin etmək kimi missiyada dünya əhalisi üçün mühüm hadisə oldu. Təsadüfi deyil ki, gündəliyin ilk iki məqsədi məhz yoxsulluğun və aclığın aradan qaldırılmasına yönəlib. Ümumi mövqeyi əks etdirən bu məqsədlərə nail olmaqla biz sülhsevər, inklüziv və dayanıqlı cəmiyyətləri formalaşdıra bilərik.
Əslində, biz çox məyusuq ki, XXI əsrdə bütün dünyada 870 milyon insan hələ də aclıqdan və azqidalanmadan əziyyət çəkir. Bu, elə vaxtda baş verir ki, ərzağın və ərzaq məhsullarının üçdəbir hissəsi qlobal səviyyədə tullantı kimi atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da çətinləşdirir. Lakin, eyni zamanda, qloballaşma kənd təsərrüfatı sahəsində biomüxtəlifliyə, ənənəvi biliklərə biganəliklə xarakterizə olunur. Bir-birindən həddindən artıq asılılıq və həmçinin məhsulların əldə edilməsi bizim eko-sistemlərimizə zərbə vurub. Tarix boyu mədəniyyətlər və millətlər öz mətbəxləri, mətbəx mədəniyyətləri üzrə əlaqələr yaratmışlar. Onlar öz ənənələrini qoruyub saxlayırlar. Bunun qorunub-saxlanılması ərzaq təhlükəsizliyinə, sülhə və dayanıqlı inkişafa xidmət edir. Təbii ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, əslində, ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına, onların qorunub saxlanılmasına xidmət edir. Başqa sözlə desək, biz gərək əminliklə səylərimizi birləşdirək ki, məhsullarımız gələcəyimizin məhsulu olsun. Təbii ki, ərzağın bölüşdürülməsi özü-özlüyündə mədəniyyətlərarası dialoqun bir formasıdır. Çünki mətbəx mədəniyyəti insanlara bir-biri ilə bir araya gəlmək, həmçinin stereotipləri aradan qaldırmaq və müxtəlif həyat tərzlərini anlamaq üçün bir vasitədir.
Vaxt artıq yetişib. Beynəlxalq ictimaiyyət öz səylərini ərzaq təhlükəsizliyinin və qidalanmanın, mədəniyyətlərarası dialoqun və rifahın daha da yaxşılaşdırılmasına yönəltməlidir. Bu baxımdan mən Azərbaycanın dəstəyi, BMT-nin Sivilizasiyalar Alyansının və digər tərəfdaşların təşkilatçılığı ilə oktyabrda FAO-nun mənzil qərargahında dinlərarası mədəni identikliyin və fərqliliyin ərzaq təhlükəsizliyi vasitəsilə qorunması mövzusunda tədbirin keçirilməsini alqışlayıram. Bu tədbir, əslində, “Bakı prosesi”ndən irəli gəlir. O, məhz ərzağın tolerantlığın yayılmasına, mədəni fərqliliyin aradan qaldırılmasına xidmət edəcək.
Əziz dostlar, heç bir ölkə və ya təşkilat ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, dayanıqlı inkişaf kimi universal məsələlərlə təklikdə məşğul ola bilməz. Dialoq çox vacibdir ki, qlobal inkişafın gündəliyi həyata keçirilsin. Bunu nəzərə alaraq, biz 2011-ci ildə IDEA-nı - “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyini yaratdıq. Məqsədimiz çox sadədir. İstərdik ki, ətraf mühitə daha uyğun, daha təhlükəsiz, daha sağlam gələcəyi təmin etmək üçün ictimai platformaya çevrilək. Bizim şüarımız belədir: “Vahid Yer kürəsi – vahid gələcək”. IDEA-nın layihələrinin miqyasına gəldikdə, biz təhsil, maarifləndirmə, tullantılarla mübarizə, dayanıqlı inkişaf mövzularında işləyirik. Son beş il ərzində bizim gənc təşkilatımız çox gözəl nəticələr əldə edib. Biz bütün ölkə ərazisində beş milyondan çox ağac əkmişik. Nəinki öz ölkəmizdə, digər ölkələrdə də ağac əkmişik. Biz, həmçinin ceyranları məhvolma təhlükəsindən qorumuşuq. Bununla bağlı bir sıra konservasiya layihələri həyata keçirmişik. Biz, həmçinin digər layihələri də həyata keçiririk ki, onların hamısı bizim hazırkı təşəbbüslərimizdən irəli gəlir. Xüsusən də Qafqaz bəbiri və Qafqazda bizonun yenidən artması. Eyni zamanda, biz bu kontekstdə digər addımlar da atırıq. IDEA ötən il Xəzər dənizində qızıl balığın qorunması ilə əlaqədar Kür çayının deltasının təmizlənməsi üzrə çox mühüm layihəsini irəli sürdü. Bu layihənin məqsədi balıq ehtiyatlarının artırılması, suyun keyfiyyətinin daha da yüksəldilməsi və çayların ətrafında ekologiyanın yaxşılaşdırılmasıdır. Mən, həmçinin qeyd etmək istəyirəm ki, bir neçə həftə əvvəl biz Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağlarının yaradılması təşəbbüsünü irəli sürmüşük. Biz bu layihəni FAO ilə bir yerdə həyata keçiririk. Biz bu layihə çərçivəsində kənd yerlərində meyvə ağaclarının əkilməsini planlaşdırırıq. Bu, həmin ailələr üçün mənfəət mənbəyi olacaq. Mən FAO-ya dərin təşəkkürümü bildirmək istəyirəm. Bu tərəfdaşlığa, göstərdiyi səylərə görə FAO-nun Azərbaycandakı ofisinin rəhbəri xanım Mələk Ҫakmaka təşəkkürümü bildirirəm. Biz dinimizdən, irqimizdən, adət-ənənələrimizdən asılı olmayaraq, hamımız eyni planetdə yaşayırıq. Bizim ümumi gələcəyimiz var. Ekologiyanın sərhədləri yoxdur. Əsl reallıq onu göstərir ki, bu gün insanın fəaliyyəti, antropogen amillər təbiətin qanunlarını pozur və bizə böyük fəlakətlər gətirir. İnsanlar sahib olduqları zənginliklərin dəyərinin qədir-qiymətini bilməlidirlər. Bu baxımdan mən məşhur amerikalı rejissor, prodüser və müəllif Tom Şoydakın sözlərindən sitat gətirmək istəyirəm: “Təbiətdə heç nə ehtiyacından artığını götürmür. Qırmızı ağac torpağın bütün nutrientlərini almır, böyümək üçün lazım olan qədərini götürür. Tox aslan ceyranın dalınca qaçıb onu məhv etmir”. İnsanlar da təbiətin bu qanunlarına riayət etməlidir. Hər kəsin həyat tərzi və onun vərdişləri ekologiyaya təsir edir. Biz vahid planetimizin qorunması üçün böyük dəyişikliklər edə bilərik. Bu da bizim dayanıqlı inkişafımızı təmin edə bilər. Odur ki, ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq daim təşviq olunmalıdır.
Hörmətli qonaqlar, əminəm ki, ölkəmizdə olduğunuz bir neçə gün ərzində bizim ləziz yeməklərimizlə tanış olacaqsınız, mədəniyyət abidələrimizi görəcəksiniz, yerli insanlarla tanış olacaqsınız. Əminəm ki, bu təcrübə sizin müxtəliflik potensialınızı daha da artıracaq.
Müxtəliflik və dialoqa meyilli olmaq müxtəlif qruplar arasında anlaşma körpülərinin salınması deməkdir. Biz münaqişələri, gərginlikləri birgə səylərlə azalda bilərik. Belə körpülər rəsmi danışıqlarda, görüşlərdə qurulmur, əksinə, pərdəarxası işlərlə şərtlənir. Bunları nəzərə alaraq, sizləri dialoqa hər zaman açıq olmağa dəvət edirəm.
Mən sizə xoşbəxtlik və
sağlamlıq arzulayıram. Çox sağ olun.
***
BMT
Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir
Abdulaziz Al-Nasser çıxışında Azərbaycanda
göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirdi,
Bakıya gələn qonaqların bir daha paytaxtımıza
qayıtmaq arzusunda olduqlarını söylədi. BMT
Sivilizasiyalar Alyansında qida məsələsinin prioritetlərdən
biri olduğunu qeyd edən Nassir Abdulaziz Al-Nasser bu məsələ
ilə bağlı FAO ilə əməkdaşlıq etdiklərini
diqqətə çatdırdı. BMT rəsmisi müxtəlif
ölkələrdə insanların aclıq təhlükəsi
ilə qarşılaşması məsələsinə toxunaraq,
ərzaq təhlükəsizliyinin dünya üçün
aktuallığını qeyd etdi. Mədəniyyətlərarası
dialoqun ərzaq təhlükəsizliyinin təmin edilməsində
mühüm vasitə olduğunu bildirən ali nümayəndə
dedi: “Bizim diqqətimizi, həmçinin insan təhlükəsizliyi
məsələsi cəlb edir. Ərzaq təhlükəsizliyi
məsələsi kommersiya maraqlarının və mədəniyyətlərarası
əlaqələrin yaranmasına təkan verir. Dünyada minlərlə
insan aclıqdan həlak olur. Yəməndə, Somalidə,
Sudanda uşaqlar aclıqdan əziyyət çəkirlər.
Həssas cəmiyyətləri gücləndirərək biz ərzaq
təhlükəsizliyinin qarşısını ala bilərik.
Müxtəlif mədəniyyətlərə məxsus insanlar
bir araya gələrək təcrübələrini ortaya
qoyarlarsa biz nəticələrə nail ola bilərik”.
Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
bildirdi ki, ərzaq, kulinariya, qidalanma gündəlik həyatımızın
bir hissəsidir. “Çox yaxşı haldır ki, FAO bu Forumda
iştirak edir və ərzaq təhlükəsizliyi insan təhlükəsizliyi
ilə eyni səviyyədə diqqətdə
saxlanılır”, - deyən Əbülfəs Qarayev bildirdi ki,
qida məhsullarının keyfiyyətsizliyi insanların təhlükəsizliyinə
zərbədir. Onun sözlərinə görə, qida, ərzaq,
adət-ənənələr, iqlim, ətraf mühit – hər
bir millətin təzahürüdür. Mədəniyyət və
turizm naziri dedi ki, insanların bir-birini zənginləşdirməsi
üçün yalnız qonşu ölkənin
kitabını oxumaq kifayət deyil. Kulinariya və milli mətbəx
də millətin vacib keyfiyyətlərindəndir.
Əbülfəs Qarayev bu baxımdan ölkəmizdə
çox çeşiddə qidaların olduğunu söylədi.
BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
Tərəfdaşlıq, Vəkillik və Potensialın
İnkişafı ofisinin direktoru Marcela Villarreal FAO-nun
bütün tərəfdaşlarının “Bakı prosesi”ndə
təmsil olunmasını yüksək dəyərləndirdi.
Qeyd etdi ki, hazırda dünyada milyonlarla insan aclıqdan əziyyət
çəkir. Bu, ərzaq istehsalı və insanların ərzağa
çıxış səviyyəsinin təmin olunması ilə
bağlı olan bir problemdir. Gələcəkdə əhalinin
artacağını diqqətə çatdıran Marcela
Villarreal ərzaq istehsalının 60 faiz
artırılmasının vacibliyini qeyd etdi. Bunun
üçün isə mədəniyyətlərarası
dialoqa qoşulmağı vacib hesab edən Forum
iştirakçısı dedi ki, insanlar bir-biri ilə
mübadilə aparmalı, bilik və təcrübələrini
bölüşməlidirlər.
Sessiyada
Forum iştirakçılarına FAO adından ərzaq məsələsi
ilə bağlı videomesaj çatdırıldı. Mesajda
dünyada yaşayan hər bir kişinin, qadının və
uşağın ona lazım olan sağlam qida ilə təmin
edilməsinin vacibliyi vurğulanır.
Sessiyanın
moderatoru BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının baş katibinin ofis attaşesi Rəşad
Əl-Xavaci mədəniyyətlərarası dialoqun ərzaq
təhlükəsizliyinin təmin edilməsindəki rolundan
danışdı, FAO-ya “Bakı prosesi”ndə iştirak etdiyinə
görə minnətdarlığını bildirdi.
Sonra
sessiya işini müzakirələrlə davam etdirdi.
Kənd Təsərrüfatının
Davamlı İnkişaf üzrə Asiya Fermerlər Birliyinin
baş katibi Estrella Penunia kənd təsərrüfatının
inkişafında qadınların rolunu qeyd etdi.
İtaliya
parlamentinin üzvü Stella Bianki bildirdi ki, digər
hüquqlar kimi, ərzaq təhlükəsizliyi hüququ da
olmalıdır.
Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ölkəmizdə ərzaq təhlükəsizliyinin strateji
prioritet sayıldığını və kənd təsərrüfatına
xüsusi önəm verildiyini diqqətə
çatdırdı.
Mərkəzi
Afrika Respublikasının paytaxtı Bangi şəhərinin
meri Emil Qros Nakombo ərzaq təhlükəsizliyi mövzusunun
həyatımızın bütün aspektlərinə aid
olduğunu söylədi, dünyada kənd təsərrüfatında
tərəqqiyə nail olmağın
mümkünlüyünü vurğuladı. O dedi: “Leyla xanım
ceyranların qorunması üçün həyata
keçirilən layihəni xatırlatdı. Bu, çox nəcib
bir işdir. Bunu məktəblərdə gənclərə
aşılmaq gözəl olardı”.
BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
Tərəfdaşlıq, Vəkillik və Potensialın
İnkişafı ofisinin direktoru Marcela Villarreal Kolumbiyada
torpaq fondunun yaradılması məsələsinə toxundu.
Sessiyanın
iştirakçıları dünyada ərzaq təhlükəsizliyinin
durumu ətrafında geniş fikir mübadiləsi
apardılar.