Azərbaycanı tərəqqiyə Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası qovuşdurub

 

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib

Mayın 6-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib.

Konfransda dövlət və hökumət nümayəndələri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, elm və ictimai xadimlər iştirak ediblər.

Konfransı açan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin bütün həyatının, fəaliyyətinin, ideyalarının özlüyündə böyük islahatçılıq məktəbi, islahatçılıq fəlsəfəsi olduğunu bildirib. O deyib: “ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər misallar tapa bilərik. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra sanki gözlərimiz qarşısında iki Azərbaycan canlanır. 1969-cu ilə qədərki, özünə inanmayan, ümidsizlik məngənəsində sıxılan və demək olar ki, gələcəyə ümidlərini itirmiş Azərbaycan və 1969-cu ildən sonra ulu öndərin həyata keçirdiyi islahatlar nəticəsində tamamilə dəyişən, özünə inamı artan, dinamik inkişaf yoluna çıxan və gələcəyinə inanan Azərbaycan. Tarix Heydər Əliyevə bu missiyasını ikinci dəfə həyata keçirmək şansı verdi. 1993-cü ilə qədərki və ondan sonrakı Azərbaycan gözlərimiz qarşısındadır. Bu iki Azərbaycan bir-birindən yerlə-göy qədər fərqlənir. Xaos, anarxiya, ümidsizlik içərisində olan, dərin böhran keçirən Azərbaycanda məhz ulu öndərin qətiyyətli islahatlar strategiyası nəticəsində əmin-amanlıq bərqərar oldu, dinamik inkişaf təmin edildi”.

Heydər Əliyevin islahatlar strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını vurğulayan Baş nazirin müavini qeyd edib ki, ulu öndərin bütün ideyaları bir islahatçılıq strategiyasıdır. Son illərdə ölkə həyatının bütün sahələri bu islahatlar nəticəsində tamamilə yenilənib, müasir müstəqil Azərbaycan daha da güclənib. Ə.Əhmədov tədbir iştirakçılarının ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dərin islahatlar strategiyası konsepsiyası haqqında ətraflı fikir mübadiləsi aparacağına, konfransın maraqlı ideyalarla zəngin olacağına əminliyini bildirib.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov “Heydər Əliyevin dərin iqtisadi islahatlar strategiyası: Azərbaycan Respublikasını tərəqqiyə aparan böyük yol” adlı məruzəsində qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb. Onun möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb. Hazırda respublikanın sosial-iqtisadi, ictimai-mədəni həyatını əhatə edən bütün sahələrin inkişafı Ulu öndərin adı ilə bağlıdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir müstəqil Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında layiqli yerini tutub. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olub. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında da Heydər Əliyevin xidmətləri misilsizdir. Dərin islahatlara töhfə vermək üçün 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərarın böyük əksəriyyəti məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunub. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən çox qanun qəbul edilib, 100-dən çox fərman və sərəncam imzalanıb, 30-a yaxın dövlət proqramı təsdiqlənib. Ümummilli Liderin dərin iqtisadi islahatlar strategiyasında ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi faktı xüsusi yer tutur.

Ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi siyasəti konkret faktlarla diqqətə çatdıran N.Əmirov deyib: “Hazırda bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul olunub və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşib. Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olub və MDB ölkələri arasında liderlik mövqeyini saxlayıb. BMT-nin İnsan İnkişafı Hesabatına əsasən isə Azərbaycan “İnsan inkişafı indeksi”nə görə yüksək insan inkişafı qrupunda yer alıb”.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Heydər Əliyev ideyaları Azərbaycanın innovativ inkişafının zəmini kimi” mövzusunda çıxış edib. Bildirib ki, 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Məclisinin 70-ci yubiley sessiyasında bəşəriyyətin XXI əsrdə üzləşdiyi əsas problemlər müzakirə edilib və indiki dönəmdə onların qarşısının alınması üçün təcili tədbirlər müəyyənləşdirilib. İndiki nəsillərin rifahının yüksəldilməsini təmin edən və eyni zamanda, gələcək nəsillərin tərəqqisi üçün şərait yaradan davamlı inkişafın XXI əsr və üçüncü minilliyin başlıca prioriteti olması faktı bir daha təsdiqlənib. Eyni zamanda, Nyu-Yorkda BMT-nin təşəbbüsü ilə keçirilən Dünya Sammiti də davamlı inkişafı üçüncü minilliyin başlıca prioriteti kimi müəyyənləşdirib və “Davamlı İnkişaf Sammiti” kimi tarixə düşüb. Bu ümumdünya forumlarının nəticəsi olaraq xüsusi sənəd – “Davamlı İnkişaf məqsədləri” qəbul edilib və 2030-cu ilədək yoxsulluq və qeyri-bərabərliyin ləğvi, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması kimi problemlərin həlli, bunun üçün insan potensialının formalaşdırılması, bilik və texnologiyaların intensiv ötürülməsinə yönəlmiş 17 məqsəd müəy-yənləşdirilib. 2015-2030-cu illər üçün planlaşdırılan hədəflərə nail olmağa müxtəlif ölkələr müxtəlif səviyyədə hazırlıqlıdırlar. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət sayəsində “Davamlı İnkişaf məqsədləri”ndə yer alan və 2030-cu ilə kimi dünyada həlli planlaşdırılan bir çox hədəflərə Azərbaycan artıq müəyyən dərəcədə nail olub. Hazırda ölkəmiz bir çox davamlı inkişaf göstəriciləri üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan, “Böyük iyirmilik” və “Böyük yeddilik” qruplarına üzv bir çox dövlətləri geridə qoyub.

U.Ələkbərov qeyd edib ki, Azərbaycan Respublikasının davamlı inkişaf edən cəmiyyət qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadır. Ümumiyyətlə, təhsil təşəbbüsləri davamlı inkişaf naminə insan potensialının formalaşdırılmasında həlledici rol oynayır. Vaxtilə ümummilli lider Heydər Əliyev də ölkənin kadr potensialının formalaşdırılması ilə bağlı məsələlərə böyük önəm verirdi.

Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə insan potensialının formalaşması sahəsində ardıcıl tədbirlər həyata keçirirdi. Bunun nəticəsi olaraq, bir sıra hallarda Azərbaycan Respublikasında bu istiqamətdə qəbul edilən qərarlar zaman etibarilə qlobal səviyyədə qəbul edilən qərarları qabaqlayıb.

“2003-cü ildə Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyası bu məsələlərdən bir çoxunun həllində əsas rol oynayıb. Formal təhsilin inkişafı, dövlət qulluqçularının ixtisaslarının artırılması, iqtisadiyyatın şaxələndirilməsi və modernləşməsi bu məsələnin reallaşdırılmasına yönəlmiş, elmi cəhətdən əsaslandırılmış strategiyanın tərkib hissələridir. Əldə olunan uğurlar həm də Prezident İlham Əliyevin dövlət proqramlarının milli inkişaf proqramlarına transformasiyası üçün tətbiq etdiyi unikal idarəçilik texnologiyaları sayəsində mümkün olub. Bu, inkişaf proqramlarında vətəndaş cəmiyyəti və özəl sektorun iştirakının təmin edilməsi yolu ilə davamlı inkişaf proseslərinin sürətləndirilməsinə şərait yaradıb. Vətəndaş cəmiyyətinin davamlı inkişaf edən cəmiyyətin təşkilində iştirakından söz açarkən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu prosesdə rolunu xüsusi qeyd etmək lazımdır. Beynəlxalq səviyyədə ölkənin inkişafı üçün əlverişli mühitin formalaşdırılması, effektli təhsil proqramları, əhalinin məlumatlandırılmasının genişləndirilməsi, IDEA hərəkatının ekoloji fəaliyyəti Fondun davamlı inkişaf məqsədləri üçün həyata keçirdiyi proqramın yalnız bir hissəsidir. Bütün bunlar milli və beynəlxalq səviyyələrdə fəaliyyəti ölkənin innovativ tərəqqisinə və Azərbaycan Respublikasının layiqli imicinin formalaşdırılmasına qiymətsiz töhfədir”, - deyə Dövlət İdarəçilik Akademiyasının rektoru bildirib.

Daha sonra konfransda Bakı Slavyan Universitetinin rektoru, YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyevanın “Heydər Əliyev və sürətli reformlar strategiyası” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi deyib: “Heydər Əliyev irsi zəngin siyasi xəzinəyə bənzəyir. Hər yeni mövzu ilə onun da yeni tərəfləri, yeni səhifələri açılır. ulu öndərin qətiyyətli və ardıcıl siyasətçi olduğu bütün dünyaya məlumdur. Biz onun siyasi qətiyyətini çox zaman qanunauyğun, dahilik cizgisi kimi qəbul edirik. Heydər Əliyevin siyasi qətiyyəti həm də rəhbər müdrikliyinin bir portreti, analitik siyasətçi düşüncəsinin yekunu idi. Tarixdə elə məqamlar var ki, düzgün qərarları yubanmadan gerçəkləşdirmək onların zəruriliyini izah etməkdən qat-qat vacib olur. Azərbaycanın postsovet dövründəki taleyi belə qərarlar tələb edirdi. Heydər Əliyev bu barədə hələ Sovet İttifaqı dağılmazdan əvvəl düşünürdü. Onun vaxtilə qəbul etdiyi qərarların taleyimizi dəyişən dərin islahatlar olduğu isə sonralar aydınlaşdı”.

Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən YAP Qadınlar Şurasının sədri vurğulayıb ki, xalqımız dövlətimizin başçısını iki məqama görə daha çox sevir: bunlardan biri Heydər Əliyevin mirası olan siyasi sabitliyin qorunması, ikincisi isə sürətli tərəqqinin təmin olunmasıdır. Tərəqqi sabitlikdən yaranır, amma daimi olanda sabitliyə xidmət edir. Həm cəmiyyət, həm də şəxsiyyətlər üçün yaşamaq və inkişaf etmək perspektivi hava kimi zəruri bir şeydir. Heydər Əliyevin sabitlik konsepsiyası buna əsaslanırdı. Ümidsiz və inamsız cəmiyyətdə ən yaxşı güc orqanları da sabitliyi təmin edə bilməz. Azərbaycandakı siyasi sabitliyin zəruri amili ölkəmizin fəal xarici siyasətidir. Bu siyasətin təsirli olmasında birinci xanım Mehriban Əliyevanın fəaliyyəti də xüsusi qiymətə layiqdir.

Konfransda, həmçinin “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” kitabı  təqdim olunub. Kitabda konfrans iştirakçılarının məruzələri yer alıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 7 may.- S. 3.