Sülh
münasibətlərinin mədəniyyətlərarası dialoq yolu ilə inkişaf etdirilməsi xüsusi
önəmə malikdir
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçüncü günündə sessiyalardan biri “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, “Global Compass” şirkətinin prezidenti Jan-Kristof Bas müzakirə olunan mövzunun xüsusilə son zamanlarda aktuallıq kəsb etdiyini söyləyib. O, Bakı Forumunun mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar yaradacağına əminliyini bildirib.
Sülh naminə “Guerrand-Hermes” Fondunun baş elmi işçisi Şerto Gill dövlətlərarası və xalqlararası münasibətlərdə dialoqun önəmini vurğulayıb. Dialoqun yaranması üçün isə sülhün, sabitliyin olmasını vacib sayan Şerto Gill qeyd edib ki, sülh münasibətlərin düzgün qurulmasına xidmət edən amildir. Sülh həm də düzgünlük, dürüstlük rəmzidir. “Dünyada baş verən münaqişələrə son qoyulmalıdır”, - deyən baş elmi işçinin fikrincə, hər yerdə sülh, sabitlik, qarşılıqlı anlaşma olsa, insanların rifahı daha da yaxşılaşar.
“Beynəlxalq Dəyişiklik Təşəbbüsləri” təşkilatının icraçı direktoru İmad Karam mövzuya münasibət bildirərək deyib ki, dəyişiklik etmək istəyiriksə, o zaman hər kəs ilk növbədə özündən başlamalıdır. Dünyada ekstremizm, yoxsulluq, münaqişələr insanların vəziyyətini o həddə çatdırıb ki, miqrant problemi qloballaşıb. Bütün bunların həlli yolu mədəniyyətlərarası dialoqun düzgün qurulması və sülh hərəkatına investisiya yatırmaqdır.
Mədəniyyətlərarası və dinlərarası dialoq üzrə Kral Abdulla Beynəlxalq Mərkəzinin baş məsləhətçisi Patrik Brodo dini dözümlülük haqqında fikirlərini bölüşərək bildirib ki, dini liderlər təkcə icmalararası münasibətlərlə kifayətlənməməli, hökumət rəhbərləri ilə də danışıqlara geniş yer verməlidirlər. Ziddiyyətlər araşdırılmalı, həll edilməlidir. Patrik Brodo sosial mediada bu sahəyə dair təlimlərin keçirilməsini vacib hesab edib. Bildirib ki, məqsəd dindən zorakılıq vasitəsi kimi istifadə olunmamasıdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sessiyada çıxış edərək sülh münasibətlərinin inkişaf etdirilməsinin və münaqişələrin kökünün tapılmasının zəruri olduğunu söyləyib.
Novruz Məmmədov deyib: “Bir dəfə Azərbaycan Prezidenti ilə bir avropalı nümayəndənin görüşündə iştirak etdim. Avropalı nümayəndə belə bir söz söylədi: Siz böyük dövlətsiniz, elə böyük işlər də görürsünüz. Bu, məni bir az düşündürdü. Əslində Azərbaycan əhalisinin sayına və ərazisinə görə kiçik dövlətdir. Yəni, avropalı nümayəndə demək istəyirdi ki, böyük işlər görmək üçün heç də böyük dövlət olmaq şərt deyil. Doğrudan da son 10 ildə Azərbaycanın həyata keçirdiyi tədbirlər heç bir dövlət tərəfindən keçirilməyib. Biz həm idman, həm mədəniyyət, həm ümumiyyətlə, mədəniyyətlərarası dialoq sahəsində böyük tədbirlər keçiririk, BMT ilə əməkdaşlıqda xüsusilə seçilirik. BMT isə bu gün burada danışdığımız bütün məsələləri tənzimləmək üçün yeganə universal təşkilatdır. Çox təəssüf ki, bu gün bu işlərlə də hələ biz istədiyimiz nəticəyə gəlib çatmamışıq. Son 20-30 ildə qaynar nöqtələrin, münaqişələrin, terror aktlarının, terror təşkilatlarının sayı dəfələrlə artıb. Bəs niyə belə olur? Bu qədər tədbirlər keçirilir, bu qədər işlər görülür, amma qarşılaşdığımız mənzərə tamamilə bunun əksini deyir. Bugünkü dünyada beynəlxalq gərginlik əvvəlki dövrlərdən çox fərqlənir. Nə üçün bu belə olur? Çünki böyük dövlətlər öz siyasi və iqtisadi maraqlarını güdürlər. Onlar münaqişələrdən, gərginlik ocaqlarından siyasi məqsədlər üçün istifadə edirlər. Bu gün beynəlxalq aktorların sayı çoxalıb. Təkcə böyük dövlətlər deyil, dünya düzənini formalaşdıran media orqanları, qeyri-hökumət təşkilatları var ki, mühüm aktora çevriliblər. Azərbaycanın ərazisinin bir hissəsi 25 ildən çoxdur ki, işğal altındadır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün dörd qətnamə qəbul edib. Digər beynəlxalq qurumlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Təəssüf ki, bu qətnamə və qərarlar kağız üzərində qalıb, münaqişənin həlli mexanizmləri yoxdur. Təcavüzkar dövlətə təzyiq göstərilmir. Biz ikili standartlardan əziyyət çəkirik. Beynəlxalq münasibətlərdə çatışmayan bir şey varsa, o da ədalətdir. Əgər heç olmasa bir adam da həqiqət uğrunda çalışırsa, deməli, nikbin olmağa dəyər. Ədalətli yanaşma olmasa, beynəlxalq hüquq işləməyəcək, dünyamızda gərginliklər davam edəcək. Bütün bunlara baxmayaraq, biz sülhə, sabitliyə, davamlı inkişafa nail olmaq üçün daha səylə çalışmalıyıq”.
“International
Institute Life Beyond Tourism” Fondunun
baş katibi Alesia Kuş təmsil etdiyi Fond haqqında ətraflı məlumat verib. Bildirib ki, Fondun əsas
məqsədi dəyərlər
uğrunda səyahətlər
reallaşdırmaqdır. İnsanlar səyahət etdikcə, daha çox mədəniyyətlərlə
tanış olur, əlaqələr qurur və müxtəlif
sahələrə töhfə
verə bilirlər. Bu baxımdan Azərbaycan
çox gözəl ölkədir. Burada qədimliklə
müasirliyin vəhdəti,
insanların qonaqpərvərliyi,
ölkədəki tolerant mühit
bu diyarın gözəl sərvətləridir.
Avropa İttifaqının
“Şərq tərəfdaşlığı”
Proqramının mədəniyyət
və yaradıcılıq
üzrə rəhbəri
Tim Uilliams qurumun reallaşdırdığı layihələr
haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı
əlaqələri xüsusi
proqramlar çərçivəsində
qurulub və müxtəlif sahələri
əhatə edir.
Tim Uilliams birgə
reallaşdırılan layihələrin
bundan sonra da davamlı olacağına əminlik ifadə edib.
Sessiya mövzu
ilə bağlı müzakirələrlə davam
edib.
Azərbaycan.- 2017.- 7 may.- S. 8.